Ermənistanla Gürcüstanın hərbi əməkdaşlığı Azərbaycana yönəlib?

Ermənistanla Gürcüstanın hərbi əməkdaşlığı Azərbaycana yönəlib?

İlqar Vəlizadə: “Ermənistanla Gürcüstanın hərbi əməkdaşlığını diqqət mərkəzində saxlamalıyıq”

“Gürcüstan indi Ermənistanla münasibətlər qurmaqla, NATO-nun sifarişini yerinə yetirir”

Ermənistan və Gürcüstanın müdafiə nazirləri fevralın 21-də Yerevanda keçirdikləri görüş zamanı iki ölkə arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlığa dair proqramı imzalayıblar. Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə deyib ki, onun ölkəsi və Gürcüstan bir-biri üçün təhlükəsizlik, siyasət, iqtisadiyyat, mədəniyyət və bir sıra başqa sahələrdə mühüm ölkələrdir.

Nazir deyib ki, o və gürcüstanlı həmkarı Levan İzoriya iki ölkə arasında hərbi əməkdaşlığın tədricən genişləndirilməsinin əhəmiyyətinə inanırlar.

Öz növbəsində İzoriya ümid etdiyini bildirib ki, Ermənistan Gürcüstan ərazisində keçirilən NATO hərbi təlimlərində fəal iştirakını davam etdirəcək. İki ölkə arasında hərbi əməkdaşlığa dair proqram 2010-cu ildən başlayaraq hər il imzalanır.

Tonoyan deyib ki, builki proqrama hərbi təhsil, hərbi təbabət, serjant heyətinin hazırlanması, insan haqları və intizam, korrupsiya ilə mübarizə sahələrində əməkdaşlıq daxildir.

Bu Gürcüstan müdafiə nazirinin 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabdan” sonra bu ölkəyə ilk səfəridir. Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib ki, o Ermənistan hərbçilərinin NATO-nun “Noble Partner-2018” (Nəcib partnyor) və “Agile Spirit” (Çevik ruh) hərbi təlimlərində iştirakını yüksək qiymətləndirir.

Qeyd edək ki, hər iki təlim Gürcüstanda keçirilib. Ermənistan 2017-ci ildə keçirilən “Agile Spirit” manevrlərində iştirakdan son anda imtina etmişdi. Azərbaycanın hərbi kontingenti hər iki təlimdə iştirak edib.

“Gürcüstan çalışır bu regional formata Ermənistanı da qoşsun”

Картинки по запросу İlqar Vəlizadə

Ermənistan və Gürcüstan arasında imzalanan 2019-cu il üçün hərbi sahədə əməkdaşlığa dair proqramla bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, bunu ciddi əhəmiyyətli sənəd saymaq olmaz: “Çünki Ermənistan KTMT-yə inteqrasiya olunmuş bir ölkədir. Gürcüstan isə NATO-ya doğru inteqarsiya edir və bunların müdafiə sistemləri də fərqlidir, getdikcə bu fərqlər artır, NATO-nun standartları ilə KTMT-nin standartları üst-üstə gəlmir. Baxmayaraq ki, Ermənistan “İpad” adlanan NATO proqramında iştirak edir. Lakin bu iştirak daha çox NATO-nun müəyyən lokal təlimlərində iştirakı ilə kifayətlənir və böyük sistemli xarakter daşımır. İndi Gürcüstan regionda NATO-nu təmsil edir. Düzdür, NATO ölkəsi deyil, amma NATO ilə sıx tərəfdaşlığı olan bir ölkədir. Baxmayaraq Ermənistan KTMT-nin üzvüdür, ona görə də Gürcüstan çalışır ki, bu regional formata Ermənistanı da qoşsun. Bu da daha çox ikitərəfli yox, daha böyük geo-siyasi məsələdir. Baxmayaraq ki, bu əməkdaşlığın müəyyən çərçivələri var, bütün hallarda NATO tərəfindən dəstəklənir, ermənilər onu başa düşürlər. Bu, NATO ilə bir oyundur, bəli, biz başa düşürük ki, NATO-nun maraqları burada Gürcüstandan keçir və Gürcüstanla hərbi sahədə əməkdaşlığa hazırıq. Təxminən bu cür düşünürlər”.

“Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi formatda iştirak edir”

“Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə deyib ki, onun ölkəsi və Gürcüstan bir-biri üçün təhlükəsizlik, siyasət, iqtisadiyyat, mədəniyyət və bir sıra başqa sahələrdə mühüm ölkələrdir. Ermənsitanla Gürcüstan arasında imzalanan hərbi əməkdaşlıq proqramında təhlükəsizlikdən söhbət gedirsə, bu onların Azərbaycana qarşı birliyi anlamına gəlirmi” sualına İ. Vəlizadə belə cavab verdi: “Bu, mümkün olan bir şey deyil. Çünki Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi formatda iştirak edir. Bu formatın məqsədləri də, miqyası da Gürcüstan-Ermənsitan formatından fərqlənir. Əlbəttə, Ermənistan-Gürcüstan formatından irəli gələn Azərbaycana təhlükələr yaransa, bu ciddi olaraq Azərbaycan-Türkiyə-Gürcüstan formatına zərər vuracaq. Bu da birinci növbədə Gürcüstanın xeyrinə deyil. Ona görə, Gürcüstan tərəfi ehtiyatla davranır, amma belə pafoslu sözlər və yaxud deklarativ bəyanatlar əslində, heç cür real rol oynamayan bir şeydir. Yəni adətən belə sənədlər qəbul olanda tərəflər bu sözləri işlədirlər”.

“Ermənsitan bu əməkdaşlıq çərçivəsində Gürcüstana hansısa sirlər ötürsə, dərhal Rusiya reaksiya verəcək”

“Ancaq bu xəbərlə bağlı Rusiya mediasında “Azərbaycan bundan narahatdır, Ermənistan-Gürcüstan birləşib” kimi fikirlər səslənir” dedikdə politoloq qeyd etdi ki, bu cür məsələlərlə bağlı o, Rusiya mediasını oxumur: “Mən Rusiya mediasını oxuyuram, ancaq belə qənaətə gələn təhlillərə mən heç fikir vermirəm. Çünki bu məsələdən kənar olan insanların uydurmalarıdır. Çünki bu adamların Azərbaycan-Türkiyə-Gürcüstan formatı barədə heç anlayışları yoxdur, birmənalı Ermənistan-Gürcüstan münasibətlərini qiymətləndirirlər, onunla bağlı şərh edirlər. Amma onların fikriləri regionda olan mövcud spektrləridən irəli gəlmir. Ona görə də bundan nəticə çıxardanda digər məsələlərə fikir vermirlər, digər məsələləri təhlil etmirlər. Bu da da daha çox sifarişli məqalələrə oxşayır. Biz bilirik ki, bu KİV-lər və yaxud bu yazarlar daha çox ermənilələrlə bağlı olan adamlardır. Yəqin ki, bunlar sosial sifarişi yerinə yetirmək üçün bu cür təhlilər aparırlar. Amma, əslində, Rusiya hərbi siyasi dairələri çox ciddi olaraq bu formata nəzarət edirlər və bu format əgər cızıqdan çıxsa, Ermənistana ciddi olaraq xəbərdarlıq olacaq. Məsələn, Rusiya Ermənistanla bir yerdə raket əleyhinə system qurublar, digər birgə sistemlər yaradılır. Əlbəttə, əgər Ermənsitan bu əməkdaşlıq çərçivəsində Gürcüstana hansısa sirlər ötürsə, yaxud hansısa çərçivələri aşsa, dərhal Rusiya reaksiya verəcək. Rusiyanın orada 102-ci bazası ona görə orada dayanmır ki, Ermənsitanı boş buraxsınlar. Ona görə də bu yazılar reallıdan çox uzaq yazılardır”.

“Ermənistanla Gürcüstanın hərbi əməkdaşlığına Azərbayacan da, Türkiyə tərəfi də nəzarət edir”

“Gürcüstanın müdafiə naziri Levan İzoriya görüşdə qeyd edib ki, iki ölkə arasında hərbi əməkdaşlığın tədricən genişləndirilməsinin əhəmiyyətinə inanırlar. Yəni bunlar hərbi proqramlar adı altında pərdəarxası oyunlar oynayıb, Azərbaycana qarşı birgə hərbi əməkdaşlıq edə bilərlərmi” sualına cavab olaraq politoloq bildirdi ki, Ermənistanla Gürcüstanın hərbi əməkdaşlığına Azərbaycan da, Türkiyə tərəfi də nəzarət edir: “Əlbəttə, bizə qarşı real təhlükələr olsa, biz dərhal reaksiya verəcəyik. Nəzərə almaq lazımdır ki, üçtərəfli sənədlər və burada əks olunan şərtləri var. Bu şərtlərə görə Gürcüstan müəyyən çərçivələri aşmamalıdır. Əgər belə bir şey olsa, biz hiss eləsək ki, bizə qarşı təhlükələr, hansısa risklər var, əlbəttə, dərhal biz sözümüzü deyəcəyik. Yəni bunu nəzərə almaq lazımdır ki, Gürcüstanın bütün əsas tranzit layihələrinin təşəbbüskarı Azərbaycandır və onların müdafiə sistemi, o cümlədən də bu layihələrin qorunmasına hesablanıb. Əlbəttə, burada da Azərbaycanın payı kifayət qədər çoxdur. Əgər burada ilk Azərbaycana təhlükə olsa, bununla bağlı daha çox təhlükə ola bilər ki, bu layihələrə təsir göstərəcək. Bu da Gürcüstanın maraqlarına uyğun deyil. Ona görə, burada mürəkkəb vəziyyətdir. Gürcüstan indi Ermənistanla münasibətləri qurmaqla, yenə deyirəm, NATO-nun sifarişini yerinə yetirir. Bu, daha çox onu göstərir ki, NATO burada hərbi siyasi nüfuz qazanmaq niyyətindədir. Gürcüstan da müəyyən alətlərdən istifadə edərək hərbi siyasi nüfuzunu artımaqla məşğuldur. Ona görə, həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlığı qoruyur. Gürcülərin öz fikirləri, məqsədləri var. Amma mən düşünmürəm ki, bu məqsədlər Azərbaycanın təhlükəsizliyinə hansısa ciddi təsir göstərə bilər. Ancaq bütün hallarda biz diqqətli olmalıyıq, Ermənsitanla Gürcüstanın hərbi əməkdşalığını diqqət mərkəzində saxlamalıyıq və nəzarət etməliyik, buradan hər hansı təhlükə irəli gəlsə, dərhal reaksiya verilməlidir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA