FRANSIZSAYAĞI "QAFQAZ ÖFKƏSİ"

FRANSIZSAYAĞI "QAFQAZ ÖFKƏSİ"

Güney Qafqazda Almaniya və Türkiyəni Fransa əvəz etməyə hazırlaşır

Ermənistanda ötən ilin yazında gözlənilmədən Nikol Paşinyanın rəhbərliyi altında müxalifət ayağa qalxdı. Qısa zaman içində 20 il iqtidarda olan hərbi xunta devrildi. Məhz bu olayların ardından Gürcüstanda növbəti prezident seçkiləri keçirildi. Qafqazda iki yüz il “Eçmiədzin Kilsəsi” adı altında erməni qriqoryan təriqəti və Rusiya ilə birgə “ortdoks kilsəsi” iflasa uğradı. Bunun ardınca ilk dəfə katolik kilsəsinin yandaşı olan “Kilikiya Kilsəsi” iqtidara gəldi. Gürcüstanda Fransa vətəndaşı Salome Zurabişvilinin hakimiyyətə gəlməsi Güney Qafqazda Almaniyanın 28 illik üstünlüyünə son qoydu. Bəs bu proseslər Güney Qafqaza nələri vəd edir? Azərbaycan hansı addımları atmalıdır?

Stalinsayağı “dotasiyalı Gürcüstan”

XVIII yüzildə Gürcüstan Rusiyanın tərkibinə birləşdirildikdən sonra, 1801-ci ildən 1920-ci ilə kimi Çarlıq rejiminin sayəsində gürcü cəmiyyəti faktiki olaraq iki hissəyə bölünmüşdü. Bu, kasıblar, kəndə təsərrüfatı sektorunda yaşayanlar və kilsədən asılı olanlardan, bir də Çarlıq Rusiyasının dövlət idarələrində müxtəlif vəzifələrdə çalışanlardan ibarət gürcü zümrəsi modelinə bağlanmışdı. Sovetlər Birliyi dönəmində isə, durum bir qədər fərqli idi. Diktator İosif Stalinin Gürcüstan siyasəti “dotasiyalı bölgə” statusu altında gürcü xalqının heç bir iş görmədən bütün xalqlara nisbətdə daha firəvan və imkanlı şəraitdə yaşaması taktikasına bağlı idi. 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra, Güney Qafqazda bu dəfə gürcü xalqının Almaniyanın simasında yeni “xilaskar” tapması Gürcüstanın qurtuluşu doktrinasına çevrildi. Çünki, 70 il ərzində işləmək vərdişini unutmuş bir xalqın dövlət olma düzəni təhlükə altında idi. Almaniya “Qafqaz Evi” projesi sayəsində Gürcüstanın sadəcə “Abxaziya” və “Güney Osetiya” tipli etnik bölücü durumun xaricində olan digər proseslərin qarşısını ala bildi. Gürcüstan “Minqreliya”, “Acarstan” və “Erməni Cevaxk” tipli etnosiyasi idarəetmə bölücü sindromundan yaxasını zorla qurtara bildi. Almaniya Gürcüstan və Azərbaycan məsələsində neytral mövqe sərgilməklə Ermənistanın və Rusiyanın daha azğın hədəflərinin önünü kəsdi.
2002-ci ildə başda ABŞ olmaqla qlobalizm siyasətinin populyar liderlərindən biri sayılan Mixail Saakaşvilinin “Çəhrayı İnqilab” bayrağı altında hakimiyyətə gəlməsi ilk dəfə idi ki, Güney Qafqaza beynəlxalq miqyasda baxışların dikilməsinə səbəb oldu. Çünki gürcü kilsəsi “ortodoks” hədəflərini Qərblə uzlaşdırmaq taktikası ilə bütünləşdirməyi əldə edə bilmişdi. Mixail Saakaşvilinin on il davam edən iqtidarı çağında gerçəkdən möhtəşəm dəyişikliklər baş verdi. Gürcü xalqının stalinizmin mirası “dotasiyalı yaşam” qaydalarına əlvida deməsi qürurverici idi. 2013-cü ildən iqtidara gələn milyarder Bidzina İvanişvili bir yandan gürcü xalqının biznes təfəkkürünün inkişaf etməsi, digər yandan isə Mixail Saakaşvilinin tətbiq etdiyi demokratik prinsipləri dövlət siyasətinin prioritetinə çevirmək istədi. ABŞ və digər donor güclər gürcü xalqının “dotasiya” düşüncə sistemini dəyişə bilmədilər. Çünki mental təfəkkürün dəyişməsi üçün azından 200-300 il zaman tələb olunur. Almaniya və ABŞ-ın kölgəyə geri çəkilməsinin ardından Fransa meydana daxil oldu. Beləliklə, Fransa bir yandan Ermənistanda, digər yandan isə Gürcüstanda zühur etdi. Yeni prezident, 66 yaşlı Salome Zurabişvilinin Fransada doğulması və bu ölkənin vətəndaşı olması təkcə Gürcüstanda deyil, Güney Qafqazda rəsmi Parisin həm də ön mövqelərə çıxması deməkdir.

“Frankofoniya”nın Qafqaz yürüşünün səbəbləri

Ötən il prezident seçkilərinin ardından prezident İlham Əliyev ixtisasca fransız dili müəllimi olan və 1997-2017-ci illərdə prezident admnistrasiyasında xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədovu baş nazir vəzifəsinə təyin etməklə, həm də Güney Qafqazda Fransanın mövqelərinin artmasını impulsiv şəkildə müdafiə etdi. Elə bunun ardınca Ermənistanda katolik kilsəsinin nümayəndəsi Nikol Paşinyan meydana çıxdı. Onu da qeyd edək ki, Fransa həm də dini baxımdan katolik kilsəsinə mənsubdur. Hal-hazırda Avropada “Avropa Birliyi” və “Avropa Şurası”, “AvroAtlantik” və digər beynəlxalq miqyaslı strukturlar iqtisadi və maliyyə baxımından təsir gücünü bir qədər itirmiş durumdadırlar. Beləliklə də Avropa məkanında aparıcı güc “Transilvaniya” (Almaniya) və “Frankofoniya” (Fransa) modeli önə çıxmaqdadır. Almaniya tarix boyu öz sərhədləri çərçivəsində mövcud olan dövlətləri bir araya gətirərək “Transilvaniya” adlı modelə üstünlük verib. Fransa isə İngiltərə, İtaliya, İapaniya və Portuqaliya kimi xarici aləmdə imperiya siyasətinin yanında yer alıb. Bu gün faktiki olaraq, dünyanın 54 ölkəsində Fransanın təsir gücü mövcuddur. Frankofoniyanın təsiri altında olan ölkələr isə bunlardır: Ermənistan, Albaniya, Andorra, Belçika, Benin, Burkina Faso, Burundi, Vanutau, Vyetnam, Qabon, Haiti, Qana, Qvineya, Qvineya Bisau, Konqo, Cibuti, Dominikan, Kabo Verde, Kamboca, Kanada, Kamerun, Kot-d`İvuar, laos, Lüksümburq, Livan, Mavritaniya, Madaqaskar, Mali, Mərakeş, Monako, Nigeriya, Ruanda, Seyşel, Seneqal, Toqo, Tunis, Çad, Mərkəzi Afrika Respublikası, Ekvotorial Qvineya bu projeyə daxildir. Əgər İngiltərə iqtisadi, siyasi və hərbi siyasət sayəsində neoimperializmə önəm verirsə, Fransa daha çox “frankofoniya” (yəni fransızlaşdırma) taktikası ilə hərəkət edir. Fransanın bu gün Güney Qafqaza olan marağı Rusiya ilə uzlaşdırılmış şəkildə köhnə problemlərin birgə həllində beynəlxalq sülh təşəbbüsü bayrağı altında iştirakdan ibarətdir. Durumun belə bir məcraya yönəlməsində hələ ki, mənfi saldo ilə Azərbaycan üz-üzə qalıb. Belə ki, Fransanın prezidenti Emmanuel Makron bir neçə gün öncə ilk dəfə olaraq öz ölkəsində 24 aprel qondarma erməni soyqırmının xatirəsini dövlət tədbiri kimi anılması barəsində qərar veribdir. Türkiyə onun bu addımına qarşı sərt mövqeyini nümayiş etdirsə də, rəsmi Paris bu qərarından israrlı görünür.
Fransanın Güney Qafqazda “frankofoniya” adı altında mövqelərinin güclənməsinin əsas səbəblərindən biri də, 17 ildir Türkiyədə iqtidarda olan AKP-nin və onun şəriksiz liderinin qüsurlu siyasətidir. Çünki AKP və onun “saray bəkçisi” statusu ilə çıxış edən MHP ortaçağ düşüncəsi ilə siyasət qururlar. Bu, “Osmanlı fəlsəfəsi” deməkdir. Beləliklə də Türkiyə Qafqaz və Orta Asiya məsələsində passiv mövqelərə doğru geri çəkilib. Yaxın Şərq bataqlığına üz tutan Türkiyə Misir, Livan, İraq, Suriya, Oman, Fələstin, Yəmən, Liviya, Qətər, Küveyt və digər dövlətlərlə münasibətləri əski Osmanlı düşüncəsində yer alan siyasi doktrina üzərində köklənibdir. Yaranmış boşluğa Fransa çox asanlıqla və ustalıqla daxil ola bilmişdir. 2019-cu ilin sonuna kimi Fransa Güney Qafqazda ciddi addımlar ata bilməzsə, Almaniya kimi iflasa uğrayıb geri çəkilmək zorunda qalacaqdır. Bu gün bir qədər heydən düşmüş Rusiyanın isə, Güney Qafqazı Çarlıq və Sovet rejimi dönəmlərində olduğu kimi bir daha fəth edə bilməyəcək. Ona görə ki, Gürcüstan və Azərbaycana qarşı göz dağı kimi çəkdiyi “etnik separatizm”, “işğal altında olan ərazilər” məsələsində 28 ildir güzəştə getməyibdir. Fransanın belə bir missiyanı öz üzərinə götürmək cəhdləri hələ ki, müşahidə olunmur.

Axalkələkidə “anıt abidəsi” provakasiyası

Gürcüstanın Ahısqa vilayətinin (Cevaxetiya) Axalkələki rayonunun Buqaşen kəndində separatçı Dağlıq Qarabağ rejiminə dəstək üçün könüllü olaraq əlində silah döyüşə gedən və burada ölən Mixail Avakyanın xatirəsinə ucaldılmış abidəyə görə Gürcüstan rəsmiləri, özəlliklə də “frankofoniya” siyasətinin içində olan hakimiyyət bu rəzaləti həm də susqunluqla qarşılayıbdır. Sanki, Fransa erməni-gürcü işbirliyini düzənləməklə bizə, yəni Azərbaycana meydan oxuyur. Sözdə korrupsiyanın, traybalizmin ləğvini elan etmiş demokrat Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılmayacağı bəyanatı ilə çıxış edib. Tiflisdə isə, prezident Salome Zurabişvili seçki ərəfəsində elə Axalkələkidə ermənilərin qarşısında antitürk mövqeyini nümayiş etdirdiyi üçün Borçalıda soydaşlarımızın səsini qazana bilmədi. Durumun 2020-ci ilə kimi qeyri müəyyən olması istənilən anda nəticələri dəyişə bilər. Çünki, ölkənin 40 siyasi partiyası bir araya gələrək 2020-ci il parlament seçkilərinə hazırlaşırlar. Borçalıdakı soydaşlarımız təbii olaraq bu dəfə də müxalifətə səs vermək marağındadır. Ona görə ki, ermənipərəst mövqeyi ilə tanınan “Gürcü Arzusu” Hərəkatı və Salome Zurabişvili 350 minlik soydaşımızın maraq dairəsi xaricindədir.
Fransa və onun güvəndiyi “frankofoniya” siyasəti demək olar ki, Yaxın Şərq və Afrikada müsəlman xalqlarının necə istismar olunması üzrə böyük təcrübəyə malikdir. Durumun belə həddə çatması, soydaşlarımıza olan ögey münasibət, Azərbaycanı görməzlikdən gəlmək, bizləri aşağılayan “anıt abidə”sinin ucaldılması, Fransada ilk dəfə olaraq dövlət səviyyəsində qondarma erməni soyqırımının rəsmi törənlə keçirilməsi hallarına qarşı biz hansı adekvat addımları ata biləcəyimizi ictimai səviyyədə müzakirələrə çıxarmalıyıq. Sadəcə hər şeyin hakimiyyətin nəzarətində olması doğru deyil. Fransanın demokratik şüarlarla, insan haqlarının qorunması bəyanatları ilə gözoxşayan siyasətinin ardında duran məkrin iç üzünü hamılıqla görməliyik.

Neokolonial siyasətə yox deməyin zamanıdır

Ötən yüzilin 60-cı illərində başda ABŞ olmaqla bütün Avropada sosial ədalətsizliyə qarşı çox böyük dirənişlər hərəkatı oldu. Bu gün həmin ədalətsizliyə qarşı Fransada “SARI YELƏKLİLƏR HƏRƏKATI”nın mübarizəyə qalxması dünyanı çalxalayan faktorlardan biri hesab olunur. Öz ölkəsində sosial ədaləti bərpa edə bilməyən bir dövlət inanmırıq ki, başqa dövlətlərdə ədalətli düzən tərəfdarı kimi çıxış etsin. “Frankofoniya”nın Güney Qafqaza ayaq açması əslində neokolonial siyasətin astar üzüdür. Fransada haqq-hüquq-ədalət üçün ayağa qalxan xalqla dialoq yaratmaq fikrində olmayan Emmanuel Makron iqtidarı inanmırıq ki, Güney Qafqazda ədalətli mövqü nümayiş etdirsin. Bizlərə sabun operettalarındakı kimi yağlı vədlər verməsinin də mənası yoxdur. Neokolonial siyasətin astar üzü olan “frankofoniya” əslində antitürk mövqeyi ilə içimizə daxil olmağa çalışır. Bunun üçün ilk növbədə beyinyuma siyasəti yürüdüləcək, bunun ardınca isə, öz içimizdən çıxmış sapqınları hərəkətə gətirəcəkdir. Dünyanın 54 ölkəsində “frankofoniya” məhz bu taktika ilə hərəkət edir.

Ənvər BÖRÜSOY
 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA