Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir” - Professor Şərif Mahalovla MÜSAHİBƏ

Epilepsiyanı yaradan səbəblər- “İrsi yolla da keçir” - Professor Şərif Mahalovla MÜSAHİBƏ

Bu gün epilepsiya cəmiyyətdə ən çox narahatlıq doğuran xəstəliklər sırasındadır. Bəs bu xəstəlik hansı səbəbdən yaranır, tam müalicəsi mümkündürmü? Bu xəstələrin həyat tərzi necə olmalıdır?

Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının müdiri, əməkdar həkim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Şərif Mahalovun Medicina.az-a müsahibəsində xəstəliklə bağlı hər kəs üçün maraqlı məqamlara aydınlıq gətirib:

- Doktor, əslində epilepsiya nədir?

- Epilepsiya hər hansı təhrikolunmamış təkrarlanan tutmalarla (həmçinin "qıcolma” kimi məlumdur) xarakterizə olunan baş beyinin xəstəliyidir. Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstə, həm də ətrafdakıların böyük güclü təşvişinə səbəb olur. Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən və gözlənilmədən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçə saat öncə əsəbilik, narahatlıq, başgicəllənmə, başağrı qeyd olunur. Bəzən tutmadan öncə aura meydana gəlir. Aura - lokal tutmaya uyğun ilk subyektiv simptomdur. O, huşun itməsindən öncə gəlir. Bəzi hallarda aura xəstəliyin yeganə əlaməti ola bilər. Adətən aura çox qısamüddətli olur və cəmi bir neçə saniyə davam edir. Auralar keylik hissi, qulaqlarda cingilti, işıq qığılcımı, ağızda hər hansı dad hissiyyatı, istilik hissi və s. kimi meydana çıxır. Auranın vacib əlamətləri onun tutmadan tutmaya təkrarlanmasıdır. Aurası olan xəstə bilir ki, onun ardınca tutma gəlir və həmin an oturmağa və ya uzanmağa çalışır ki, yıxılmadan, zədələnmədən özünü qorusun.

- Epileptik tutmaların hansı xarakter əlamətləri var?

- Epileptik tutmalar müxtəlif olur və beyinin zədələnən sahəsindən asılıdır. Tutma anında huşun pozulması böyük əhəmiyyət kəsb edir. Epileptogen zədələnmə beyinin istənilən şöbəsində ola bildiyi kimi, ondan qaynaqlanan tutmalarda epileptik aktivlik ocağına uyğun olaraq hərəki, psixi və vegetativ əlamətlər ola bilər. Bununla yanaşı epileptik tutmaların ümumi oxşar cəhətləri var - qəfləti başlanğıc, qısa davametmə (saniyə anlarından 5-10 dəqiqəyədək), spontan keçmə və təkrarlanan. Epileptik tutmalar baş beyində neyron boşalmalarının meydana çıxmasından asılı olaraq fokal (parsial) və generalizəolunmuş ola bilər. Sadə fokal tutmalar huşun saxlanılması, mürəkkəb isə itməsi ilə təzahür edir. Generalizəolunmuş tutmalar isə böyük əksəriyyətdə huşun itməsi ilə müşahidə olunur.

- Epilepsiyanın əsas səbəbləri nədir?

- Epilepsiyanın səbəbləri müxtəlifdir. Bir sıra hallarda xəstəliyin səbəbi irsi - genetik faktordur. Epilepsiyanın irsi formalarının meydana çıxmasına cavabdeh olan genlər aşkar olunub. Epilepsiyanın səbəbi hadisələrin təqribən yarısında təyin olunmamış qalır. Simptomatik adlanan bəzi epilepsiya formalarında xəstəliyin inkişafının səbəbi antenatal və perinatal travmalar (məs., hipoksiya və ya doğuş travması), anadangəlmə malformasiyalar, baş travmaları, insultlar, beyin şişləridir.

- Epilepsiyanın irsən ötürülmə ehtimalı nə dərəcədə yüksəkdir?

- Əgər valideynlərdən biri epilepsiyadan əziyyət çəkirsə, bu risk 3%-dir. Əgər ana xəstədirsə bu risk daha yüksəkdir. Hər iki valideyn xəstədirsə, irsən ötürülmə riski 15%-ə qədər yüksələ bilər.

- Epilepsiya hansı yaşda başlayır və yayılması necədir?

- Bu xəstəlik müxtəlif yaşlarda müşahidə oluna bilər, daha çox uşaqlarda və ahıl yaşlarda rast gəlinir. Prinsipcə, hər bir insan müəyyən bəlli şərtlər daxilində epileptik tutma keçirə bilər. Ümumilikdə, dünyada təqribən 250 milyon insan bir epileptik tutma keçirir. Ancaq tək tutmanın olması epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyil.

Dünyada elə bir ölkə yoxdur ki, orada epilepsiya xəstəliyinə rast gəlinməsin. Müxtəlif ölkələrdə epilepsiyanın yayılması hər 1000 nəfər əhaliyə 1,5-50 hadisə arasında dəyişir. Xəstələnmə hər 100 min nəfər əhaliyə 20-53 hadisə təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 100-190-dır. Hazırda planetdə 75 milyon insan epilepsiyadan əziyyət çəkir. Hər il dünya üzrə 2 milyon 500 min yeni xəstələnmə halı qeydə alınır. Bütün xəstəliklərin ümumi qlobal yükünün 0,5%-i epilepsiyanın payına düşür.

- Azərbaycanda epilepsiyanın epidemioloji göstəriciləri necədir?

- Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 - 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4 - 83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 mindən çox insan epilepsiyadan əziyyət çəkir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bəzi yaş qruplarında xəstəliyin yayılması, xəstələnmə halları haqqında əldə olan məlumatlar o qədər də inandırıcı deyil. Azərbaycanda inkişaf etmiş ölkələrdə xəstəliyin yayılmasının, xəstələnmə hallarının göstəricilərinin müqayisəsində 15 yaşa qədər olan qruplarda alınan nəticələr oxşardır. Yaşlı qruplarda (60-69) isə inkişaf etmiş ölkələrlə (ABŞ, Kanada, uyğun olaraq 6,83 və 7,2/1000 nəfər) müqayisədə ölkəmizdə bu göstərici çox aşağı olub. Ölkəmizdə bu göstərici müvafiq olaraq hər min nəfərə 1,88 və 1,18 nəfər olub. Bunun səbəbi müəyyən dərəcədə belə yaş qruplarında xəstəliyin aşkarlanmasının zəif səviyyədə aparılması ilə bağlıdır. Bir çox həkimlər, eləcə də nevroloqlar kəllə - beyin travmaları, insultlar, ensefalitlər, meningitlər, şişlər olan xəstələrdə ilk və spontan təkrarlanan epileptik tutmalarla qarşılaşdıqları zaman qıcolma əleyhinə dərman preparatlarının təyin olunması ilə kifayətlənirlər. Həmin qrup xəstələrdə simptomatik epilepsiyanın diaqnozunun təsdiq və ya inkar olunması üçün nə dinamik kliniki nəzarət, nə də xüsusi müayinələr aparılmır.

Hazırda ATU-nun Nevrologiya kafedrasının əməkdaşları yuxarıda göstərilən məlumatların daha dəqiqləşdirilməsi istiqamətində müxtəlif etioloji amillərdən yaranan epilepsiyanın klinik mənzərəsi, rastgəlmə tezliyi və ehtimal olunan risk faktorlarının aşkarlanması istiqamətlərində ciddi işlər aparırlar.

- Epilepsiyanın profilaktikası mümkündürmü?

- Epilepsiyanın səbəbləri və tipləri müxtəlif olduğundan onun birincili profılaktikası bütün hallarda effektiv deyil. Hər hansı təhrikedici faktor olmadan yaranan epilepsiyanın qarşısını tamamilə almaq mümkünsüzdür. Epilepsiyanın irsi formaları profilaktikaya tabe olmur. Bununla yanaşı, tibbi yardımın yaxşılaşdırılması meningit və ensefalitdən sonra yarana biləcək epilepsiya xəstəliyini azalda bilər. Kəllə-beyin travmalarından qorunmaq (yollarda təhlükəsizlik tədbirlərini artırmaq, istehsalatda baş üçün kaskalardan istifadə) posttravmatik epilepsiyanın yaranmasnın qarşısını almaq üçün ən effektiv üsuldur. Mamalıq xidmətinin, eləcə də parazitar (exinokokkoz və toksoplazmoz) və bakterial (xüsusilə vərəm və digər) xəstəliklərin ləğvinə yönəlmiş ictimai səhiyyə tədbirlərinin yaxşılaşdırılması yeni epilepsiya hallarının azalmasına zəmin yarada bilər.

- Epilepsiyan tam müalicə etmək mümkündür?

- Epilepsiya uzunillik müalicə tələb edir. Sözsüz ki, bütün dünyada, eləcə də Azərbaycanda da epilepsiyanın əsas müalicə metodu epilepsiya əleyhinə dərmanların (EƏD) istifadəsidir. Epilepsiyanın müalicəsində məqsəd tutmaların tamamilə kəsilməsidir. Müasir farmakoterapiyanın uğurları sayəsində təqribən 60- 70% hallarda tutmalara tam nəzarət mümkündür. Əksər hallarda epilepsiya müalicə olunan və sağalan xəstəlikdir. Ancaq unutmamalıyıq ki, müalicəyə çətin tabe olan epilepsiya formaları da mövcuddur. Bu, 20% hallarda birincili generalizəolunmuş və 35% fokal tutmaları olan xəstələrdə müşahidə olunur.

- Epilepsiyanın müalicəsində epilepsiya əleyhinə dərmanlardan başqa hansı müalicə üsullarından istifadə olunur?

- Epilepsiyanın müalicəsində digər metodlar da tətbiq olunur. Onların arasında daha geniş tətbiq olunan cərrahi müalicə xüsusi yer tutur. Epilepsiyanın bu müalicəsi yalnız o vaxt tətbiq olunur ki, epileptik tutmaları EƏD-la qarşısını almaq mümkün olmur. Bununla belə, bu müalicənin bir çox əks göstərişləri var. Cərrahi müalicəyə ehtiyacı olan xəstələri seçərkən onların kliniki vəziyyətlərinin, neyrofızioloji, neyropsixoloji, psixiatrik və psixososial məlumatlarının qiymətləndirilməsi mütləqdir. Cərrahi müdaxiləni ümumi qəbul olunmuş ixtisaslaşdırılmış mərkəzlərdə həyata keçirmək lazımdır. Xəstənin həm müayinəsi, həm də əməliyyat xüsusi mürəkkəb prosedurlar tələb edir. Cərrahi əməliyyatın geri qaytarılmayan proses olduğunu nəzərə almaq lazımdır. Buna görə də real olaraq cərrahi müalicə 8-10% hallarda farmakorezistent epilepsiyalar zamanı tətbiq olunur. Epilepsiyanın müalicəsində epileptocərrahiyyəyə aid olan qamma - bıçaq, beyinin dərin stimulyasiyası, periferik sinirlərin stimulyasiyası və digər bu kimi innovasion terapiyalar da tətbiq olunur. Epilepsiyanın sadalanan müalicə metodları vədverici, cəlbedici və perspektivli olsa da, onların effektivliyinin isbat olunması üçün geniş randomizəolunmuş tədqiqatlar lazımdır. Digər müalicə metodları kimi hipnoz, aromaterapiya və iynəbatırma məlumdur. Bunların effektivliyi haqqında isə olduqca az informasiya var və ya heç yoxdur.

- Azərbaycanda epileptologiyanın uğurları və problemləri barədə nə demək olar?

- Son 20 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti, qadınlarda epilepsiya öyrənilib. Həmçinin epilepsiyanın mövcud qeydiyyat sisteminin, diaqnostikanm keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy turşusu) dövlət hesabma təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizatı, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim- epileptoloqların konsultasiyalarının təşkilini, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim - epileptoloqun nəzarətdə saxlanmasını misal çəkmək olar.

Epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik işlə bağlı bütün problemlərin həlli, şübhəsiz ki, çətin məsələdir. İnkişaf etmiş ölkələrin özündə belə epilepsiyalı xəstələrə yardımın təşkilində əhəmiyyətli dərəcədə problemlər mövcuddur.

İnkişaf etmiş ölkələrdə epilepsiya ilə mübarizə göstərdi ki, ixtisaslaşdırılmış epileptik mərkəzlər epilepsiyadan əziyyət çəkən xəstələrin diaqnostika, müalicə və reabilitasiyasında yüksək effektivliyə malikdir. Respublikamızda bu cür ixtisaslaşdırılmış epileptik mərkəzin açılması yaxın gələcəkdə tam realdır. Bununla belə epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik və sosial yardımlara yönəlmiş cəhdlər təxirə salına bilməz.

Artıq uzun illərdir ki, dünyada epilepsiya sinir sistemi xəstəliyi olaraq tanınır. Bu istiqamətdə pozitiv tədbirlərdən biri epilepsiyalı xəstələrin müalicəsinin nevroloqlar tərəfindən aparılmasının təşkili olar. Biz eləcə də hesab edirik ki, həkim - epileptoloq ixtisasının təsis olunması və böyük şəhərlərimizin poliklinikalarında epileptik kabinetlərin təşkili zəruridir.

- Azərbaycanda epilepsiya xəstələri üzərində cərrahiyyə əməliyyatı keçirilirmi?

- Yuxarıda qeyd etdiyimiz kimi cərrahi müalicəyə ehtiyacı olan xəstələri seçərkən bir çox göstəricilər qiymətləndirilməlidir. Xəstənin həm müayinəsi həm də əməliyyat xüsusi mürəkkəb prosedurlar tələb edir və bu müdaxilələr xüsusi ixtisaslaşdırılmış mərkəzdə yerinə yetirilməlidir.

- Epilepsiyanı qeyri -ənənəvi üsullarla müalicə etmək olarmı?

- Əgər epilepsiya əleyhinə preparatlar tutmaları tamamilə dayandırmırsa, cərrahi müalicəyə göstəriş yoxdursa və ya kömək etmirsə, xəstə və onun yaxınları rəsmi tibbi xidmətə inamlarını itirirlər. Nəticədə mediada rast gəlinən sensasiyalı elanlar onları cəlb edir və qeyri -ənənəvi müalicə üsulları ilə məşğul olan mütəxəssislərə müraciət etməyə vadar edir. Eyni zamanda xəstəyə və onun yaxınlarına "kimyəvi dərmanların sistemli şəkildə qəbulu orqanizmi zəhərləyir və psixi funksiyaların zəifləməsinə gətirib çıxarır” kimi fikirlərə əsaslanaraq epilepsiya əleyhinə dərmanların kəsilməsinin vacibliyi tövsiyə olunur. Epilepsiya əleyhinə dərmanların "möcüzəvi vasitələrlə” (otlar, sehrli tozlar, lazer və elektromaqnit üsullarla müalicə) əvəz olunması xəstənin vəziyyətinin yaxşılaşmasına deyil, hətta vəziyyətin ağırlaşmasına və epileptik statusun inkişafına səbəb ola bilər.

- Bəs qıcolma əleyhinə preparatlar tam təhlükəsizdirmi?

- Bilmək lazımdır ki, digər çoxlu dərman maddələrində olduğu kimi qıcolma əleyhinə preparatların da xoşagəlməz (əlavə) təsirləri var. Əlavə reaksiyalar (bu və ya digər preparatın qəbulundan dərhal sonra), dozadan – asılı (doza ilə əlaqəli) və xroniki (preparatların uzunmüddətli qəbulu) ola bilər. Dərmanın içərisindəki məlumat vərəqəsi ilə diqqətlə tanış olmaq, əlavə suallar yaranarsa, dərhal həkimə məlumat vermək lazımdır. Qıcolma əleyhinə maddələr dozadan asılı olaraq başgicəllənmə, yeriyərkən səndələmə, gözlərdə ikigörmə, yuxululuq, ürək bulanma və qusmaya səbəb ola bilər. Bu preparatların qəbulundan sonra dəri səpkiləri də büruzə verə bilər. Hətta daha ciddi ağırlaşmalar - qan yaranmanın zəifləməsi, qaraciyər çatmamazlığı müşahidə oluna bilər.

- Epilepsiyalı şəxslərdə gündəlik həyatlarında hansı rejimlə, məhdudiyyətlərlə yaşamalıdırlar?

- Medikamentoz nəzarəti olan epilepsiyalı şəxslər müəyyən idman növləri istisna ilə, idman və bədən tərbiyəsi ilə məşğul ola bilərlər. Söhbət yıxılma təhlükəsinin olduğu idman alətləri və idman növlərindən gedir. Yüngül gimnastikada istifadə olunan idman alətləri, at çapmaq, trampilindən tullanmaq, akvalantla dənizə girmək məsləhət deyil. Epilepsiyalı şəxslərin yalnız onun tutmalarından xəbərdar olanların müşayiəti ilə üzməsinə icazə verilir.

Ev şəraitində belə epilepsiyalı pasientlər hamam otağının qapısını bağlamamaqla, ekstremal temperatur təsirlərindən qorunmaqla yuyuna bilərlər. Ümumiyyətlə, belə insanların təmiz havada daha çox olması məsləhətdir. Vacib şərtlərdən biri də gündəlik rejimə əməl etmələridir. Məsələn, hər gün eyni vaxtda 8 saatdan az olmayaraq yuxu rejiminə riayət etməlidirlər. Yuxuya qədərki dövrdə epileptik tutmaları provakasiya (təhrik edən) edən faktorlar ola bilər. Məsələn, xəstənin yaxınları tutmanın hansısa televerilişlərə baxmaqla əlaqədar olduğunu müşahidə edərlərsə, belə televerilişə baxma məhdudlaşdırılmalıdır.

Epilepsiyalı pasientlərin dietası adətən adi olur. Qazlı içkilər və alkoqoldan istifadə qadağandır, duzlu və kəskin yeməklərdən qaçmaq və ya məhdudlaşdırmaq tövsiyə olunur. Ətrafdakıların o şəxsin xəstəliyini bilmələri vacib deyil. Əgər siz hesab edirsinizsə ki, az qrup adamlar məlumatlı olmalıdırlar, o zaman bu xəstəliyin xüsusiyyətləri və lazımi ölçüdə göstərilə biləcək yardım haqqında da onları məlumatlandırmalısınız.

- Epilepsiyalı insanların peşə və məşğulluğu necə olmalıdır?

- Tutmaları kontrolda olan bir çox gənc orta məktəbi müvəffəqiyyətlə bitirib kollec və ali məktəblərdə təhsil alırlar. Onların məşğul ola biləcəkləri mümkün peşələr sonsuzdur. Nadir epileptik tutması olanlar həkim, müəllim, hüquqşünas işləyə və digər peşələrə də yiyələnə bilərlər. Beləliklə, epilepsiyalı gənc insanlar əminliklə özlərinə zövq verən, uğurlu karyera qura bilərlər.

Ancaq ağır maşın və avtobusda sürücü, təyyarəçi, aşpaz, hərəkət edən dəzgahlarla və yüksəklikdə işləməklə əlaqədar məhdudiyyətlər var. Əgər yeniyetmə hərbiçi olmağa və polisdə işləməyə çalışarsa, çətinliklərlə qarşılaşa bilər. Həmçinin dalğıc və yanğınsöndürən kimi peşələr də tövsiyə olunmur.

- Epilepsiya xəstələrin ailə qurması, belə qadınların hamiləliyi məqsədəuyğundurmu?

- Bir çox hallarda epilepsiya və onun müalicəsi əks cinslə yaşam, ailə və analıq üçün əks göstəriş deyildir. Hamiləlikdən əvvəl və həmin dövrdə həkim müşahidəsi mütləqdir

- Nəhayət, əgər epilepsiyalı insanda qıcolma baş verərsə, ətrafdakılar hansı ilkin tibbi yardım göstərilməlidir?

- Xəstənin yanında olan qohumların və yaxınları üçün müəyyən qaydalar müəyyənləşib. İlk növbədə xəstəni çarpayıya, yaxud döşəməyə uzatmaq, yaxasını açmaq, qalın paltarını çıxarmaq, zərəri yetirəcək əsasları xəstədən uzaqlaşdırmaq, sakit tərzdə diqqətlə tutmanın gedişini izləmək, ağız suyunun və dilinin boğazına getməməsi üçün xəstəni yanı üstə çevirmək lazımdır. Xəstə qusarsa, yenə də güc tətbiq etmədən xəstəni yanı üstə saxlamaq lazımdır. Xəstənin dilini çıxarmaq üçün qaşıq kimi sərt vasitələrdən istifadə etmək qadağandır. Bu zaman heç bir dərman vermək və maye içirmək olmaz. Tutma tam keçənə qədər xəstənin yanından ayrılmaq olmaz. Tutmadan sonra xəstəni həyəcanlandırmaq olmaz. Əgər xəstənin yuxusu gələrsə, onun yatmasına şərait yaratmaq lazımdır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA