“Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” - Eldar NAMAZOV

 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” - Eldar NAMAZOV

HƏRDƏN FUTBOLDAN DANIŞ!

Rubrikamızın budəfəki qonağı vaxtıyla Heydər Əliyev adminstrasiyasında müşavir vəzifəsində çalışan politoloq Eldar Namazovdu. Eldar bəylə futboldan xeyli danışdıq, ötən günləri yada saldıq.

- Futbol Eldar Namazovun maraq dairələri arasında neçənci yer tutur?

- Deyə bilərəm ki, ən önəmli yerlərdən birini tutur. Təbii ki, mənim əsas diqqətimdə olan məsələlər ictimai-siyasi məsələlərdi. Bu həm mənim peşə borcumdu, həm də vətəndaş mövqeyimdi. Amma eyni zamanda hər bir insan kimi məşğul olduğum sahədən kənarda da həyat yaşayıram. Mənim həyatımda idmanın da, musiqinin də öz yeri var. Bu istiqamətdə də mən də özümə görə futbol azarkeşiyəm. Sovet dövründə “Neftçi” ən böyük nəticəsi kimi bürünc medala sahib çıxanda mən uşaq idim, amma atam həmin vaxt məni stadiona aparmışdı. Həmin oyunları canlı izləyirdim. Mən uşaqlıqdan bəri indiki Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”nin çox oyunlarına baxmışam. Həmin dövrdən bəri futbolla maraqlanıram və oyunları izləyirəm. Düzdü, gənclik illərimdə stadiona oyunları izləməyə gedirdim. Amma son dövrlər televiziya kanalları işlərini elə yaxşı qurublar ki, ekran arxasından futbolu izləmək də adama ləzzət edir. Stadionun müxtəlif yerlərində kameralar quraşdırılır, epizodları müxtəlif rakurslardan təkrar göstərirlər, ona görə də şəxsən mənim üçün indi stadionlara getmək önəm kəsb etmir. Ona görə də oyunlara daha çox televiziya vasitəsiylə baxıram.

- Azərbaycan futbolunun hazırkı durumu sizi qane edir?

- Ümumiyyətlə, SSRİ dağılandan sonra yaranmış durum təbii ki, məni qane etmir. Halbuki, əvvəllər Azərbaycan futbolunun gözəl ənənələri var idi. Vaxtıyla “Neftçi”nin bəzi oyunçuları SSRİ yığmasında oynayıb. Buna Banişevskini nümunə gətirmək olar. SSRİ dağılandan sonra bu ənənələr zəiflədi. Ancaq son dönəmlərdə sevimli komandamız olan “Qarabağ”ın nailiyyətləri bizdə ümid yaradır ki, bu ənənələri bərpa etmək mümkün olacaq. Hazırda “Qarabağ” haqda bütün Avropa danışır. Mən də bunu çox maraqla izləyirəm. İndi Avropanın bir çox ölkəsində “Qarabağ” haqda idman saytları və nəşrləri gözəl reportajlar hazırlayır.

- Bəs sizcə, bizim futbolumuzun əsas problemi nədi?

- Mən əminəm ki, hər bir idman növündə, o cümlədən futbolda da əsas fundament uşaqların və yeniyetmələrin cəlb olunmasıdı. Erkən yaşlarından futbol klublarımız onların inkişafını təmin edən sistem yaratmalıdı. Mən özüm də vaxtıyla şahmat federasiyasına rəhbərlik etmişəm. Bu yanaşmamı orda da tətbiq edirdim. Biz orda əsas gücü uşaqların və yeniyetmələrin arasında kütləviliyi yaratmağa vermişdik. Biz istəyimizə nail olduq. Onda Azərbaycan dünyada gənc qrossmeysterlərin sayına görə birinci yerdə idi. Yığmamızın əsas oyunçuları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, rəhmətlik Vüqar Həşimov və başqaları idi. Onlar tanınmış qrossmeysterlər olsa da, çox gənc idilər. Bu dalğanı yaratmaqla uşaqların arasında faktiki olaraq Azərbaycanda şahmat məktəbinin formalaşmasına çalışırdıq. İndi Azərbaycan dünyada tanınmış şahmat ölkəsidi. Biz dünyada potensialına görə ən güclü 3-5 şahmat ölkəsinin arasındayıq. Futbolumuzu inkişaf etdirmək üçün də xaricdən legionerlər gətirmək yox, hər bir şəhərdə və ya qəsəbədə bir neçə stadion tikmək, uşaqların orda məşğul olması üçün şərait yaratmaq lazımdı. Müxtəlif yarışlar keçirilməlidi. Sistemi yaratmaq üçün uşaqlar məktəbdə oxuyanda futbolla məşğul olmağa da imkan əldə etməlidi.

- Şahmatdan söz düşmüşkən, bu idman növü əsasən zəkaya söykənir. Amma bizim futbolçularımızda belə bir zəkanın şahidi olmuruq. İstər meydanda oyunu oxumaq, istərsə də meydandan kənar savadlı olmaq göstəricisinə görə futbolçularımız yoxdu. Eyni millətin təmsilçisiyik. Arada niyə bu qədər uçurum var?

- Mən əminəm ki, xalqımız çox istedadlı xalqdı. Şahmatı, musiqimizi və ya ümumilikdə incəsənətimizi götürsək, istedadlı olduğumuz görünər. Futbolçu gənclərimiz arasında istedadlıları və zəkalıları da var. Sadəcə, sistemi yaratmaq lazımdı ki, onlar addım-addım inkişaf etsinlər. Əminəm ki, potensialımıza görə heç bir ölkədən geri qalmırıq. Sadəcə, belələrini üzə çıxarmaq, onlara dəstək vermək, onları axıra qədər aparmaq sistemin yaradılmasından asılıdı.

- Eldar bəy, onda sualı belə qoyaq: niyə bizdə kollektiv idman növləri fərdi idman növlərindən zəifdi?

- (gülür). Sizi başa düşürəm. Bəli, şahmatçılarımız böyük uğurlar qazanırlar, güləşçilərimiz, cüdoçularımız yarışlarda bayrağımızı ucalara qaldırır. Amma komanda yarışlarında bunun şahidi olmuruq. Bu iradı qəbul edirəm. Ancaq mən yenə də ona qayıdıram ki, idman sistemi düzgün qurulsa, komanda oyunlarında da yüksək nəticə göstərə bilərik. Götürək elə şahmatçılarımızı. Onlar fərdi oyunlardan başqa komanda oyunlarında da uğur əldə edirlər. Elə ən böyük uğurumuz komanda növündə olub. Biz üçüncü dəfə Avropa çempionu olmuşuq. Bu yarışda da komanda prinsipi önəmli rol oynayır. Hansı məqamda axıra kimi heç-heçəyə razılaşmalısan. Bunlar hamısı komandanın maraqlarına tabedi.

- Azərbaycan futbolu beynəlxalq arenada Azərbaycan siyasəti səviyyəsindədimi?

- Baxır siz siyasət deyəndə nəyi nəzərdə tutursuz. Azərbaycan dövləti artıq özünü dünyanın siyasi xəritəsində təsdiqləyib, regionda iqtisadi potensialına və siyasi proseslərə təsir baxımından Cənubi Qafqazın aparıcı ölkəsidi. Təbii ki, siz siyasət deyəndə bu amilləri nəzərdə tutursuzsa, bəli, bizim idman nəticələrimiz bu səviyyəyə qalxmayıb. Ancaq “Qarabağ”ın son oyunlarına baxanda artıq bu yöndə də inkişaf etdiyimizi görərik. Məsələn, “Atletiko” ilə oyunları ön plana çəkmək olar. Yaxud da ki, “Roma” Bakıda qalib gəlsə də, 3 xalı burdan çətinliklə apardı. İtalyanlar oyunun son yarım saatını müdafiə olunmaqla keçirdi. “Çelsi”ylə son oyunda da hamı bilir ki, hakimin kobud səhvləri nəticəsində ciddi mübarizə alınmadı. İlk dəqiqələrdə “Qarabağ” hətta üstün idi. Bir epizodda top hətta “Çelsi”nin qapısının tirinə tuş gəlmişdi. Həmin matçda hakimin kobud səhvləri olmasaydı, oyun başqa cür də yekunlaşa bilərdi. Bunu bütün Avropa mətbuatı yazırsa, Avropada sensasiya kimi qəbul edirlərsə, bunun özü də bir siyasətdi. Siyasəti də idmandan ayırmaq çox çətindi. Ona görə ki, biz hər bir idman növündə öz bayrağımızı qaldırırıq, himnimiz səslənir. Fikrimcə, Azərbaycan idmançıları da qələbələri və uğurlu oyunları ilə Azərbaycan xalqının və dövlətinin imicini daha yüksəklərə qaldırır.

- Heydər Əliyevin dövründə uzun müddət prezident adminstrasiyasında yer almısız. Əliyev futbolla maraqlanan bir şəxs idimi?

- Təbii ki, həyatın elə bir sahəsi yox idi ki, Heydər Əliyev ona diqqət yetirməsin. O, çox təcrübəli və istedadlı bir siyasətçi kimi başa düşürdü ki, dövlət işində ikinci dərəcəli məsələ yoxdu. Ona görə də o, idmanı da, incəsənəti də, mədəniyyəti də və digər sahələri də diqqət mərkəzində saxlayırdı. O, bunu dövlət işi kimi qəbul edirdi. Elə gənc şahmatçılarımız ilk uğurlarını qazananda o, şahmatçılarımızı qəbul etmişdi. Heydər Əliyev idmanla maraqlanan bir şəxs idi. Olimpiya kompleksləri açılanda özü şəxsən o tədbirlədə iştirak edirdi, bir-bir zalları gəzirdi. Suraxanıda Olimpiya kompleksi hazırlananda ondan böyük bir reportaj hazırlandı.

- Məhz onun futbola aid söhbətlərindən və ya xatirələrindən nəyisə yadınıza sala bilirsizmi?

- Konkret futbolla bağlı nəsə söhbət etməyimizi xatırlamıram. Ancaq o idman naziri və idman sahəsinə cavabdeh olan humanitar şöbənin işi ilə ciddi maraqlanırdı. Onları qəbul edib sahələri ilə bağlı dövlətin hansı dəstəyi verməli olduğunu müzakirə edirdi, həm də tapşırıqlarını verirdi.

- Yəqin xatırlayarsız ki, cənab Əliyev 1996-cı ildə İsveçrəylə oyunda stadionda olmuşdu, onda yığma komandamız doğma publika önündə keçirdiyi ilk rəsmi oyunda qalib gəlmişdi. Amma bundan sonra mərhum prezident oyunlara gəlmədi...

- (gülür). Təbii ki, ölkə rəhbəri idman yarışını izləməyə gələndə idmançılar daha çox məsuliyyət hiss edirlər. Amma siyasətçilər çox da bu təcrübədən istifadə etmirlər. Bunun bir səbəbi də var ki, idmançılar çox həyəcan keçirsələr, onlar istədikləri kimi nəticə göstərə bilməzlər. Ölkə başçısı zaldadısa, hər bir idmançı stress keçirə bilər. Bəzilərinə bu müsbət təsir edir, o, adi nəticədən də daha yüksək nəticə qazanır, bəzi idmançılar isə bunun mənfi tərəfi ilə üzləşir, stress keçirir. Ona görə də bunu əvvəlcədən müəyyənləşdirmək çətindi.

- Eldar bəy, özünüz ağstafalısız, qərb regionundansınız. Ölkənin ən istedadlı futbolçuları da Qərb bölgəsindən çıxıb. Amma təəssüf ki, indi həmin regionun futbolu acınacaqlı durumdadı. Elitada bir “Kəpəz” var, onun da durumu göz qabağındadı. Bu acınacaqlı durumu nə ilə izah edə bilərsiz?

- Məncə, hər bir regionda istedadlı idmançılar çoxdu. Məsələn, futbolumuzda dönüş yaradan Qurban Qurbanov şimal bölgəmizdəndi, Zaqataladandı. Əslində Aəzrbaycanın hər bir bölgəsində istedadlı futbolçular yetişə bilər. Ona görə də idmanı bütün regionlarda inkişaf etdirmək lazımdı. Ancaq mən sizinlə razıyam ki, əvvəllər Qərb bölgəsində “Turan” çox gözəl oyun nümayiş etdirirdi. Yaxud “Kəpəz” və “Şəmkir” əla oynayırdı. Bu regionda “Göyəzən” də var idi. Bu da onu göstərir ki, Qərb bölgəsinə diqqəti ayırmaq lazımdı.

- Belə bir sual verim: sizcə, futbolumuzu ağ günə çıxarmaq üçün Fuad Musayevi hakimiyyətdən devirmək lazım idimi?

- Mənim üçün bu suala cavab vermək çətindi. Mənim Fuad müəllimə çox böyük hörmətim olub. Uzun illər onunla tanışlığım olub. Fuad Ənvəroviç hətta partiya işində çalışarkən idmana çox böyük maraq göstərirdi. Ona görə söhbəti hansısa fərdlərin üzərində qurmaq istəməzdim. Mənim üçün əsas sistemin yaradılmasıdı. Sistem yaradılsa, böyük nailiyyətlər əldə edəcəyik.

- Son günlər mətbuatda əsas müzakirə olunan mövzulardan biri də “Keşlə”nin iki oyunçusunun danışılmış oyunlarda iştirak etməsinə görə futboldan ömürlük kənarlaşdırılmasıdı. Sizcə, sovet dövründən bəri futbolumuzda belə problemlər olubmu?

- Sovet dövründə belə bir problem var idi. Bu haqda vaxtaşırı sovet mətbuatı da yazırdı. Ancaq orda hansısa razılaşdırılmış oyunlar idi ki, bir mövsümdə hansısa bir komanda digərinə xal veriridi, əvəzində o biri il həmin komanda borcunu qaytarırdı. Medallar uğrunda mübarizə aparan komandalara iddiası qalmayanlar köməklik edirdi. Ya da ki, bu sözləri elitanı tərk etməkdə olan komandalara aid etmək olardı ki, onlara da rəqibləri kömək edirdi. Amma sovet dövründə belə hallar olsa da, bu alıb-satmaq kimi yox, sadəcə, köməklik kimi qələmə verilirdi. Amma oyunçunun klub rəhbərindən xəbərsiz oyunu verməsi yolverilməzdi. Buna görə gərək çox ciddi cəza olsun. Özünüz də yaxşı bilirsiz ki, dünya praktikasında da totalizatorla işləyən futbolçular cəzalanır.

- Sonda dünya futbolu haqda. Hansı yığmalara və klublara azarkeşlik edirsiz?

- Avropa futbolunda uzun illərdi ki, “Çelsi”yə azarkeşlik edirəm. Hələ Roman Abramoviç bu kluba gəlməmiş Canluka Viallinin dövründə mən bu klubun tərəfini tuturdum. “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə buna görə çox sevinmişdim. Düzü, mən “Beşiktaş”ın qrupumuza düşməyini istəyirdim. Hətta dostlarıma zarafatla deyirdim ki, bir qrupa düşsək, hər iki komanda hər iki oyunu doğma stadionda keçirəcək. Ancaq gördüyünüz kimi, “Çelsi” düşdü.

- Bəs qarşıdakı DÇ-də hansı yğmaya azarkeşlik edəcəksiz?

- Yığma komandalar arasında Azərbaycandan başqa yalnız Türkiyəyə azarkeşlik edirəm. Təəssüf ki, Rusiyadakı DÇ-də heç biri yoxdu. Amma hansısa maraqlı oyunlara təbii ki, baxacam.

TAHİR, "Futbol+"

  • Hamısı
  • Loading...