Erməni biclərini harda axtarmalı? – Nadir Qocabəyliyə tövsiyyə

  • 2019-01-26 12:48:53
  • |

Erməni biclərini harda axtarmalı? – Nadir Qocabəyliyə tövsiyyə

Bir ölkə ilk əvvəl ictimai şüurunda parçalanır. Fərdləri və onların iç-içə yaşadığı toplumu fərqli millət olaraq təqdim etmək, milləti formalaşdıran etnik mozaikaları bir-birindən ayırma və düşmən kimi alqılama düşüncəsini toplumun beyninə yeritmək istənilən ölkənin milli bütövlüyünə vurulmuş ən böyük zərbədir. Təsadüfi deyil ki, bir çox dövlətlər düşmən ölkələri içdən dağıtmaq, zəiflətmək və onlar üzərində qələbə qazanmaq üçün məhz bu metoda əl atırlar. Bir çox hallarda düşmən ölkənin insanları arasında etnik təfriqələr salmaq onlara qarşı ən müasir silahlarla vuruşmaqdan daha təsirli vasitəyə çevrilir. Zira tərəflərin üz-üzə vuruşması, ordu birliklərinin müharibə meydanlarında çarpışması nəinki düşməni zəiflətmir, əksinə, hücuma məruz qalan dövlətin insanlarını ortaq təhlükə duyğularının çətiri altında birləşdirir, onları yenilməz qüvvəyə çevrilir. Bunun ən bariz misalını dünyanın ən qüdrətli hərbi qüvvəsi sayılan ABŞ-ın Suriyada, İraqda, Əfqanıstanda uzun illərdən bəri amansız müharibə aparmasına rəğmən, həmin coğrafiyaları tam nəzarət altına ala bilməməsidir. Ortaq təhlükə amilinin milli bütövlüyün əsas “palçığı” olduğunu nəzərə alan dövlətlər üzləşdikləri iqtisadi və siyasi böhran anlarında süni düşmən, müharibə təhlükəsi yaradıb bütün vətəndaşları eyni milli hədəflər ətrafında birləşdirməsi də bu mənada təsadüfi deyil. Son 30 il ərində cəsarətlə ABŞ-ın üzərinə gedən, məruz qaldığı ağır iqtisadi sanksiyalara rəğmən ayaqda dayanmağı bacaran İran, Şimali Koreya, Rusiya kimi dövlətlərin başarısının sirri məhz bu həqiqətdə - süni düşmən yaratmaq məharətində axtarılmalıdır. Hətta cəsarətlə demək olar ki, ABŞ-ın anti-İran siyasəti əslində Terhanın, Moskvanın və Pxenyanın maraqlarına xidmət etməkdədir.

Bir dövləti ən asan və ucuz məğlub etməyin yolu onu içdən parçalamaq olduğundan ağıllı dövlətlər silahlı müharibələrdə böyük pullar və can itkisinə qatlanmaq əvəzinə, hədəfə aldıqları ölkələrdə etnik və regional separatizm yaymağa üstünlük verirlər. Müasir hibrid savaşlarının əsas vasitələrindən olan bu metod əslində yeni deyil. Tarixçilərin bildirdiyinə görə, eramızdan əvvəl V əsrdə meydana gələn Peloponez müharibəsi əsnasında Afina Spartanı məhz bu metodla təsirsiz hala gətirmişdir. Belə ki, Sparta vətəndaşları olan helotlar Afina tərəfindən öz dövlətlərinə qarşı üsyana qalxmağ təşviq edilmiş, nəticədə hərbi baxımdan düşmən ordusuna qalib gələ biləcək gücdə olan Sparta daxili üsyanları sona çatdırmaq və helotları itirməmək üçün Afina ilə güzəştli sülh sazişi bağlamağa məcbur olmuşdur.

Hibrid savaşları müasir çağımızda da ən güclü silahlardan hesab olunur. Soyuq savaş illərində ABŞ-ın SSRİ-yə qarşı uğurla həyata keçirdiyi bu metoddan daha sonra Rusiya ABŞ-ın nəzarəti altına keçən Gürcüstan, Moldaviya və Ukraynada istifadə etmişdir. Əslində bizim ən böyük problemimizə çevrilən Dağlıq Qarabağ müharibəsi də Rusiyanın ABŞ-a qarşı hibrid savaşının bir nəticəsi və konservləşdirilmiş şəklidir. Elə bu faktın özü də ölkəmizin zaman-zaman hibrid savaşının zərərçəkəninə çevrildiyini təsdiqləyir.

Azərbaycana qarşı hibrid savaşında təkcə milli bütünlüyümüzün ayrılmaz mozaikasına çevrilən hansısa etnik qruplar obyekt olaraq seçilməyib. Eyni etnik qrupa mənsub qruplar arasında da separatizm yayılmağa çalışır. Xüsusilə son zamanlar “yeraz”, “naxçıvanlı”, “güraz” kimi terminlər uydurub xalqı parçalamaq istəyən 5-ci kolonun mənsubları öz mənfur siyasətlərinin fəlsəfi əsaslarını da tapıblar. Adını yazıçı, tərcüməçi, ziyalı qoyan Nadir Qocabəyli adlı birisinin facebook səhifəsində tez-tez paylaşdığı anti-milli statuslar sözügedən düşmən siyasətinin fəlsəfi əsaslarının bariz nümunələrindəndir. Qərbi azərbaycanlıları ermənilərə, şimal və şərq rayonlarımızın, həmçinin Bakı sakinlərini farsa, ərəbə oxşadan, dolayısıyla bütün Azərbaycanın fərqli millətlərdən gəldiyinə eyham vuran bu adam zaman-zaman tərəkəmələri də təhqir etməkdən çəkinmir. Ən dəhşətlisi isə budur ki, Nadir Qocabəyli öz səfeh düşüncələrini ölkəmizdəki bir sıra problemlərin həlli üçün vazkeçilməz resept sayır:

“Yerazlıq və tərəkəməlik mənim üçün region söhbəti deyil, ziyanlı düşüncə tərzidir. Bu tərz milli mənafeyimiz üçün təhlükəlidir...” – bu status onun paylaşdığı hələ ən tərbiyəli cızma-qarasıdır. Nadir Qocabəyli adlı düşmən dəyirmanına su tökən adamın Azərbaycan əhalisinin önəmli qismini təşkil edən, sovet hakimiyyəti illərində dəfələrlə öz dədə-baba yurdlarından didərgin salınan Qərbi azərbaycanlılara münasibəti isə daha düşməncədir. Zaman-zaman paylaşdığı statuslarında tərəkəmələrə və Qərbi azərbaycanlılara güvənmədiyini “etiraf edən” bu adam öz fikirlərini bu cür əsaslandırır:

“Açığı nə irəvanlılara, nə də tərəkəmələrə güvənmirəm. Onların arasında kişi adam görməmişəm. İmişli camaatı nə dediyimi anladı...”

Sanki qəsdən Azərbaycan xalqının əsəbləriylə oynayan Nadir Qocabəylinin naxçıvanlılara münasibəti də xoş deyil və onun nəzərində hazırda yaşayan ən yaxşı naxçıvanlı yazdığı “Daş yuxular” əsəriylə cəmiyyətin təpkisini üzərinə cəmləyən Əkrəm Əylislidir:

“Mən naxçıvanlılara əsasən Mirzə Cəlilə, Məmməd Araza, Əkrəm Əylisliyə görə hörmət edirəm. Çünki həmişə sözün düzünü deyib, yazıblar. Aqil Abbası kürəkən olaraq heç vaxt Məmməd Araza yaraşdırmamışam...
Əkrəm Əylislini "Daş yuxulara" görə qınayan həmyerliləri, ümumiyyətlə Azərbaycanın qərb bölgəsini təmsil edən hər kəs ermənilərlə, gürcülərlə, kürdlərlə qohum olduğunu unutmamalıdır. Əgər ermənilər pisdirsə, siz də pissiniz, cünki yaxın qonşu və qohumsunuz, bənzərsiniz. Amma onlar hamısı pis ola bilməz, çünki Əkrəm pis adam deyil. Dürüstdür, təmizdir, düzdanışandır”.
Xarici düşmənlərin, o cümlədən ermənilərin Azərbaycandakı 5-ci kolonu kimi çıxış edən müəllifin elə həmin statusundakı bu cümlələri isə bəlkə də indiyədək dilə gətirdiyi ən böyük sərsəmləmələridir:

“Erməniyə oxşamağı təhqir kimi qəbul etmək lazım deyil, kimin xoşu gəlmirsə, dəyişməyə çalışa bilər.
Rəhmətlik Ağamusa Axundov bizə deyirdi: "Heç Nizami Süleymanova fikir vermisiniz? Eynilə Camal Əbdülnasirə oxşayır. Çünki Azərbaycanın mərkəzi Aran bölgəsinin əhalisi ərəb və farslarla qaynayıb qarışıb, amma türk faktoru üstün gəlib. Dil və mədəniyyətdə türk amili dominant olsa da, ərəb və fars təsiri də yetərincə güclüdür. Eynilə bu şəkildə şimal rayonlarımızda Qafqaz, Bakıda və şərq rayonlarımızda tat elementləri güclüdür...
Mən İran teleiziyasına, filmlərinə baxanda çox sayda həmyerlilrimə bənzəyən insanlar görürəm. Eyni şəkildə, Gürcüstan azərbaycalıları gürcülərə, ermənistanlılar və qarabağlılar ermənilərə, naxçıvanlılar əsasən kürdlərə, Şəki Zaqatala ləzgi və avarlara bənzəyirlər və bu çox normaldır, təhqiramiz də heç nə yoxdur…”

Nadir Qocabəylinin özü də etiraf edir ki, Azərbaycanda yaşayan insanlarda “dil və mədəniyyətdə türk amili dominantlıq” təşkil edir. Adamdan soruşarlar ki, bəs bir toplumun millət olması üçün daha nə lazımdır? İnsanın milli mənsubiyyətini təyin etmək üçün nə zamandan onun DNA testinə baxılıb? Hətta insanın DNA-sı milli mənsubiyyətinin göstəricisi olduğunu fərz etsək belə, Nadir Qocabəyli bu testini hansı labaratoriyada aparıb? Axı, adətən, milli mənsubiyyətin təyini üçün bir neçə vacib amil var ki, onlardan biri, eyni coğrafiyada yaşamaq, eyni dini və mənəvi dəyərləri paylaşmaq, eyni dili danışmaqdır. Allaha çox şükür ki, Azərbaycanda talışdan tutmuş ləzgiyə, türkə qədər bütün etnik qruplar məhz bu ortaq dəyərləri bölüşürlər. Bu mənada ölkəmizdə adına nə deməyimizdən asılı olmayaraq, monolit millət yaşamaqdadır və yüzlərlə Nadir Qocabəylilər yüz il çalışsalar belə əti dırnaqdan ayıra bilməzlər.

Hansısa regiondan çox, bütövlüklə Azərbaycan xalqına düşmən mövqeyi onu da unutmamalıdır ki, bu məmləkətdə yaşayan insanların, o cümlədən Qərbi azərbaycanlıların tarix boyu ən az qaynayıb-qarışdığı millət ermənilər olub. Bu da səbəbsiz deyil. Əvvəla, ermənilərin istər Qarabağa, istərsə də İrəvana köçürülməsinin tarixi o qədər də qədim deyil. 19-cu əsrin ortalarında indi məskunlaşdıqları yerlərə köçürülən ermənilər bu 200 illik tarix boyunca dəfələrlə yerli əhaliylə müharibələrə girmiş və dostluq şəraitində yaşamamışlar.

İki xalqın arasındakı ayrılıq salan elementlərdən biri başqa dinlərə mənsubiyyətləri olub. Qacariyyə dövlətinin Çar Rusiyasına məğlubiyyətindən sonra İrandan indi yaşadıqları ərazilərə köçürlən ermənilərlə qaynayıb-qarışmamağımızın əsas səbəblərindən biri rus işğalı nəticəsində parçalanmışlığımızın ilk dövrlərdə din xadimlərimizin uzaqgörən fitvaları idi. Bəlkə də Qacariyyə dövləti Rusiya ilə bağladığı Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə uyğun olaraq qalib tərəfə təhvil vermək məcburiyyətində qaldığı ermənilərin yerli türk xalqları ilə qarışıb-qaynamaması, Moskvanın mənfur siyasəti nəticəsində xalqımızın assimiliyasiyaya uğramaması üçün çıxartdırdığı həmin fitvalarda xristianlardan hətta hansısa əşyanı almaq belə haram buyurulurdu. İrəvan ərazisində yaşayan yaşlı insanlar xatırlayırdılar ki, məhz bu fitvaların nəticəsində bir çox yerlərdə hətta ermənilərin yağış yağanda çölə çıxmasını belə, babalarımız çox qarşılamamışlar; torpağı murdarlayarlar deyə.

Rus işğalının və ermənilərin bölgəyə yerləşdirilməsinin ilk dövrlərindən 20-ci əsrin əvvəllərinə qədər hər kəsin istisnasız olaraq uyduğu bu fitvalar İrəvanda və Dağlıq Qarabağda yerli türklərin etnik təmizliyini qorudu, ermənilərlə yaxın münasibətlər qurmağa imkan vermədi. Bizim əsasən onlarla qurduğumuz ən yaxın qohumluq kirvəlik oldu.

20-ci əsr isə ermənilərlə münasibətimiz qanlı-qadalı başladı. 1905-ci ildə, 1918-1920-ci illərdə, ən son isə 1980-ci illərdə bütün Cənubi Qafqazı əhatə edən erməni-müsəlman qovğaları baş verdi. Bundan əlavə, 20-ci əsrin ortalarında yerli sakinlərin Qərbi Azərbaycandan depotasiya olunması da iki xalqın yaxınlaşmağa imkan vermədi.

Sözsüz ki, bəzi istisnalar da vardı. Bizdən erməni qızı alanlar olduğu kimi, onlardan da türk qızı ilə evlənənlər də mövcud idi. Yaxud hər iki tərəfdə qeyri-rəsmi əlaqələrə girən nəfsini qoruya bilməyənlərin mövcudluğunu da istisna etmək olmaz. Amma bunlar bir xalqın etnik xarakterini dəyişəcək səviyyədə deyildi. Olsa-olsa, bəzi yarımerməni və yarımazərbaycanlı biclərin ortaya çıxıb ürək bulandıracağı qədərdir. Nadir Qocabəyli də həmin bicləri milli bütövlüyümüzü hədəfə alan və erməni dəyirmanına su tökən qruplar arasında axtarsın. Hansı ki, özü də naməlum səbəblərdən eyni işi görür.

Heydər Oğuz

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA