FHN əməkdaşlarının əməkhaqqları azaldılıb

FHN əməkdaşlarının əməkhaqqları azaldılıb

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində texniki işçilərin əməkhaqları kəsilib.

Bu barədə AFN-ə agentlikdə çalışan və əməkhaqları kəsilən işçilər məlumat veriblər: “Yanvarda 100-150 manat, fevralda isə 230-270 manat kəsdilər. Sürücülər, xadimələr, sıravi işçilər hamımız şokdayıq. Ölkə başçısı bir-birinin ardınca müxtəlif sahələrdə çalışan insanların əməkhaqlarını artırır, minimum əməkhaqqını nəzərəçarpacaq dərəcədə artırdı, pensiyalar, təqaüdlər bir-birinin ardınca artırılır, bizim əməkhaqları isə kəsilir. Halbuki biz ümidlə gözləyirdik ki, minimum əməkhaqqı 50 manat artırıldıqdan sonra bizim maaşımız da artacaq. Yanvarda kəsdilər, dedilər düzələcək, fevralın əməkhaqları martın 1-də oturub karta, baxırıq ki, 230-270 manat kəsilib. Soruşuruq, bizə deyirlər ki, büdcəmizdə pul yoxdur. Agentlik özü-özünü maliyyələşdirən qurum deyil, nazirliyin nəzdindədir, nazirliyə də pul büdcədən ayrılır. Belə çıxır ki, cənab nazir Kəmaləddin Heydərov ya məsələdən bixəbərdir, ya da birbaşa prezidentin siyasətinə qarşı çıxır. Bunun başqa izahı yoxdur”.

Şikayətçilər bildirirlər ki, 70 nəfər sürücünün, təxminən bir o qədər xadimənin, müfəttişlərin, onlarla digər sahədə çalışan sıravi işçinin əməkhaqları kəsilib: “Bu, yüzlərlə insanın çörəkpulunu kəsmək deməkdir. Qarşıdan bayram gəldiyini düşünsək, bu addımı hətta qəddarlıq da adlandıra bilərik. Elə kişilər var ki, ağlayırlar əməkhaqqının kəsildiyini biləndə”.

Qeyd edək ki, əməkhaqqı kəsilən işçilər bu həftə FHN-in qarşısında aksiya keçirməyə hazırlaşırlar.

Sayta verilən məlumatdan o da məlum olub ki, agentliyin rəhbəri 10 min, müavinləri isə 5 min əməkhaqqı alır. Onların əməkhaqqlarında heç bir kəsinti olmayıb.

FHN-in mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya məsələ ilə bağlı ünvanlanan suala cavab verilməyib. Y.Babanlı sualı dinlədikdən sonra edilən şikayəti istəyib. Ona şikayətin şifahi daxil olduğunu dedikdə cavabı belə olub: “Əgər siz jurnalistsinizsə, bilirsiniz ki, şifahi məsələlər yalan da ola bilər, böhtan da ola bilər, məqsədli şəkildə də edilə bilər”. \\Yeni Sabah

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA