Gürcüstan Prezidenti Qaxda məktəb və kilsəyə baş çəkdi - YENİLƏNİB

Gürcüstan Prezidenti Qaxda məktəb və kilsəyə baş çəkdi - YENİLƏNİB

Gürcüstan prezidenti xanım Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.

Hurriyyet.org xəbər verir ki, Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib.

Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırılıb ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.

Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.

Gürcüstan Prezidentinə məlumat verilib ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir.

Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzulayıb.

Bundan sonra, Salome Zurabişvili Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verilbi. Bildirilib ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Salome Zurabişvili kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

Ali qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir.

***

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gəlib.

Hurriyyet.org xəbər verir ki, Gürcüstan Prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstan Prezidenti Qaxa getdi- FOTO

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA