Ermənistanda hakimiyyət tamamilə DƏYİŞİB

Ermənistanda hakimiyyət tamamilə DƏYİŞİB

Yeni hökumətdən ermənilərin gözləntiləri nələrdir

Hal-hazıda İrəvanda Nikol Paşinyanın hakimiyyətə gəlməsinin ardından əhalinin ən çox ilgiləndiyi iki mövzu əsas müzakirədən ibarətdir. Bu, korrupsiya ilə mübarizə və xarici siyasət kursunun dəyişməsindən ibarətdir. Faktiki olaraq, İrəvandakı bütün televiziya

kanalları, qəzetlər və internet resurslarının əsas müzakirə mövzusu uzun illər davam edən traybalizm, korrupsiya və digər halların indiki şəraitdə necə aradan qaldırılacağı yönündə bir-birindən fərqli yorumlar acı bağırsaq kimi uzanmaqdadır.


Parlament respublikası ideyası konsolidasiyaya səbəb olacaqmı?

Nikol Paşinyan tərəfdarları ilə birlikdə əhalini inandırmağa çalışır ki, ölkədə bir daha sərt diktatura rejiminin olmaması üçün parlamentar dövlət modeli uğurlu addımdır. Beləliklə də onun lideri olduğu “Yelk” (Mənim addımım) Hərəkatının sayəsində son parlament seçkilərində 70.45 faiz səs qazanaraq, bu gün həm parlamenti, həm də hökuməti ələ ala bilmişdir. Bütün iqtidarlara loyal münasibət sərgiləyən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları 8.37 və 6.37 faiz səslə parlamentdə yer qazanıblar. Beləliklə də Robert Köçəryan və Serk Sərkisyan iqtidarlarının hərbi xuntasını təmsil edən, bürokratik idarəetmə rejimlərində yer alan məmurlar tutduqları vəzifələrindən uzaqlaşdırılıblar. Parlamentar idarəetmə siyasətinin davamı kimi ölkədə əsas söz sahibi statusu baş nazirə verilibdir. Baş nazir kürsüsü isə Nikol Paşinyanın özü tərəfindən zəbt olunub. İrəvanın yerli televiziyalarında yanvar ayı Nikol Paşinyanın korrupsiyanın kökünü necə kəsəcəyi barəsindəki moizələrini əhali tərəfindən dinləməklə keçib. Ötən ilin fevral-mart ayından indiyə kimi bu barədə radikal çıxışları ilə əhalinin coşqulu şəkildə tərəfdarına çevrilmiş Nikol Paşinyan hələ ki, kadr islahatları aparmaqla məşğuldur. Siyasi və iqtisadi kursun necə dəyişəcəyini kimsə özünün gündəlik həyat tərzində görmür. Parlamentdəki 132 deputatdan 88 nəfərin Nikol Paşinyanın partiyasına mənsub olan deputatlar isə normal proqnozlar verməkdə hələ ki, çətinlik çəkirlər. O da bəllidir ki, gömrük sistemi tamamilə dəyişib. Orada kimsə rüşvət verməyə məcbur edilmir. Ancaq, bununla yanaşı, Ermənistanın istehsal vasitələrinin olmaması, sadəcə aqrar ölkəyə çevrilməsi, kənd təsərrüfatı mallarının yetərincə ölkəyə gəlir gətirməməsi yeni dilemmaya səbəb olub. Ölkənin daxili və xarici borclarının 15 milyard dolları ötməsi, Rusiyadan alınan yanacaq qazının qiymətinin artması, Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarı olan işadamlarının xarici ölkələrə (əsasən MDB məkanına) kütləvi şəkildə miqrasiyaya üz tutması xeyli dərəcədə problemlərə səbəb olmuşdur. Bundan əlavə, keçmiş rəhbərliyə bağlı olan iriçəkili məmurların, böyük ticarət şəbəkələrinin sahibləri külli miqdarda olan var-dövlələrini başqa ölkələrə daşıyırlar. Faktiki olaraq, Ermənistan indiki məqamda ən ağır dönəmdən keçir. Səfalət ölkənin hər addımında duyulmaqdadır.
Nikola Paşiyan məhkəmə, iqtisadi reformlar və digər sahələrdə bir sıra reformlar elan etməklə ictimai baxımdan xalqa xoş gələn bəyanatlarla çıxış etməklə yetinir. Bunun dışında sosial-iqtisadi həyat tərzində yenilik yoxdur. Rüşvətxorluğun qarşısının alınması halları müşahidə olunsa da, maaşların və təqaüdlərin artımında yeniliklər gündəmdə yoxdur. Siyasi analitiklər də qeyd edirlər ki, Ermənistanın yeni hakimiyyətinin qarşısında duran əsas problemlər “Qarabağ Problemi”nin həlli, Türkiyə ilə sərhədlərin açılması, NATO ilə münasibətlərin qurulması, qonşu İranla münasibətlərdə korrektəyə ehtiyacı olan amillərin nizamlanması, ABŞ-la əlaqələrin yenidən yaradılması, Gürcüstanla bir çox strateji anlaşmalara gedilməsi və xüsusilə Rusiya ilə əlaqələrin inkişafı məsələsində mühüm addımların yeni formatda necə olması vacib şərtlərdən biridir. Bütün bunlar hələ ki, Ermənistanın yeni hakimiyyətində yox kimidir.

Avropaya üz tutan Ermənistanın dilemması

Gürcüstandan sonra, Ermənistanın da Rusiyadan üz çöndərərək üzünü Avropaya döndərməsi faktiki olaraq, dünya ermənilərinin qarşısında dərin dilemmaya səbəb olub. Çünki, ABŞ, Fransa, Kanada və digər dövlətlərdə yaşayan ermənlərin əksəriyyətinin Ermənistanla bağlantıları yoxdur. Onlar sadəcə ümumerməni həmrəyliyi məsələsində bir vaxtlar Ermənistanla ilgilənirdilər. 1998-ci il 28 noyabr tarixində İrəvanda parlamentin binasında terror eyləmləri nəticəsində öldürülən baş nazir, parlamentin sədri və bir neçə deputat və nazirlə bağlı demokratik dünyanın yanında yer alan erməni diasporu faktiki olaraq, İrəvanda hakimiyyəti qəsb etmiş hərbi xuntanın yanında yer almadılar. Digər yandan isə, Ermənistanla bağlantıları olan erməni əhalisinin əksəriyyəti Rusiya, Belorus, Qazaxstan, Ukrayna, Özbəkistan və digər Şərqi Avropa ölkələrində yaşaması, onların ölkə ilə ticarət əlaqələri, ailələrinə aylıq pul köçürmələri faktları sayəsində həyat tərzini nizamlamışdılar. İranın dəstəyi ilə bu ölkədə sənaye və gündəlik tələbat mallarının satışı hesabına mövcud problemlərin həlli prioritet hesab olunurdu.

İrəvandakı bir sıra siyasi, sosial və iqtisadi sahələr üzrə ekspertlərin fikrincə ən yaxın zamanda Avropa Birliyi və ABŞ-dan investisiya layihələrinin gündəmə gətirilməsi kimi ideyalar dövriyyədə olması əhalidə yaxın gələcək üçün ümidlər yaradıbdır. Hələ ki, bu istiqamətdə perspektivdə gözləntilər yox kimidir. Türkiyə sərhədlərinin bağlı olması və Qərb ölkələrinin ehtiyat etdiyi qonşu İran, Azərbaycanla müharibə şəraitində olması, “Dağlıq Qarabağ Böhranı”nın aradan qaldırılmaması sadəcə siyasi deyil, həm də iqtisadi risqlərə səbəb olan amillərdən biridir. Ermənistanın Rusiyanın tam nəzarətində olan “Kollektiv Təhlükəsizlik Şurası”nın üzvü olması da beynəlxalq maliyyə institutlarının diqqətindən yayınmayıb. Nikol Paşinyan isə, Ermənistanın indiki şəraitdə nə MDB-dən, nə də “Kollektiv Təhlükəsizlik Şurası”ndan çıxmaq barəsində fikri yoxdur. Üzünü Qərbə tərəf tutan Ermənistanın qarşılaşdığı dilemmanın hələ ki, çözüm yolu görünmür.

“Şaftalı İnqilabı” Ermənistana nələri vəd edir?


Nikol Paşinyanın lideri olduğu “Yelk” (Mənim addımım) Hərəkatının “Şaftalı İnqilabı” adı altında iqtidara gəlişi bölgənin bir sıra problemlərinin qabardılması, özəlliklə hərbi xunta şəraitində 20 il yaşamağa məcbur edilən ermənilərin korrupsiya, blokada və mövcud yaşam tərzini hələ ki, dəyişməyib. İnsanlar özlərini mənən sərbəst və azad hesab etsələr də, 1991-ci ildən bu günə kimi davam edən ağır həyat düzənin dəyişəcəyi günün həsrətini çəkirlər. Bütün bu ağırlıqlara dözmək istəməyən gənclik demək olar ki, kütləvi şəkildə ölkəni tərk edir. Sosioloqların apardıqları araşdırmalar sonucunda bəlli olub ki, Ermənistan sosial baxımdan dünyanın ən çox təqaüdçülərdən oluşan ölkəsinə çevrilib. Öz sərhədlərini qorumaq üçün yetərincə əsgəri birliyi olmayan bir ölkə imici qazanmış Ermənistanın perspektivi Qərb sosioloqları tərəfindən incələnməkdədir. Bununla yanaşı, bölgəni Çarlıq Rusiyası, Sovet Rusiyası və Rusiya Federasiyası tərəfindən iki yüz ildir idarə edən “Eçmiədzin Kilsəsi”, qriqoryanlıq artıq öz nüfuzunu itirməkdə, mövqelərini isə Yaxın Şərqdəki ənənəvi erməni kilsəsi kimi tanınan “Kilikiya Kilsəsi”nə təhvil verməsi prosesi uzun zaman tələb edir. Çünki, “Eçmiədzin Kilsəsi” və “Rus Ortodoks Kilsəsi” (Pravoslaviya) eyni mövqeni sərgiləyirlər. “Kilikiya Kilsəsi” isə, “Vatikan Kilsəsi”nin bir qolu hesab olunur. Ermənilərin cəmiyyət olaraq bir formasiyadan digərinə keçidə üz tutmaları iki yüzillik düzənin dəyişməsi kimi qəbul etmələri çox çətin prosesi aşması deməkdir. Rusiya, Ukrayna və digər Şərqi Avropa ölkələrində yaşayan ermənilərin qriqoryanlıqdan imtina etmək fikri yoxdur. Beləliklə “Şaftalı İnqilabı”nın gündəmə gətirdiyi yeni sosial, ictimai, fəlsəfi və dini baxışlar üçün Ermənistandakı dəyişimlərin xeyli zamana ehtiyacı olacağını vəd edir. “Şaftalı İnqilabı”nı gündəmə gətirməklə qonşu Gürcüstanın yolu ilə getməyi dünyaya duydurmaq istəsələr də, hələ ki, istədiklərinə nail ola bilmirlər. Bunun üçün ilk öncə Gürcüstanda baş verən islahatları nəzərə almalı idilər. Rusiyanın hərbi bazasının çıxarılması, Moskvaya bağlı bank sektorlarının çökdürülməsi, Qərbdəki demokratizmin dövlət siyasətinin bir parçasına çevrilməsi istiqamətində atılan addımları Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, kimsə buna cürət etmir. Bununla yanaşı, qonşu İranın istənilən anda atacağı provakativ addımları belə hesablanmamışdır.

Strateji müttəfiqlərini itirən İrəvanın aqibəti necə olacaq?

Nikola Paşiyan siyasi baxımdan o qədər də stabil xarakterə malik olan bir lider deyil. Onun son illərdə yaratdığı bir sıra qurumların, siyasi blokların özü belə bu faktları təsdiq edir. 2006-cı ildə qurulan “Alternativ Hərəkatı”, 2007-ci ildə “Demokratik Vətən”, 2011-ci ildə “Erməni Milli Konqresi”, 2013-cü ildə “Vətəndaş Anlaşması” hərəkatı, sonucda isə “Şaftalı İnqilabı” adı alıtnda yaradılan “Yelk” (Mənim addımım) Hərəkatı bütün bunlara örnəkdir. Onun demokratiya şüarları altında daim yenilənən siyasi blokları da yekcins deyil. Ermənistanda baş verən bu dəyişikliklərin tək bir ümidverici faktına xüsusi diqqət yetirmək. Bu “Daşnaksütyun Partiyası”nın cəmiyyətdə tammailə iflasa uğramasıdır. İndi son bilgilərə görə, “Daşnaksütyun Partiyası” mərkəzi qərargahını Tehrana köçürməyə başlamasıdır. Son aylarda “korrupsiyaya qarşı mübarizə” adı altında baş verən kütləvi həbslər əhali tərəfindən təqdir olunsa da, hərbi xunta rejiminin dayaqları olan əksər məmurlar hələ də tutduqları vəzifədə çalışırlar. Ancaq, bununla bərabər yerli sənayenin, istehsal vasitələrinin dinamik şəkildə fəaliyyət göstərməsində öncələrdən fərqli olaraq problemlərinin heç bir həll olunmayıb.
“Şaftalı İnqilabı”na qarşı ən sərt mövqedə duran, Ermənistan müdafiə nazirliyinin sabiq baş qərargah rəisi, general Yuri Xaçatoruvun ölkədəki dayaqları hələ də möhkəmdir. O, hal-hazırda MDB-nin əsas dayaqlarından biri olan “Kollektiv Təhlükəsizlik Şurası”nın katibi vəzifəsini daşıyır və ona qarşı rəsmi İrəvan hər hansı bir addımı atmaqdan çəkinir. Bu həmin Yuri Xaçaturovdur ki, demokratiya uğrunda İrəvan küçələrinə şıxaraq etiraz nümayişlərində iştirak edənlərə qarşı hərbi qarnizonu səfərbər etmişdi. İrəvan Hərbi Qarnizonu daha çox xüsusi təyinatlılardan ibarətdir və onlar ölkənin təhlükəsziliyinin qorunması adı altında daim hərbi xuntanın silahı kimi əhaliyə qarşı amansızcasına divan tutmuşdur.
Hərbi baxımdan siyasi analitiklərin fikrincə bu gün Ermənistanda ikihakimiyyətlilik hökm sürür. Bu, müdafiə nazirliyinin tamamilə Rusiyanın, mülki cəmiyyətin isə demokratların nəzarətində olmasıdır. Ölkənin idarə olunmasında peşəkar kadrların qıtlığı da öz təsirini göstərməkdədir. Çünki, müasir standartlar çərçivəsində dövlət qulluğunda işləmək üçün gənclərin marağı yoxdur. Onlar özəl sektora, ya da xaricdə işləməyə üstünlük verirlər.
Məşhur ingilis dramaturqu Uilyam Şekspirin dediyi kimi “nə yardan doyur, nə də əldən qoyur” dilemması Ermənistanda cəmiyyətin dilemma ilə üz-üzə qalmasına səbəb olub.
Nikola Paşinyanın yaxın aylarda sosial-iqtisadi yaşam tərzində islahatlarla yanaşı, hər hansı bir uğuru qazana bilməməsi həm də Ermənistandakı demokratiyanın tamamilə məhvinə səbəb olacaq. Keçmiş hərbi xuntanın ardınca demokratiyanı müdafiə edənlərin ölkəni tərk etməsi isə, Ermənistanın bir dövlət olaraq məhvinə gətirib çıxaracaq.


Ənvər BÖRÜSOY

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA