Əfsanəvi aktyorun oğlu bakılıları ağlatdı: “Əlbəttə, yarım il keçməmiş qayıdacağam”

Əfsanəvi aktyorun oğlu bakılıları ağlatdı: “Əlbəttə, yarım il keçməmiş qayıdacağam”

Əfsanəvi aktyorun Bakıda keçirilən yubileyində oğlu hər kəsi kövrəltdi

"Əlbəttə, yarım il keçməmiş qayıdacağam". Bazar günü məşhur sovet aktyoru, şairi və ifaçısı Vladimir Vısotskinin Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən yubiley gecəsi məhz belə adlanırdı.

Tədbirin aparıcısı və baş qəhrəmanı rusiyalı aktyor, rejissor, "Taqankada Vısotski Evi" mədəniyyət mərkəzi-muzeyinin direktoru, mərhumun oğlu Nikita Vısotski olub.

Gecədə Vladimir Vısotski yaradıcılığının pərəstişkarı olan çox sayda bakılı iştirak edib. Tamaşaçılar arasında gənc nəsildən olan insanları da görmək mümkün idi. Deməli, aktyoru xatırlayırlar və sevirlər, baxmayaraq ki, onun ölümündən düz 38 il keçib.

Концерт посвященный 80-летнему юбилею Владимира Высоцкого

Vladimir Vısotskinin yubiley gecəsi

Nikita Vısotski etiraf edib ki, gecənin adı təsadüfən seçilməyib. Onun "Əlbəttə, yarım il keçməmiş qayıdacağam" (“Ya koneçno, vernus ne proydyot i polqoda”) mahnısı Vısotskinin ölümündən sonra tamam başqa məna kəsb etməyə başlayıb.

"Atamın doğulduğu 25 yanvar tarixi ilə öldüyü 25 iyul tarixi arasında düz 6 ay, yəni yarım il fərq var. Vısotskini tanıyan çox adam onun sanki bu günlərdə yenidən geri qayıdacağını qeyd edir. Bütün verilişlərin efirlərində bu fikir səslənir, internetdə tez-tez onun haqqında yazırlar, mübahisə edirlər, özlərindən hekayələr uydururlar. Sanki o həyatdadır, yaşayır və onlara cavab vermək iqtidarındadır" - deyə Nikita Vısotski bildirir.

O, 2018-ci il ərzində təkcə Rusiyanın müxtəlif şəhərlərində deyil, eləcə də Azərbaycanda atasının yubileyinin qeyd edilməsinə çox şad olduğunu bildirib. Onun üçün Vısotskinin yubileyi ikiqat anlam daşıyır: bir tərəfdən bu, aktyorun pərəstişkarlarını sevindirir, digər tərəfdən 80 yaşın tarixi onu göstərir ki, bu dövrdə artıq bir neçə nəsil insan doğulub, onlar aktyorun yaşadığı dövrü xatırlamırlar, çünki onun ölümündən sonra dünyaya göz açıblar. Nikita Vısotski təəssüflə onu narahat edən bir şeyi paylaşıb: "Bilmirəm, atam rus mədəniyyətində, rus dilində qalacaq, yoxsa, bir çox digər aktyorlar kimi unudulacaq".

Концерт посвященный 80-летнему юбилею Владимира Высоцкого

Vladimir Vısotskinin yubiley gecəsi

"Biz atamın ölümündən 6 ay sonra onun ad gününü qeyd edəndə toplaşanların heç biri özündə deyildi. Biz onun 43 yaşını qeyd edirdik. Bu tarixin özü Vısotskinin belə tez həyatdan köçməsinin ədalətsizlik olduğunu göstərirdi. Qonaqların hamısının əlində qara güllər var idi və bütün bu gül dəstələrinin qəbiristanlıq üçün nəzərdə tutulması hamı üçün kədərli idi. Yalnız atamın yaxın dostu Vsevolod Abdulov gülümsəyirdi. O, mənə dedi ki, kədərlənmək lazım deyil, axı bu, müqəddəs gündür, dünyaya Volodyanın gəldiyi gün" - deyə Nikita Vsotski ifaçının ad gününə toplaşan bütün bakılıları bu müqəddəs gün münasibətilə təbrik edib.

Aktyor bildirib ki, yubileydə onun ifasında şeirlər, məktublar, Vısotskinin yaxın dostlarının xatirələri, eyni zamanda onun repertuarından mahnılar səslənəcək. Onun sözlərinə görə, aktyor heç vaxt elə-belə yazmayıb və elə-belə oxumayıb. Ona görə də, onun repertuarında aralıq mahnılar yoxdur. Onun bütün mahnıları əsasdır.

Daha sonra səhnəyə Andrey Vertuzayevin rəhbərlik etdiyi "KarTuş" qrupu dəvət edilib. Yubiley Vladimir Vısotskiyə həsr olunmuş "Etiraflar" (“Otkroveniya”) kompozisiyası ilə başlayıb. Gecə boyu ifaçının ən məşhur kompozisiyaları səslənib. Eyni zamanda aktyorun həmkarlarına, dostlarına yazdığı məktublar oxunub.

Никита Высоцкий

Nikita Vısotski

Vladimir Vısotskinin həyatında qadınların böyük rolu olub. Onun həyatında əsas yeri fransalı aktrisa Marina Vladi tutub. O, özünün şeirlərinin əksəriyyətini, eləcə də sonuncu şeirini aktrisaya həsr edib. Nikita Vısotski etiraf edib ki, atasının yubiley gecələrində Marina Vladini ən xeyirxah sözlərlə yad edir. Nikita hesab edir ki, Vladi Vısotski üçün çox şey edib. Ən əsası isə Vladi Vısotskinin ömrünü uzadıb.

"Onun Marina Vladi ilə əlaqələri barədə söhbətlər yayılanda heç kəs buna inanmırdı. Çünki Vladi Parisdə yaşayırdı, Vısotski isə Rusiyada. Qadın rus dilində çətinliklə danışırdı, atam isə fransızca ümumiyyətlə, heç nə bilmirdi. Marina təminatlı qadın idi, onun evi, maşını vardı. Atam isə populyarlığına baxmayaraq, teatrdan cəmi 110 rubl maaş alırdı. Onun konsertinin qiyməti 850 rubl idi. Eyni zamanda onun evi və maşını yox idi" - deyə oğul Vısotski bildirib.

Onun sözlərinə görə, Vısotski və Vladi 12 il bir yerdə olublar və hər dəfə vidalaşıb ayrılanda bilməyiblər ki, yenidən görüşəcəklər, ya yox: “Vısotski özünün sonuncu şeirini ölümündən 2 ay qabaq Parisdə Marina Vladiyə yazmışdı. Bununla da onunla vidalaşmışdı və elə bil öləcəyini bilirdi”.

Никита Высоцкий

Nikita Vısotski

Aktyorla Marina Vladinin məhəbbətinin xatirəsinə Nikita Vısotski atasının aktrisaya həsr elədiyi məşhur "Səni indi sevirəm" (“Lyublyu tebya seyças”) şeirini oxuyub.

Zaldakı tamaşaçıların çoxu bu şeiri dinləyərkən göz yaşlarını saxlaya bilməyiblər və atasının yolunu ləyaqətlə davam etdirən aktyoru ayaq üstə alqışlayıblar.

Yubiley gecəsinin sonunda Nikita Vısotski deyib: "Çox istəyərdim ki, böyük aktyorun xatirəsi hər zaman insanların ürəyində yaşasın və buna böyük ümid bəsləyirəm". \\sputnik

Loading...

QALEREYA