Ermənistanda xalqı “sülhə hazırlamaq” cəhdi? - İCTİMAİ TELEVİZİYA SƏRHƏD KƏNDİNDƏN REPORTAJ VERDİ

Ermənistanda xalqı “sülhə hazırlamaq” cəhdi? - İCTİMAİ TELEVİZİYA SƏRHƏD KƏNDİNDƏN REPORTAJ VERDİ

Ermənistanın İctmai televiziyası bu gün özünün xəbərlər proqramında Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Aykepar kəndindən reportaj verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, “Keçmişdəki dostluq və indiki düşmənçilik” adlı reportajda azərbaycanlılarla ermənilərin müharibəyə qədər olan dostluğundan danışılıb, bu dostluğun gələcəkdə bərpa edilməsinin mümkünlüyü müzakirə olunub.

Kəndin sakinləri xatırlayıblar ki, sovet dövründə qonşu Əlibəyli kəndinin sakinləri ilə necə dostluq edirdilər, bir-birlərinin evlərinə gedib-gəlirdilər. İndi isə bu, təbii ki mümkün deyil.

Reportajda gürcü-osetin münaqişəsinin tarixçəsi xatırladılıb və bildirilib ki, ermənilərlə azərbaycanlılardan fərqli olaraq bu iki xalqın nümayəndələri yenidən dostluq qurublar və hazırda dinc yanaşı yaşayırlar. Bu məqamda aparıcı “ərazi münaqişəsi” ifadəsini Qarabağ münaqişəsinə də aid edib.

İctimai televiziyanın bu reportajı keçmiş hakimiyyətə bağlı olan KİV-lərdən olan “aysor.am” saytında belə şübhə yaradıb ki, məqsəd Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə əldə etdikləri son anlaşmada deyildiyi kimi “xalqları sülhə hazırlamaq”dır. Və sayt iddia edir ki, reportajda Qarabağ münaqişəsindən “ərazi münaqişəsi” kimi bəhs olunmaqla Azərbaycanın rəsmi mövqeyi dəstəklənib. Çünki erməni tərəfi münaqişənin “öz müqəddəratını təyin etmə, insan haqları” məsələsi olduğunu deyirdi.

Xatırladaq ki, Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinə dair hər hansı müzakirə cəhdi dərhal keçmiş hakimiyyətin nümayəndələri tərəfindən “torpaqları qaytarmağa yönəlmiş gizli planın təzahürü” kimi qarşılanır. Eləcə də Nikol Paşinyanı ittiham edirlər ki, o əraziləri qaytarmaq hesabına hansısa sülhə razılıq verməyə hazırlaşır və ümumiyyətlə xarici işlər nazirlərinin görüşlərinə erməni cəmiyyətində ciddi şübhə ilə yanaşırlar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA