Generalın oğurluqda suçladığı keçmiş qaynı bəraət aldı - müstəntiq barəsində xüsusi qərardad çıxarıldı

Generalın oğurluqda suçladığı keçmiş qaynı bəraət aldı - müstəntiq barəsində xüsusi qərardad çıxarıldı

Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.

Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

“İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilən şəxsin vəkili Şəhla Hümbətova vəsatət verərək, məhkəmə istintaqının yenilənməsini istəyib.

Vəkil söyləyib ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı çıxışında ittihamı sübutlarla əsaslanmayıb.

"Müdafiə etdiyim şəxsə qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməsi barədə ittiham verilib. Amma onun cinayətdə rolunun nədən ibarət olması məlum deyil. Fərid Yusubun adı yalnız bir yerdə çəkilir ki, arvadının ölkədən qanunsuz yolla çıxarılması ilə bağlı prosesdə yaxından iştirak edib. Yəni ki, xaricdə olsa da, mütəmadi olaraq internet vasitəsilə ona məsləhətlər verib. Amma iş materiallarında isə bununla bağlı heç bir sübut, telefon və ya internet, sosial şəbəkələr üzərindən danışığı müəyyən olunmayıb"- deyə vəkil bildirib.

Vəkil əlavə edib ki, zərərçəkmiş şəxsin ibtidai istintaqa ifadələrində kifayət qədər ziddiyyətli məqamlar var və onun məhkəmədə dindirilməsi təmin edilməyib. "Buna görə də, onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz",- deyə vəkil bildirib.

Vəkik müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, F.Yusubun barəsindəki ittiham sübuta yetirilmədiyinə görə, ona bəraət verilib. Həmçinin prosessual pozuntuya yol verdiyinə görə, məhkəmə cinayət içinin istintaqının aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi barəsində xüsusi qərardad çıxarıb.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA