“FETÖ-ya bağlı olan Abdullayevlərin özləri içəridə oturmalıdırlar” – keçmiş gəlindən şok ittihamlar

“FETÖ-ya bağlı olan Abdullayevlərin özləri içəridə oturmalıdırlar” – keçmiş gəlindən şok ittihamlar

Ötən gün Nərimanov rayon Məhkəməsində qalmaqallı bir prosesə start verildi. Söhbət Prezident İlham Əliyevin 16.03.2019-cu ildə imzadığı əfv fərmanı ilə cəzasının çəkilməyən hissəsindən azad olunan Təyminə Abdullayeva Şamil qızının yenidən eyni epizoda görə mühakimə olunmasından gedir.

Ovqat.com-un məlumatına görə, vəkillərdən birinin prosesdə iştirak etməməsi səbəbindən məhkəmə iclası sentyabrın 20-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Təyminə Abdullayeva 26 iyul 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə saxta sənəd düzəltməkdə, həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Cinayət Kollegiyası bu məhkəmə prosesini araşdırmış və müttəhimin əməllərində CM-nin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulan hallar olmadığına görə ona bəzi ittihamlardan bəraət verərək cəzasını 3 ilə endirmişdi. Bu ilin mart ayında isə o, Prezidentin imzaladığı əfv fərmanına düşərək azadlığa buraxılmışdı.

Maraqlıdır ki, ittiham olunan əməllərinin bəzilərindən bəraət alan, digərlərinə görə isə əfv olunan Təyminə xanım yenidən hakim qarşısındadır. Bu dəfə onu məhkəməyə yalan ifadə verdiyinə görə sorğulayırlar. Nərimanov rayon Prokurorluğunun Səkinə İsmayılova adlı vətəndaşın şikayəti əsasında qaldırdığı cinayət işinin rayon məhkəməsi tərəfindən rədd edilməməsi istər-istəməz bəzi suallara yol açır: Niyə Nərimanov məhkəməsi özündən üstün instansiyanın çıxardığı qərara və Prezidentin Əfv Sərəncamına məhəl qoymaq istəmir? Əfv olunmuş bir şəxsin yenidən hakim qarşısına çıxaran əsl səbəb nədir və kifayət qədər imkanı olan bir biznesmenin keçmiş həyat yoldaşına duyduğu nifrətin kökündə nə dayanır?

Bu suallara cavab axtarmaq üçün Təyminə Abdullayevi danışdırmaq qərarına gəldik. Əməkdaşımızın suallarını cavablandıran müsahibimiz bütün bu qalmaqalların arxasında mal-mülk hərisliyinin dayandığını bildirir. Əsas günahı isə keçmiş həyat yoldaşında deyil, qaynı Nazim Abdullayevə görür:

“Bu işin arxasında Nazim Abdullayev dayanır. Məqsəd isə məni Barat Abdullayevlə birgə nigah dövründə əldə etdiyimiz mülklərdən mərhum etməkdir. Baratdan boşanmaq istədiyimi hiss edəndə Nazim Abdullayev bütün bu planları qurdu və mənə qarşı hücumlar başladı”.

Təyminə xanımın dediyinə görə, Nazim və Barat Abdullayevlər dəfələrlə ondan mülklər üzərindəki hüquqlarından rəsmən imtina etməsini tələb ediblər. Bu tələbləri alınmayanda isə onu tamamilə sıradan çıxarmağı düşünürlər:

“Nazim və Barat bu gün də məni müxtəlif vasitələrlə təhdid edirlər. Əvvəllər tez-tez telefonuma zəng edərək hədə-qorxu gəlirdilər. Daha sonra telefon nömrəmi dəyişdirdim və həbsdən çıxandan sonra mənimlə birbaşa rabitələri kəsildi. İndi də qohumlarım vasitəsilə məni ölümlə qorxudur, mülkiyyət iddialarından geri çəkilməyimi tələb edirlər. Hətta son məhkəmə prosesi zamanı Nazim Abdullayev proses iştirakçılarının gözü qarşısında ünvanıma ən ağır söyüşlər, təhdidlər yağdırdı”.

Bəs hakim niyə bu özbaşınalığa “dur” deməyib? Əməkdaşımızın sualını cavablandıran Təyminə xanım həmin vaxt hakimin zalda olmadığını, amma prokurorun bunu şəxsən gördüyünü vurğuladı.

Məlumat üçün bildirək ki, Təyminə xanımın şikayətləndiyi Nazim Abdullayev sıravi şəxs deyil. O, ölkəmizin bir neçə parlament partiyalarından olan Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının üzvüdür. Asim Mollazadə kimi ciddi xarici və daxili əlaqələri olan deputatın sahibkarlıq məsələləri üzrə müavini olan Nazim Abdullayev “NNN” Şirkətlər Qrupunun prezidentidir. 1953-cü ildə anadan olan Nazim Abdullayevin hazırda 66 yaşı var. İki övladı, bir neçə nəvəsi olan bu adamın bir qadının taleyi ilə oynaması həqiqətən də maraq doğurur. Çünki ahıl yaşda birisinin daha çox qan yatırması, dağılan ailələri bərpa etməsi bizim milli mentalitetimizə daha uyğundur. Üstəlik, Təyminə xanım Nazim Abdullayevin təkcə boşanmış “gəlin bacısı” da deyil. Həm də doğmaca bibisi qızıdır. Bütün bunlara baxmayaraq, ağsaqqal yaşda birisinin əlindəki imkanlardan faydalanaraq, bir qadınla uğraşması qətiyyən başa düşülən deyil. Ən çox başadüşülməyən isə Abdullayev qardaşlarının hətta Prezidentin iradəsini kölgədə qoyan bu gücü hardan almasıdır.

Təyminə xanımın bu barədə iddiaları çox ciddi dövləti cinayət şübhələrini ağla gətirir. Müsahibimizin bildirdiyinə görə, Nazim Abdullayev əsl gücünü FETÖ-dan alır: “Hətta bəzi saytlar onun oğlunun hazırda FETÖ-nun Azərbaycandakı gizli imamı təyin olunduğunu iddia edirlər. İddiaya görə, FETÖ-nun Azərbaycandakı keçmiş imamı Elnur Aslanov deşifrə olunduqdan sonra onun yerinə Nazim Adbullayevin oğlu gətirilib”.

Açığı, Təyminə xanımın bu fikirlərinə əvvəl inanmasaq da, Google üzərindən apardığımız axtarış zamanı həqiqətən də bu iddiaların gündəmə gətirildiyinin şahidi olduq: “İddialara görə, Elnur Abdullayev (Nazim Abdullayevin oğlu -Ovqat.com) bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir. Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet Tv-lər yaradaraq nümayiş etdirməkdədir”.

Mənbə: http://xalqxeber.az/cemiyyet/21818-feto-azerbaycanda-elnur-abdullayevle-drlr.html

Abdullayelər barəsində irəli sürülən iddiaların nə dərəcədə haqlı olduğunu müəyyənləşdirmək hüquq-mühafizə və xüsusi xidmət orqanlarının işidir. Bizim kiçik araşdırmalarımız isə irəli sürülən iddiaların yabana atılmayacaq qədər əsaslı olduğunu göstərir. Belə ki, FETÖ qalmaqalında adı hallanan Elnur Aslanov vəzifəsindən tamamilə uzaqlaşdırılandan sonra Nazim Abdullayevin oğlu da eyni tale ilə üzləşib. Kim bilir, bəlkə də FETÖ əlaqələri ortaya çıxdığından himayədarları onu daha artıq müdafiə edə bilməyiblər. 2016-cı ilin 18 noyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan kadr islahatları nəticəsində Elnur Aslanovun, 7 aydan sonra - 2017-ci ilin 8 may tarixində isə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayevin vəzifəsindən kənarlaşdırılması da bu ehtimalı qüvvətləndirir.

Maraqlıdır ki, Elnur Aslanovdan fərqli olaraq Elnur Abdullayev işsiz qalmır. O, daha sonra “vurulmuş” nazir Ziya Məmmədov tərəfindən maliyyələşdirildiyi iddia olunan TR24 telekanalının rəhbəri təyin edilir. TR24 telekanalının aid olduğu “Global Media” holdinqin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi vurğulanır. Bəzi iddialara görə isə, “Global Media”-nın arxasında dayanan əsas güc Ziya Məmmədov yox, FETÖ və SOCAR-dır:

“AzToday.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, Elnur Aslanov Azərbaycanı tərk edəndən sonra ABŞ-da məskunlaşıb. Eləcə də Elnur Abdullayevin Azərbaycandaki böyük media layihələrini yaradan Elnur Baimov da Amerikadadır. Həm Elnur Aslanovun, həm də Elnur Baimov Elnur Abdullayevin Türkiyədə açdığı TV layihəsinə dəstək verdiyi və sonuncunun ABŞ-dan verilən təlimatlarla hərəkət etdiyi bildirilir. Başqa tərəfdən isə Elnur Abdullayevin SOCAR rəhbərliyi tərəfindən dəstəklənməsi qaranlıq mətləblərdən xəbər verir”.

Mənbə: https://www.aztoday.az/news/23310.html)

Məlumatların nə dərəcədə haqlı və haqsız olduğunu araşdırmağı müvafiq orqanlara həvalə edərək biz Təyminə xanımın digər iddialarına keçirik.

T.Abdullayevanın bildirdiyinə görə, onu bir zamanlar şirin dilinə aldandığı Səkinə Abdullayevanın şikayəti əsasında yenidən həbs etmək istəyirlər. Qaynı Nazim Abdullayevin əlaqələrini və imkanlarını işə salaraq həbsdən azad etdirdiyi Səkinə İsmayılovanın irəli sürdüyü ittihamların heç biri isə ona “yapışmır”: “Səkinənin iddiasına görə, mənim onunla görüşdüyümü iddia etdiyim vaxt Rusiyada olub. Dolayısıyla həmin vaxt mən onunla görüşə bilməzdim. Hansısa bir ayın tarixini unutmaq bəyəm yalan ifadə vermək iddiası üçün əsas ola bilərmi? Həm də mən ifadəmdə sadəcə ayı göstərmişəm. Gün barədə heç bir söz deməmişəm. Həmin konkret zaman anlayışını ifadəmə əlavə edən müstəntiqdir. Elədirsə, mən niyə cəzalandırılmalıyam?”

Üstəlik, müstəntiqə verdiyi ifadənin dəfələrlə yoxlanıldığını, məhkəmə və istintaq prosesində araşdırıldığını bildirən Təyminə Abdullayeva nədənsə Səkinə İsmayılovanın həmin vaxt xaricdə olduğunu “xatırlamamasına” da təəccüblənir: “Niyə ilyarım gözaltında tutulduğu halda bir dəfə də bu faktı xatırlamadı? Deməli, məntiqlə Səkinə İsmayılova da faktı məhkəmədən gizlədib və hüquqi məsuliyyət daşıyır. Bir də axı onu azadlıqdan məhrum edən mən olmamışam. Mən də onun kimi ittiham olunan şəxs idim. Hardasa maraqlarımız da eyni idi. Məntiqlə, mən əgər yalan ifadə vermək istəsəydim, hər şeyi onun xeyrinə deyərdim. Üstəlik, Səkinə xanımı mənim ifadəm əsasında tutmayıblar. Onu sadəcə istintaq prosesi müddətində saxlayıblar. Mənim nə günahım var ki, bu işin istintaqı bir il 6 ay çəkib? Səkinə İsmayılovanı narahat edən budursa, məni yox, istintaqı aparanları məhkəməyə versin!”

Təyminə Abdullayevanın fikrincə, bu qədər absurd işin baş verməsinin yeganə səbəbi onun mülkiyyət hüququnu əlindən almaq istəyən Nazim Abdullayevin maddi imkanları və şəxsi əlaqələridir. İddia etdiyinə görə, Nazim Abdullayev öz niyyətini həyata keçirmək üçün həbsxanada Səkinə xanımla görüşüb və azadlığa çıxması müqabilində keçmiş gəlinlərinin üzünə durması barədə onunla razılaşıb.

Qeyri-dəqiq informasiya ilə yalan məlumatın bir-birindən fərqli şeylər olduğunu xatırladan müsahibimiz fikirlərini belə izah etdi: “Biri var yalan informasiya verərək istintaqı aldatmaq niyyəti güdəsən, biri də var hadisənin hansı tarixdə və saatda baş verdiyini dəqiq xatırlamayasan. Məni bu dəfə sadəcə ona görə ittiham edirlər ki, Səkinə İsmayılovaya pul verdiyim tarixin dəqiq vaxtını yadıma sala bilməmişəm. Buna görə insanı mühakimə edərlər? Ona qalsa, mən Barat Abdullayevin şikayəti əsasında həbs olunduğum işdən bəraət almışam. Məntiqlə, Barat da, onun qardaşı Nazim də suçsuz olduğum halda məni tutdurduqlarına görə içəridə oturmalıdır. Adbullayev qardaşları Azərbaycanda hüquq sistemini elə günə salmağa çalışırlar ki, bundan sonra heç kim məhkəməyə ifadə verməyə cəsarət etməyəcək. Axı hər şeyi tam dəqiqliyi ilə heç kim xatırlaya bilməz”.

Bununla belə, Təyminə xanım Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə aparılan prosesin ədalətli hökm çıxaracağına inanır: “Çünki məni Prezident əfv edib. Eyni epizoda görə ikinci dəfə ittiham olunmaq bir əmələ ikiqat cəza vermək mənasına gəlir ki, zərrə qədər vicdanı olan hakim bu qəbahəti özünə rəva görməz”.

Heydər Oğuz

Ovqat.com