GÜRCÜ JURNALİST PUTİNİ NİYƏ SÖYDÜ?

GÜRCÜ JURNALİST PUTİNİ NİYƏ SÖYDÜ?

Jurnalistin bu əməlinin arxasında gizlin maraqlar dayanmır?

İlham İsmayıl: “Bu başlanğıcı Putin özü qoymuşdu”

Şahin Cəfərli: “Putin bu gərginlikdən Rusiyanın daha zərərli çıxacağını anladı”

Gürcüstan "Rustavi-2" Tv kanalında yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniyanın Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz sözlər səsləndirməsi üç gündür ki, dünya mətbuatının əsas gündəmidir. Doğrudur, gürcü jurnalistin Rusiya dövlət başçısını təhqir etməsi müsbət hal deyil. Nəinki hansısa ölkə başçısını, heç adi vətəndaşı belə efirdə söymək etik deyil.

Bu, dünya tarixində bəlkə də ilk belə haldır ki, hansısa dövlət başçısı televiziyada kəskin təhqir olunur. Ancaq jurnalistin Rusiya dövlət başçısını söyməsi ağılsız millətçilikdən irəli gələn bir hala da oxşamır, burada daha çox təxribat ehtimalı görünür. Çünki jurnalistin söyüşləri belə monitordan oxuduğu aydın görünür. Yəni belə hesab etmək olar ki, bu, öncədən hazırlanmış bir təxribatdır. Bu təxribatın isə elə Rusiya tərəfindən hazırlanması ehtimalı var.

Xatırladaq ki, bu hadisədən bir neçə həftə öncə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstanda parlament sədrinin stolunda oturduğu üçün ölkədən qovuldu və ondan sonra Tbilisidə Qərbpərəstlər ardıcıl etiraz aksiyaları keçirməkdə idilər. Mümkündür ki, bu təxribat məlum prosesləri kölgədə qoymaq və ölkədə Rusiyapərəstlərin fəallaşmasını təmin etmək üçün gündəmə gətirildi. Paralel olaraq hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən Rustavi-2 telekanalı da cəmiyyətdə öz nüfuzunu xeyli itirdi.

“Hər cür düşmənçilikdə bir əndazə var”

Картинки по запросу İlham İsmayıl

“Rustavi-2”də yayımlanan “P.S.” proqramının aparıcısı Georgi Qabuniyanın Rusiya prezidenti Vladimir Putini təhqir etməsi ilə bağlı keçmiş MTN zabiti İlham İsmayıl “Hürriyyət”ə dedi ki, “Rustavi-2” televiziyası daha çox Saakaşvili ilə bağlıdır: “Saakşvili ilə Putinin münasibəti təkcə Rusiya ilə Gürcüstanın münasibəti deyil. Məncə, iki fərdin arasında olan çox kəskin münasibətlərdir. Zamanında Putin deyəndə ki, mən onu bir yerindən asacam, hamı harasından asmağını bilirdi. Təbii ki, nə vaxtsa ona da bir gün bu cür etikadan, mədəniyyətdən uzaq olan cavab veriləcəkdi. Yəni bu başlanğıcı Putin özü qoymuşdu. Özü də bunu dövlət başçısı qoyub. Bir jurnalist də çıxıb bunu deyəcəkdi. Yəni məsələni birbaşa Gürcüstanın üzərinə yıxmaq təqdir olunan deyil.

Ancaq jurnalistin o cür açıq danışması çox pisdir. Bu, nəinki Rusiyaya, ruslara, birinci gürcü xalqına münasibətdi. Mən bu məsələyə təxribatdan daha çox, ağılsız millətçiliyin təzahüri kimi baxmaq istəyirəm. Bu da qəbulolunan deyil. Hər cür düşmənçilikdə bir əndazə var. O əndazəni gözləmək lazımdır. Gördüyünüz kimi, xalqın özü də bu məsələyə etiraz etdi. Bu məsələ Rusiyaya bəraət qazanmaq üçün xeyli informasiya verdi. Fakt odur ki, indiki Gürcüstan hakimiyyəti münasibətləri müəyyən mənada yaxşılaşdırmaq istəyir. O da sırf iqtisadi nöqteyi-nəzərdən istəyir ki, Gürcüstanın şərab məhsulları Rusiyada satılsın, Gürcüstan vətəndaşları Rusiyada işləyə bilsin. Bütün bunlar hamısı münasibətlərdir. Açığı, Rusiya da məsələni kəskinləşdirmək istəmir, yaxınlaşdırmaq istəyir. Amma arxa planda hamı bilir ki, Gürcüstanı Qərbdən döndərmək istəyir. O da artıq gecdir. Gürcüstan tamamilə Qərbyönümlü siyasət yürüdür, Qərb dəyərlərinə üstünlük verir. Rusiyadan çəkinirlər deyə hələ NATO-ya yaxınlaşmır. Perspketivdə bu da olacaq”.

“Mən inanmıram Gürcüstanda indiki mitinqlər Rusiya ilə yaxınlaşmağa yönəlib”

“Ancaq bu məsələni təxribat hesab edənlər var. Çünki rus deputatın Gürcüstandan qovulmasından sonra Qərbpərstlər ardıcıl mitinqlər keçirirdilər, indi Rusiyapərəstlər mitinqlər keçirirlər” dedikdə İ.İsmayıl belə söylədi: “Televiziya çıxışından sonra olan etiraz mitinqləri Rusiya ilə yaxınlaşmaq naminə deyil. Bu, aparıcının o cür danışmağının əleyhinədir. Təbii ki, orada az sayda olsa da, Rusiyapərəstlər var. Onlar Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyirlər. Orada xeyli Saakaşvilini istəməyən adam da var. Onlar bu məsələyə kəskin şəkildə münasibət bildirirlər. Yəni Rusiya ilə yaxınlaşmağa görə yox. Sadəcə, həm Saakaşvli faktoruna, həm də söz açıq şəkildə deyildiyinə görə etiraz edirlər. Mən inanmıram ki, Gürcüstanda indiki mitinqlər Rusiya ilə yaxınlaşmağa yönəlib. Hərçənd ki, Rusiya ilə münasibətlərin yaxşı olmasını istəyənlər var”.

“Putin sanki xeyirxah mələk rolunu oynadı”

“Putin hadisədən sonra Gürcüstana sanksiya tətbiq edilməsinə qarşı çıxdı. Sizcə, məqsədi nədir” sualına gəlincə, İ. İsmayıl vurğuladı ki, o, ağıllı adamdır: “Düzdür, əvvəlcə avia reysləri dayandırdı. Bundan sonra, Gürcüstana gələn turistlər çətin vəziyyətə düşdülər, gəlməkdən imtina edənlər də çox oldu. Ancaq o, sanskiyalar tətbiq ediməsinə qarşı çıxdı. Putin sanki xeyirxah mələk rolunu oynadı. O üzdə olan bir məsələdir. Əslində, o, Gürcüstana sanksiyaları daha da sərtləşdirsəydi, Gürcüstan xalqında bir rəğbət yaratmazdı. İndi isə özünə bir rəğbət yaratdı. Amma bunun arxasında çox mənfi planları var. Heç də yaxşı mənada deyil”.

“Gürcüstan Qərb yolunu davam etdirəcək”

İ. İsmayılın fikrincə, Rusiya-Gürcüstan arasında xüsusi bir gərginlik olmayacaq: “Gürcüstanın tutuduğu əsas strateji təhlükəsizlik yolu Qərbə tərəfdir və Qərb yolunu davam etdirəcəkdir. Bu halda isə Rusiya hər cürə təxribatlara çalışacaq ki, münasibətlər kəskinləşsin və Gürcüstanı istisadi cəhətdən çökdürməyə çalışsın. Təbii ki, Qərb də buna imkan verməyəcək. Hesab edirəm ki, xüsusi gərginlik yaranmayacaq. Yəni fikirləşsək ki, Abxasiya, Osetiya cəbhəsində nəsə bir şey yaranacaq, yox, olmayacaq”.

““Gürcüstan artıq bitdi” gözləntiləri növbəti dəfə özünü doğrultmadı”

Картинки по запросу Şahin Cəfərli

Politoloq Şahin Cəfərli isə qeyd etdi ki, Putin söyüş qalmaqalından sonra Gürcüstanla münasibətləri istiləşdirməyi qərara aldı: “Yeni sanksiyaların tətbiqindən vaz keçildi, hazırda təyyarə reyslərinin təkrar bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi müzakirə edilir. Rusiya “asacaq”, “kəsəcək”, “Gürcüstan artıq bitdi” gözləntiləri növbəti dəfə özünü doğrultmadı. Çünki Putin bu gərginlikdən Rusiyanın daha zərərli çıxacağını, son illər Gürcüstan üzərində əldə etməyə başladığı təsir imkanlarını tamamilə itirəcəyini, əlaqələri qoparmağın Gürcüstanın Ukrayna ilə bərabər Rusiya sərhədlərində, Qara dənizdə Amerikanın bastionuna çevrilməsi prosesini daha da sürətləndirəcəyini və bu seçimin alternativsiz hala gələcəyini anladı”.

“Gürcüstan və Ukraynanın keçmiş metropoliyadan qopması prosesi sancılı gedir”

Politoloq onu da nəzərə çatdırdı ki, Gürcüstan-Rusiya münasibərləri ilə paralel son günlər Ukrayna-Rusiya münasibətlərində də gərginlik artıb: “Zelenski gözlənilməz şəkildə Moskvanın ölkə daxilindəki şəbəkəsinin üzərinə yeridi. Gürcüstan və Ukraynanın keçmiş metropoliyadan qopması prosesi sancılı gedir. Hazırda Moskvanın bu ölkələri əldə saxlamaq üçün göstərdiyi çabalar hərəkətə gəlmiş qatarın son vaqonuna özünü çatdırıb, stop-kranı çəkmək cəhdinə bənzəyir”.

Şamo EMİN, Hurriyyet.org