Etibar Məmmədov siyasətə qayıdır? - AÇIQLAMA

Etibar Məmmədov siyasətə qayıdır? - AÇIQLAMA

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov son günlərdə susqunluğuna ara verməyə başlayıb. Uzun müddətdir siyasət dəhlizlərində görünməyən E.Məmmədov demokrat.az xəbər portalına müsahibəsində sükutu pozub.
İndiyə qədər ara-sıra Cənubi Azərbaycanla bağlı fikirləri ilə mətbuat səhifələrində görünən E.Məmmədov bu dəfə tamam fərqli məsələlərdən danışıb. Daha çox Xocalı faciəsindən danışan AMİP lideri həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun martda azadlığa buraxılacağı barədə yayılan xəbərlərə də toxunub. Əslən Qərbi Azərbaycandan olan E.Məmmədov sabiq nazirin azadlığa buraxılmasını çox istədiyini dilə gətirib.

Hər müsahibəsi gündəm yaradan E.Məmmədovun bu açıqlamaları da əvvəlkilər kimi olub. Onun dedikləri ilə bağlı ən müxtəlif iddialar meydana çıxıb. Belə bir iddia var ki, AMİP lideri aktiv siyasətə qayıtmağa qərar verib. Onun hətta Ə.İnsanov azadlığa çıxdıqdan sonra onunla birlikdə hərəkət edəcəyi, Qərbi Azərbaycan elektoratını ətraflarına toplamaq üçün çabalar göstərəcəyi bildirilir.

AMİP katibi Əli Orucov E.Məmmədovla bağlı gəzən söz-söhbətlərə “Yeni Müsavat”da bu cür aydınlıq gətirdi: “Etibar Məmmədovun müsahibəsi, fikrimcə, onun aktiv siyasətə qayıtması anlamı vermir. Zamanı yetişəndə təcrübəli bir siyasətçi kimi AMİP lideri təbii ki, öz qərarını verəcək. Lakin onun ölkədə gedən proseslərə münasibət bildirməsi normaldır və burada qeyri-adi bir şey görmürəm. Etibar Məmmədovun fikirləri, müsahibələri cəmiyyətdə həmişə maraqla və rəğbətlə qarşılanıb. Əli İnsanov haqqında jurnalistin sualına cavab olaraq Etibar Məmmədov mövqeyini bildirərkən belə deyib: ”Əli İnsanov tezliklə azadlığa buraxılsın. Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil. Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir". Həqiqətən də bu belədir. Məncə, cənab prezident humanist prinsiplərinin davamı olaraq sabiq səhiyyə nazirinin azadlığına qovuşmasına imza atması rəğbətlə qarşılanardı. Əli İnsanov martda azadlığa çıxacağı və Etibar Məmmədov-Əli İnsanov birliyi yaranacağı ilə bağlı ehtimallara gəlincə deyə bilərəm ki, cəmiyyətdə hər cür fikirlər, iddialar və ehtimallar ola bilər. Qoyun bu da həmin ehtimallardan biri olsun. Etibar bəy təkcə Güneylə deyil, məqbul bildikdə daxili məsələlərdən də danışıb. Güney bizim ən böyük və həyatı əhəmiyyətli problemimiz, dərdimizdir. Bir millət olaraq hamımızın arzusu və istəyi o taylı, bu taylı Azərbaycanımızın birliyinə, bütövlüyünə nail olmaqdır. İnşallah, buna da nail olunacaq. O ki qaldı Etibar bəyin siyasətdə boşluğunun görünməsi məsələsinə, həqiqətən də böyük siyasətdə Etibar Məmmədovun yeri görünür. Bu boşluğu Etibar bəyin doldurması isə xalqın istək və tələbi ilə özünün qərarına bağlıdır".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA