Ermənilərlə bağlı SENSASİON QƏRAR, 66 illik MÜHARİBƏ… GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənilərlə bağlı SENSASİON QƏRAR, 66 illik MÜHARİBƏ… GÜNÜN SİYASİ XÜLASƏSİ

Fransanın prezidenti Emmanuel Makron qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqal yaradacaq addım atıb. Fələstinin rəhbəri Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyə hazır olduğunu açıqlayıb. ABŞ Avropada təkmilləşdirilmiş aviasiya nüvə bombaları yerləşdirməyi planlaşdırır. Makedoniya NATO-ya qatılıb. ABŞ Prezidenti Donald Tramp 27 və 28 fevral tarixlərində Vyetnamda Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək.

Beynəlxalq vasitəçilərin və region ölkələrinin birgə səyləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dialoqun fəallaşmasına, həmçinin gərginliyin azalmasına səbəb oldu. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Yerevan-Moskva-Minsk-Bişkek-Astana videokörpüsü zamanı deyib.

O bildirib ki, Azərbaycan və Errmənistan rəhbərliklərinin müntəzəm görüşləri sülh prosesi üçün zəruri olan şəraitin yaradılmasına və etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin görülməsi üzrə müəyyən razılaşmaların əldə olunmasına imkan verdi: "Son onilliklər ərzində ilk dəfə olaraq yüksək səviyyədə birbaşa təmas quruldu".

Ermənistan tərəfindən Rusiya istehsallı Su-30SM çoxfunksiyalı qırıcıların alışının KTMT-nin sərhədlərinin təhlükəsizliyinə nə dərəcədə təsir göstərəcəyinə gəlincə, A.Sidorov təşkilatın üzv dövlətlərinin rəhbərləri tərəfindən qəbul edilən qərarı şərh edə bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiya və Ermənistan Su-30SM qırıcı təyyarələrinin tədarükü haqqında müqavilə bağlayıblar.

Fransanın prezidenti Emmanuel Makron qondarma “erməni soyqırımı” ilə bağlı qalmaqal yaradacaq addım atıb. Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə iştirak edən Makron bu ildən başlayaraq hər il aprelinin 24-ünün Fransada “erməni soyqrımı”nın yad edilməsi günü kimi qeyd olunacağını bildirib.

“Fransa 1915-ci il hadisələrini o dövrdə soyqırım olaraq tanıyan və uzun mübarizədən sonra 2001-ci ildə onu qanunla tanıyan ilk ölkələrdən biri oldu. Gələcək həftələrdə isə ölkəmizdə aprelin 24-nü erməni soyqırımını anma günü olaraq qəbul edəcəyik”, - o deyib.

Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun 24 aprel tarixini qondarma erməni soyqırımının anım günü kimi qeyd etmək qərarını kəskin şəkildə tənqid edib. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın danışıb.

“Makronun “erməni soyqırımı”nın anım günü ilə bağlı elan xarakterli açıqlamasını şiddətli qınayırıq. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi təməli olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə üçün heç bir hökmü yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə həqiqətlərin işıqlandırılması üçün Ortaq Tarix Komissiyası yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışırlar”, - Qalın bildirib.

Gürcüstanla Rusiya arasında gömrük dəhlizi razılaşması çərçivəsində işğal edilmiş ərazilərlə gömrük məntəqələri açması haqqında Rusiya KİV-lərinin məlumatı növbəti dezinformasiyadır. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani deyib.

“Bu dezinformasiyanı bizim opponentlərimiz, müxalifətçilər və Gürcüstanın eks-prezidenti dəstəkləyir. Belə ittiham qəbuledilməzdir. Bunun reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında 2011-ci ildə imzalanmış razılaşma İsveçrə şirkətinin Rusiya və Gürcüstan arasında yük dövriyyəsinin monitorinqini nəzərdə tutur və bunun gömrük terminallarına heç bir aidiyyəti yoxdur.

Əgər İsrail İranın Suriyadakı obyektlərinə zərbə endirməyə davam etsə, bu, hərbi konfliktə səbəb olacaq.Bunu jurnalistlərə açıqlamasında İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.

“Əgər hücumlar davam etsə, biz İsrailin cinayətkar və yalançı rəhbərlərinə dərs verəcəyik. Tehranın növbəti hücuma cavabı aqressiv və qətiyyətli olacaq”, – deyə o bildirib.

Fələstinin rəhbəri Mahmud Abbas İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyə hazır olduğunu açıqlayıb. Mahmud Abbas istənilən an Netanyahu ilə görüşmək üçün Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfər dəvətini qəbul etməyə hazır olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp Konqresdə “Birliyin vəziyyəti” çıxışını edib. 1 saat 22 dəqiqəlik çıxışda prezident Suriyada İŞİD terror təşkilatının qalıqlarını yox etmək üçün müttəfiqləri ilə birlikdə işlədiklərini və döyüşçülərinin artıq evlərinə qayıtmaq vaxtının gəldiyini deyib. O həmçinin digər mövzularla bağlı da danışıb.

ABŞ prezidenti Donald Tramp raket əleyhinə müdafiə üzrə ən yeni sistemin hazırlamasına başlandığını elan edib. Prezidenti bu haqda Konqresə müraciətində bildirib.

O vurğulayıb ki, ölkədə ordunun genişmiqyaslı bərpası həyata keçirilir.

Amerika lideri əlavə edib ki, 2018-ci ildə ABŞ-ın müdafiə büdcəsi təxminən 700 milyard dollar təşkil edib, 2019-cu ildə isə təxminən 716 milyard dollar olacaq.

ABŞ Avropada təkmilləşdirilmiş aviasiya nüvə bombaları yerləşdirməyi planlaşdırır. Bunu jurnalistlərə açıqlamasında KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov deyib. Onun sözlərinə görə, ABŞ bu bombaları 2020-ci ilin ilk yarısına qədər Avropaya gətirəcək:

“Nüvə bombaları Belçika, Niderland, Almaniya, İtaliya və Türkiyədəki aviabazalarda yerləşdiriləcək. Bu aviabazalarda hazırda əvvəlki nəslə aid olan 200 idarəolunmaz nüvə bombası mövcuddur”

Makedoniya NATO-ya qatılıb. Makedoniyanın ittifaqa qatılması haqqında protokol bu gün imzalanıb.

İmza mərasimi NATO-nun Brüsseldəki qərargah binasında təşkil edilib. Makedoniyanı mərasimdə xarici işlər naziri Nikola Dimitrov təmsil edib. Tədbirdə həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq və 29 müttəfiqin daimi təmsilçiləri iştirak edib.

Rusiya 6 ay sonra “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Türkmənistanın paytaxtı Aşqabadda təşkil edilən mətbuat konfransında çıxış edən nazir bu addımı ABŞ-ın razılaşmadan çıxmasına reaksiya olaraq atıldığını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp 27 və 28 fevral tarixlərində Vyetnamda Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək. Bu barədə “Politiko” nəşri informasiya yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, sözügedən tarixi yaxın vaxtlarda Donald Tramp özü rəsmi şəkildə açıqlayacaq.

ABŞ və Koreya Xalq Demokratik Respublikasının (KXDR) qarşıdakı sammiti iki ölkənin barışığına yeni impuls verə bilər, hərçənd Amerika isteblişmentinin bir hissəsi bu barışığa heç bir ehtiyac görmür. Bu haqda “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Koreya və Monqolustan şöbəsinin müdiri Aleksandr Vorontsov bildirib.

Çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan etdi ki, KXDR lideri Kim Çen Inla ikinci görüşü Vyetnamda 27-28 fevral tarixlərində olacaq. \\publika.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA