Feldmarşalın paytaxta qəfil hücumu - AERPORT UĞRUNDA DÖYÜŞLƏR GEDİR...

  • 2019-04-06 15:04:35
  • |
  • Dünya /

Feldmarşalın paytaxta qəfil hücumu - AERPORT UĞRUNDA DÖYÜŞLƏR GEDİR...

Liviyada Moskvanın da dəstəklədiyi feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusu”nun paytaxt Tripolini tutmaq üçün iki gün əvvəl başlatdığı qəfil hücum davam edir.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, son məlumatlara əsasən ötən gücə Haftarın qüvvələri Tripoli aerportunu tutub. Lakin daha sonra Tripolidə nəzarət edən, BMT tərəfindən tanınmış milli barışıq hökumətinə yaxın qaynaqlar Haftarın qüvvələrinin aerportdan sıxışdırılıb çıxarıldığını, onların itki verdiyini bildiriblər. Bununla belə Haftara yaxın mənbələr həmin məlumatı təkzib edir və aerportun nəzarətinin feldmarşalın əlində olduğunu iddia edir.

“Tripli beynəlxalq aerportu üzərində nəzarət təmin olunub, ətraflarda döyüşlər gedir”-Haftara yaxın mənbə Rusiya agentliklərinə bildirib.

Feldmarşalın ordusu Tripoliyə iki istiqamətdən-qərbdən və cənubdan hücuma keçib. Hazırda döyüşlər paytaxtın 10-12 kilometrliyində gedir. Milli barışıq hökuməti Haftarın ordusuna qarşı paytaxta Misuratadan əlavə qüvvələr çağırıb.

Liviyada yaranmış vəziyyətlə bağlı ötən gün aprelin 5-də BMT Təhlükəsizlik Şurası xüsusi iclas keçirib. Təhlükəsizlik Şurası feldmarşal Haftarı öz qüvvələrinin BMT tərəfindən dəstəklənən hökumətin yerləşdiyi paytaxt Tripoli üzərinə irəliləyişini dayandırmağa çağırıb. Şura xəbərdarlıq edib ki, Haftarın Liviya Milli Ordusunun fəaliyyəti ölkədəki stabilliyi riskə atır.

Hazırda Təhlükəsizlik Şurasının sədri olan Almaniya səfiri Kristof Heusgen bağlı qapılar arxasında keçirilən iclasdan sonra müxbirlərə deyib ki, şura Liviya Milli Ordusunu hərbi əməliyyat hərəkətlərini dayandırmağa çağırıb.Şura bildirib ki, bundan sonrakı zorakılıqlara görə məsuliyyət daşıyanlardan hesabat tələb ediləcək.

Bu da xəbər verilir ki, Tripolidəki BMT qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. BMT Baş katibi Antonio Quttereş ötən gün Liviyaya yollanıb və feldmarşal Haftarı milli barışıq hökumətinin rəhbəri Fayez əs-Saracla danışıqlara başlamağa çağırıb. Lakin Haftar danışıqlar təklifini rədd edib. Müşahidəçilər hesab edir ki, feldmarşalın məqsədi Liviyada hökm sürən ikihakimiyyətliliyə son qoymaq və bütün ölkə üzrə hakimiyyəti ələ almaqdır.

Feldmarşal Haftar Qəzzafi dövründə Liviya ordusunun generalı olub. Lakin hərbi çevriliş cəhdində ittiham olunduqdan sonra ABŞ-a qaçıb. 2011-ci ildə isə liviyaya geri dönərək Qəzzafiyə qarşı döyüşüb. Haftar özünün dünyəvi lider kimi tanıdır, amma müxtəlif sələfi qruplarının da dəstəyini ala bilib. Birləşmiş Ərəb Əmirlikləri və Misir ona dəstək verir. Habelə feldmarşal Haftarın Moskva ilə son illər sıx təmasları olub.

Bu il martın ortalarında "Reuters" agentliyinin mənbələri bildirmişdi ki, Rusiya Liviyada münaqişə tərəflərindən birini birbaşa dəstəkləməyə hazırlaşır. Adlarının çəkilməsini istəməyən diplomatlar Misirdə, Liviya sərhədi yaxınlığında xüsusi təyinatlı dəstələrin və dronların olduğunu deyirdilər. Amerika diplomatları Rusiya qoşunlarının Liviya milli ordusunun komandiri Xəlifə Haftara köməyə gəldiyini güman edirlər.

Haftar Qəzzafinin ən yaxın silahdaşlarından biri, hərbi əsir, ABŞ vətəndaşı, bir ehtimala görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, ingiliscə qısa adı – CIA) casusu, üsyançı, indi isə Rusiyanın Şimali Afrikada nüfuzunun genişlənməsinə xidmət edə biləcək agentdir.

Onun 73 yaşı var. Karyerası 1969-cu ildə başlayıb. O zaman "Liviyanın azad zabitləri" adlı hərbçi qruplaşması ölkəni idarə edən kral Idrisə sui- qəsd təşkil etmişdi. Xəlifə Haftar çevrilişin iştirakçılarından biri idi. Qrupun rəhbəri isə Muammar Qəzzafi idi. Qəsdçilər kralı uğurla hakimiyyətdən devirərək ölkədə hərbir rejim qurdular. Bu rejim yalnız 42 ildən sonra və yenə də Haftarın iştirakı ilə süqut etdi.

Hərbi çevrilişin digər iştirakçıları kimi Haftar da tezliklə yüksək vəzifə aldı. O, Liviya ordusunun baş qərargah rəisi oldu. Haftar 1980-ci illərdə Çadda hərbi əməliyyatların komandirlərindən biri idi. Ancaq onun siyasi və hərbi karyerasını məhz Çad-Liviya münaqişəsi məhv etdi.

Liviya ilə müharibədə Çadı keçmiş metropoliyası Fransa dəstəklədi. Qəzzafinin ordusu məğlub oldu. Haftar ona tabe olan, azı, 500 hərbçi ilə birlikdə əsir düşdü. Cəmahiriyyənin lideri onlardan imtina etdi. O, elə əvvəldən də Liviya silahlı qüvvələrinin bu müharibədə iştirakını rədd edirdi.

Ancaq Haftarın bəxti gətirdi, əsirlikdən qaça bildi. Əvvəlcə Zairə, oradan Keniyaya, daha sonra isə ABŞ-a keçdi. ABŞ-da 20 il yaşadı və hətta vətəndaş oldu.Haftarın evinin MKİ-nin baş qərargahına yaxın yerləşməsi onun ABŞ kəşfiyyarı ilə əlaqələri barədə şaiyələrə yol açdı.

"Le Monde diplomatique" nəşrinin yaydığı məlumata görə, Qəzzafi rejimi ilə əlaqələrinin kəsilməsindən sonra Haftar MKİ-nin vəsaiti hesabına özünün silahlı qüvvələrini yarada bilərdi.

General Liviyaya yalnız 2011-ci ildə, vətəndaş müharibəsinin qızğın çağında qayıtdı. Vaxtilə Liviya diktatorunun yaxın silahdaşı olmuş Haftar silahlı müqavimətə başçılıq etdi. Muammar Qəzzafi devrildi. O zaman bir çoxları düşünürdülər ki, ABŞ Liviyanı birləşdirməyə və ölkədə vətəndaş müharibəsinə son qoymağa qadir adam kimi Haftara stavka qoyur. Hadisələrin üstündən 6 il keçmiş generalın özü də özü haqqında məhz belə danışır – "ölkəni birləşdirməyə qadir" lider kimi.

Hazırda Liviya bir-biriylə vuruşan, hərəsi ölkənin bir ərazisinə nəzarət edən qruplaşmaların kələfidir. İki əsas qüvvə özünü mərkəzi hökumət elan edib. Ölkədə iki ordu, iki mərkəzi bank var. Milli neft şirkətlərinin sayı da ikidir.

Ölkənin şərqindəki Tobruk şəhərində vəziyyətə Nümayəndələr palatası nəzarət edir. Liviya milli ordusu Tobruka tabedir. Onun komandanı isə Xəlifə Haftardır. İndi o, artıq general yox, feldmarşaldır. Bu yüksək rütbəni 2016-cı ilin sentyabrında Liviya "neft ayparasının" əsas limanlarının uğurla ələ keçirilməsindən sonra alıb. Ölkənin qərbində, Tripolidə isə Milli birlik hökuməti fəaliyyət göstərir. Bu hökuməti BMT diplomatları iki düşmən qruplaşmanı birləşdirmək üçün yaradıblar.

Qəzzafi rejiminin süqutundan sonrakı illər ərzində öz aralarında razılığa gələ bilməyən Şərq və Qərb hökumətləri neft infrastrukturu obyektləri uğrunda mübarizə aparırlar. Neft hasilatı azalaraq sutkada 400 min barrelə çatıb. Bu, Qəzzafi dövründəki göstəricidən 4 dəfə azdır.

Davamlı qarşıdurmalar və vahid mərkəzi hakimiyyətin olmaması “İslam Dövləti” silahlı qruplaşmasının sahil şəhəri olan Sirt və ətrafını tutmasına imkan verib. İki ordu və inzibati sistem arasında düşmənçilik vətəndaşların belə Liviyanı iki ölkə kimi qəbul etməsinə yol açıb.

2015-ci ildə BMT və dünya ictimaiyyəti Liviyanın birləşdirilməsi layihəsini işləyib hazırlayıb. Plana görə, mərkəzi Tripolidə yerləşən milli birlik hökuməti yaradılmalı idi. Bu planın reallaşdırılması üçün Tobrukdakı Nümayəndələr palatasının baş nazir və kabinet üzvlərini təsdiqləməsi lazım idi. Ancaq Tobruk və Xəlifə Haftar bundan imtina etdilər.

Bir il keçmiş, 2016-cı ilin sentyabrında Haftarın ordusu Liviya "neft ayparasının" əsas limanlarını ələ keçirdi və Şərqdəki Liviya Milli neft korporasiyası hasilatın bərpa olunduğunu elan etdi.

Ancaq 2017-ci ilin martında Haftarın qoşunları Ras-Lanuf şəhəri yaxınlığındakı döyüşlərdə Benqazi Müdafiə dəstələrinə məğlub oldular. Ras-Lanuf ölkənin iki əsas neft ixracı limanından biridir. Haftarın özü Benqazi müdafiə dəstələrinin Tripoli hökumətinə tabe olduğunu deyir.

Bundan iki həftə sonra "Reuters" ABŞ və Misir diplomatik mənbələrinə istinadən Rusiyanın xüsusi təyinatlı dəstəsinin Haftarı dəstəkləməyə Liviya sərhədinin cəmi 100 kilometrliyində toplaşdığını yazdı. Feldmarşalın qərargahı və Moskva təkcə hərbi yardım faktını yox, həm də Tobruk hökumətinin bu yardım üçün müraciət etməsini yalanladı.

Ancaq tərəflərdən heç biri Moskva ilə Haftar arasında yaxşı münasibətlərin olduğunu danmır. 2016-cı ildə feldmarşal iki dəfə Rusiyaya gedib, dövlət agentlikləri də bu səfərləri işıqlandırıb. İyunda o, müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədri Nikolai Patrushevlə görüşüb. Liviyaya silah satışının mümkünlüyü müzakirə edilib. Noyabrda isə Haftar Moskvaya gələrək xarici işlər naziri Sergei Lavrovla danışıq aparıb.

2017-ci ilin əvvəlində feldmarşal "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisini ziyarət edib. Fevralda isə Haftarın "terrorçularla döyüşlərdə" yaralanmış 70 hərbçisi müalicədən ötrü Moskvaya gəlib. Liviya ordusunun nümayəndəsi “RİA Novosti”yə bildirib ki, saziş ümumilikdə marşal Haftarın komandanlığı altında olan Liviya ordusunun hərbi əməliyyatlar zamanı yaralanmış 500 hərbçisinin Rusiyaya göndərilməsini nəzərdə tutur.

Lakin elə həmin ay "Rosneft" Liviyanın Milli neft korporasiyası ilə müqavilə bağlayıb. Söhbət məhz Haftarın adamlarının nəzarətində olan, Liviyanın "neft ayparasındakı" əsas limanlardan istifadə edən şirkətdən gedir.

2018-ci ildə Haftar növbəti dəfə Moskvaya səfər edib. Bu dəfə onu Müdafiə Nazirliyində qarşılayanlar arasında “Kremlin aşbazı” kimi tanınan oliqarx, “Vaqnerin ordusu” adlı özəl hərbi şirkətin sahini Yevgeni Priqojin də var idi. Bu ilin əvvəllərində isə artıq xarici KİV-lər “Vaqnerin ordusu”nun muzdlularının Liviyada göründüyünü xəbər verirdi...

Əgər Haftar Tripolini tutsa bu, Rusiyanın Liviyadakı mövqelərinin güclənməsinə gətirib çıxaracaq, eləcə də bu ilə planlaşdırılan seçkiləri də şübhə altına alacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA