“Evlərinizi pis tikmisiniz, gedin, yaxşı tikin” - Bayılda evi sürüşənlərə Meriyadan CAVAB

  • 2018-11-08 17:44:15
  • |
  • Sosial /

“Evlərinizi pis tikmisiniz, gedin, yaxşı tikin” - Bayılda evi sürüşənlərə Meriyadan CAVAB

Bu il mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsi, 9 ünvanında yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Həmin dövrdə Səbail rayon İcra Hakimiyyəti daha 22 fərdi evin təhlükəli ərazidə olduğu, ümumilikdə təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürüldüyünü, araşdırmaların davam etdiyini açıqlayıb.

Bəs hazırda ərazidə vəziyyət necədir? Evləri uçmuş və uçmaq təhlükəsi ilə üzləşmiş sakinlərə hər hansı bir formada dəstək olunubmu, kompensasiya verilirmi?

Hurriyyet.org-un xəbərinə görə, Səbail rayon İcra Hakimiyyətindən BakuPost-a bildirilib ki, Buxta 9 ünvanında baş verən proses təbii fəlakət sayılmır. Sadəcə binaların istismar vaxtı ötüb, o evlərin hər birinin 100 ilə yaxın yaşı var. Ərazi isə terrasvaridir, bir binanın üst hissəsi digər binanın alt hissəsinə düşür, o evlər dağ yamacının kəsilməsi yolu ilə tikilib: "Mütəxəssislər ərazidə işləyib, rəylərini veriblər. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir neçə dəfə Nazirlər Kabinetinə müraciət olunub. Nazirlər Kabinetinin qərarına uyğun olaraq orada gələcəkdə müvafiq tədbirlər görüləcək. Köçürülən 22 ailəyə kirayə pulu verilməyib. Çünki köçürülmə təbii fəlakət, sürüşmə ilə əlaqəli deyil, uçqunla əlaqədardır”.

Evləri uçan və uçmaq təhlükəsi ilə üzləşən sakinlərə Nazirlər Kabinetinin qərarı ilə kompensasiya verilib-verilməməsi ehtimalının olmasına gəlincə, Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, Nazirlər Kabineti hansı qərarı versə, ona uyğun da addım atılacaq.

BakuPost-un baş nazirin bu sahələrə məsul müavini Hacıbala Abutalıbovla əlaqə saxlamaq cəhdləri nəticə verməyib. Sakinlərlə söhbət zamanı isə ərazidə vəziyyətin günü-gündən pisləşməkdə olduğu üzə çıxıb. Buna səbəb isə hazırda intensivləşən yağışlardır.

Картинки по запросу bayılda ev uçdu

Məsələn, sakinlərdən Nizami Rəhimov sayta bildirib ki, bir ay əvvəl güclü yağışdan sonra ərazidə bir ev də uçub: "Həmin ev uçanda sadəcə gəlib baxıb getdilər. İndiyə qədər bu ərazidə 5 ev uçub. Mayın 15-dən indiyə qədər bizim taleyimizlə maraqlanan olmayıb. Nazirlər Kabinetinə qəbula getmişdik, Hacıbala Abutalıbovun köməkçisi olan Şahin adlı şəxs bizə dedi ki, evlərinizi yaxşı tikməmisiniz, gedin, təzədən yaxşı tikin. Nazirlər Kabinetində bizə evlərə görə hər hansı kompensasiya, yaxud kirayə pulu da verilməyəcəyi bildirildi. Biz Nazirlər Kabinetinə sakinlər kollektiv şəkildə getmişdik, bu sözləri hamımıza dedilər”.

N. Rəhimov ərazidən 22 ailənin köçürülməsi xəbərinin də həqiqəti əks etdirmədiyini qeyd edib: "Mənim evimin qarşısındakı ev də tam uçub, mən digər evdə qalıram. Digər 3 evin də yarısı uçub, onlar gündüzlər evə gəlir, axşamlar qohumlarıın evlərində qalırlar. Evi uçanlardan biri də anasının evində qalır. Ərazidə sürüşmə davam edir, yuxarı hissədəki evlərdə də yavaş-yavaş çatlar yaranır. Uçan evlərin yanındakı evlərdə də çatlar artır. Yuxarıdakı evlərin kanalizasiyası ümumiyyətlə, yerə axır, bilinmir ki, hara gedir. 22 ailənin köçürülməsi barədə deyilənlər tam yalandır”.

Sakinlərlə söhbət zamanı o da məlum oldu ki, bu gün Səbail rayonunun yeni İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov 329 və 339 saylı məktəblərdə rayon sakinlərini qəbul edəcək. Evləri uçan və uçmaq təhlükəsi ilə üzləşən bu sakinlər də İcra Hakimiyyəti başçısının qəbuluna gedəcəklər. Ümid edirlər ki, V. Zeynalov onları qəbul edəcək və dərdlərinə bir əlac tapılacaq.

Loading...

QALEREYA