Göyçay rayon İcra və Probasiya şöbəsi vətəndaşı ölüm həddinə çatdırıb - ŞİKAYƏT

Göyçay rayon İcra və Probasiya şöbəsi vətəndaşı ölüm həddinə çatdırıb - ŞİKAYƏT

Nicat Həmidov: "İlqar Abdurraxmanov və müavini Hikmət Quliyevin qanunsuz hərəkətləri barədə şikayət etdiyim üçün məndən qisas alırlar"

Ölkədə baş verən qanunsuzluqlarla bağlı şikayətlər getdikcə artmaqdadır. Şikayətlər isə əsasən insan hüquq və azadlıqlarının qorunmalı olduğu məhkəmələrdən, rayon icra və probasiya şöbələrindən, polis idarələrindəndir. Hansı ki, insan haqqları daha çox bu orqanlarda qorunmalıdır. Təəssüf ki, bu gün bunun əksini müşahidə edirik. Şikayətlərdən göründüyü kimi, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində çalışan bəzi şəxslər özləri elə vətəndaşları ölüm həddinə gətirir.

"Bir qrup vəzifəli şəxs öz maddi maraqlarına görə məni uşağımın üzünə həsrət qoyublar"

Belə ki, Göyçay şəhəri Vaqif küçəsi, ev 11 ünvanında yaşayan Nicat Etibar oğlu Həmidov “Hürriyyət”ə ünvanladığı məktubda Göyçay rayon İcra və Probasiya şöbəsində üzləşdiyi qanunszuluğa görə özünü öldürmə həddində olduğunu yazır: “Bir qrup vəzifəli şəxs öz maddi maraqlarına görə məni uşağımın üzünə həsrət qoyublar. Buna görə mən özümü öldürmə həddindəyəm. Bunun isə məsuliyyəti vəzifəli şəxslərin üzərinə düşəcək. Mən mərkəzi orqanlara dəfələrlə şikayət ərizələri ilə müraciət etmişəm. Ancaq çox təəssüf olsun ki, şikayət ərizələrim icra olunması üçün mənə problem yaratmış, korrupsiyaya qurşanmış vəzifəlli şəxslərə göndərilsə də, onlar qəsdən heç bir tədbir görmürlər. Nəticədə də mənim azyaşlı uşağımla görüşməyimə maneə yaradılıb ki, bu artıq vandallıqdır, vəhşilikdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və onun müavini Hikmət Quliyevin qanunsuz hərəkətləri barədə şikayət etdiyim üçün onlar məndən qisas alırlar. Belə ki, Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin qəsdən qərəzli olaraq icra edilmədiyi üçün mən mərkəzi orqanlara şikayət ərizələri ilə müraciət etdim. Bundan sonra, Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və müavini Hikmət Quliyev gözdən pərdə asmaq üçün qarşı tərəfə, Həmidova Gülnar Vidadi qızına bildiriş göndərib, məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar olaraq görüş vaxtının 20 iyul 2019-cu il tarixə saat 10-00 təyin edilməsini qeyd edib. Mən 20 iyul 2019-cu il tarixdə saat 10-00 da Göyçay rayon İcra və Probasiya şöbəsində olsam da, qarşı tərəf, Gülnar Həmidova qərəzli olaraq ora gəlmədi. Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməsindən təkrar olaraq boyun qaçırdı. Gülnar Həmidova uzun müdətdir ki, qərəzli olaraq Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icra etmək istəmir.
Buna baxmayaraq, Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və onun müavini Hikmət Quliyev onun barəsində heç bir qanunu tədbir görmək istəmirlər. Hər dəfə ona bildiriş məktubu göndərib barəsində qanunu tədbir görüləcəyi barədə xəbərdarlıq etməklə işlərini bitmiş hesab edirlər. Çünki bu iki icra məmuru öz maraqlarını güdürlər, onları dövlət adından çıxarılmış məhkəmə qətnaməsi maraqlandırmır”.

“İlqar Abduraxmanov və müavini Hikmət Quliyev borclu Gülnar Həmidovanı açıq-aşkar müdafiə və himayə edir”

N.Həmidov Gülnar Həmidovaya göndərilmiş bildirişdə yazılanları nəzərə çatdırıb: “Bildirişdə qeyd edilib ki, “Siz “İcra Haqqında” Azərbayan Respublikası Qanununun 8-ci maddəsinə məhəl qoymamaqla 10 (on) gün könüllü müddət ərzində Həmidli Yağmur Nicat qızını tələbkar olan Həmidov Nicat Etibar oğlu ilə görüşdürməməklə, icra işini könüllü şəkildə icra etməmişsiniz. Bundan sonra, məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar olaraq Gülnar Həmidovanı 20 iyul 2019-cu il tarixdə saat 10-00 da məhkəmə binasına çağırsalar da, o, yenə də təkrar qərəzli olaraq məhkəmə qətnaməsinin icrasından boyun qaçırmışdı. Belə olan halda, Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməyən Gülnar Həmidovanın barəsində qanunu tədbir görülməlidir. Ancaq heç bir tədbir görülmür ki, bunun məsuliyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edən Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevin üzərinə düşür”.

N.Həmidov onu da vurğulayıb ki, ki, Gülnar Həmidovanın əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibini yaradır: “Artıq o, dəfələrlə məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırıb. Ona buna görə dəfələrlə xəbərdarlıq edilir, ancaq heç bir tədbir görülmür. Bu da onu subut edir ki, Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və onun müavini Hikmət Quliyev borclu Gülnar Həmidovanı açıq-aşkar müdafiə və himayə edirlər. Ona göndərilən bildirşlər isə kağız parçasından başqa bir şey deyil. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçıran Gülnar Həmidova isə cəzasızlıqdan daha da arxayınlaşıb. Mən dəfələrlə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanovun və onun müavini Hikmət Quliyevin barəsində şikayət etsəm də, onların barəsində heç bir tədbir görülmür. Onlar da borclu Gülnar Həmidovanın barəsində qanunu tədbir görmək istəmirlər. Bu isə birbaşa korrupsiya cinayətidir. Belə olan halda, Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qanuna ziddir və mən buna etiraz edirəm. Həmçinin mənim yazdığım şikayət ərizələri icra olunması üçün Göyçay Regional Ədliyyə İdarəsinə göndərilir. Onlar isə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanovu və onun müavini Hikmət Quliyevi açıq-aşkar müdafiə edirlər. Adını belə qoyurlar ki, guya, uşağım məndən imtina edir. Ancaq bu, tam yalandır. Mənim azyaşlı uşağıma keçmiş həyat yoldaşım və onun atası qəsdən psixoloji təzyiq göstərib, mənimlə görüşməsinə maneə yaradırlar. Bu isə vəhşilik və qəddarlıqdır. Onları isə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və onun müavini Hikmət Quliyev öyrədir. Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanovun 50 yaşı var. O, hələ ailə həyatı qurmayıb, subaydır. Belə adam nə bilir övlad, ata məhəbbəti nədir. Bu adamın məhəbbəti ancaq puladır”.

“İntihar edərəmsə, bunun məsuliyyəti Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi və müavininin üzərinə düşəcək”

“Azyaşlı uşağımı mənimlə görüşə gətirən zaman keçmiş qayınatam Vidadi Axmaqov azyaşlı uşağı mənə tərəf itələyib qışqırır ki, get, görüş. Bundan isə nəinki azyaşlı, hətta böyük insan da vahimələnər. Buna isə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və onun müavini Hikmət Quliyev qəsdən şərait yaradıb, göz yumurlar. Buna görə də mən artıq bu alçaqlıqlardan bezib, özümü öldürmə həddinə çatmışam. Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti birbaşa Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanovun və onun müavini Hikmət Quliyevin üzərinə düşəcək. Mən Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilməsi üçün ərizə ilə müvafiq orqanlara müraciət etmişəm. Buna görə də tam əsas var ki, Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrası başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilsin”,-deyə şikayətçi tələb edir.

“Uşağa anası və babası psixoloji təzyiq göstərir ki, mənimlə görüşməsin”

N.Həmidov “Hürriyyət” qəzeti vasitəsilə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edib: “Sizdən xahiş edirəm, Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun icra və probasiya şöbəsinə həvalə edəsiniz və Göyçay Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini dəfələrlə qərəzli olaraq icra etməyən borclu Gülnar Həmidovanın və onu himayə edən Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanovun və müavini Hikmət Quliyevin barəsində qanuna müvafiq tədbirlər görəsiniz. Uşağım məni çox istəyir. Uşağa anası və babası psixoloji təzyiq göstərir ki, mənimlə görüşməsin. Onları isə başa salan icra məmurları İlqar Abdurraxmanov və Hikmət Quliyevdir”.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Şamo EMİN

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA