“Məqsədim Tanrıdan uzaqlaşmağın insan həyatına necə böyük zərər vurduğunu göstərməkdir” - II HİSSƏ

“Məqsədim Tanrıdan uzaqlaşmağın insan həyatına necə böyük zərər vurduğunu göstərməkdir” - II HİSSƏ

Emiliya Əhmədova: “Mən azərbaycanlı olmağımla fəxr edirəm. Məhz bunu vurğulamaq üçün kitablarımda həyat yoldaşımın soyadını deyil, öz qızlıq soyadımı qeyd edirəm”

“Yadımdadır ki, bir xanım müəllim etiraf etmişdi ki, əsərdəki hadisələr onu çox qorxutduğundan kitabı sonadək oxuya bilməyib”

Həmsöhbətimiz hazırda Cənubi Amerikada yaşayan azərbaycanlı yazıçı Emiliya Əhmədovadır. Emiliya xanım üç gözəl kitabın müəllifidir. İngilis dilində yazılan həmin kitablar rus, ispan və portuqal dillərinə tərcümə edilib. Onun haqqında müxtəlif ölkələrin dövri mətbuatında məqalələr dərc olunub, kitabları Azərbaycanın əsas kitabxanasında saxlanır.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/meni_yazici_eden_yazmaga_olan_sevgimdir_-_emiliya_hmdova)

- İlk əsərinizi nə vaxt yazmısınız? Və yaxud ilk oxucunuz kim olub?

- “Qırılmış zəncirlər” (Broken Chains) adlandırdığım ilk kitabım üzərində 2016-cı ildə işləməyə başlamışam və həmin kitab öncə ingilis, sonra isə rus dilində çap olundu. İlk oxucularım redaktorlarım oldu. Kitab işıq üzü görəndən sonra isə ingilisdilli auditoriyanın, eləcə də tanışım olan yazıçıların və rəfiqələrimin diqqətini cəlb etdi.

- İlk dəfə nə vaxt və harda çap olunmusunuz?

- İlk kitabım olan “Qırılmış zəncirlər” 2017-ci ildə Amerikada çap olunub. Sözügedən kitab Amazon, IngramSpark, ЛитРес Apple, Kobo və digər online mağazalar vasitəsi ilə satılır. Ümid edirəm ki, tezliklə mənim kitablarım kitab dükanlarının piştaxtalarını da bəzəyəcək.

- Bir yazıçı kimi, yazı üslubunuzu necə xarakterizə edərdiniz? Daha çox hansı janrlar və mövzulara müraciət edirsiniz?

- Əsərlərim yaradıcı təxəyyülün məhsulu olsa da, onları gerçək hadisələrə, hər bir insanın qarşılaşdığı real problemlərə əsaslanaraq yazmağı xoşlayıram. Bəzən hər hansı mövzu haqda yazmazdan öncə həmin mövzunu öyrənməli oluram.

Misal üçün, dördüncü kitabımın əsas qəhrəmanı xanımı başqa ölkəyə qaçırılaraq fahişəliyə təhrik edilən polis əməkdaşı olduğundan, əsərimin daha inandırıcı alınması üçün gerçək polislərdən hansı silahlardan istifadə etdikləri ilə maraqlanmışam.

Qəhrəmanlarımın emosiyalarını təsvir edəndə isə özümü onların yerində təsəvvür edirəm və həmin vəziyyətə necə reaksiya verə biləcəyimi düşünürəm.

Mən müxtəlif janrlarda yazmağa çalışıram. Hazırda müraciət etdiyim janrlar bunlardır: qadın romanı, uşaq nəsri, fentezi və triller.

- Öz əsərlərinizlə bəşəriyyətə hansı fikri, hansı ideyanı çatdırmaq istəyirsiniz?

- Mən ayrı-ayrı insanların və ümumilikdə cəmiyyətin qarşılaşdığı problemlərdən yazmağa çalışıram, bəzən həmin problemlərin həlli yollarını da göstərirəm. Mənim məqsədim-düzgün olmayan həyat tərzinin və Tanrıdan uzaqlaşmağın insan həyatına necə böyük zərər vurduğunu göstərməkdir.

Bu dünyada ümidə, inama, xeyirxahlığa ehtiyacı olan o qədər çarəsiz, əzabkeş insan var ki. Məsələn, əsərlərimdən birinin qəhrəmanı olan Silvananın bütün həyatı və zorakılıq üzərindəki qələbəsi, xoşbəxt sonluq – bütün bunlar bir daha sübut edir ki, ən çıxılmaz situasiyalarda belə Tanrıya və özünə inamını itirməməlisən və həyatını yaxşıya doğru dəyişmək üçün əlindən gələn hər şeyi etməlisən. Yalnız bu zaman istəyinə nail ola bilərsən!

- Əcnəbi ilə ailə qurduğunuza görə vətəni tərk etdiyinizi söyləmişdiniz. Nə vaxtsa taleyinizin sizi uzaq qərib bir ölkəyə aparıb çıxaracağını düşünə bilərdinizmi?

- Lap kiçik yaşlarımdan uzaq ölkələr məni özünə çəkirdi. Yadımdadır, 7 yaşım olanda qohumlara deyirdim ki, uzaq ölkədə yaşayacağam. Tale elə gətirdi ki, 2000-ci ildə əcnəbi ilə ailə qurub Azərbaycanı tərk etdim.

- Hazırda Trinidad & Tobaqoda yaşayırsınız? Nədən məhz bu dövləti seçmisiz?

- Bura gəlişimin səbəbkarı həyat yoldaşımdır. Bu ölkə onun və bizim övladlarımızın vətənidir. Gözəl insan olan qaynanamla qaynatam da burda yaşayırlar. Bura köçməzdən əvvəl isə biz Barbadosda, Bahama adasında yaşayırdıq.

- Artıq 19 ildir ki, vətəndən uzaqdasız. Qürbət ölkəyə adaptasiya olmaq sizin üçün çoxmu çətin oldu?

- İlk vaxtlar yad ölkəyə, mədəniyyətə və dilə alışmaq mənim üçün çətin idi. Mən ingilis dilində yazmağı və bu dildə olan verilişlərə baxmağı xoşlamırdım. Amma universiteti ingilis dilində bitirdikdən sonra ingiliscə kitablar yazmağa başladım, indi həmin dildə yazmaqdan və ünsiyyət qurmaqdan böyük zövq alıram. Hətta məncə duaları da ingiliscə edirəm. .

Vaxt keçdikcə yeni ortama alışdım və özümə çoxlu tanışlar qazandım. Xüsusilə də uşaqlarla təmənnasız işlədiyim, skaut-lider olduğum illərdə. Hazırda inzibatçı işləyirəm, fəhlələrin işinə nəzarət edirəm.

- Yaşadığınız ərazidə bir sıra xalqın nümayəndəsi məskunlaşıb. Onların hər biri müəyyən bir mədəniyyətin təmsilçisidir. Siz bir azərbaycanlı olaraq mənsub olduğunuz xalqın, ölkənin mədəniyyətini, adət-ənənələrini orda necə yaşadırsınız?

- Hər bir xalqın öz mədəniyyəti, adət-ənnənəsi və dünyagörüşü və əxlaq normaları var. Hara köçüb getməyimizdən asılı olmayaraq, hər birimiz öz mədəniyyətimizi, şəxsiyyətimizi və bizim üçün keçərli olan əxlaq normalarını özümüzlə aparırıq.

Yad bir cəmiyyətin bəzi davranış qaydalarını, hətta dini mərasimlərini belə qəbul etməyə bilərik, amma digər xalqlarla sülh və əminamanlıq şəraitində yaşamağa, onların adətlərinə, inanclarına hörmətlə yanaşmağa öyrənməliyik.

Ən başlıcası yad cəmiyyətdə itib-batmamaq və öz köklərini, milli-mənəvi dəyərlərini unutmamaqdır.

Dəyişikliyi, yeni ideyaları qəbul etmək bacarığım və yeni nəsə öyrənmək həvəsim yeni mədəniyyətə alışmaqda və yad adət-ənənəyə uyğunlaşmaqda mənə kömək edir. Bəzi milli adət-ənənələri, mərasimləri çox bəyənirəm.

Misal üçün, Divali zamanı - İşığın Zülmət üzərindəki qələbəsinə həsr olunmuş bayramda burda “diya” yandırırlar. Bu çox gözəl mənzərədir. Adıçəkilən bayram vaxtı sevdiyim hind təamları hazırlanır və dostlarla qohumlar şam yeməyinə dəvət olunur. Qonaqlar və ev sahibləri milli hind geyimlərində olur. Bizim ailə də həmin bayramda qonaqlıqlara milli hing geyimlərində gedir.

- Yaşadığınız ölkədə Azərbaycan icması fəaliyyət göstərir? Fəaliyyət göstərirsə, sizin həmin icma ilə əlaqəniz varmı?

- Təəssüf ki, yaşadığım ölkədə heç bir Azərbaycan icması, yaxud səfirliyi yoxdur. Yəqin ki, Trinidadda vur-tut 3 nəfər azərbaycanlı yaşayır.

- Kitablarınızın oxucusu daha çox kimlərdir? Yaşadığınız cəmiyyətdə sizə bir yazıçı kimi münasibət necədir? İctimaiyyət tərəfindən əsərləriniz necə qəbul olunur?

- Mənim əsas oxucularım İngiltərə və Amerikada yaşayan xanımlardır. Azərbaycanda da az sayda oxucularım var. Azərbaycana gəldiyimi bilən bir xanım oxucum hətta məni restorana da dəvət etdi. Onunla görüşümüz çox xoş keçdi.

Kitablarımın ictimaiyyət tərəfindən necə qəbul olunduğunu bilmirəm. Zənnimcə, bu haqda danışmaq hələ tezdir. Dediyim kimi, ilk kitabım iki il əvvəl çapdan çıxıb. Amma elə oxucularım olub ki, məndən öz həyat tarixçələrini qələmə almağı xahiş ediblər. Tanışlarımın və oxucularımın arasında mənim uğurlarıma sevinənlər, mənimlə qürur duyduqlarını söyləyənlər də var.

Kitablarım haqda müsbət rəylər alıram. “Qırılmış zəncirlər” romanım “İlhamlandıran Qadın romanı” janrında 2017-ci ildə "Readers' Favorite" və "Bookvana Awards"-un, 2018-ci ildə isə "International Book Awards" –un finalçısı olub. Adıçəkilən əsərə 28 müsbət rəy verilib. Rəylərin əksəriyətində deyilir ki, bu kitabı hər bir əzabkeş insan oxumalıdır, çünki o insana ümid və özünə inam aşılayır, onu həyatını yaxşıya doğru dəyişməyə ruhlandırır.

Azyaşlı qızları yanlış partnyor seçimindən qorumaq məqsədi ilə romanı məktəb dərsliklərinə salmağı məsləhət görənlər də olub. Bəzi qadın oxucular əsərin əsas qəhrəmanını ovundurmaq arzusundadır. Onların hamısı Silvanaya işgəncə verən zalım Marka qəzəblidir. Bəzi xanım oxucularım isə əsəri sonadək oxuya bilmir, çünki əsərdəki hadisələr onlara bədbəxt ailə həyatlarını xatırladır. Həmin xanımlara elə gəlir ki, əsər onların haqqında yazılıb.

“Bütün zamanlar üçün cəhənnəm” kitabım da əksər oxucular tərəfindən maraqla qarşılanıb. Yadımdadır ki, bir xanım müəllim etiraf etmişdi ki, əsərdəki hadisələr onu çox qorxutduğundan kitabı sonadək oxuya bilməyib. Başqa bir qadın oxucum isə deyirdi ki, kitabımı oxuyandan sonra gecələr dəhşətli yuxular görməyə başlayıb, amma həmin xanım əsərdəki hadisələrin kino həllini görmək istədiyini də bildirmişdi.

Yəqin bu da taleyin işidir. Yaradıcılığa meylim uşaqlıqdan yaransa da, yalnız öz vətənimi tərk edəndən sonra öz kitablarımı yazıb çap etdirməyi və başqalarının problemlərini dərindən anlamağı bacardım.

- Azərbaycana tez-tez gəlirsiniz? Vətən üçün darıxırsınız? Nə vaxtsa bura qayıtmaq fikriniz var?

- Bəli, Azərbaycanda oluram, amma təəssüf ki, tez-tez gələ bilmirəm. Sonuncu dəfə 2018-ci ilin iyununda vətənimdə olmuşam. 39 yaşında dünyasını dəyişən qardaşım Ruslanın dəfnində iştirak etmək üçün gəlmişdim. Bu çox ağır səfər idi. Əslində ölkəmdə avtoqraf-sessiya təşkil etməyi planlaşdırırdım, amma qardaşımın dəfnində iştirak etməli oldum.

Təbii ki, Azərbaycan, xüsusilə də anam və qohumlarım üçün çox darıxıram.

Mən azərbaycanlı olmağımla fəxr edirəm. Məhz bunu vurğulamaq üçün kitablarımda həyat yoldaşımın soyadını deyil, öz qızlıq soyadımı qeyd edirəm. Bu gün ölkəmizdə çoxsaylı problemlər olsa da, heç nə vətəni əvəz edə bilməz. Qürbətdə həyat nə qədər xoş keçsə də, vətən sevgisi öləzimir.

Prezidentimizin səyləri nəticəsində Bakı gözəl şəhərə çevrilib. Yadımdadır, trinidadlı şahmatçılar Bakıdan qayıdanda mənə demişdilər ki, sən belə gözəl şəhəri necə tərk edə bilmisən?

Ötən ilin yayında Bakıya gedəndə çox kədərli idim, amma anama, qohumlarıma, doğma şəhərimə qovuşanda, doğma dilimi eşidəndə qəlbim sevinclə doldu. Övladlarım nənələri ilə dayılarını görmək istəyir. Tanrı izn versə, bu yay Bakıya gələcəyik.

- Kitablarınızın Azərbaycan dilinə tərcümə edilib, azərbaycanlı oxuculara təqdim edilməsini istərdinizmi? Bu istiqamətdə hər hansı təşəbbüsünüz olubmu?

- Əsərlərim doğma dilimə tərcümə olunsa, çox şad olaram. Çox istərdim ki, xalqım, dəyərli prezidentimiz və onun gözəl, savadlı xanımı ilə qızları kitablarımı oxusun. Məmnuniyyətlə prezidentimizlə şəxsən görüşüb, kitablarımı ona hədiyyə edərdim. O və ailəsi ölkəmizçün çox işlər görüb.

Mənim kitablarım ispan, portuqal və rus dillərinə tərcümə olunub. Əcnəbilər mənim kitablarımı oxuyur, Mədəniyyət Nazirliyi kitablarımın surətini Azərbaycanın mərkəzi kitabxanasına yollasa da, ölkəmdə əsərlərim haqda çox az adam məlumatlıdır. Nə vaxtsa Bakıda avtoqraf-sessiya keçirəcəyimə ümidliyəm.

Amma kitablarımı Azərbaycan dilində çap etdirmək üçün heç bir addım atmamışam. Əgər naşirlər kitablarımı tərcümə etməyi təklif etsələr, çox guman ki, razılaşaram.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org