Göyçaylı sahibkarlardan ŞOK müraciət - “İcra başçısının özbaşınalığının qarşısı alınmasa, kütləvi şəkildə intihar edəcəyik”

Göyçaylı sahibkarlardan ŞOK müraciət - “İcra başçısının özbaşınalığının qarşısı alınmasa, kütləvi şəkildə intihar edəcəyik”

“Mehdi Səlimzadə öz marağına görə insanları kütləvi qırğına verməyə belə hazırdır”

Göyçay rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.org-un redaksiyasına növbəti şikayət məktubu daxil olub. Məktub müəllifləri Göyçay rayon icra başçısı Mehdi Səlimzadədən şikayətçidir:

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin bazar oyunları biz sahibkarları intihar həddinə çatdırıb. “Göyçay Avtonəqliyyat" ASC-nin həyətində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətinə xitam verməyə nail olan Mehdi Səlimzadənin əsl niyyəti heç də antisanitariyaya qarşı mübarizə aparmaq deyilmiş. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Mehdi Səlimzadə antinasitariya adı ilə "Göyçay Avtonəqliyyat" ASC-də fəaliyyət göstərən bazarı bağlatdırıb, özü üçün şəhərin mərkəzində yerləşən Rəşid adlı şəxsə məxsus böyük binası olan mebel mağasasında yeni bazar açır. Hansı ki, həmin mebel mağazasının da bazar kimi fəaliyyət göstərməsi məqsədə uyğun deyil. Çünki mebel mağazası avtomobillər gur gedib-gələn ərazidə yerləşir.

Biz - kasıbçılıqla zəhmətlə bir tikə çörəyini qazanan insanlar - bu “bazar bağlayıb, bazar açma” oynundan cana doymuşuq. Mehdi Səlimzadə öz marağına görə insanları kütləvi qırğına verməyə belə hazırdır. Vəzifə hərisi, korrupsiya xəstəsi olan Mehdi Səlimzadənin yaratdığı özbaşınalığın nəticəsində ötən gün iki məktəb direktoru intihara edib. Mehdi Səlimzadənin özbaşınalığının qarşısı alınmasa, biz sahibkarlar da kütləvi şəkildə intihar edəcəyik. İnsanları intihar həddinə çatdıran Mehdi Səlimzadənin barəsində təcili və ciddi tədbir görülməlidir”.

Şikayətçilər onu da qeyd edir ki, Mehdi Səlimzadənin açacağı həmin bazarın yerləşdirilməsi nəzərədə tutulan mebel mağazasının arxa tərəfindəki böyük ərazidə olan 50 dən çox böyük şam ağacları qanunsuz olaraq kəsilərək məhv edilib: “Mehdi Səlimzadənin bu bazarına qardaşı oğlu Göyçay Gənclər Mərkəzinin müdiri Səməd rəhbərlik edəcək. Xəmiri alverlə, hər-mərciiklə yoğrulan bu əmi-qardaşoğlu öz tamahlarına görə biz sahibkarların bayramımızı qara gətimək istəyirlər. Hətta biz sahibkarlar xahiş etdik ki, heç olmasa, bayrama kimi möhlət verin, köhnə bazarda alverimizi edib, yeni ildən sonra sizin bazara köçürülərik. Buna əhəmiyyət vermirlər.

Biz mətbuat vasitəsilə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik, bizi Mehdi Səlimzadənin zülmündən xilas edin. Əks təqdirdə biz kütləvi intihar edəcəyik”.

Qeyd edək ki, məktuba aşağıdakı şəxslər imza atıb:

Abdullayev Kamil Aydın oğlu

Allahverdiyev İlqar Kamil oğlu

Əliyev Sübhan Akif oğlu

Məmmədov Əyyub Zaman oğlu

Əkbərov Zakir Nuru oğlu.

KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA