Şeyx Cüneydin məzarı ZİYARƏT OLUNDU

Şeyx Cüneydin məzarı ZİYARƏT OLUNDU

Tarixçi alim Kərəm Məmmədli: “Biz keçmişimizə sahib çıxmasaq, bədxah qonşularımız bizim keçmişimizi özününküləşdirəcəklər”

BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarixçi alim Kərəm Məmmədlinin şəxsi təşəbbüsü ilə bir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, müəllim, şagird və tələbə 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Qusar rayonunda Şeyx Cüneydin məqbərəsini ziyarət edib. Təbii ki, ziyarət üçün bu günün seçilməsi təsadüfi olmayıb. Kərəm Məmmədli bildirib ki, bu aksiyanın məhz Ordu gününə həsr olunması Səfəvi tarixinin hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılması ilə bağlıdır: “Şah İsmayılın babası Şeyx Cüneyd sonradan əzəmətli Azərbaycan Səfəvi dövlətinin yaranmasına səbəb olan bu müqəddəs mücadilənin əsasını qoyub”.

Səfər zamanı 2016-cı ildə qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Çingiz Qurbanovun məzarı da ziyarət olunub.

Səfər Müasir İnkişaf Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Akiyanın keçirilməsinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi dəstək verib. Tədbirdə təkcə paytaxt sakinləri deyil, eyni zamanda ölkənin bir sıra rayon və şəhərlərindən də iştirakçılar qatılıb. Yürüşün informasiya dəstəyini “Şah İsmayıl Səfəvi” facebook səhifəsi, dialoq.info saytı və Yeni Kanal internet televiziyası həyata keçirib.

Qeyd edək ki, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədli Bakı Dövlət Universitetinin tarix fakültəsində Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir.

Həmçinin, "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir.

Namizədlik dissertasiyası da olduqca maraqlı mövzuya həsr edilib. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Hazırda isə "Borçalı orta əsrlərdə" adlı dissertasiya işi üzərində çalışır. Bu da millətimiz üçün çox önəmli, aktual mövzudur. Kərəm Məmmədli həm də Şah İsmayıl Xətai araşdırmaçısıdır, milli ruhlu tarixçidir.

Kərəm Məmmədli artıq bir neçə ildir ki, bu cür təşəbbüslə çıxış edir. Hər ilin mart ayında, ölkəmizdə Novruz bayramı kimi qeyd olunan günlərdən birində Kərəm müəllim bir qrup soydaşımızı ətrafına toplayaraq Nadir Şahın taxta çıxdığı Suqovuşanda Ulus Gününü qeyd edir.

Bu il Borçalıda yaşayan ağbirçək anasının vəfatı ilə əlaqədar Ulus Gününü Suqovuşanda qeyd edə bilməyən vətənpərvər alim ətrafına topladığı vətənpərvər soydaşlarımızla birgə ənənəyə sadiq qalaraq, bu dəfə artıq 26 iyunda - Ordu Günündə 1461-ci ildə Samur çayı sahilində şəhid olan, Şah İsmayılın babası Şeyx Cüneydin türbəsini ziyarət edib. O, özünün sosial şəbəkədəki səhifəsində belə bir status paylaşıb:

“1461-ci ildə Samur çayı sahilində şəhid olan, Şeyx Cüneyd baba, heç 50 il keçmədi ki, nəvən Şah İsmayıl indi məzarın üzərində dalğalanan Aylı, 8 guşəli Ulduzlu yaşıl bayraqla Bağdadı fəth edərək

GETDİKCƏ AZALIR ƏRƏBİN KUYİ-MƏKANI

GÜN GƏLƏR BAĞDAD İÇİNDƏ TÜRKMAN QOPAR

sözlərini təsdiq etdi.

Lakin bu gün nəinki Bağdad TÜRKMAN şəhəri deyil, hətta əzəli TÜRKMAN YURDları olan Kərkük, Hələb və s. bölgələrdə Türkmanlar qətl edilir...

Gələcək nəsil bizi bağışlayacaqmı? İnanmıram”!

Похожее изображение

Kərəm Məmmədli “Hürriyyətə verdiyi müsahibədə qeyd etdi ki, Qusardakı Şeyx Cüneydin türbəsini ziyarət edərkən yerli əhali onları mehribanlıqla qarşılayıb və tarixi abidəyə göstərdikləri diqqət və qayğıya görə onlara öz minnətdarlığını bildirib, həmçinin türbənin təmirə ehtiyacı olduğunu da bildirib.

Tarixçi alim tətil günlərində yenidən Qusara səfər edəcəklərini türbədə və onun ətrafında, eləcə də yaxınlıqdakı qəbirstanlıqda (orada əski məzarlarla yanaşı Qarabağ savaşında şəhid olan əsgərlərin məzarları da var) abadlıq işləri aparacaqlarını da söylədi.

Alim onu da qeyd etdi ki, gələcəkdə Azərbaycan ərazisində, eləcə də Arazın o tayında, Dərbənddə, Borçalıda olan tarixi abidələrimiz ziyarət edilməsi də planlaşdırılır.

“Əgər dünyaya yenidən gəlsəydim yenə də Müqəddəs saydığım iki peşəni: MİLLƏTimin ruhunu qoruyan MÜƏLLİMliyi və MİLLƏTimin fiziki varlığını qoruyan HƏRBiçiliyi seçərdim ”, -söyləyən pedaqoq alim hər birimizi Vətənimizin tarixinə biganə qalmamağa çağırdı. Çünki biz keşmişimizə sahib çıxmasaq, bədxah qonşularımız bizim keçmişimizi özününküləşdirəcəklər.

Milli ruhun dirçəlməsi yolunda müəyyən əməli addımlar atıldığını, Azərbaycan tarixinin tədrisində müəyyən irəliləyiş olduğunu, dərsliklərdə bu vaxta qədər təhrif edilən tarixi faktların öz yerini tutduğunu qeyd edən Kərəm Məmmədli bu sahədə daha çox iş görülməli olduğunu vurğuladı.

“Mən xalqımın fəhləsiyəm”,- deyən tarixçi alim ömrünün qalan hissəsini də şanlı tariximizin araşdırılmasına həsr edəcəyini vurğuladı.

Dəyərli alim və pedaqoq Kərəm Məmmədlinin bu xeyirxah və məsuliyyətli missiyasını dəstəkləyir və bu yolda ona uğurlar diləyirik. Yaşasın Azərbaycan! Yaşasın böyük və bölünməz Türk dünyası!

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org