Əflatun Amaşov qəzetlərlə bağlı vəziyyətdən yazdı: “Hazırkı çoxluq özünü doğrultmur, say azalmalıdır”

  • 2019-02-01 17:26:43
  • |
  • Aktual /

Əflatun Amaşov qəzetlərlə bağlı vəziyyətdən yazdı: “Hazırkı çoxluq özünü doğrultmur, say azalmalıdır”

Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetlərə maliyyə yardımının şərtlərinin dəyişdirilməsi ilə bağlı yaranmış vəziyyət barədə məqalə yazıb.

Hurriyyet.org məqaləni oxucularına təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 yanvar 2018-ci il tarixli iclasında qəbul edilmiş qərar geniş ajiotaj doğurub. Baxıram, bəziləri məsələni qəzetlərin qapadılması şəklində qoymağa çalışır. Belə yanaşanların içərisində vaxtilə dövlətin mətbuat orqanlarına yardım göstərməsinin əleyhinə çıxanlara da təsadüf edilməkdədir. Baxışları ziddiyyətlidir. Ancaq mən bu barədə danışmaq istəməzdim. Məlum idi ki, məsələdən müəyyən siyasi dividentlər əldə etmək istəyənlər olacaq. Çünki media təbiət etibarilə həssas sahədir, ona yanaşmalarda heç də həmişə obyektivlik gözlənilmir.

Gerçək maliyyət

Məsələnin mənə görə gerçək olan mahiyyətinə diqqət yetirmək istərdim. Doğrudur, hər zaman demişik ki, bizə çap mediası lazımdır. Ona görə ki, mətbuat gələcək üçün tarix yaradır. O, özlüyündə tarixi mənbədir. Bəli, günümüzü reallığı internetdir. Demək olar, həyatımızın bütün sahələri elektronlaşıb. Amma vəziyyətin hər zaman belə olacağına təminat yoxdur. Bu günkü internet resursun iyirmi, otuz, əlli, yüz il sonra mövcud olub-olmayacağını heç kəs bilmir. Qəzet, ümumən çap mediası isə böyük təminatdır. Yalnız biz deyil, ümumən bəşəriyyət öz keçmişini illər, əsrlər öncə mövcud olmuş qəzetlərdən, jurnallardan öyrənir. Bu mənada qəzetlər saxlanılmalıdır və düşünürəm ki, saxlanılacaq da.

Ancaq Azərbaycan reallığına baxmaq, müəyyən müqayisələr aparmaq lazımdır. Bu gün Azərbaycanda 5200-dən çox kütləvi informasiya vasitəsi dövlət reyestrindən keçib. Onların böyük hissəsi, demək olar əksəriyyəti çap mediasıdır. Ərazicə bizimlə eyni, hətta böyük olan bir çox qabaqcıl ölkələrdə bu rəqəmə rast gəlmək əsla mümkün deyil.

Bir qədər də dəqiqləşdirmə aparsaq, görərik ki, ölkəmizdə qeydiyyatdan keçmiş mətbuat orqanlarından yalnız 10 faizə qədəri hansısa formada fəaliyyətdədir. Amma 5200-lük sayda 10 faiz kiçik rəqəm deyil. Sözüm ondadır ki, az əvvəl haqqında söz açdığım tarixi mənbə kimi də hazırkı çoxluq özünü doğrultmur. Say azalmalıdır. Bəli, hazırda ələnmə prosesi KİVDF-nin şərtlərini dəyişdirməsinin nəticəsi olaraq başlandı. Ancaq bu, hər bir halda baş verəcəkdi.

Daha bir təbii proses odur ki, dünyada gündəlik və ya həftəlik yayımlanan mətbuat orqanlarının bir çoxu tirajlarını azaldıblar. Onlar daha çox internet üzərindən yayıma üstünlük verirlər. Bu da təbiidir. Dünən diqqət elədim, bəzi qəzet baş redaktorları onlayn yayıma keçdiklərini bildirdilər. Hesab edirəm ki, onlar hazırkı durumu əvvəldən proqnozlaşdırırdılar və qəzetlərinin elektron versiyasını təkmilləşdirməyə başlamışdılar. Ona görə bu gün qərar vermək onlar üçün elə də çətinlik yaratmır. Amma demək olmaz ki, dövlətin maliyyə yardımından bəhrələnmə imkanlarının məhdudlaşması çətinliklərsiz ötüşəcək. Nəzərə alaq ki, qəzetlərdə yaradıcı heyətdən başqa texniki personal var. Üstəlik labüd təmərküzləşmələr nəticəsində kimlərsə iş yerlərini dəyişəcəklər. Yeni kollektivlərə öyrəşmək sıradan məsələ deyil. Hər bir halda çətinlik olacaq. İxtisarlar da.

Yalnız açıqlanan şərtlərmi?

KİVDF maliyyələşmə üçün şərtləri açıqladı. Bu məlumdur. Amma yalnız bu şərtlərmi? Məsələyə kompleks baxmaq lazımdır. Qəzetçiliyə yanaşma dəyişməlidir. Heç şübhəsiz, hədəf budur. Dövlətin maliyyə yardımı üçün göstərilən minimum tələbləri yerinə yetirə biləcək qəzetlər olacaqsa, onlar öz işlərinə istər yaradıcılıq, istərsə də texnoloji cəhətdən fərqli yanaşmalıdırlar. Nəyə görə bizdə rəngli, yüksək keyfiyyətli kağızda çıxan qəzetlər olmasın? Bu gün insanlar informasiyanı əsasən internet üzərindən yayımlanan xəbər saytlarından, yaxud sosial şəbəkələrdən alırlar. Belə olan halda sabahın qəzetini həmin informasiyalarla dolduraraq buraxmaq kiməsə lazımdırmı? Deməli, yaradıcı yanaşma, iş üslubu da dəyişməlidir. Qəzet əvvəlllər olduğu kimi, informasiya yaymamalı, yayılmış informasiyanı təhlil etməli, düşündürməlidir. Hesab edirəm ki, gələcəyin tələbləri həm də buna əsaslanmalıdır. Ortada olacaq qəzetlərimiz sanballı olmalıdır. Dövlət məhz bu şərtlərlə fəaliyyəti dəstəkləməlidir. Və bunun üçün də geniş və səmərəli işi ilə seçilən kontingentə ehtiyac var. Deməli, peşəkarlara hər zaman meydan tapılacaq.

Elektron medianın maliyyələşməsi

Daha bir məqamı vurğulamaq istərdim. Yadınızdadırsa, KİVDF yaranmazdan öncə kütləvi informasiya vasitələrində maliyyə-uçot, habelə əməl münasibətləri demək olar, tənzimlənmirdi. Qurumun fəaliyyəti bu sahədə çəki-düzən yaratdı. Layihə müsabiqələrində iştirak etmək istəyən media orqanları qanunvericiliyin şərtlərinə əməl etməli oldular. Eləcə də fərdi yaradıcılıq müsabiqələrdə iştiraka iddialı olan jurnalistlər.

Bu gün elektron medianın ictimai rəyə geniş təsirindən danışırıq. Təsir günbəgün artmaqdadır və onun cəmiyyətin mənafeləri baxımından uzlaşdırılması dövlət üçün prioritet vəzifələrdəndir. Ancaq internet media resursları qəzetlər üçün vaxtilə tətbiq edilmiş tələblərə cavab verirlərmi? Ümumən internet media hüquqi münasibətlər sistemində özünə yer tuta bilirmi? Bu sayaq məsələlərə aydınlıq gətirilməlidir. Bəli, prinsipial məqam internet media orqanlarının dövlətin maliyyə dəstəyindən faydalanmasıdır. Bu, istər daxildə informasiya tələbatının ödənilməsi, istərsə də xaricdə Azərbaycanla bağlı həqiqətlərin təbliği baxımından olduqca vacibdir. Düşünürəm ki, yaxın gələcəkdə məsələyə kompleks baxışı ifadə edən addımlar atılacaqdır. Əlbəttə, sahənin xüsusiyyətlərinin əks olunduğu konkret kriteriyaların müəyyənləşməsi də zəruridir.

Sonda bir daha əvvəldə vurğuladığım məqama qayıtmaq istərdim. Heç bir halda məsələ qəzetlərin qapadılması şəklində qoyulmamalıdır. Dövlət KİV-in maliyyələşməsi üçün prioritetlərini müəyyənləşdirib. Həmin prioritetlər ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda əksini tapıb. Konsepsiyanın həyata keçirilməsi üçün yaradılmış KİVDF-nin müəyyənləşdirdiyi tələblər dünən bir başqaydı, bu gün bir başqa. Hansı KİV açıqlanmış tələbləri yerinə yetirmək imkanında olacaqsa, təbii ki maliyyə yardımından bəhrələnəcək.

Ümumən isə məsələ belədir – biz dünyanın informasiya məkanına inteqrasiya etməliyik. Yeni çağırışlara adekvat reaksiyamız olmalıdır. Bunun üçün dəyişikliklərə getməliyik. Təbii ki, dəyişikliklər çətinliklər də doğurur. Ancaq bu, gedilməsi vacib olan prinsipial yoldur. Bu yol faydalı yoldur. İstərdim ki, ölkəmizin media ictimaiyyəti məsələyə prosesin faydalılıq tərəflərini düşünərək qiymət versin”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA