Ev bitkilərimizi istidən qorumağın YOLLARI

Ev bitkilərimizi istidən qorumağın YOLLARI

Əgər istidən əziyyət çəkdiyinizi düşünürsünüzsə, bir də sevimli ev bitkilərinizi yada salın. Bir nəzər salın, nə haldadırlar? Quruyublarmı? Suyu çoxmu verilib? Yoxsa yaxşıdırlar?

Kirayə evdə və ya kiçik eyvanlı mənzildə yaşayan çox sayda insan arasında ev bitkiləri almaq məşhurlaşır.

Urban Jungle Blog kimi Pinterest və ya Instagram hesablarında otaqları bəzəyən gözəl bitkilər görmək mümkündür.

Və bu ilin əvvəlində ABŞ-da aparılan milli sorğu göstərib ki, yaşı 35-dən az olan insanlar arasında ev bitkisi saxlamaq vərdişi görünməyən səviyyəyə çatıb.

Həqiqətən də bəziləri üçün bitkilər övlad kimidir.

Lakin Birləşmiş Krallıqda bu il yaşanan görünməmiş istilər bəzi bitki valideynlərini narahat edib.

Britaniyanın bildiyimiz və sevdiyimiz yağışlı yayı qayıdana qədər həm içəridə, həm də çöldə artan hərarətdən sevimli bitikilərimizi necə qoruya bilərik?

Londonda yerləşən bağ dizaynı şirkətində çalışan Abby Jametdən məsləhət aldıq:

"Yay, bitkilərin böyüdüyü və çiçək açdığı fəsildir.

Amma bu ilki ekstremal hava bitikləri, enerjilərini mübarizə üçün səfərbər etmək məcburiyyətində qoyub.

"Ev bitkiləri işıq və nəmişlik səviyyəsinə qarşı həssas olurlar. Artan və davam edən günəş şüası və eləcə də kondisioner və ya daha isti olan evlər onlar üçün təhlükəyə çevrilir."

İstidə bitkilərinizi qorumağın beş yolu:

  • Bitkilərinizi tanımağa çalışın. Adlarını müəyyənləşdirin və Google-da onlar haqqında oxuyun. Günəş şüasını xoşlayırlarmı, yoxsa kölgəyə üstünlük verirlər? Nəm, yaxud quru şəraiti sevirlər? Nizamlı şəkildə sulasanız belə, yanlış şərait onları soldura bilər. Misal üçün, kauçuk bitkisi, kentia, fikus və ayıdöşəyi kimi tropik bitkilər nəmişliyi xoşlayırlar. Kəklikotu və lavanda kimi Aralıq dənizi bitkiləri isə quru havaya üstünlük verirlər.
  • Onların evdəki yerini yoxlayın. Saatlarla günəş şüası altında qalırlarsa, onların yerini dəyişmək haqqında düşünün.
  • Çox isti havada bəzi bitkilərin artıq suya ehtiyacı ola bilər və çox güman ki, gündə iki dəfə sulamağa ehtiyac olar. Bitkilərinizi səmərəsiz və ya yanlış şəkildə sulayaraq su sərfiyyatına yol verməyin. Susəpənin başını yarpaqlara yox, bitkinin torpağına tuşlayın. Otaq temperaturunda olan sudan istifadə edin, çünki soyuq və ya isti su onlara pis təsir göstərə bilər. Ya səhər, ya da axşam sulayın. Günün istisində sulamağa dəyməz. Belə ki, su buxarlanıb gedəcək. Bitkilərin kökləri aşağı doğru inkişaf etməlidir. Gün işığında sulanan bitkinin kökü isə buxarlanan su istiqamətində, yəni üzüyuxarı yetişə bilər. Torpağı su ilə örtün və 10-15 dəqiqə gözləyin. Əgər su hopubsa, yenidən sulayın.
  • Əgər bitkiniz gözünüzə bir az qəmgin dəyirsə, onu azotla zəngin köhnə dəm çay yarpaqları ilə qidalandırın. Çay yarpaqlarını susəpənin içinə atmağınız kifayətdir.
  • Əgər eyvanınızda kiçik bağ kolu və ya böyük saxsı bitkisi varsa, hər gün az-az sulamaq əvəzinə, həftədə bir neçə dəfə yaxşı sulayın. Susuz qalan çöl bitkiləri üçün isə torpağın üst qatına bir neçə qurumuş yarpaq qoymaq yaxşı olar. Bu yolla buxarlanmanın qarşısını alan təbii izolyasiya qatı yaratmış olarsınız. Əgər onlar üzü cənuba doğru baxırlarsa, nəm saxlamaq üçün səhər və axşam sulayın.

Quruyan bitkilərə nə etmək olar?

  • Bitkinin qumunun üzəri su ilə dolana qədər sulamalısınız. Su çəkildikcə əlavə edin ki, köklər suyu rahat canına çəkə bilsin. Üstdə qalan su da yavaş-yavaş çəkiləcək.
  • Və ya bitkini su ilə dolu vedrənin içində 15 dəqiqə saxlaya bilərsiniz.

Nəyi etməmək lazımdır?

  • Son anlarında azca su verməyin. Əksinə, torpağı yaş edin və toxunmayın.

Bu başqa məsələ - xoşbəxt ev bitkiləriFotonun müəllifiGETTY IMAGES

Image captionBu başqa məsələ - xoşbəxt ev bitkiləri

  • Bitkilərin suda uzun müddət qalmasına yol verməyin - kökləri kiflənə bilər və milçəklər orada yumurtalayalar. Əlavə drenaja ehtiyac varsa, dibçəyin dibinə çınqıl düzə bilərsiniz.
  • Şirəli bitkilər və ya kaktus barədə narahat olmağa dəyməz. Onlar isti və quru havanı sevirlər. Sadəcə baxın ki, torpaq çox qurumasın. Artıq sulamaq da lazım deyil.

Həftə sonu evdə olmasam və ya tətilə getsəm necə?

Plastik şüşədən hazırlanan damcı bəsləyicisi köməyə çata bilər.

Bir plastik şüşədə xırda deşik açın, şüşəni su ilə doldurun və onu torpağa salın. Su içəri damcılayaraq onları bəsləyəcək.

Xəbərdarlıq əlamətləri:

  • Əgər yarpaqlar solur, tökülür və ya rəngini dəyişirsə, bu, bitkinin diqqətə ehtiyacı olduğuna işarədir
  • Əksər bitkilər artıq sevgidən ölürlər. Su ilə doldurub və ya suda saxlamayın. Suyu artıq olan bəzi bitkilərin yarpaqlarında narıncı ləkələr və ya pas rəngi əmələ gəlir

Abby-ə görə ən əsası: "Panikaya qapılmayın. Bu istilik yəqin ki, onları öldürməyəcək. Tez-tez və düzgün sulasanız, diqqət ayırsanız və sevsəniz onlar qaydasında inkişaf edəcəklər." \\BBC

Hurriyyet.org

Loading...

QALEREYA