GƏNCƏ OLAYLARINA ZİYALILARIN REAKSİYASI

GƏNCƏ OLAYLARINA ZİYALILARIN REAKSİYASI

Əbdül Mahmudbəyov: “Son hadisələrə cəza məmurlardan başlamalıdır”

Sabir Rüstəmxanlı: “Bundan sonrakı addımlar ehtiyatla atılmalıdır”

“Gəncədə baş verən hadisələr təəssüf doğurur. Bir insan, bir ziyalı, bir ağsaqqal kimi mən də bu hadisələrdən çox narahatam. Bunu Azərbaycanı gözügötürməyən, dövlətimizə və dövlətçiliyimizə xələl gətirmək istəyənlər törədib”.

Bu sözləri kinorejissor, aktyor Əbdül Mahmudbəyov “Hürriyyət”ə açıqlamsında deyib. Son zamanlar həm Gəncədə, həm də Mingəçevirdəki hadisələrlə bağlı təəsüf hissi keçirdiyini deyən rejissor, bu məsələlərin ciddi araşdırılaraq günahkarların cəzalanacağına ümid etdiyini deyir: “Mən ruhuyla, qanıyla vətənə bağlı insanam. Müstəqillik hadisələrində mənim də qatqım var. Mən də onun uğrunda savaşmışam, bu dövləti əziyyətlərlə, böyük mübarizələrlə qurub yaratmışıq. Amma belə hadisələri görəndə çox məyus oluram. Məncə, son hadisələrdə cəza məmurlardan başlamalıdır. Bunu prezidentimiz də çıxışlarında qeyd elədi. O məmurlar ki, onlara yüksək dövləti vəzifələri etimad olunub və onlar vəzifələrindən sui-istifadə edib, min hoqqadan çıxırlar. Necə sosial gərginliklər, ictimai narazılıqlar yaradırlarsa, bu neçə vaxt davam edir. Mingəçevir, Gəncə əhvalatlarında və polis əhvalatında bunlar gəlib xırda-xırda ifşa olundular. Bu gün hamının bildiyi, tanıdığı, hamının gözünün qabağında olan bəzi məmurların davranışının məntiqi nəticəsi sözsüz ki, daha ciddi sosial məsələlərə gedib çıxır”.

Ə.Mahmudbəyovun fikrincə, Azərbaycanda prezidentin kölgəsinə girib oyun çıxaran, özlərinə yalançı karyera düzəldən məmurlar var: “Azərbaycanın mükəmməl siyasi platforması var. Biz hazırda Zaqafqaziyada, MDB məkanında öz sözünü deyən oturuşmuş bir respublikayıq. Son uğurlu hadisələr, parad, beynəlxalq dəmir yol qovşaqlarının yaradılması və s. Azərbaycanın stabil, oturuşmuş bir məmləkətə çevirildiyini bir daha göstərdi. Bu da bir daha düşməni qıcıqlandırdı. Mən dəfələrlə demişəm, o Əlikram Hümbətovlar, o sosial şəbəkələrdəkilər neçə vaxtdır gedib Ermənistanda oturublar. Ona Cənub zonasından heç kim bir münasibət bildirmir. Onun vəzifədə oturan adamları deyir ki, Azərbaycanın heç vaxt dövləti, dövlətçiliyi, tarixi şəxsiyyətləri olmayıb. Mən ona tutarlı cavab vermişəm. Tarix muzeyində biri yazıb ki, Şah İsmayıl fars hökmdarıdır. Yalançının atabatasına lənət! Bunlar hamısı - ya nadanlıqdan, ya da qəsdən törədilir. Bir misal var, “dədəm öldü, ya zəlzələdən, ya vəlvələdən”. Deməyim odur ki, bunların hamısı damcı-damcı yığılır və bizə başqa cür təxribat, siyasi güc, işğal, deportasiya, soyqırım edə bilməyən qüvvələr belə olaylar törətməyə başlayırlar. Kriminal aləmlə içimizdə doldurulan və əvvəlcədən yetişdirilən milli xəyanətkarlar, satqınlarla əlbir olub, öz proqramlarını gündəmə gətirirlər”.

Əbdül Mahmudbəyov Gəncə olayları zamanı iki polis əməkdaşının qətlindən də böyük sarsıntı keçirdiyini dedi: “Həmişə demişəm, bizə əxlaq dərsi verən böyük Avropa dövlətlərində polisin ikinci dəfə əmrini eşitməyəndə yerindəcə güllələyirlər. Mən anlaya bilmirəm, Azərbaycana qarşı icazəsiz mitinq keçirənlərlə söhbət eləmək nə deməkdir? Onlar söhbətə yarayan adamlardır, bəyəm? Adam söhbəti sözü anlayanla edər. Bunlar cinayətkar, təxribatçıdırlar. Onlarla danışmaq nəyə yarayacaq? Dövlətə, vətənə, xalqa, dinə, imana mənəviyyata, torpağa, valideyninə xəyanət edən insanlar məhv olmalıdırlar. Biz deyirik, Hitler belə, Hitler elə. Amma Hitler almanlardan ali bir nəsil yetişdirdi. Çünki o, həşəratları, xəstə təfəkkürlüləri, mundar insanları, cinayətkar ünsürlərin hamısını məhv elədi. Mən ailə-uşağımla, nəvəmlə evdən bayıra çıxa bilmirəm, nə var ki, bir kriminal ünsür, avaranın, şalvarı belindən düşən, cırıq yaxasını açıb ağzında siqaret, küçəyə tüpürən biri küçədə at oynadır. Onlar nə vətən deyil, nə vətəndaş. Onlardan bu xalqa heç bir xeyir gəlməyəcək. Ona görə də belələri haqda ciddi ölçü götürülməlidir”.

Ə.Mahmudbəyov söhbət əsnasında ziyalı, ağsaqqal və sənət adamı olaraq insanlardan belə məsələlərə həssas, vətəndaş mövqeyindən yanaşmalarını da rica etdi: “Acınacaqlısı odur ki, bu hadisələr İmamzadə şəhərində baş verir. Gəncə Azərbaycanın qədim şəhəri, cümhuriyyətin, qədim dəyərlərimizin məskəni, Nizamimizin vətənidir. Bunlar Bakıda baş verə bilməz. Elələri burda onlar at oynada bilmirlər. Çünki Bakı böyük meqapolisdir. İkinci, üçüncü dərəcəli şəhərlər bir qədər qapalıdır. Planlı şəkildə Gəncənin hədəf seçilməsi və sosial şəbəklərdə belə xəbərlərin yayılması heç də təsadüf deyil. Bu səbədən insanlarımız da belə məsələlərə diqqətli yanaşmalıdırlar. Özünə müsəlman deyən insan bu cür xəyanətlərə rəvac verərməməlidir. Şah İsmayıl Xətaiyə dedilər ki, biz dövlətimizin bərpasına başlayırıq, öncə filan düşməni, daha sonra bəhmankəs düşməni ortadan götürəcəyik. O isə deyib ki, xeyr, düşməni ortadan götürməyə içimizin təmizliyindən başlamalıyıq”.

Xalq şairi Sabir Rüstəmxanlı da Gəncədə baş verənlərə, qarşıdurmaya və sonucda iki polis zabitimizin qətlinə, qan tökülməsinə, bir xeyli günahsız insanın həbsinə çox üzüldüyünü, təəssüfləndiyini bildirir və hadisələrin təsadüf olmadığını düşünür: “Heç bir kürsü savaşı, heç bir mənsəb, var-dövlət insan həyatını əvəz edə bilməz. Son günlərin olayları hamını çətin suallar qarşısında qoyub. Şəxsən mənə işıq böhranının, Gəncə hadisələrinin Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paraddan sonra baş verməsi təsadüfi görünmür. Bu şübhələrim nə qədər əsaslıdır, demək çətindir. Kaş şübhələrim əsassız olsun...

Bu gün Gəncədəki toqquşma və iki polis zabitimizin həlak olması ilə bağlı sosial mediada xeyli yazı oxudum. İstisnasız olaraq hamı təəssüflənir. Başqa cür ola da bilməzdi. Ancaq mən təxminən 5-6 il mitinqlərdə, yürüşlərdə polislə dəfələrlə toqquşmuş bir adam olaraq bu məsələnin təxribat olmadığına inana bilmirəm. Yüzminlərlə insanın üstünə minlərlə polis gəlirdi, birinin burnu qanamırdı. Rəsmi məlumata görə, cəmi 200 nəfərlik bir mitinq keçirilib. Və kadrlardan da görünür ki, polis etirazçıların üstünə getmir, əksinə, zabitlər onların arasına polis kimi deyil, ağsaqqal kimi girirlər, əvəzində isə qətlə yetirilirlər.

Mən Gəncə icra başçısına qarşı qəsd haqqında heç nə demək istəmirəm. Yəqin ki, həmin məsələ hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılacaqdır. Elmar Vəliyevin qohumlarının, yaxınlarının hisslərini, hətta qəzəbini də başa düşürəm. Lakin bu qəzəb nə qədər sərt olsa da, onları bir sakitləşdirən olmalıydı. Bir cinayət başqa cinayətə, qanundankənar söz-söhbətə, hüquqa sığmayan hərəkətlərə yol açmamalıydı. Yəni biri od olanda, biri su olmalıdır.

Təəssüf ki, Elman Vəliyevə qarşı qəsddən sonra sanki bilərəkdən ara qarışdırmağa, iqtidarla xalq arasında münasibətləri gərginləşdirməyə xidmət edən dedi-qodular ölkəni bürüdü. Xüsusən icra başçısının ailə üzvlərinin dilindən yayılan sözlər açıq-aşkar qızışdırıcı xarakter daşıyırdı. Bu sözlər doğrudur-yalandır, fərqi yoxdur, xalq arasında hansı reaksiya doğuracağı nəzərə alınmalı və müəyyən adamların xalqa meydan oxumasının qarşısı kəsilməli idi.

Bundan sonrakı addımlar da ehtiyatla atılmalıdır. Baş verən cinayəti əsas götürüb, günahsız insanların incidilməsinə, həbsinə, təhqir edilməsinə yol vermək olmaz.

Məncə, hakimiyyət dairələri baş verən faciədən ciddi nəticə çıxarmalıdırlar. Camaatı yox saymaq, onu alçaltmaq və təhqir etmək birbaşa hakimiyyətə qarşı təxribatdır və müharibə şəraitində olan ölkəni münaqişələr bataqlığına sürükləməkdir.

Cinayət isə yolverilməzdir: hansı səviyyədə, hansı üsullarla, sözlə və ya silahla törədilməsindən asılı olmayaraq”.

Hazırladı: Altunay

Loading...

QALEREYA