Gürcüstanda anti-islam ovqatını kimlər gündəmə gətirir? - Yaxud Azərbaycan və Türkiyənin hədəfə alınmasının arxasında hansı maraqlar dayanır?

Gürcüstanda anti-islam ovqatını kimlər gündəmə gətirir? - Yaxud Azərbaycan və Türkiyənin hədəfə alınmasının arxasında hansı maraqlar dayanır?

Son bir ildə Gürcüstanda ictimai fikri yayındırmaq, ölkəni demokratik dövlət modelindən ayırmaq üçün bir sıra hədəflər sərgilənməkdədir. Belə ki, qonşu dövlətlərə, özəlliklə Azərbaycan və Türkiyəyə qarşı təbliğatların miqyasının artması acı bir gerçəklikdir. Saxtakarcasına “xristian təəssübküşliyi” görüntüsü yaratmaqla Gürcüstanda “anti-türk” və “anti-islam” faktorları qabardılmağa çalışılır. Guya “Gürcüstana islamçı ekspansiya” güclü təsir imkanlarını yaradıb.

Bu problemləri kimlər önə çəkərək su bulandırmağa çalışırlar?

Azərbaycan Gürcüstanın dövlət müstəqilliyinə qovuşduqdan indiyə kimi bütün imkanları ilə bu ölkəyə qardaş dəstəyini verib. Türkiyə bir çox təsisatlar quraraq Gürcüstanı iflasdan qorumaqda kömək olub. Bütün bunları görməzlikdən gəlmək heç də doğru addım deyil.

“Anti-türk” siyasətin dalğasında yer alan “dotasiya” hədəfləri

Dövlətlərarası çağdaş münasibətlər heç də tarixin zibilliyində ilişib qalmış anlamlar üzərində köklənmir. Fransa ilə İngiltərə arasında 1337-1453-cü illərdə yaşanılan “100 illik müharibə”nin acılarını hər iki xalq çoxdan unudub. Osmanlı dönəmində yaşanılan Balkan savaşları tarixi bolqar, serb, makedon, alban, xorvat, slovak, çex və digər xalqlar tərəfindən bu gün süni şəkildə qabardılmır. Fransız və italyan, ispan və fransız, alman və rus xalqları arasında dəhşətsaçan müharibələr olub. Tarixin acı həqiqətinə görə indiki xalqların heç bir günahının olmadığı dilə gətirilir. Almaniyada məktəb şagirdlərini diktator Adolf Hitlerin II Dünya Savaşı dönəmində qaz sobalarında insanları necə yandırdığı və həbs düşərgələrində insanlıq əleyhində cəza texnikaları ilə tanış edərək, bir daha alman xalqının bu vəhşətləri təkrar etməməsi təbliğ olunur. Gürcüstan isə orta əsr feodallarının öz mənfəətləri üçün apardıqları qanlı savaşları kinli şəkildə qabartmaqdadır.
Keçmiş baş nazir Mamuka Baxtadze nə qədər ki, hakimiyyətdə idi, demokrat cildinə bürünmüşdü. Elə ki, istefaya göndərildi, gürcü xalqına tarixdə kimlərin “əzab” verdiyini süni şəkildə qabartmağa çalışır. Onun sayıqlamalarını erməni media-holdinqi tərəfindən idarə olunan “Sputnik-Gerogia” saytı təbliğata çevirib. Guya Türkiyə Gürcüstanda islamçı ekspansiya siyasətini yürüdür. Gürcü kilsəsi tərəfindən ənənəyə çevrilmiş “Didqoroba” xalq bayramında çar David Aqmaşenebelini bəhanə edərək, keçmiş feodallar kimi öz şəxsini qabartmağa çalışaraq, “Cənubi Qafqazda Türkiyə ekspansiya siyasətini yürüdür. Acarıstan, Ahısqa, Borçalı və Kaxetiya regionları Türkiyənin inhisarı altındadır. Bu bölgələrdə yumşaq siyasət yürütməklə din, iqtisadi və təhsil sektorunu nəzarətə alıb. Kaxetiya və Borçalı vilayətlərində yaşayan azərbaycanlılar üçün Türkiyənin MİT-nə bağlı TİKA humanitar dəstək verməklə güclü təməllərini qurur” açıqlamasını verib. Halbuki Mamuka Baxtadze baş nazir işlədiyi müddətdə Türkiyə ilə isti münasibətlərin tərəfdarı kimi çıxış edirdi. İndi Türkiyə əleyhində çıxış etməsinin digər səbəbi bu ölkənin dotasiya sayəsində mövcudluğunun gizlinlərinə işarə etmək zorunda qaldığını dolayı yolla etirafıdır.

Çarlıq Rusiyası, Sovetlər Birliyi və ötən yüzilin 90-cı illərindən sonra əldə etdiyi müstəqillik dönəmində dotasiyalı bölgə kimi, üzünü gah region dövlətlərinin “mehriban qonşuluğu”na, gah da “avropalaşmaq” hədəfləri çərçivəsində Qərbə tərəf tutmuşdur. Gürcüstanın bu gün öz problemlərini həll etmək yönündə “xristian təəssübkeşliyi”ni yenidən qabartmasının əsil səbəbi budur. Ona görə də Qərbdən yeni dotasiya dalğasının yönünü dəyişdirməsi üçün, “Ölkə əhalisinin 10 faizi müsəlmandır. Ancaq onlar bizdən daha sürətlə təsir imkanlarını artırmağa başlayıblar” tipli mövzuları qabartmağa cəhd edirlər: “Mədəni və humanitar ekspansiya Gürcüstanı “xristian dövləti” olmaqdan uzaqlaşdırır”. Bu hədəfləri gürcü siyasətçiləri sərgiləməklə yanaşı, ermənilər də fürsətdən istifadə edərək alovu körükləmək üçün bütün informasiya şəbəkələrini hərəkətə gətiriblər.

FETÖ-nun dayaqları hələ də Gürücüstanda möhkəmdir

Din, təriqət və məzhəb adı altında nəinki Türkiyədə, digər dövlətlərin ərazilərində bir zamanlar geniş imkanları ilə hərəkət edən Fətullah Gülən və onun nurçu cameəsi bu gün Türkiyə və Azərbaycanda, digər dövlətlərdə iflasa uğrayıblar. Ancaq onların Gürcüstanda dayaqları çox güclüdür. “FETÖ” örgütü kimi bilinən bu təşkilat Borçalıda sünnü əhali arasında humanitar siyasət adı altında dayaqlarını qurmaqla, azərbaycanlı əhalini bu gün “nurçu”, “süleymançı” və “sələfi” kəsimlərinə bölmüşdür. Onların bir çoxu 2002-ci ildən sonra səfərbər olunaraq İraq, Suriya, Yəmən, Oman və digər Yaxın Şərq ölkələrində yaşanılan vətəndaş savaşlarında iştirak ediblər. Özəlliklə də “Hüzur” adlı təşkilat Borçalı bölgəsi ilə yanaşı, Acarıstan, kistin-çeçenlərin yaşadığı Əhməd rayonu Panikisi vadisi boyunca şəbəkələşmə sistemini qurmuşdu. Gəncləri təhsil almaq adı ilə Misir, Türkiyə, Suriya və digər ölkələrə apararaq, onları radikal dini təlim mərkəzlərində yetişdirirdilər. Bir qədər bilgili gənclərə isə, yüksək təhsil verərək onların Gürcüstanda iqtisadi sahələrdə yerləşdirirdilər. Türkiyədə fəaliyyət göstərən İHH təşkilatının uzantıları da FETÖ çetesinə bağlı idi. Ölkənin ikinci ən böyük şəhəri olan Rustavidəki “Çağlar” təhsil qrupunun əsas funksiyası “nurçuluq” təliminin erkən yaşlarında azərbaycanlılar arasında yaymaq olub. Məqsəd Türkiyə-Gürcüstan-Azərbaycan münasibətlərində bu kadrların önə çəkilməsi idi.

Təəssüflər olsun ki, Gürcüstanda FETO-nun qurmuş olduğu “nurçu çetesi” hələ də fəaliyyətlərini davam etdirir. Bu yöndə günahın bir ucu da elə Gürcüstan hökumətinin payına düşür. Belə ki, ölkə vətəndaşı olan azərbaycanlılara münasibətdə hələ də “ikili” standartlar tətbiq olunur. Soydaşlarımızın öz mədəni təsisat və digər elmi-hüquqi mərkəzlərini qurmaqda problemlər yaradılır.

Gürcüstana ən çox yatırım qoyan qonşular

Azərbaycan və Türkiyə Cənubi Qafqaz regionu olaraq və “Yeni İpək Yolu” proyektləri əsasında Gürcüstana milyardlarla dollarlıq yatırımlar qoyub. 2007-ci ildə Türkiyənin “TAV Airports Holdings” Tiflis və Batumidəki aeroportları ya yenidən qurmuş, ya da tam yeni hava limanı inşa edib. Hər iki hava limanında çalışanların çoxu gürcü vətəndaşlardır.
Gürcüstan siyasətçilərinin çoxu etiraf edir ki, ölkədə kardinal dəyişikliklər olmalıdır. Bu nəcib təşəbbüsdən yararlanan bəzi siyasi çevrələr ölkədəki əsas problemlərdən yan keçərək, yenə də diqqəti “müsəlman” əhalisinə qarşı yönəltməyə çalışır. Bu barədə “qruzinform.ge”, “edaily.com”, “regnum.ru”, “ok.ru”, “yerkramas.livejournal.com”, “ria.ru”,
“new9.ru”, "blog.sololaki.ru", "imag.one" və digər informasiya mərkəzlərinin gündəmə gətirdikləri təhlillər sübut edir ki, Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə salmaq istəyən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən ermənilərdir. Onlar müxtəlif imzalarla və ya anonim şəkildə problemləri qabartmaqla ictimai fikri azdırmaq hədəfini sərgiləyirlər. Guya Azərbaycan və Türkiyə Gürcüstanda dolayı yolla ekspansionist siyasət yürüdür.

Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Gürcüstan və Rusiyadakı bəzi informasiya resursları Türkiyə-Gürcüstan münasibətlərinə kölgə salan mövzuların əsas istinad mənbəyi “Sputnik Media Holding”ə məxsusdur.
Türkiyə Batumidə və Acarıstanın bir çox bölgələrində yeni fabriklər, mağazinlər, otellər, restoranlar inşa edib. Yerli turizmin inkişafı sayəsində Gürcüstanın büdcəsinə ildə milyardlarla dollar gəlir gətirilir. Bu prosesin Ahısqa vilayətində inkişaf etdirilməsi ölkənin dağ turizminin sürətli inkişafı deməkdir. Bütün bunları görməzlikdən gələrək və “amandır Gürcüstan islamlaşdırılır” haray-həşirini salmaq sadəcə erməni təbliğatının ənənəsi deməkdir. “Gürcü Marşı” hərəkatının lideri Sandro Breqvadze seçkilər zamanı erməni vətəndaşların səsini qazanmaq üçün məcburi şəkildə anti-Türkiyə çıxışlarını edib. O, bildirib: “Türkiyə Gürcüstanda qara bazarın inkişafı ilə yanaşı, bu prosesi nəzarətə alıb. Qanunsuz miqrantlar, fahişə trafiki və s. buna nümunədir.”
Gürcüstan parlamentinin keçmiş deputatı Dmitri Lortkipanidze isə bildirib ki, “Mixeil Saakaşvilinin hakimiyəti dönəmində Türkiyənin ekspansiyası daha da sürətləndi”. Halbuki, Gürcüstanda bu dönəmdə əhali ən ağır şərtlər içində yaşayırdı. Ölkənin enerji sektoru iflasa uğramışdı. Təkcə Acarıstanda Su Elektrik Stansiyalarının inşasına 2015-ci ildə 107.5, 2016-cı ildə 135.6, 2017-ci ildə 52.3 milyon dollar yatırım qoyub. Bununla yanaşı, Tiflis, Kutaisi, Rustavi, Telavi, Zuqdudi və digər şəhərlərdə də Türkiyənin biznes sektoru yatırımlar qoyub.


2018-ci ildə Azərbaycan Gürcüstana 240 milyon dollar yatırım qoyub. Ümumilikdə son illərdə Azərbaycan tərəfinin qonşu ölkəyə qoyduğu yatırımların miqyası 2006-cı ildən bu yana hər il artmaqda davam edir. Gürcüstanın iri neft və neft məhsulları anbarı sayılan “Kulevi”yə 40 milyon, “SOCAR Energy Georgia" şirkətinin 22 rayonun qazlaşdırması, Gürcüstan iqtisadiyyatının inkişafına 400 miolyon, “Marabda-Kartsaxi Dəmir Yolu”nun yenidən qorulmasına 200 milyon, Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri, Bakı-Tiflis-Ərzurum Qaz Boru Xətti, Bakı-Tiflis-Qars Dəmir Yolu və digər beynəlxalq əhəmiyyətli layihələrin inşasına Azərbaycan tərəfi miyonlarla dollarlıq vəsait xərcləyib. Təkcə dəmir yolları sektoruna 600 milyon dollar yatırım qoyulub.
Bütün bunları görməzlikdən gələrək, saxtakarcasına “müsəlman” faktorunu qabartmaqla əslində dolayı yolla Azərbaycan və Türkiyəyə qarşı nifrət püskürmək Gürcüstana heç bir zaman xeyir gətirməyəcək. Demokratiyanın gətirdiyi fikir və düşüncə azadlığından yarar əldə edərək gerçəkliklərin üzərindən xətt çəkmək olmaz. Gürcüstan tərəfi yaxşı olardı ki, Ermənistanın Tiflislə bağlı siyasətlərini açıqlasın. Ermənistan Gürcüstahnda xüsusi apostol kilsəsi açmaq istəyir. Ermənistan nazirlər kabineti yanında fəaliyyət göstərən və Gürcüstana qarşı əarzi iddialarını sərgiləyən “Erməni Cevaxhk Respublikası” ideyası ilə hərəkət göstərən “Cevaxhk” təşkilatını maliyyələşdirir. Bundan əlavə, Gürcüstanda bir çox təsisatlarını yaradıb. Bütün bunlar Gürcüstanın bir dövlət olaraq, iflasa uğradılması siyasətinə xidmət edir. “Abxaziya” və “Cənubi Osetiya” kimi etnik separatizm siyasətində ermənilərin “Marşal Baqramyan Ordusu”, “Krunk” könüllüləri və “Erməni İntiqamçı Gəncləri” silahlı qrupları gürcü xalqına qarşı XX əsrin sonunda törətdiyi soyqırımı necə unutmaq olar? Bu gün Gürcüstanın informasiya məkanında at oynadaraq, xalqları üz-üzə qoyan da elə ermənilərə məxsus informasiya şəbəkəsidir. Azərbaycan və Türkiyəni hədəfə alaraq, islam faktorunu süni şəkildə qabartmaq kimsəyə xeyir gətirməyəcək. Bunu gürcü dostlarımız diqqətə alsalar, daha yaxşı olardı.

Ənvər Yusifoğlu, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA