ELMAN NƏSİROVUN BOYUNDAN YUXARI TULLANMAQ CƏHDİ

ELMAN NƏSİROVUN BOYUNDAN YUXARI TULLANMAQ CƏHDİ

Deputat ADP sədri ilə eyni siyasi çəkiyə sahib olmadığından, onunla kəllə-kəlləyə gələ bilməz

Nəsirov növbəti seçkilərdə də mandatını təmin etmək naminə nəyin bahasına olursa-olsun göz görə-görə yalan danışmalı idi

Bugünlərdə musavat.com saytında təşkil olunan canlı yayımda Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu ilə deputat Elman Nəsirov qarşı-qarşıya gəlib. Qeyd edək ki, 1 saatdan artıq davam edən debatda Azərbaycan Xalq Hərəkatı ətrafında yaranan fikir ayrılıqları, son aylar müxalifətin fəallaşması, müxalifətin mitinqlərinə icazə verilməməsi kimi mövzular və müxalifət cəbhəsindən iqtidara yönəlmiş ittihamlar müzakirə olunub. Məsələnin maraqlı tərəfi ondadır ki, açıq-aşkar Sərdar Cəlaloğlunun üstünlüyünün hiss olunduğu debatda Elman Nəsirov ara-sıra mövzudan kənara çıxaraq köçünü sudan çıxarmağa çalışıb. Lakin deputatın bütün cəhdlərinə rəğmən, bu, mümkün olmayıb.

Belə ki, sözügedən debatı izləyənlər, o cümlədən canlı yayında şərh yazanlar da birmənalı şəkildə, ADP sədrinin deputatı küncə sıxışdırdığını təsdiqləyiblər. Aydın şəkildə görünürdü ki, Elman Nəsirov Sərdar Cəlaloğlu ilə eyni siyasi çəkiyə sahib olmadığından partiya sədri ilə kəllə-kəlləyə gələ bilməyib. Bu səbəbdən də o, gah nala, gah da mıxa vurmaqla üzərinə düşən missiyanı tamamlamağa çalışıb. Yəni kənardan elə təsəvvür yaranırdı ki, Elman Nəsirov Sərdar Cəlaloğlunun arqumentləri qarşısında aciz qalacağını bildiyindən onunla debata çıxmaqda heç də maraqlı olmayıb. Lakin nə etmək olar, adam növbəti seçkilərdə də mandatını təmin etmək naminə nəyin bahasına olursa-olsun göz görə-görə yalan danışmalı idi. Təbii ki, deputatın səsləndirdiyi qeyri-real fikirlər istər-istəməz ADP sədrinin etirazına, hətta bəzi məqamlarda coşmasına səbəb olurdu. Əslində, onun yerinə kim olsa eyni reaksiyanı verər. Çünki Elman Nəsirov debat boyu yarınmağa çalışdığı iqtidarın ünvanına bol-bol təriflər yağdırır, müxalifəti isə aşağılamaqdan belə, çəkinmirdi.

Həmin debatdan bir qədər sonra isə olke.az-a açıqlama verən deputat əndazəni aşaraq, adi etik qaydalara məhəl qoymadan ADP sədrinin ünvanına heç də xoş olmayan ifadələr səsləndirib. Belə ki, o, "Bu insanın 5 dəqiqə dinləmək mədəniyyəti və qabiliyyəti yoxdur" deməklə əslində özünün mədəniyyətini ortaya qoymuş olub. Sərdar Cəlaloğlunun ancaq bağırdığını iddia edən Elman Nəsirov partiya sədrini qaragüruhçuluqda ittiham edib: "Belə insanlarla necə dialoqa getmək olar. Nitqləri yetərincə söyüşlə doludur". Deputatın nəzərinə çatdırmaq istərdik ki, Sərdar Cəlaloğlu müxalifətdə təmsil olunan nadir şəxslərdəndir ki, özünün və təmsil olunduğu düşərgənin ziyanına olsa belə, həqiqətləri deməkdən çəkinməməklə yanaşı, yeni və olduqca maraqlı təkliflərilə hər zaman diqqət mərkəzində olub. Ümumiyyətlə, o, digər müxalifət liderlərindən fərqli olaraq nə zaman irəli getməyi və nə zaman yerində dayanmağı, hətta zərurət yarandıqda geri çəkilməyi çox gözəl bilir. Sərdar Cəlaloğlu Azərbaycan cəmiyyəti və siyasəti üçün hansısa qəlibə sıxmayan, yeni ideya və təkliflərilə özünə diqqət cəlb etməyi bacaran şəxslərdəndir. İnsaf naminə qəbul etmək lazımdır ki, ADP sədri bu gün müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri arasında düşüncələrinə və daha məqsədyönlü təkliflərinə görə digərlərindən ciddi şəkildə fərqlənir. Məhz elə bu səbəbdən də indiyədək onu adı siyasi alverçilərin sırasında yer almayıb. Sərdar bəyin siyasətdə özünəməxsus yeri var və o, hər zaman öz çəkisini qoruyub-saxlamağa çalışır. Mövcud şəraitdə və bu günkü siyasətçilərin arasında isə buna nail olmaq olduqca çətindir. Ancaq ADP sədri bu işin öhdəsindən də layiqincə gəlir. Elman Nəsirov kimiləri isə onunla üz-üzə gəldikdə nə deyəcəklərini, mövqelərinin doğruluğunu isbat etmək məqsədiylə hansı arqumentdən çıxış edəcəklərini bilmədikləri üçün dilləri topuq vurur. Sözügedən debatda da bu, aydın şəkildə hiss olunub.

Görünən odur ki, deputat Sərdar bəyin qarşısında aciz duqumda qaldığı və iqtidarın mövqeyini lazımı qaydada müdafiə edə bilmədiyi üçün kimlərsə tərəfindən tənqid atəşinə tutulub. Kim bilir, bəlkə də ona növbəti parlament seçkilərində mandatdan məhrum ediləcəyi ilə bağlı xəbərdarlıq da edilib. Yəqin buna görə də o, dərhal SOCAR-ın məhsullarının xaricə satışını təşkil edən "SOCAR Traiding SA" şirkətinin rəhbəri Anar Əliyevin nəzarətində olan və onun maliyyə dəstəyi ilə mövcudluğunu qoruyan olke.az-a üz tutaraq Sərdar Cəlaloğluna qara yaxmağa başlayıb. Söz yox ki, bununla da o, əsl simasını və kimlərə, nəyə görə xidmət etdiyini bir daha nümayiş etdirmiş oldu. Çox güman ki, bu dəfəki debatdan dərs alan Elman Nəsirov bir daha Sərdar Cəlaloğlunun qarşısına çıxmağa cəsarət etməz. Çünki artıq bilir ki, bu halda onu növbəti rüsvayçı məğlubiyyət gözləyir.

Valeh TÜRKSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA