ERMƏNİSTAN AZƏRBAYCANI NECƏ SÜLHƏ MƏCBUR EDƏ BİLƏR?

ERMƏNİSTAN AZƏRBAYCANI NECƏ SÜLHƏ MƏCBUR EDƏ BİLƏR?

"Beynəlxalq aləm, böyük dövlətlər, Minsk Qrupu Ermənistanla əlbirdir"

Nəzakət Məmmədova: "Nikol Paşinyanın dünən dediyi fikirlərlə bu günkü fikirləri üst-üstə düşmür"

Məhəmməd Əsədullazadə: "Ermənistanın baş nazirinin tutduğu mövqe münaqişənin həll variantını mümkünsüz edir"

Elxan Şahinoğlu: "Paşinyanın və nazirlərinin tez-tez mövqelərinin dəyişməsi onların Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir"

Ermənistanın baş naziri Nikol Paşinyan "Yerkrapa" Qarabağ müharibəsi könüllüləri ittifaqının qurultayında çıxışı zamanı bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqların prinsipləri bulanıq olmamalıdır. Mətbuat yazır ki, Paşinyan Madrid prinsiplərinin nə anlama gələ biləcəyini və hansı nəticələrə səbəb olacağını anlamağın vacibliyini vurğulayıb: "Vyana görüşündə bu suala aydın cavab almadım. Yalnız bundan sonra bu prinsiplərin bizim üçün nə dərəcədə qəbul edilən olub-olmadığına cavab verəcəyik". O qeyd edib ki, bəzən iki ölkənin liderləri eyni otaqda bir neçə saat söhbət edə bilər, ancaq onların sonradan danışdıqları bir-birinin tamamilə əksi ola bilər: "Vyanadakı görüşdən bizi belə bir qeyri-ciddi vəziyyətə qoymamaq üçün mən əlimdən gələn hər şeyi etdim".

Bununla yanaşı, o, Ermənistanın müharibə təhdidlərinə sülhlə cavab verəcəyini bəyan edib: "Müharibə təhdidlərinə sülhlə, ehtiyac olacağı halda isə sülhə məcbur etməklə cavab verəcəyik. Sülhə çağırışa isə hazırlığımızla cavab veriləcək. Bunun üçün çalışmağa hazırıq. Münaqişənin həlli hər kəs üçün qəbuledilən olmalıdır: həm Ermənistan, həm Qarabağ, həm də Azərbaycan xalqı üçün. Mən Azərbaycan Prezidentinin də məsələyə bu cür yanaşacağını gözləyirəm". Ermənistanın baş naziri hesab edir ki, Qarabağın nümayəndəsi olmadan danışıqlarda məsələnin həllindən başqa hər şeydən danışmaq olar.

"Rəsmi İrəvan elə düşünür ki, vaxt udmaq hesabına zamanla münaqişə onların xeyrinə həll olunacaq"

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova qeyd etdi ki, Nikol Paşinyanın dünən dediyi fikirlərlə bu günkü fikirləri üst-üstə düşmür: "Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəlib Qarabağ münaqişəsinə münasibət bildirdiyi vaxtdan indiyə qədər onun bir-birini təkzib edən həm bəyanatlarının, həm də hərəkətlərinin şahidi olmuşuq. Yəqin ki, onun sabah səsləndirəcəyi fikirlər də bu gün dediklərini təkzib edəcək. Bu da onu göstərir ki, Ermənistan tərəfi qətiyyən münaqişənin həllində maraqlı deyil. Çünki mövcud vəziyyət Ermənistana sərf edir. Rəsmi İrəvan elə düşünür ki, vaxt udmaq hesabına zamanla münaqişə onların xeyrinə həll olunacaq. Bu ona oxşayır ki, oğru nəyisə oğurlayır və düşünür ki, müəyyən vaxtdan sonra bu, onun sahibinin yadından çıxacaq, ya da imtina edəcək. Erməni tərəfi də hesab edir ki, zaman keçəcək və onlar deyəcək ki, bax, üstündən neçə illər keçib, biz artıq de-fakto müstəqilik, dünya da bu faktı qəbul etməlidir. Yəni Ermənistan həm Azərbaycanı, həm də dünyanı fakt qarşısında qoymaq istəyir. Məhz bu səbəbdən də münaqişənin həllini imkan qədər uzatmağa çalışırlar".

"Ermənilər bu ümidlərlə qeyri-müəyyən gələcəyə doğru gedirlər, münaqişənin həllini uzadırlar"

Ermənistanın baş nazirinin "Müharibə təhdidlərinə sülhlə, ehtiyac olacağı halda isə sülhə məcbur etməklə cavab verəcəyik", deyə açıqlamasına gəlincə, politoloq bunu söz oyunu hesab edir: "Hamı bilir ki, bu tip bəyanatlar vaxt udmaq üçün istifadə olunan söz oyunundan başqa bir şey deyil. Qeyd etdiyim ki, Paşinyan bir gün belə, sabah isə tamam başqa açıqlama verir. Bütün bunlar çaşqınlıq yaratmaq, vaxt udmaq istəyidir. Düşünürəm ki, ABŞ prezidenti Donald Trampın İsrailin Suriya ərazisində yerləşən Qolan təpələri üzərində suverenliyinin tanınmasına dair sənədi imzalaması, eyni zamanda ondan əvvəl Kosova məsələsi də Ermənistana ümid işartısı verdi. Yəni İrəvan hesab edir ki, vaxt udmaq üçün gözləmə mövqeyi tutaq və hələlik bu torpaqları qaytarmayaq, bəlkə biz də nə vaxtsa İsrailin etdiyi təkrarlaya bilərik. Ermənilər ümid edirlər ki, bəlkə nə vaxtsa Azərbaycan məcbur olub torpaqları verməli oldu, yaxud da beynəlxalq aləm, böyük dövlətlər nə zamansa Qarabağı ermənilərin ərazisi kimi tanıya bilərlər. Onlar məhz bu ümidlərlə qeyri-müəyyən gələcəyə doğru gedirlər, münaqişənin həllini uzadırlar. Bu gün isə beynəlxalq hüquq işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Lakin onlar buna hazır deyillər və qətiyyən istəmirlər".

"Azərbaycan erməniləri himayə edən ədalətsiz dünyayla, beynəlxalq hüquqa əməl etməyən, ona saymazyana yanaşan, ikili standartlardan çıxış edən dövlətlər və beynəlxalq təşkilatlarla üzbəüzdür"

"Sizcə, Paşinyan kimə və ya nəyə arxayın olub Azərbaycanı sülhə məcbur edəcəyini bildirib" sualını cavablandıran Nəzakət Məmmədovanın sözlərinə görə, düşmən ölkənin baş naziri Ermənistanı müdafiə edən ölkələr və qurumların dəstəyinə güvənir: "Bizim tərəfimizdə isə demək olar ki, heç kim yoxdur. Düzdür, bizim tərəfdə Türkiyə var. Lakin bu gün o, da öz hayındadır, problemləri ilə məşğuldur. Odur ki, faktiki olaraq Azərbaycan erməniləri himayə edən ədalətsiz bir dünyayla, beynəlxalq hüquqa əməl etməyən, ona saymazyana yanaşan, ikili standartlardan çıxış edən dövlətlər və beynəlxalq təşkilatlarla üzbəüzdür. Qeyd edim ki, onların erməniləri müdafiə etməsində həm geosiyasi, həm din, həm də digər amillər var. Heç kimə sirri deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri - ABŞ, Rusiya və Fransa ermənipərəsdir. Ümumiyyətlə, Qafqazda xristian erməni dövlətinin olması bu, bir geosiyasi plandır. İlk dəfə 1878-ci ildə Berlin konqresində Osmanlı imperiyasındakı xristian-erməni təbəələrinin hüquqlarının pozulması məsələsi beynəlxalq aləmin gündəliyinə çıxıb. Faktiki olaraq, artıq 140 ildir erməni məsələsi beynəlxalq gündəmdədir. Bu gündəmi yaradanlar isə böyük dövlətlər - ABŞ, Avropa ölkələri və Rusiyadır. Hesab edirəm ki, Paşinyan da məhz bunlara arxayındır. Ümumilikdə Ermənistan 150 milyondan artıq olan müsəlman-türk dövlətləri - Azərbaycan, Türkiyə və İranla əhatə olunmuş xristian anklavıdır. Odur ki, Cənubi Qafqaz kimi strateji bir ərazidə balaca bir xristian ölkəsinin olması beynəlxalq aləm üçün çox vacib idi. Hamıya bəllidir ki, Ermənistanı bir dövlət kimi Çar Rusiyası yaradıb və inkişaf etdirib. Əslində, bu, həm ABŞ, həm Fransa həm də digər ermənipərəs dövlətlərin istəyinə uyğundur. ABŞ da bu planın, yəni ermənilərin güclənməsinin, dövlət kimi inkişaf etməsinin tərəfindədir. Onu da qeyd edim ki, Amerika prezidenti olmuş Vudro Vilsonun məşhur 14 maddəsində Ermənistana xüsusi bənd ayrılıb, erməni məsələsinə xüsusi diqqət yetirilib".

"Minsk Qrupu elə bir sülh təklif edir ki, Azərbaycan heç bir halda ona gedə bilməz"

ABŞ-ın bu gün də Vudro Vilsonun siyasətini davam etdirdiyini vurğulayan politoloqun fikrincə, Minsk Qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ məsələsini həll etməyəcəklər: "Çünki xristian həmrəyliyi var və ermənilərin Qafqazda dövlət kimi böyüməsi onların planlarına uyğundur. Necə olur, bu cür böyük, qüdrətli dövlətlər dünyanın istənilən nötqəsində daşı-daş üstündə qoymadıqları halda, balaca bir Ermənistanı işğal etdiyi torpaqları qaytarmağa məcbur edə bilmədilər? Məgər, onlar bilmirlər ki, Ermənistan işğalçıdır? Çox da gözəl bilirlər. Sadəcə, buna göz yumurlar, Azərbaycanı təkləyiblər. Fakt odur ki, bu dövlətlər istəyirlər ki, xristian Ermənistan Qafqazda böyüsün, müsəlman Türkiyə və Azərbaycanın əhatəsində güclənsin. Necə ki, İsrailin ərəb ölkələrinin əhatəsində kiçik, zəif dövlət kimi qalmasını istəmirlər, onun böyüməsi planı gedir, eynilə bu cür planı Ermənistana da şamil etmək istəyirlər. Bu məqsədlə də vaxt udmağa çalışırlar. Məsələn, Minsk Qrupu elə bir sülh təklif edir ki, Azərbaycan heç bir halda ona gedə bilməz. Rəsmi Bakı onsuz da onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bəyan edib. Əgər Minsk Qrupu və Ermənistan bununla razılaşmırsa, deməli onların ümumiyyətlə, sülh istəkləri yoxdur. Çünki bu, ermənilərə etdikləri bu qədər cinayətlərdən sonra edilə biləcək ən böyük təklifdir. Əgər onlar bununla razılaşmırlarsa, Ermənistana buna məcbur etmək istəmirlərsə, deməli burda ümumi bir plan var. Bu plan da odur ki, vaxt udub, bir yolunu tapıb Dağlıq Qarabağı ya müstəqil dövlət kimi, ya da Ermənistanın tərkibində tanınmasına nail olmaqdır. Beynəlxalq aləm, böyük dövlətlər, Minsk Qrupu bu cinayətdə Ermənistanla əlbirdir".

"Paşinyan sülhdən danışırsa, ilk növbəfə danışıqlar prosesinə zərbə vuran ritorikaları kənara qoyub, vətəndaşlarını işğal olunmuş ərazilərin boşaldılması mümkünlüyünə inandırmalıdır"

Картинки по запросу Məhəmməd Əsədullazadə

"Hürriyyət"in məlumatına görə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Nikol Paşinyanın daxildə "Qarabağ klanı"ndan və radikal kəsimdən ehtiyat edərək münaqişənin həllində tutduğu mövqe həll variantını mümkünsüz edir: "O, yerli mətbuata verdiyi açıqlamada Madrid prinsiplərini anlamadığını qeyd edir, həmçinin bundan sonrakı danışıqlarda bu plana aydınlıq gətirəcəyini, müharibə qarşılığına sülhlə cavab veriləcəyi, "Qarabağ xalqı" ifadəsini işlətməklə əslində konfliktin daha da dərinləşməsinə gətirir. Paşinyanın "Qarabağ xalqı" termini sadəcə siyasi manevrdir". Politoloqun sözlərinə görə, Nikol Paşinyan sülhdən danışırsa, ilk növbəfə danışıqlar prosesinə zərbə vuran ritorikaları kənara qoyub, vətəndaşlarını işğal olunmuş ərazilərin boşaldılması mümkünlüyünə inandırmalıdır: "Və dövlətin inkişafını məhz işğal faktoruna son qoyduqdan sonra mümkün olacağını cəmiyyətə aşılamalıdır. Həmçinin ölkəsini Rusiyanın forpostundan uzaqlaşdırmalıdır. Yoxsa, Ermənistanda "məxməri" inqilablar heç vaxt ölkə əhalisinə xoşbəxtlik gətirməyəcək. Qeyd edim ki, Paşinyan əvvəlki hakimiyyətdən fərqli bir mövqe ortaya qoyur. Onun hazırkı yanaşması davam edərsə, rəsmi Bakı təzyiq etməsə, danışıqların bundan sonra da nəticəsiz davam edəcəyi gözlənilir".

"Qarabağda müharibə başlayarsa, ilk etabda ordumuz Ağdərə, Füzuli, Ağdam və Cəbrayıla nəzarəti bərpa edəcək"

Ermənistan cəmiyyətinin Qarabağ məsələsində kəskin radikallaşdığını vurğulayan Məhəmməd Əsədullazadənin fikrincə, iqtidarlar güzəştdən çəkinirsə, biz də radikallığımızı ortaya qoyub Ermənistan cəmiyyətinə adekvat olaraq hərbi gücümüzü birdaha nümayiş etdirməliyik: "Əgər Qarabağda müharibə başlayarsa, ilk etabda ordumuz Ağdərə, Füzuli, Ağdam və Cəbrayıla nəzarəti bərpa edəcək. Bundan sonra Ermənistan cəmiyyəti və iqtidarı sülhə razı olacaq".

Bu arada, rəsmi Vaşinqtonun dəfələrlə İrəvana Qarabağ münaqişəsinin mərhələli həllini reallaşdırmaq üçün mesajlar verdiyini deyən politoloq qeyd edib ki, əgər Qərb prosesdə fəallaşarsa, Rusiya kənarda saxlanılarsa münaqişə həll edilə bilər: "ABŞ tərəfindən hətta "Bolton planı" da irəli sürülüb. Bu plana əsasən, sülh əvəzinə ərazilərin işğaldan azad olunması nəzərdə tutulur. Göründüyü kimi, proseslər Moskvadan kənar cərəyan edirdi. Vaşinqtonun müəyyən dərəcə dəstəyi ilə Paşinyanla prezident İlham Əliyev Moskvadan kənar bir neçə dəfə birbaşa görüşdülər və şifahi razılaşma əldə etdilər. Demək, Qərb prosesdə fəallaşarsa, Rusiya kənarda saxlanılarsa münaqişə həll edilə bilər. Bundan əlavə, Qərbin planına uyğun olaraq aparılan danışıqlarda ötən ilin dekabrında Milanda ATƏT-in konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilk dəfə olaraq birgə razılaşdırılmış bəyanata imza atdılar. Ardınca, bu ilin yanvar ayında Parisdə "Xalqların sülhə hazırlanması" razılığı əldə edildi. Amma bu proseslər fonunda İrəvanla Moskva arasında təmaslar inkişaf edirdi və İrəvandan Moskvaya üst səviyyədə səfərlər mütəmadi xarakter alırdı. Görünürdü ki, Kreml prosesdən narahatdır. Rusiya rəhbərliyi Qarabağ danışıqlarının Vaşinqtonun təlimatı ilə birbaşa aparılmasının qəti əleyhinə olduğunu İrəvana başa salaraq, yeni hərbi müqavilələr bağladı. Paşinyan bundan sonra separtçıların danışıqlarda yer almasını şərt kimi irəli sürdü və demək olar ki, Vaşinqtonun dəstək verdiyi danışıqları tormozladı".

"Putin Qarabağ konfliktindən istifadə edərək Ermənistanda mövqeyini qoruyacaq"

Məhəmməd Əsədullazadə bu qənaətdədir ki, martın 29 -da Vyanada keçirilən görüşdən sonra Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə telefon danışığı ABŞ-ın müəyyən qədər vasitəçilik missiyasına son qoydu: "Putin bununla Qarabağ konflikti ətrafında aparılan danışıqları yenidən öz orbitinə daşımış oldu. Növbəti danışıqlar Rusiyada olacaq. Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü razılaşdırılıb. Rusiya XİN rəhbəri Sergey Lavrovla bu istiqamətdə danışıqlar aparılıb. Qeyd edim ki, Kreml danışıqlarda "Kazan formulunu" irəli sürəcək və danışıqların növbəti mərhələsi Moskvanın iştirakı ilə keçiriləcək. Əgər nazirlər səviyyəsində danışıqlar davam etdirilərsə, yay ayları ərzində İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü Soçidə keçirilə bilər. Bu görüşdə Putinin yeni təkliflər irəli sürməsi istisna deyil. Çünki Putin Qarabağ konfliktindən istifadə edərək Ermənistanda mövqeyini qoruyacaq. Kreml yenidən danışıqlarda əsas vasitəçiliyini irəli sürürsə, rəsmi Bakı ilə Kreml arasında bu aspektdə ciddi danışıqlar aparılmalıdır. Artıq "Bolton" planı deyil, Rusiya "Lavrov planı" - Kazan formulu danışıqlar predmetinə gətirilir".

"Kreml əvvəlki siyasətini davam etdirərsə, o zaman Cənubi Qafqazda mövqeyi ciddi sürətdə zəifləyəcək"

Azərbaycanın Avropa İttifaqı ilə çərçivə sazişini imzalama ərəfəsində olduğunu bildirən politoloq hesab edir ki, bu, ölkəmizin Rusiya qarşısında manevr imkanlarını genişləndirir: "Rusiya rəhbərliyi nə qədər Qarabağ konfliktini ədalətli şəkildə vaxtında tez həll edərsə, regionda NATO və Qərbin genişlənmə siyasətinin qarşısını ala bilər. Əksinə, eyni analoji siyasətini davam etdirsə, Azərbaycan Qərblə əməkdaşlığı inkişaf etdirəcək. Məhz NATO baş katibinin Vaşinqtonda Azərbaycanı alyans üçün əsas tərəfdaş ölkə kimi xarakterizə etməsi, regionda dəyişikliklərin yeni mərhələsindən xəbər verir. Odur ki, indi top Rusiyadadır və diplomatik danışıqları Rusiya yenidən üzərinə götürür. Kreml əvvəlki siyasətini davam etdirərsə, o zaman Cənubi Qafqazda mövqeyi ciddi sürətdə zəifləyəcək".

"Paşinyan xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır"

Картинки по запросу Elxan Şahinoğlu

"Hürriyyət" xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərinin dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir: "Ermənistanın müdafiə naziri David Tonoyan iki ay içərisində iki dəfə "biz daha çox torpaq işğal edə bilərik" deyəndə bu açıqlamanın arxasında baş nazir Nikol Paşinyanın dayandığını yazmışdıq. Əgər bu gün Tonoyan 180 dərəcə fərqli "biz sülh istəyirik" deyirsə bu açıqlamanın da arxasında Paşinyanın istəyi dayanır. Çünki özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb. Bəs necə oldu ki, həm Paşinyanın, həm də Tonoyanın ritorikası qəfil dəyişdi? Axı Paşinyan özü deyirdi ki, Tonoyan "müharibə" əvəzinə "sülh" desə onu qovaram. Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərinin dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir. Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu. Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib: "Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb". Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Bu çalışmalarını davam etdirsinlər. Bizə ziyan deyil".

"Hücum diplomatiyası və snayperlərimizin dəqiq atəşləri davam etməlidir"

Politoloqun sözlərinə görə, baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz: "Hücum diplomatiyası və snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Buna baxmayaraq, biz də yeni ideyalarla çıxış edə bilərik. Məsələn, Paşinyanın "formatı dəyişək" təklifi qarşılığında biz də danışıqların "2 + 2 modelini" irəli sürə bilərik. Yəni rəsmilər ayrı, Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri ayrı görüşsünlər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA