FİRUDİN NƏBİYEVİN VƏZİFƏ KARİYERASINI BİTİRƏN ŞOK SƏBƏBLƏR

FİRUDİN NƏBİYEVİN VƏZİFƏ KARİYERASINI BİTİRƏN ŞOK SƏBƏBLƏR

Dövlət Miqrasiya Xidmətinin sabiq rəhbəri prezidentin etimadını hansı səbəblərdən doğrulda bilmədi?

11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərindən sonra bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilməkdədir. Bunlardan biri kimi, Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, general-mayor Firudin Nəbiyevin adı çəkilir.

Maraqlıdır ki, bu məlumatlar mediaya ayaq açdıqdan sonra bəzi saytlar Firudin Nəbiyevin özünə və ailə üzvlərinə məxsus villaları da ortaya çıxardılar. Məsələn, bir neçə gün əvvəl mətbuatda bildirildi ki, DMX-nin keçmiş rəisi Abşeron rayonu Mehdiabad qəsəbəsində özünə, bacılarına və digər yaxın qohumlarına dəyəri milyon manatlarla ölçülən mülklər tikdirib.

Həmin villaların fotoları mətbuatda və sosial şəbəkələrdə yayıldıqdan sonra sabiq xidmət rəisi danışmağa üstünlük verdi. Doğrudur, o, aşkara çıxarılan əmlakları haqda hər hansı açıqlama verməyi, yaxud həmin villaların “ona məxsus olmadığını” iddia etməyi lazım bilməyib. Bununla belə, azxeber.com saytına açıqlamasında həbs olunacağı haqda iddialara münasibət bildirib: "Kim deyir ki, məni həbs ediblər?! Bu xəbərləri yayanlar kimlərdisə, gedin onlardan soruşun bu informasiyanı hardan alıblar? Çox təəssüf ki, bəzi mətbuat orqanlarında bu cür əsassız, heç bir həqiqət yükü olmayan informasiyalar vaxtaşırı olaraq dərc edilir".

Hazırda istirahət etdiyini deyən sabiq xidmət rəhbəri söylədi ki, bu kimi dezinformasiyalara önəm vermək lazım deyil: "Hər şey qaydasındadır. Evimdəyəm, zamanımın çoxunu istirahətə ayırıram. Heç bir problem yoxdur".

Firudin Nəbiyevi bitirən səbəblər…

Əlbəttə, Azərbaycanda istənilən vəzifəli şəxsin bir neçə villası, çoxsaylı bahalı avtomobilləri olduğunu nəzərə alsaq, Firudin Nəbiyevin özünə və yaxınlarına məxsus bahalı mülklərin aşkara çıxarılması heç də qeyri-adi hadisə deyil. Qeyd edək ki, 1960-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olan F.Nəbiyev 1988-ci ildə Rusiyanın İvanovo şəhərində Kimya Texnologiyası İnstitutunu bitirib və həmin ildən etibarən Azərbaycanın Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələr tutub.

Bir müddət işsiz qaldıqdan və öz fəaliyyətini müxalif siyasi partiyalarda davam etdirdikdən sonra, 2001-ci ildə F.Nəbiyevin həyatında gözlənilməz hadisə baş verib. O, Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini təyin olunub. 2003-cü ildə sərhəd xidmətinin statusu dəyişəndən sonra onun da vəzifəsi dəyişib. Belə ki, Azərbaycan prezidentinin 1 iyul 2003-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 15 avqust 2006-cı ildə yenə də prezidentin sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilib. Bundan sonra isə tutduğu vəzifəyə müvafiq ali təhsil almaq qərarına gəlib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 2006-cı ildə, yəni cəmi 5 il ərzində isə general-mayor hərbi rütbəsini almağa nail olub.

Картинки по запросу Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Elçin Quliyevin dəstəyi…

Bəzi bilgilərə görə, Firudin Nəbiyevin vəzifə pillləsində yüksəlməsi heç də öz bacarığı hesabına olmayıb. İddia olunur ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin dəstəyi ilə general-mayor hərbi rütbəsi verilib, qısa müddət ərzində karyerasında xeyli irəliləməyə müvəffəq olub. Məsələn, 16 yanvar 2008-ci ildə onun Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini, Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsində gətirilməsi məhz E.Quliyevin dəstəyi hesabına mümkün olub. O cümlədən, 13 fevral 2012-ci ildə F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunmasında da Elçin Quliyevin əvəzsiz rolu olduğu vurğulanır.

Şübhəsiz ki, F.Nəbiyev ilk illər E.Quliyevin bu dəstəyini qarşılıqsız buraxmayıb. Belə ki, Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunduqdan sonra Elçin Quliyevin əmisi oğlu Elfan Quliyevi DMX-da idarə rəisi, digər əmisinin oğlu Nizami Quliyevi kadrlar şöbəsinin müdiri, əmisi nəvəsi Rəşad Quliyevi isə baş inspektor vəzifələrinə təyin edib.

Elçin Quliyevin dayısı, general-mayor Pərviz Musayev isə DMX rəisinin, yəni F.Nəbiyevin özünün müavini təyin olunub.

Bundan əlavə, DSX rəisi Elçin Quliyevin baş köməkçisi, general-mayor Cavid Abdullayevin qardaşı Səmədağa Abdullayevi DMX-nin Lənkəran regional idarəsinin rəisi təyin edib.

DSX rəisinin müavini, general-mayor İlham Mehdiyevin qardaşı İlqar Mehdiyev DMX-nin Şəki regional idarəsinin rəisi, DSX generalı Rəsul Tağıyevin bacısı Şəfəq Tağıyeva DMX-nin şöbə rəisi vəzifələrinə gətirilib.

Həmçinin, DMX-nın baş inspektorları Gəray Nuriyev, Fuad Sadıqov və Ayla Şirinzadə isə müvafiq olaraq DSX rəisinin müavini Azad Ələkbərovun kürəkəni, DSX rəisinin I müavini Rəşad Sadıqovun qardaşı və DSX generalı Feyruz Şirinzadənin qızıdır…

Əlbəttə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yaxın şəxslər bu sadalananlarla bitmir. Təsadüfi deyil ki, bəzi dairələrdə Dövlət Miqrasiya Xidməti ““Elçin Quliyev və Co.” törəmə müəssisəsi” kimi xarakterizə olunub.

Məmur qohumlarına üstünlük verilməsi …

Təbii ki, Firudin Nəbiyev DMX-da E.Quliyevin adamlarına yer verməklə yanaşı, özününküləri də unutmayıb. Məsələn, onun bibisi oğlu Şəhriyar Tağıyev DÇX-nin şöbə rəisi vəzifəsinə təyin olunub.

Bundan əlavə, iddia olunur ki, DMX-nin Baş İdarəsinin rəisi Rövşən Səfərovun üçüncü həyat yoldaşı F.Nəbiyevin qohumu olduğu üçün, o, bu posta gətirilib.

Bir sözlə, F.Nəbiyevin DMX-da kadr seçimi ya hansısa məmurların qohumları, ya da özünə yaxın şəxslər olub. Bu fikrimizi təsdiq etmək üçün daha bir neçə misal gətirək; müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin qaynı İqbal Babayev DMX rəisinin müavini, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu Emin Həsənov DMX-nin şöbə rəisi, “Azəryolservis” ASC-nin şefi, deputat Cavid Qurbanovun yaxın qohumu (həyat yoldaşı xətti ilə) Ayaz Babayev DMX-nin maliyyə şöbəsinin rəisi, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qohumu Elxan Vəliyev DMX Baş İdarəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun qohumu (A.Rəhimov F.Nəbiyevə qədər DMX-nin rəisi olub) Orxan Kazımov DMX-nin şöbə rəisi, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumu Maqsud Bədəlli və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın qohumu Babək Hüseynov DMX-da baş inspektor vəzifələrinə təyinat alıblar.

Qanunsuz Miqrantları Saxlama Mərkəzinin rəisi Əsgər Əhmədov Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun əmisi oğludur. Keçmiş MTN-in Nərimanov rayon şöbəsi rəisinin oğlu Emil Abuzərli DMX-nin baş inspektoru olub…

DMX-nin Baş İdarəsinin rəisi Rövşən Səfərovun qardaşı Mehman Səfərov isə şöbə rəisi təyin olunub. Maraqlıdır ki, iki qardaşın eyni dövlət idarəsində rəhbər vəzifələr tutması necə mümkün olub?!

Əlbəttə, Firudin Nəbiyevin fəaliyyətinə qiymət vermək üçün çox da dərinə getməyə, siyahını uzatmağa ehtiyac yoxdur. Amma bu siyahını daha bir neçə məmurun yaxın qohumunun DMX-da vəzifə tutması və eləcə də F.Nəbiyevin bir çox dostlarının qohumları ilə də tamamlamaq olar...

Elçin Quliyevlə münasibətlərin korlanması…

Yuxarıda qeyd etdiyimiz kimi, Firudin Nəbiyev Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin kadrı kimi tanınıb. Lakin bəzi iddialara görə, 2015-ci ildən sonra onların arasında “soyuq küləklər” əsib. Deyilənə görə, DMX rəisi təyin olunduqdan sonra Firudin Nəbiyev o qədər dəyişib ki, zaman-zaman Elçin Quliyevin xahişlərinə məhəl qoymayıb. Bu baxımdan istisna olunmur ki, onun vəzifə həyatının sona çatmasında bu faktor da az rol oynamayıb. Amma, təbii ki, bu məsələ, yəni Elçin Quliyevin onun üzərindən əlinin çəkməsi həlledici olmayıb. Bəs, Firudin Nəbiyevin belə bir yüksək postdan tam dibə yuvarlanmasına nə səbəb olub?

Bu və digər suallara növbəti yazılarımızda cavab tapa biləcəksiniz. Bizi izləyin.

RƏŞAD, Hurriyyet.org

Loading...

QALEREYA