Gürcüstan müxalifətinin fasiləsiz mitinqləri nə vəd edir?

Gürcüstan müxalifətinin fasiləsiz mitinqləri nə vəd edir?

Qabil Hüseynli: “Vaşadzenin bu prosesi idarə edə biləcəyinə şübhəm var”

Gürcüstanda yeni prezident Salome Zurabişvlinin andiçməsindən və 2017-ci ildə həyata keçirilmiş Konstitusiya dəyişikliklərinin qüvvəyə minməsindən sonra “Güc birlikdədir” müxalif birliyi dekabrın 18-dən etibarən fasiləsiz etiraz aksiyalarına başlayacağını bəyan edib.

Qeyd edək ki, yeni Konstitusiyaya görə 2023-cü ildən etibarən Gürcüstan prezidentini seçki kollegiyası seçəcək, 2020-ci ilə qədər majoritar sistem saxlanılacaq, lakin siyasi partiyaların parlament seçkiləri üçün birləşməklə bağlı bir imkanı olacaq, 2024-cü ildən isə ölkə proporsional sistemə keçəcək.

Gürcüstan müxalifətinin isə fasiləsiz aksiya keçirməkdə məqsədi proporsional sistemə keçidin 2024-cü ildə deyil, qarşıdakı parlament seçkilərində təmin olunmasıdır. Müxalifət bununla parlamentdə daha çox səsə nail olmağa və yeni hökuməti qurmağa çalışır. Amma buna mövcud iqtidar imkan verəcəkmi, bunu öncədən söyləmək çətindir. Artıq bu məqsədlə Tiblisidə parlament binasının qarşısında çadırlar qurulub. Göründüyü qədər Gürcüstanda proseslər gərginləşməyə doğru yön alıb. Həmçinin “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub ki, bu vəziyyəti daha da gərginləşdirə bilər.

Nəzərə çatdıraq ki, D.Kirkitadze Kaxetidə saxlanılaraq, barəsində cinayət işi açılıb. Kirkitadze yeni prezident Salome Zurabişvilinin inauqurasiyası zamanı müxalifətin keçirdiyi etiraz aksiyasında polis əməkdaşlarına xəsarət yetirməkdə təqsirli bilinir.

Müxalifətin keçmiş prezidentliyə namizədi Qriqol Vaşadze aksiyaların dinc və qanun çərçivəsində olacağını desə də, buna inanmaq çətindir. Çünki Vaşadze növbədənkənar parlament seçkiləri təyin olunmayanadək aksiyalara bir gün belə ara verilməyəcəyini söyləyib ki, bu da Gürcüstanda prosesləri daha təhlükəli məcraya yönəldə bilər. Amma bundan sonra proseslər hansı yöndə inkişaf edəcək, bunu indidən demək olmur.

“Gürcüstan üçün təhlükə var”

Картинки по запросу Qabil Hüseynli

Gürcüstanda başlayan aksiyaları şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, belə aksiyalar həmişə təhlükəli olub: “Belə aksiyaları müəyyən bir sərhəd daxilində qoruyub-saxlamaq o qədər də asan deyil. Müxalifətin seçki qanuvericiliyinin dəyişidirilməsi və Avropa standartlarına uyğundlaşdırılması tələbi var. Onu həyata keçirmək uğrunda onların mübarizə aparmasını qəbul etmək olur. Amma bütövlükdə belə aksiyalar çox təhlükəli bir şeydir. Bu, ehtirasları qaldıran, kütləni coşduran formadır. Bu nöqteyi-nəzərdən Vaşadzenin bu prosesi idarə edə biləcəyinə, gücü çatıb-çatmamasına müəyyən şübhəm var. Belə halda Gürcüstan üçün təlükə var. Görək, Vaşadze posesləri idarə edə biləcək, ya yox”.

“Aksiyaların xalq hərəkatına cevriləcəyini zənn etmirəm”

“Gürcü Arzusu”nu qorxudacaq səviyyədə xalq hərəkatı ola biləcəyini təsəvvür etməyən politoloq dedi ki, hazırda qış fəslinin olması da diqqətdən qaçmamlıdır: “Ondan əlavə də Vaşadzenin Saakaşvili kimi emosional bir siyasətçi olmadığı məlumdur. Deyirsiniz çadırlar qurulub. Ancaq gecə bu çadırlarda cəmi 10-15 nəfər qalıb. Bunun bütövlükdə xalq hərəkatına cevriləcəyini zənn etmirəm”.

“Buna nail olmaq mümkündür”

“Gürcüstan müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsini, seçki sisteminin və Seçki Administrasiyasının (MSK) dəyişməsini tələb edir. Gürcüstan müxalifəti buna nail olacaqmı” sualını Q. Hüseynli belə cavab verdi: “Çətin görünür. Amma buna nail olmaq mümkündür. Mənim zənnimcə, Qərb ölkələri müxalifətin bu arzusunu dəstəkləyir. Əsas maneə Bidzina İvanişvili və onun ətrafına toplanmış müəyyən qruplaşmalardır. Gürcüstan müxalifəti Qərblə əlaqələri qura bilsə, seçki qanunvericliyinin dəyişdirilməsinə nail ola bilər”.

“Seçkidən sonra ehtiraslar soyuyur”

Q. Hüseynlinin fikrincə, “Vahid Milli Hərəkat” Partiyasının liderlərindən olan David Kirkitadzenin həbsi seçkiyə qədər olsaydı, həddindən artıq emosionallıqla qarşılanardı: “Seçkidən sonra ehtiraslar soyuyur, əhali yemək üçün ora-bura qaçır. Ona görə də bu hadisə müxalifətin aktiv hissəsinə emosional təsir göstərə bilər, amma bütövlükdə cəmiyyətə emosinal təsir göstərə bilməz”.

“Kütlə öz qəhrəmanını qarşısında görmək istəyir”

Gürcüstan müxalifətinin başında dayanan “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Mixail Saakaşvili hadisələrə təsir göstərməsinə gəlincə, politoloq dedi ki, Saakaşvilinin audio müraciətləri əhali arasında yayılır: “Bu kütləni ayağa qaldırmaq üçün yetərli deyil. Kütlə öz qəhrəmanını qarşısında görmək istəyir. Ona görə də mən inanmıram ki, Saakaşvili Holandiyada oturub, Gürcüstandakı milli hərəkatı idarə edə bilsin”.

Q. Hüseynli hesab edir ki, bundan sonra proseslər qüvvəsinin itirəcək, yavaş-yavaş sakitliyə doğru gedəcək: “Amansız mübarizə yolunu nə müxalifət seçəcək, nə də əhali ona gedəcək”.

“Müxalifətin sosial bazası zəifəyəcəksə...”

“Yəni müxalifət hakimiyyətlə barışa bilər” deyə sual etdikdə Q. Hüseynli belə dedi: “Əgər getidkcə müxalifətin sosial bazası zəifəyəcəksə, bunu da istina etmirəm. Onda neynəmlidir, qılınca çapmalı deyil ki. Yəni başqa variantları seçmək məcburiyyəti qarşısında qalacaqlar”.

“Əsas məsələ parlament seçkilərində qalib gəlməkdir”

Картинки по запросу Şahin Cəfərli

Politoloq Şahin Cəfərli isə qonşu ölkədə yeni mərhələnin başlandığını düşünür: “Gürcüstanda prezident seçkilərindən sonra yeni bir siyasi mərhələnin başlandığını söyləyə bilərik. Hazırda yaranmış gərginlik və Qriqol Vaşadzeni dəstəkləyən “Güc birlikdədir” blokunun etiraz aksiyaları da məhz bu yeni mərhələ ilə əlaqədardır. Bunu birləşmiş müxalifətin irəli sürdüyü və digər müxaliflər tərəfindən dəstəklənən tələblərə nəzər saldıqda asanlıqla anlamaq olur. Onlar növbədənkənar parlament seçkilərinin keçirilməsini, seçki sisteminin və Seçki Administrasiyasının (MSK) dəyişməsini tələb edirlər. Yəni ötən prezident seçkiləri ilə bağlı hər hansı tələb yoxdur. Mən bunu çox düzgün taktika sayıram, çünki keçmişdə ilişib qalmaqla müxalifət heç nə əldə etməz, əksinə, itirər. Prezident artıq yeni qüvvəyə minən konstitusiya dəyişiklikləri nəticəsində tamamilə simvolik bir fiqura çevrilib, ölkədə tam parlament üsul-idarəsi bərqərar olub. Ona görə də əsas məsələ məhz parlament seçkilərində qalib gəlməkdir, hakimiyyət dəyişikliyi, sadəcə, bu yolla baş verə bilər. Bu səbəblə müxalifət indi bütün gücünü qarşıdakı parlament seçkiləri öncəsi əlverişli start vəziyyəti qazanmağa yönəldib. Növbədənkənar seçki tələbi böyük ehtimalla reallaşmayacaq, zatən seçkiyə az müddət - cəmi 2 il qalır, bu isə o deməkdir ki, 1,5 il sonra seçki kampaniyası başlayacaq. Belə olan halda, erkən seçki tələbi məntiqli görünmür. Amma seçki sisteminin dəyişdirilməsi çox zəruri, hətta müxalifət üçün həyati məsələdir. Çünki hazırkı yarı majoritar, yarı proporsional sistem iqtidardakı qüvvə üçün sərfəlidir. Sirr deyil ki, birmandatlı dairələrdə hakimiyyət namizədləri qələbəyə daha yaxın olurlar, çünki inzibati resurslardan, dövlət gücündən gen-bol faydalanırlar. Hətta çox vaxt seçki günü saxtakarlığa ehtiyac qalmır, yerli iqtidar sahibləri seçiciləri pul, ərzaq yardımı və digər üsullarla ələ alıb, seçkinin taleyini seçkidən əvvəl həll edirlər. Ona görə də müxalifət tələb edir ki, qarşıdakı seçkilər tam proporsional sistem üzrə keçirilsin. Əslində konstitusiya dəyişikliyinə əsasən Gürcüstan məhz bu sistemə keçib, lakin bu dəyişiklik 2024-cü ildən qüvvəyə minəcək. Müxalifət istə bildirir ki, bu qədər gözləmək məntiqsizdir və yeni sistemi qarşıdakı seçkidən etibarən tətbiq etmək lazımdır. Yəni hazırda mübahisə, mübarizə məhz bu məsələ ilə bağlıdır. “Gürcü Arzusu” güzəştə getmək istəmir, çünki tam proporsional seçkidə təkbaşına qələbə şansının olmadığını bilir. Gürcüstanda hakimiyyətdən narazılıq üçün səbəblər yetərincədir, amma inqilab üçün əsas yoxdur”.

“Çadırlar daha çox simvolik xarakter daşıyır”

Politoloq Gürcüstanda etirazçıların qurduğu çadırların simvolik xarakter daşıdığını da qeyd edir: “Mən müxalifətin inqilab etmək kimi bir hədəfi qarşıya qoyduğuna inanmıram və bunun üçün kifayət qədər resursa malik olduğuna şübhəm var. Rustaveli prospektində qurulan çadırlar daha çox simvolik xarakter daşıyır, ötən gecə orada cəmi 10 nəfər qalıb. Müxalifət, sadəcə, iqtidara təzyiqi artırır ki, parlament seçkilərinin daha demokratik və bərabər rəqabət şəraitində keçirilməsinə nail olsun. Çünki bu halda, ölkədə seçki yolu ilə hakimiyyət dəyişikliyinin baş verməsi realdır. Gürcüstanda sərbəst toplaşma azadlığı təmin olunur. Müxalifət paytaxtın mərkəzi küçə və prospektlərində aksiya keçirə bilir, bunun üçün hər hansı maneə yoxdur. Birləşmiş müxalifətin son qərarına görə, etirazlar permanent, yəni fasiləsiz olacaq. Bu qərar problemi həm ölkə ictimaiyyətinin, həm də Gürcüstan daxili siyasətinə real təsir imkanları olan Qərb çevrələrinin diqqətinə çatdırmaq, onlardan dəstək almaq baxımından doğru qərardır. Aksiyalar qanun çərçivəsində davam etdiyi müddətdə hakimiyyətin müdaxiləsi olmayacaq. Müdaxilə o zaman ola bilər ki, nəqliyyatın hərəkətinə əngəl yaradılsın, şəhər həyatı, dövlət orqanlarının fəaliyyəti iflic edilsin, ictimai asayişə təhlükə törədilsin və s... Hələlik belə hallar yoxdur və bu cür aksiyalar hakimiyyət üçün təhdid yaratmır. Eyni zamanda aksiyalar hələ ki çoxsaylı deyil. Yəni “Gürcü Arzusu”nu qorxudacaq səviyyədə bir xalq hərəkatı müşahidə olunmur”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA