Fransada Azərbaycandan olan mühafizəçiyə 10 ay həbs verildi

  • 2019-07-13 13:56:50
  • |
  • Dünya /

Fransada Azərbaycandan olan mühafizəçiyə 10 ay həbs verildi

Fransanın Şerbur şəhər məhkəməsində, soydaşını qeyri-qanuni yollarla İrlandiyaya göndərməyə cəhd göstərən bir Azərbaycan vətəndaşı ilə bağlı proses keçirilib.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ouest-France nəşri xəbər yayıb.

Məlumatda bildirilir ki, 37 yaşlı Azərbaycan vətəndaşı iyulun 7-də Şerbur bərə terminalında saxlanılıb. Onun üzərində saxta Litva sənədləri, dörd kredit kartı və qatar bileti tapılıb.

Prosesdə hakim onu insanları qanunsuz olaraq bir yerdən başqa yerə göndərməklə məşğul olmaqda və buna görə pul almaqda ittiham edib. Konkret olaraq vurğulayıb ki, o, həmyerlisinin İrlandiyaya göndərilməsi üçün ondan 1000 avro tələb edib.

Təqsirləndirilən şəxs özünü günahkar hesab etmədiyini bildirib, israr edib ki, həmin həmyerlisi onun uşaqlıq dostudur və onlar Azərbaycanda bir yerdə böyüyüblər. O sadəcə öz dostuna daha yaxşı həyat tapmağa kömək etmək istəyib. Onun sözlərinə görə, ondan alınmış 1000 avro isə səfər xərclərinə sərf olunub.

Saxlanılan şəxs, həmçinin qeyd edib ki, bir neçə ildir İrlandiyada yaşayır, mühafizəçi işləyir. Amma kürəyində yaranmış problemlərə görə, işə çıxa bilmir.

Bununla belə, hakim müttəhimin səmimiyyətinə inanmayıb və 10 il müddətində Fransaya gəlməsinə qadağa qoymaqla onu 10 ay həbs cəzasına məhkum edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz