FHN “DƏNİZDƏ BATAN GƏNCİ BİZ ÇIXARDIQ” DEYİR, ŞAHİDLƏR İSƏ...

  • 2018-07-18 12:26:55
  • |

FHN “DƏNİZDƏ BATAN GƏNCİ BİZ ÇIXARDIQ” DEYİR, ŞAHİDLƏR İSƏ...

Fövqəladə Hallar Nazirliyinin “Hürriyyət”in yazısına reaksiyası gecikmədi

“1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun cəsədi batdığı yerdən 15 metr kənarda “Zağulba” DAQ-ın dalğıcı daxili xidmət sıravisi Hacıbalayev Vladislav Davidoviç tərəfindən sudan çıxarılaraq Sabunçu rayon 14-cü polis bölməsinin sahə müvəkkili polis kapitanı Muradov Akif Telman oğluna təhvil verilmişdir”

“Hürriyyət” qəzetinin dünənki sayında dərc olunan “FHN əməkdaşı dənizdə batan gənci xilas etmədi” sərlövhəli yazı Fövqəladə Hallar Nazirliyinin (FHN) narazılığına səbəb olub.

Xatırladaq ki, həmin yazıda iyulun 12-də axşam saat 20:00 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində dənizdə boğulan 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun cəsədinin, deyildiyinin əksinə olaraq, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq, sudan çıxarılıb, valideynlərinə təhvil verilmədiyi və gəncin cəsədini polis nəfərinin çıxardığı barədə hadsənin iştirakçısı olan Nadir Hüseynov məlumat vermişdi. O, hətta bununla bağlı şahidlərin olduğunu da bildrimişdi.

“Mən hər şeyin üzə çıxmasını istəyirəm” deyən Hüseynov qeyd etmişdi ki, o, sözünün arxasında durur. Hətta onun səs yazıları da bunu təsdiqləyir: “Mənim şahidlərim var ki, həmin gəncin cənazəsi nazirliyin əməkdaşları tərəfindən çıxarılmayıb”.

Məmmədov Cavid

Hüseynov onu da vurğulamışdı ki, müraciət etmələrinə rəğmən, həmin gəncin dənizdən çıxarılmasına nazirliyin əməkdaşı kömək etməyib: ““Fövqalədə”nin əməkdaşı mənə dedi ki, “bizim iş vaxtımız qurtarıb, mən də təkəm, icazə yoxdur”. Dedim, necə iş vaxtınız qurtarıb? Adam batır, “iş vaxtım qurtarıb” nə deməkdir?

“Fövqalədə”nin əməkdaşı vaxtında kömək etsə, Cavid ölməyəcəkdi”.

Fövqalədə Hallar Nazirliyinin mətbuat xidmətinin sözügedən yazıya münasibəti geçikməyib. Belə ki, dünən qurumun əməkdaşı “Hürriyyət” qəzetinin redaksiyasına məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi diqqətinizə çatıdırırıq:

““Hürriyyət” qəzetinin 17 iyul 2018-ci il tarixli 77 saylı nömrəsində nəşr olunuş “FHN əməkdaşı dənizdə batan gənci xilas etmədi” başlıqlı məqalə ilə bağlı nəzərinizə çatdırırıq ki, 12 iyul 2018-ci il tarixində saat 21:45-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin növbətçi hissəsinə “Bilgəh” Sularda Xilasetmə Məntəqəsindən Bakı şəhəri Sabunçu rayonu Bilgəh çimərliyi istiqamətində, məntəqə ərazisində çimmək qadağan olunmuş vaxtda bir nəfərin suda batması barədə məlumat daxil olmuşdur. Buna baxmayaraq, məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bilgəh” Sularda Xilasetmə Məntəqəsinin xilasediciləri axtarışa başlamış və əlavə qüvvə olaraq saat 21:59-da Xidmətin strukturuna daxil olan “Zağulba” Dalğıc Axtarış Qruplarının (DAQ) xüsusi dalğıc avadanlıqları ilə təchiz olunmuş şəxsi heyəti hadisə yerinə göndərilmişdir. Həmin gün saat 22:50-də Bakı şəhəri Xətai rayonu Ə.Şıxlinski 47 ünvanında yaşayan, 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun cəsədi batdığı yerdən 15 metr kənarda “Zağulba” DAQ-ın dalğıcı daxili xidmət sıravisi Hacıbalayev Vladislav Davidoviç tərəfindən sudan çıxarılaraq Sabunçu rayon 14-cü polis bölməsinin sahə müvəkkili polis kapitanı Muradov Akif Telman oğluna təhvil verilmişdir”.

Nəticəni hörmətli oxucular çıxarsın şahid ifadələri düzdür, yoxsa FNN-nin mətbuat xidmətinin göndərdiyi məlumat?

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA