Fuad Poladovun sevdiyi aktyor Beynəlxalq Festivalda “İlin ən yaxşısı” seçildi

Fuad Poladovun sevdiyi aktyor Beynəlxalq Festivalda “İlin ən yaxşısı” seçildi

“Nar bağı”nın İlahəsi isə “ən yaxşı qadın aktrisa” adı aldı

Aktyor Hikmət Rəhimov “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olub.

Bu haqda aktyor öz “facebook” səhifəsində məlumat verib.

Sənətçi bildirib ki, onunla yanaşı, həmkarı İlahə Həsənova da “Nar bağı” filmindəki obrazına görə “İlin ən yaxşı qadın rolu”nun sahibi kimi ödülləndirlib: “Bu, Azərbaycan kinosunun uğurudur. Bütün heyəti təbrik edirəm. Əziyyəti keçən hər kəsə təşəkkürlər”.

Xatırladaq ki, quruluşçu rejissoru Babək Şirinsifət olan “Üçüncü günün adamı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında çəkilən film Kəlbəcər rayonundan olan bir nəfərin Qarabağ hadisələri ərəfəsində həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. Filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırır.

Rejissor İlqar Nəcəfin lentə aldığı “Nar bağı” filmi isə Anton Çexovun məhşur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Bundan öncə baş rolun ifaçısı Qurban İsmayılov “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı”nı alıb.

Filmin dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA