Fatma Qədri və Azərbaycan Dövlət Rus Dram Teatrı

Fatma Qədri və Azərbaycan Dövlət Rus Dram Teatrı

(Aktrisanın anadan olmasının 110 illiyi münasibətilə)

“Həqiqi aktyorluq istedadı, yüksək mədəniyyəti Fatma Qədrinin müxtəlif millətləri və tarixi dövrləri təmsil edən rollarda çıxış etmək imkanı yaratmışdır”. Bu fikirlər AMEA-nın müxbir üzvi İnqilab Kərimova məxsusdur. Yaradıcılığına yüksək qiymət verdiyi Fatma Qədrinin 1933-cü ildə Bakı İşçi Teatrında fəaliyyətə başlayır (indiki Azərbaycan Dövlət Rus Dram Teatrı) “və həmin vaxtdan aktrisanın həyatında yeni yaradıcılıq dövrü başlayır. Bu teatr onun gələcək fəaliyyətinin düzgün istiqamət alması və formalaşması, realist üslubu mənimsəməsi işində həlledici rol oynamışdır. Burada o, rus səhəsinin ən yaxşı ustaları ilə birlikdə işləyib, təcrübə mübadiləsi keçirir. Onun aktyorluq fəaliyyətinə klassik rus teatrının gözəl ənənələri və təcrübəli səhnə ustalarının məsləhəti müsbət təsir göstərmişdir” (A. İsmayılova).

Bakı İşçi Teatrının teatrın direktoru Lukiçev və bədii rəhbər S. A. Mayorov Fatma xanımı çox mehribanlıqla qarşılayırlar və soruşurlar ki, bu teatrda ilk çıxışın üçün hansı obrazı seçirsən. O, repertuarda olan Lev Slavinin “İntervensiya” əsərində Janna Barbeni obrazını ifa etmək istədiyini bildirir. Teatrın direktoru və bədii rəhbərin baxışlarındakı istehza Fatma xanıma bərk toxundu, fikirləşdi ki, bu obraza layiq olduğumu onlara göstərməliyəm. Onların istehzalı baxışları təbii idi. Onlar Fatma xanımı səhnədə görməmişdilər.

Bir neçə gün keçdikdən sonra onu bəzi sınaqlardan keçirirlər. Bundan sonra ona bir aktrisa kimi hörmətlə yanaşdılar.

F. Qədri xatirələrində yazır ki; “Bir neçə gün keçmişdi ki, zəng vurub, teatra gəlməyimi xahiş etdilər. Mayorovun kabinetinə girəndə teatrın direktoru Lukiçevi və rejissor Ridalı orada gördüm. Bu dəfə məni səmimi qarşıladılar. Görünür, Ridal mənim barəmdə onlara danışmışdı. Axı, mən onunla işləmişdim. Düzdür, ondan heç vaxt razı qalmamışdım, ancaq sonradan ümumi dil tapmışdıq, nəhayət, o mənim işimdən çox razı idi...

Janna rolunun mətnini təqdim edib, məni Ridala tapşırdılar. Vaxt təyin olunmadı. Teatrın tamaşalarına baxmağa xahiş etdilər”.

Bakı İşçi Teatrında Fatma xanım üçün yeni və maraqlı həyat başlayır. O, “İntervensiya” tamaşasına baxır, Janna rolunu ifa edən Skalskayanın ifasından böyük zövq alır. Onda başa düşür ki, bu obrazı ifa etmək o qədər də rahat deyil. Çünki Skalskaya bu obrazı kifayət qədər böyük sənətkarlıqla ifa edirdi.

Aktrisa xatirələrində yazır: “Oynanılan hər hansı tamaşada yenidən çıxış etmək həmişə çətin olur. Ridalla söhbət zamanı ondan əvvəlcə, sərbəst hazırlaşmağa icazə verməyi, sonra isə oyunuma baxmağı xahiş etdim. Pyesi bir neçə dəfə oxudum. Rol üzərində işləməklə paralel olaraq axşamlar tamaşalara da baxırdım. Görünür, belə etmək lazım deyildi. Ancaq tamaşaya baxmağım vacib idi. Tamaşaya baxdıqca Janna rolunun səhnə mizanlarını və onun tərəf-müqabillərini qeyd etdim. Evdə məşq edərkən mənə elə gəldi ki, Skalskayanı yamsılayıram. Bu məni qorxutdu...

İşə yenidən başlamaq lazım gəldi. Belə ağır zamanlarda mən həmişə sevimli Stanislavskini xəyalən köməyə çağırmışam...

... Skalskayadan mexaniki mənimsədiyim ifa tərzi keçib getdi. Mənim Jannam daha təmkinli, dərindən düşünən və ciddi bir qız kimi meydana çıxdı...

Obrazın daxili aləmini ilə yaşadığım zaman asan və şövqlə oynayırdım. Mən özümə və Jannaya inanır, müvəffəqiyyət qazanacağıma şübhə etmirdim...”

Bu ilk çıxışdan sonra Fatma Qədri 1934-ci il yanvar ayının 13-də V. V. Şkvarkinin “Özgə uşağı” əsərinə Raya obrazı ilə çıxış etdi. Aktrisa bu rolu asan mənimsədiyi üçün və tərəf-müqabillərinin peşəkarlığı yüksək olduğu üçün ifasında gərginlik baş vermədi. “Özgə uşağı”nın baxış tamaşası müvəfəqiyyətlə başa çatdı. Fatma xanım ifa etdiyi Raya rolundan o qədər də razı qalmadı. Lakin, onun ifası haqqında müsbət fikirlər söyləndi.

1934-cü il mart ayının 31-də Baki İşçi Teatrı amerikan dramaturqu S. Treduelin “Maşinal” pyesi Yevtaxi Karpovun quruluşunda tamaçılara göstərildi.

Tamaşada qüvvətli yaradıcı heyət var idi. Bu tamaşada rejissor Ellen Cons obrazını Olqa Petrova ilə Fatma Qədriyə tapşırdı.

Əsərdəki rollar bölündükdən sonra S. Mayorov Moskvaya gedir. Bir neçə məşqdən sonra aktyorlar başa düşürlər ki, Y. Karpov bu maraqlı və dərin məzmunlu, orijinal əsəri səhnəyə qoya bilməyəcək. Aktyorlar rejissorun işindən razı qalmasalarda, onlara tapşırılan obrazlar üzərində ciddi işləyirdilər.

Fatma Qədri dublyoru Olqa Petrovnanın məşqinə diqqət kəsilirdi. Və görürdü ki, o, stol arxası məşqdə emosiyasız və rahat oxuyur. Bu da onun daxili qüvvə toplayaraq nəysə axtarmasna dəlalət edirdi. Məşqlərin birində Fatma xanın mətni ucadan oxudu ki, rola girə bilsin. Məşq bitdikdən sonra Olqa Dmitriyevna çox mülayim səslə Fatma xanıma dedi ki, belə tez ucadan oxumağa başlama.

F. Qədri bu haqda belə yazır; “Bunu (ucadan mətn oxumağı-İ.A.) özüm də hiss etmişdim. Əlbəttə, o, haqlı idi. Dost məsləhəti üçün ona təşəkkür etdim. Sanki həmin gündən aramızda yaxınlıq əmələ gəldi. Biz bir-birimizi başa düşürdük. O hiss edirdi ki, bu mürəkkəb xarakterli rol mənim üçün çətindir. Odur ki, çox taktiki surətdə mənim daha çox məşq etməyə ehtiyacım olduğunu rejissora başa saldı. Bəli, bu rol çətin və mürəkkəb idi. Xüsusən məhkəmə səhnəsində hiyləyə əl atmaq və daxili həyəcanı saxlamaq asan deyildi. Mənim coşqun temperamentim Petrovanın təsiri altında səngidi və bu obrazın ifasını daha da yaxşılaşdırıb, tamaşanın dramatik gərginliyini artırdı. Mən ilk dəfə idi ki, bu tamaşada zəngin bilik və təcrübəsini başqalarına aşılayan aktyorla rastlaşdım. Onda başa düşdüm ki, böyük istedad rəqabətdən və zənginliyi başqaları ilə bölüşdürməkdən çəkinmir”.

Bu tamaşanın stol arxası məşqi təxminən on gün davam etdi. Sonra səhnədə məşqlər davam etdi. Lakin aktyorlar bu məşqlərdən razı deyildilər.

S. Mayorov baxış tamaşasına bir həftə qalmış Moskvadan gəldi. Və vaxt təyin olundu ki, tamaşaya baxsın. Məşqi əsas aktyorlar edirdilər. Mayorov tamaşanı bəyənmir və sabahı günü məşqi təzədən başladı. Tamaşanın quruluşun tama dəyişdi. Aktyorlar həyəcan içərisində ona baxırdılar . Mayorov iki pərdənin tamamilə dəyişdi. Təxminən iki gün içərisində tamaşanı yeni şəklə saldı.

Bu istedadlı rejissor istedadının gücü sayəsində aktyorların ifasından tutmuş, səhnənin tərtibatına qədər hamısını dəyişdi. Bir neçə əsas məşqdən sonra baxış tamaşanın təyin olundu.

Böyük uğur qazanan bu tamaşada Ellen Cons obrazını birinci gün Olqa Petrova ifa etdi. Fatma Qədri “Maşinal” tamaşasındakı Ellen Cons rolunu ikinci gün ifa etdi və böyük müvəffəqiyyət qazandı. Aktyorların əksəriyyəti Fatma xanımı təbrik etdilər. Xüsusən Olqa Petrova gül buketi ilə F. Qədrini təbrik etdi bu ifanı yüksək qiymətləndirdi.

1934-cü il may ayının 3-də C. Cabbarlının “1905-ci ildə” pyesi S. Mayorovun quruluşunda səhnəyə qoyuldu. Bu tamaşada rejissor F. Qədiyə Sona obrazını tapşırmışdır.

F. Qədri Sonanın xarakterindəki, lirizmi, incə cizgilərlə tamaşaçılara çatdırırdı. O, obrazı zənginləşdirərək, emosional təsirini artırmağa nail olmuşdur. Fatma xanımın psixoloji səpgidə ifa etdiyi Sona səmimiyyəti və təbiiliyi ilə seçilirdi. Onun Sonası təsirli, bitkin və dramatik bir xarakter idi.

Aktrisa xatirələrində yazır: “... Mənə Sona, Naum Sokolova qubernator, İlinə isə Baxşı rolları verildi. Bu pyes üzərində də işimiz çox uğurlu keçdi. Tamaşada olmuş bir əhvalatı danışmaq istəyirəm: ikinci şəkildə Sona dağdan üzüaşağı qaçmalıdır.

Mən qaçarkən birdən büdrədim və səhnə dekorasiyasının altına düşdüm. Yıxılandan sonra heç bir ağrı hiss etmədim. Bildim ki, səhnədə böyük fasilə yaranıb və mənim replikamsız hərəkət dayandırılıb. Onda yıxılarkən açılmış yarıqdan başımı çıxarıb bu sözləri dedim: “Eyvaz, qaç, jandarmlar gəlir”. Bunları deyib konstruksiyanın altına sıxıldım. Sonra mənim sözüm yox idi.

Öz otağıma qalxa bilmədim, məni əl üstündə apardılar. Çağırılmış həkim bildirdi ki, sınıq yoxdur, bərk əzilmişəm, qıçımın bir tərəfinin dərisi də sıyrılmışdı. Dərman verib, yarama yaş dəsmal qoydular”.

S. Mayorov istəyirdi ki, tamaşa dayandırılsın, lakin Sona obrazının dublyoru olmadığı üçün Fatma Qədri buna razılıq vermədi. Aktrisa bir az özünə gəldikdən sonra mürəkkəb və maraqlı toy səhnəsini ifa etdi. Teatr bu hadisəni yüksək qiymətləndirdi və Fatma xanımı Moskvaya yaradıcılıq ezamiyyətinə göndərdi.

1935-ci il dekabr ayının 23-də S. Mayorovun quruluşunda C. Cabbarlının “Od gəlini” əsəri tamaşaya qoyuldu və Solmaz rolunu Fatma xanım ifa etdi. Lakin bu obrazı F. Qədri heç vaxt bəyənməyib, ancaq Mayorov kimi təcrübəli bir rejssorla işləmək onun üçün maraqlı idi.

“Od gəlini”nin stol arxası məşqlərində aktrisanın Solmaza olan marağı artmağa başladı. Rejissorun fantaziyası onu valeh eləmişdir. Bir-iki kiçik detalla obraz haqqında elə təsəvvür yaradır ki, aktyorlar obrazı tez bir zamanda səhnədə canlandırmaq istəyirdilər. Mayorov Solmazı daş-qaş içində olan, qolları qandallı, mələk simalı bir qız idi. O, dünyadan tədric olunmuş, atəşgaha qurban olunan od gəlini idi. Ancaq Solmaz bu örtük altında olan, lakin ürəyi məhəbbətlə döyünən sadə, pak bir qızdır.

Rejissorun bu təsvirindən sonra Fatma Qədri ifa edəcəyi Solmaz obrazına alışdı. Həvəslə işə girişdi, axtarışlar apardı. Nəticədə gözəl Solmaz obrazını yaratdı.

Aktrisa xatirələrində yazır: “... Mənim üçün ağ parçadan kostyum tikib, üstünü rəngbərəng daş-qaş və incilərlə bəzəmişdilər. Bu paltarı iki dərzi güclə qaldıra bilirdi. Bəs mən səhnədə belə kostyumu necə gəzdirəcəkdim? Necə hərəkət edəcəkdim? Həmişə səhnədə zahiri bər-bəzəyin və yöndəmsizliyin əleyhinə olmuşam. Əlbəttə, kostyum olduqca gözəl tikilmişdi, effektli idi. Ona bir az alışmaq lazım idi”.

Fatma xanım daş-qaşla bəzədilmiş kostyumu geyib teatrı xeyli gəzdi ki, əyninə yatsın.

Baş rolu Elxanı (Babək) oynayan aktyor Aqurov uğurlu ifa göstərə bilməsə də tamaşa yaxşı keçdi. Çoxlu tamaşaçı gəlmişdi. Onların Azərbaycan müəlliflərinin əsərlərinin rus teatrında səhnəyə qoyulmasına böyük maraqları var idi.

Fatma Qədrinin ifa etdiyi Solmaz cazibəli və dolğun obraz idi. Aktrisa Solmazın romantik xarakterini, lirik və emosional zənginliyini dərk edirdi. Onu ifası qızğın və təlatümlü təbiətə malik idi.

Fatma Qədrinin uğurlu yaradıcılığı mətbuatda dəfələrlə qeyd olunmuş, onun bənzərsiz ifası hər zaman tamaşaçıların qəlbini riqqətə gətirmişdir.

1935-ci ilin sonlarında Fatma Qədri indiki Akademik Milli Dram Teatrının aktyor truppasına dəvət olunur və ömrünün sonuna qədər bu teatrın səhnəsində bir-birindən yadda qalan obrazlar yaradır.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA