Elmar Vəliyevi güllələyən şəxsin yaxınları: “Yunis Səfərov hüquqşünasdır, tarix müəllimi işləyib”

Elmar Vəliyevi güllələyən şəxsin yaxınları: “Yunis Səfərov hüquqşünasdır, tarix müəllimi işləyib”

Gəncənin icra başçısı Elmar Vəliyev və daha bir polis əməkdaşına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov radikal düşüncəli şəxsdir.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Yunis Səfərovun yaxınları məlumat verib.

Yaxınlarının dediyinə görə, Y. Səfərov orta təhsilini Moskvadakı Kərim Kərimov adına 157 saylı orta məktəbdə alıb. Onun anası Leyla Səfərova da həmin məktəbdə kitabxanaçı işləyib.Uşaq vaxtlarından dinə və fəlsəfəyə meyli olan Y. Səfərov anasının istəyi ilə Moskvada hüquq təhsili alıb. Məlum olub ki, Y. Səfərov bir müddət təhsil aldığı məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olub, tarix fənnindən 1 ilə yaxın dərs deyib. Lakin məktəbdə təhsil alan şagirdlərin valideynlərinin şikayəti əsasında o, məktəbdən çıxarılıb. Valideynlər Y. Səfərovun şagirdlərə ixtisasdan tamam başqa şeylər öyrətdiyini, dini ideyalar təbliğ etdiyini, şagirdləri aqressivləşdirdiyini bildiriblər.Y. Səfərov daha sonra dini təhsil almaq üçün İrana gedib, orda yaşayıb və oxuyub.Yaxınları qeyd ediblər ki, idmanla məşğul olan Y. Səfərov fanatik şəxs olub və radikallığa meyl edib.Yunis evlidir. bir oğlu, bir qızı var.

Yaxınları Y. Səfərovun hərbi xidmətdə olmadığını bildiriblər.Səfərovun anası hazırda Moskvada yaşayır. Qeyd ediblər ki, Yunisin özünün də Moskvanın Myakinino rayonunda evi olub. Atasının uşaq vaxtı onları atdığı, Y. Səfərov və yeganə bacısının anasının himayəsində böyüdüyü qeyd edilir.Yaxınlarının dediyinə görə, Y. Səfərovun bacısı hazırda Yunanıstanda yaşayır.

Qeyd edək ki, Y. Səfərov bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Onun 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşadığı, bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi də qeyd edilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Y. Səfərovun icra başçısını onun qəbuluna gəlmiş hamilə bacısını təhqir etdiyi üçün vurduğu barədə şayiələr dolaşırdı.

Loading...

QALEREYA