GƏNCƏ VƏ NATO SAMMİTİ - Və yaxud PKK-Tehran molla rejiminin işbirliyi

GƏNCƏ VƏ NATO SAMMİTİ - Və yaxud PKK-Tehran molla rejiminin işbirliyi

Brüsselldə uluslararası güvənliyin yeni texnologiyasına 29 dövlət qatılıb...

1994, 2006, 2008 və 2009-cu illərdə NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütünlüynə dəstək verilib. Avro-Atlantik Alyansın bütün bildirilərində açıq şəkildə qeyd olunub ki: “NATO Güney Qafqazda bölgəsəl etnik bölücülüyün barış yolu ilə aradan qaldırılmalı və bölgəsəl güvənlik doğru addım atmalıdır”. Bu il iyulun 10-12-də NATO-nun zirvə toplantısına 29 dövlət qatılaraq çözülməmiş sorunların aradan qaldırılması yönündə qəti addımların atılmasında qərarlar verilməsi üçün bir araya gəliblər. ABŞ prezidenti Donald Trampın barışmaz mövqe sərgiləməsi bir sıra dövlətlərin gözlənilən rahatsızlığına əndişə yaradıb. Bu uluslararası toplantıda Azərbaycan xüsusi qaydada təmsil olunur.

Brüsselldə nələr müzakirə olunacaq?

Belçkianın başkəndi Brüsselldə NATO-nun zirvə toplantısında Quzey Atlantik Birliyinin hərbi və mülki kontingentinin 8 min nəfərə kimi artırılması, dəniz kommunikasiya sistemi və onun qorunması, NATO-ya bağlı qoşunların çevik şəkildə Avropanın güvənliyində iştirakı, vahid kiberəməliyyat mərkəzinin yaradılması və digər məsələlərlə ilgili qərarlar veriləcəkdir. NATO üzvü olmayan dövlətlər isə “Sülh naminə əməkdaşlıq” proyekytləri əsasında qatılacaqlar. NATO ilə əməkdaşlıq edən ölkələrin ümumi coğrafiyasının genişlənməsi bəzi dövlətlərin ciddi şəkildə rahatsızlığını pozacaq. Güney Qafqazda Gürcüstan və Ermənistanda vətəndaş cəmiyyətlərinin formalaşdırılması, Azərbaycanın “TransXəzər”-“TransQqafqaz” projeləri adına aparıcı gücə çevrilməsi Orta Doğunu terror eyləmləri ilə təhdid altında saxlayan İran mollakratiya rejiminin kürkünə əməlli başlı birə salıbdır.
NATO-ya bağlı “Böhran mərkəzi”nin təmsilçisi Benuya Ramarker bildirib ki: “Bu dəfə NATO zirvə toplantısı koordinasiya sisteminin texnoloji cəhətdən daha üstün səviyyəyə qaldırılması, xidmət sahələrinin əməkdaşlığının gücləndirilməsi, milli və uluslararası güvənliyin inkişafı və digər əməkdaşlıq sahələrinə önəm veriləcəkdir”.

Gəncədə PKK-Tehran molla rejiminin işbirliyi

24 iyun 2018-ci il tarixdə Türkiyədə prezident və Böyük Millət Məclisinə keçirilən seçkilər ərəfəsində Azərbaycanda yaşayan qardaş ölkə vətəndaşlarından 27.8 faiz seçicilər PKK terror örgütünün siyasi tribunası olan HDP-yə səs verdilər. Araşdırmalar sonucunda bəlli oldu ki, onların 80 faizi Gəncədə yaşayan və fəaliyyət göstərən PKK simpatizanlardırlar. 1993-cü ildən indiyə kimi Gəncəni bir sıra qiyamların nüvə mərkəzinə çevirmək ənənəsi sınaqdan keçirilsə də, sonucda milli iradə bütün bunlara son qoyub.
Xristian missionerlərindən tutmuş, sələfi-vəhabi və cəfərilik, nurçu-süleymançılara kimi dünyanın bütün antitürk təriqət və məzhəblərinin bu qədim şəhərdə beyinyuma hədəfləri elə bu gün də davam edir. Bütün yaramazlıqlardan savayı, bölgədə məmur-oliqarxiya idarəetmə rejiminin fəsadları da əhalinin yaşam düzəninə sarsıdıcı ağır zərbələrdən biri sayılır. Bu məşəqqətli, psixoloji baxımdan bütün sorunluqlarla baş-başa qalan Gəncə zamanın spınaqlarından çıxmağa cəhd edir.
Gəncə Türk Dünyasının beyin mərkəzlərindən biri sayılır. Buranın coğrafi və təbii aləmi öz enerjisi ilə genetik kodların əbədiliyinin simgəsi deməkdir. Ona görə də Azərbaycan Milli Davasının məhvərini dəyişmək üçün bunca çabalar göstərilir, milyonlar xərclənir. Yarıtmaz idarəetmə və mövhumatla süslənmiş gerizəkalı düzənin dərinləşdirilməsinə çalışılır. Bu proseslərdə aparıcı ünsür Tehran üzərindən idarə olunan mövhumatçılığa hesablanmış “İran mollakratiya rejimi”nin fəsadlarıdır. Son on ildə PKK simpatizanlarının Gəncədə peyda olması, onların yerli işbirlikçi məmur-oliqarxiya ilə tandem təşkil etməsi gerçəkdən bu günümüzün ən böyük fəlakətlərindən biridir.

 

Görünən dağın arxasındakı ormanın qaranlığı

Ölkədə demokratiyanın qıtlığı, vətəndaş cəmiyyətinin iflic duruma düşməsi, məmur-oliqarxiya idarəetmə düzəninin feodalizm prinsiplərinə söykənməsi, hərbi-polis rejiminin böyük fəlakətlərə yol açması, KİV-lərin tamamilə susdurulması daha dərin problemlərə nədən olan əsas faktordur. Belə bir boşluq mövhumatçı cameənin yaranması üçün böyük imkanlar yaradır. Bu gün Gəncə kimi ulusal dəyərlərə malik şəhər faktiki olaraq, həmin mövhumatçı və gerizəkalı bataqlığın çamurunda çabalamaq zorundadır. Bütün bunlar azmış kimi, Türkiyə, İraq, İran və Suriyadan gəlmiş PKK simpatizanların burada “peyda” olması dəhşətsaçan amillərdən biridir. Ona görə də sonucda Gəncəni gəncəlilər deyil, gerizəkalı və antitürk zümrələr idarə edirlər.
Bütün yaramazlıqlara, hüquqsuzluğa, qanunsuzluqlara və digər neqativ hallara qarşı neçə illərdir haray salan gəncəlilərin nə səsini, nə ününü bir kimsə dinləmək istəmədi. Azərbaycanın bir dövlət olaraq, strateji mövqelərinin güclənməsi, dünyanın ən iri enerji projelərinin gerçəkləşdirilməsi üçün bir sıra addımların atılması, dövlətin bütün bunları milli iradə kimi ortaya qoyması ərəfəsində yenidən Gəncə “alov”a bürünüb. Şəhər icra hakimiyyəti başçısının güllələnməsi, bunun ardınca iki yüksək çinli polis məmurunun öldürülməsi bölgənin mövhumatçı düzənlə kriminogen duruma sürüklənməsi deməkdir. Belə bir durumun NATO sammiti ərəfəsində yaranması və Azərbaycanın orada təmsil olunması gözdən qaçmamalıdır. Çünki, 2019-cu ildə TAP projesi tam gücü ilə işə düşəcək. Bu, Azərbaycanın ildə 2 milyard kub-metr doğal qazının dünya bazarına ixracı deməkdir. Daha sonra isə, qısa bir zamanda Türküstan dövlətlərinin sayəsində ildə 19 milyard kub-metr doğal qazın dünya bazarına çıxarılmasına başlanılacaqdır. Buna görə də, İran molla rejiminin və eləcə də Orta Doğuda nəhəng enerji resurslarına malik olan ölkələrin qarşısına alternativ “TÜRK AXINI” çıxacaqdır. Həmin dövlətlərdəki gerizəkalı, feodalizm prinsiplərinə söykəmli hakimiyyətlər “mövhumatçı” ideoloji prinsipləri hərəkətə gətirərək Azərbaycanın strateji mərkəzlərini terror eyləmləri baxçasına çevirmək planını işə salıblar.

Gəncəni terrorizm yuvasına çevirmək hədəfləri

Güney Qafqaza batı, doğu, quzey və güneydən baxıldığında mərkəzi Gəncə şəhəridir. Son 30 ildə Şəmkir, Qazax, Gədəbəy, Ağstafa, Daşkəsən, Samux, Goranboy, Tovuz, Tərtər, Kəlbəcər, Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco bölgələrindən buraya böyük bir köç dalğası əlavə olunubdur. Göyçə, Amasiya, Ağbaba, Vedi, Basarkeçər, Dilican, Şəmşəddin, Dərələyəz və digər bölgələrdən, Qarabağ və ətraf bölgələrdən gəlmiş məcburi köçkünlərin məskunlaşması faktiki olaraq, Gəncənin ən ağır sıxlıq məngənəsində çabalayan bölgəyə çevrilməsinə səbəb olubdur. Bunca əhalinin Gəncə və onun çevrəsində məskunlaşması, onların psixoloji, sosial-iqtisadi baxımdan ən ağır bir dönəmi yaşamaları Azərbaycan Türkünün mənəvi sarsıntılarının ayrılmaz bir parçası deməkdir. Bunca ağırlıqlara dünyanın heç bir dövləti və xalqı dayana biıməzdi. Belə bir sindromla üz-üzə qalan Gəncə digər yandan ağır sosial-iqtisadi sorunlarla baş-başadır. Unutmaq olmaz ki, harada cəmiyyətin gərilmiş həyat düzəni varsa, orada terror və mövhumat daim önə çıxar. Bəs Gəncədə terror eyləmlərinə rəvac verən kimlərdir? Nə üçün administrativ yolla, hərbə-zorba ilə hakimiyyət Gəncədə siyasət yürüdür? Nə üçün Gəncəyə və gəncəlilərə bu qədər ögey münasibət sərgilənir? Çünki, əhalinin sıx olduğu bu bölgədə sosial-iqtisadi yaşam düzəninin ağırlıqları pik həddinə çatıb. İnsanlar insan kimi yaşamaq, alnının təri ilə öz düzənini qurmaq istəyirlər. Terrorizmə nədən olan faktorların üzərinə gedilməyincə heç bir sorun çözülməyəcəkdir. Bərbəzəkli süni ağac kollarının əkilməsi, binaların ağardılması, mənasız heykəllərlə süslənən şəhər kimsəyə gərək deyil. İnsanlar bir tikə çörək tələb edirlər. Evində qazanın qaynamasını istəyirlər. Bütün bunlar yoxdursa, aclıq-səfalət, dəhşət saçan fəlakət, “mənəvi terror”un “siyasi” və “silahlı” terrorla əvəzlənməsinə gətirib çıxarır.

3-10 iyul olaylarının dərsi

Hər iki tarixdə Gəncədə terror eyləmləri yaşanıldı. Hakimiyyətdə uzun illərdir yuva salmış məmur-oliqarxiya təfəkkürünə malik olan şəbəkələr hərəkət keçərək bu müdhiş olaylardan yararlanaraq, Azərbaycan üçün tamamilə yeni olan menecer-texnokratiya adlı idarəetmə düzəninə qarşı çıxmaqdadırlar. “Sabitliyi pozmaq”, “iğtişaş törətmək”, “qanunsuz mitinq keçirmək”, “qətiyyyətli və operativ tədbirlər” tipli barələrlə terror eyləminə qarşı çıxmaqla prosesi öz mənfəətləri üçün reklama çevirmək onların ana hədəfidir. Gəncə kimi strateji mərkəzə intellektual səviyyəsi yüksək, yerli özəlliklərə sayğı ilə yanaşan, yuxarıda qeyd etdiyimiz sosial zümrələri nəzərə alan, bölgənin iqtisadi inkişafı üçün tər tökəcək kadrların hakimiyyətdə təmsil olunması gözlənilən problemlərin çözüm yoludur.
Azərbaycan ulusal davasının tanınmış simalarından olan Mirzəli Möcüz ötən yüzildə Təbrizdə bunları deyirdi: “Milli maarifçilik olmayan yerdə mövhumat və terror qoşa qanad kimi xalqın ən ağır düzəninə çevriləcəkdir”. Azərbaycan ulusal davasının ilk qaranquşu olan “Difai” Hərəkatının Gəncədəki ideoloqlarından biri kimi tanınan Nağı Bəy Şeyxzamanlı 1917-ci ildə qeyd edirdi ki: “Gəncəyə və gəncəlilərə onların öz gözü ilə baxılmayınca daim qan su yerinə axacaq. Çünki, harınlaşmış məmurlar və xalqı mənəvi baxımdan istismar edən din xadimləri bu məsələdə əsas günahkarlardırlar”.
1993-cü il iyun qiyamı, 1994-cü il oktyabr olayları və 1995-ci il mart sorunlarının mərkəzi Gəncə oldu. Bu utancverici proseslərin arxasında duran başlıca hədəf Azərbaycanın dünya birliyi ilə uzlaşması, milli dövlət olmanın sosial-iqtisadi baxımdan inkişafına qarşı yönəldilmiş dərin strateji maraqlardan ibarət idi. 2018-ci ilin qızmar iyulunda yenidən dövləti təhdid ssenarilərinin Gəncədə gündəmə gəlməsi gəncəlilər üçün üzücü olaydır.
Gəncənin yenidən dirçəldilməsi üçün dövlət iradə göstərərsə, azından iki il zaman tələb olunacaq. NATO sammiti ərəfəsində baş verən, “soyuq duş” kimi görünən bu “soyuq savaş”ın astar üzünü incləməyə çalışdıq. Gəncəli kimi biz bu terrrora qarşı olmaqla, bölgədə sosial-iqtisadi sorunların çözümü yönündə gərəkən addımların atılmasını istəyirik. Gəncə və gəncəlilər öz istedadları ilə bunları bacara biləcək gücdədirlər. Yetər ki, onlara inam olsun.

Ənvər Börüsoy, Hurriyyet.org

Loading...

QALEREYA