Gürcüstanda azərbaycanlıların mədəniyyəti qadağan olunur: pərdə arxasında Bidzina İvanişvili var - ARAŞDIRMA

Gürcüstanda azərbaycanlıların mədəniyyəti qadağan olunur: pərdə arxasında Bidzina İvanişvili var - ARAŞDIRMA

Gürcüstanda yaşayan azərbaycanlıların sayı ölkədə 2014-cü ildə aparılmış son siyahıyaalmaya görə, 233 min nəfərdir. Soydaşlarımız qonşu ölkə əhalisinin 6,3%-ni təşkil etməklə, say baxımından ən böyük milli azlıqdır. Ölkədə sayca ikinci böyük milli azlıq ermənilərdir. Onların sayı 168 100 nəfər olmaqla, ümumi əhalinin 4,5%-ni təşkil edir.

Bu baxımdan Gürcüstanın Azərbaycan və erməni icmasının hazırkı durumu, fəaliyyəti, mədəniyyətinin qorunması və digər aspektlər baxımından müqayisəli təhlilini aparmaq məntiqli olar.

Əvvəli bu linkdə: (http://hurriyyet.org/xeber/gurcustan_hokumetinin_ermeni_sevgisi_azerbaycanlilarin_uzlesdiyi_ayriseckilik_faktlari_-_aradirma)

Mədəniyyət

Gürcüstanda yerli azərbaycanlıların mədəniyyətinin kiçildilməsi və inkişafının qarşısının alınması istiqamətində davamlı fəaliyyət aparılır. Ölkədə azərbaycanlıların aborigen olmalarını, zəngin maddi və mənəvi mədəniyyətini sübut edən mədəni-tarixi abidələr diqqətdən kənar qalıb və məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yerli azərbaycanlıların tarixi, mədəniyyəti və incəsənətinə dair heç bir muzey yaradılmayıb.

Azərbaycanlıların maddi və mənəvi tarixi irsi unutdurulur, icmaya məxsus mədəni və tarixi abidələr, adət və ənənələr dövlət tərəfindən nə tanınır, nə də qorunur. Yalnız ölkədə müsəlman icmasına məxsus 200-ə yaxın məscidə dövlət statusu verilib.

Azərbaycanlıların milli bayramları gürcüləşdirilir

Azərbaycan icmasının qeyd etdiyi milli bayramların son illər forma və məzmunları dəyişdirilir. 2010-cu ildə Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvili Novruz bayramını dövlət bayramı elan etmişdi. 2013-cü ildə Gürcü Arzusu Partiyası hakimiyyətə gələndən sonra bu ənənə davam etdirilmədi. Azərbaycan icması Novruz bayramının artıq dövlət səviyyəsində qeyd olunmamasından narazıdır.

Bu məsələ ilə bağlı narazılıq ötən ilin oktyabrın 28-də ölkədə keçirilən prezident seçkilərinin birinci turu öncəsi o zamankı namizəd, hazırkı dövlət başçısı Salome Zurabişvilinin də diqqətinə çatdırılmışdı. Görüşdə bu məsələni Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov qaldırmışdı. O, UNESKO-nun irs siyahısına daxil edilmiş Novruz bayramının Gürcüstanda dövlət səviyyəsində qeyd olunması ənənəsini bərpa etməyə çağırmışdı.

Azərbaycan icması ötən il Marneulidə Novruz bayramının qeyd olunma forma və səviyyəsindən ciddi narazılıq da ifadə edib. Çünki bayramın qeyd olunması zamanı bir xeyli anlaşılmazlıqlar yaranıb. Rayonda təşkil olunan tədbirdə Novruz atributları və adət-ənənələri olduqca məhdud formada təqdim olunub, bayramın əsas qəhrəmanları olan Keçəl və Kosa isə təlxək obrazında tədbir iştirakçılarına nümayiş etdirilib.

Gürcüstanda azərbaycanlılar illərdir iyul ayında “Elat Mədəniyyət Günləri” adlı bayram keçirirlər. Ənənəvi olaraq Dmanisi (keçmiş Başkeçid rayonu) rayonunun Armudlu yaylağında təşkil edilən şənlikdə azərbaycanlılara xas milli mətbəx nümunələri hazırlanır, cıdır yarışları təşkil olunur, milli geyimlərdə olan sənətçilər milli musiqilər səsləndirir, rəqslər və s. təqdim olunur. Şənliklərə Azərbaycan və Türkiyədən də qonaqlar qatılır. 2016-cı ildə bayramın adı “Elat-Dmanisoba”, daha sonra isə “Dmanisoba” adı ilə əvəzləndi. Bayramın adı dəyişdirildiyi kimi, şənliyin də mahiyyəti dəyişdirildi və “Elat” bayramının heç bir özünəməxsusluğunun saxlanılmasına Kvemo Kartli bölgə rəhbərliyi icazə vermədi.

Azərbaycan teatrının binası qəzalı vəziyyətdədir, erməni teatrı üçün müasir bina inşa olunur

Gürcüstanda Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrı var. Teatrın yerləşdiyi bina mədəniyyət ocağının normal fəaliyyəti üçün yararsızdır. Tamaşalar acınacaqlı və şəraitsiz vəziyyətdə olan otaqlarda məşq olunur, Tbilisidəki digər teatrlarda kirayə müqabilində tamaşaçılara nümayiş etdirilir. Gürcüstanda mövcud teatrlara hər il dövlət büdcəsindən ən az vəsait - 160 min lari (60,2 min dollar) məhz Azərbaycan teatrına ayrılır. Teatrın yerləşdiyi binada 31 şəxsin mülkiyyəti var. Bunlara restoran, market və digər iaşə obyektləri daxildir. Bununla yanaşı, tikilidə qaçqın ailələrinin də məskunlaşdığı bildirilir. Bina Tbilisinin turistik mərkəzində yerləşdiyindən orada yerləşən mənzillər gündəlik kirayəyə də verilir. Gürcüstanın aidiyyatı dövlət qurumları teatrın bərpa olunmasının mümkünlüyünü bildirsələr də, işlərin rentabelli olmadığı baxımından bərpa işlərinə başlanılmır. Azərbaycan teatrının yeni binası üçün Tbilisinin iki yerində torpaq sahəsinin ayrıldığı iddia olunsa da, mədəniyyət ocağının digər yerə köçürülməsi ilə bağlı razılığın hələ əldə olunmadığı bildirilir.

İllik büdcəsi 480 min lari (180,7 min dollar) olan Petros Adamyan adına Erməni Dövlət Dram Teatrı Azərbaycan teatrı ilə müqayisədə daha yaxşı şəraiti olan məkanda fəaliyyət göstərir. Binanın fasad hissəsində müəyyən çatlar olduğundan bərpa işlərinə başlanılıb. Bu işlər zamanı binanın beton hissəsi sökülərkən, çatların çox olduğu müəyyən olunub və bərpadan sonra tikilinin 4 ballıq zəlzələyə belə tab gətirə bilməyəcəyi bildirilib. Bundan sonra binanın əsaslı şəkildə yenidən qurulması barədə qərar qəbul edilib. 2017-ci ilin avqustunda teatrın tam sökülərək yerində daha müasir və çoxfunksionallı binanın inşasına başlanılıb. Binanın tikintisi ilə bağlı bütün xərcləri Gürcüstanın keçmiş baş naziri, hakim Gürcü Arzusu Partiyasının hazırkı sədri Bidzina İvanişvilinin “Kartu” Fondu öz üzərinə götürüb və bu məqsədlə 8 mln. laridən çox (3 mln. dollardan artıq) vəsait ayrılıb. Teatrın yeni binasının 2019-cu il ərzində istifadəyə veriləcəyi gözlənilir. Hazırda erməni teatrı müvəqqəti olaraq A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında fəaliyyət göstərir.

Gürcüstanda azərbaycanlıların mədəniyyət mərkəzi yoxdur

Gürcüstanda milli azlıqlar arasında sayca birinci yerdə olan azərbaycanlıların mədəniyyət mərkəzi mövcud deyil. Amma burada bir məqamı da qeyd etmək lazımdı: Azərbaycan icmasının mərkəz yaradılması istiqamətində birləşməməsi və bu istiqamətdə heç bir iş aparmaması açıq-aşkar görünür. Gürcüstanda sayı azərbaycanlılardan 19 dəfə az olan yezidlər (12 200 nəfər) 2015-ci ildə ölkədə Yezidlərin Mədəniyyət Mərkəzi və İbadətgahın yaradılmasına nail olublar. Gürcüstan hökuməti yezid icmasına torpaq sahəsi ayırdıqdan sonra mesenat və ianələrin hesabına mərkəz inşa olunub.

Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzi olub. 2004-cü ildə yaradılmış təşkilat 2016-2017-ci illərdə rəsmi olmasa da, faktiki olaraq fəaliyyətini dayandırıb.

Azərbaycan icmasının mədəniyyət mərkəzi rolunu istər-istəməz Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi oynamalı olur. Muzeyin məhdud imkanları Azərbaycan mədəniyyəti, adət-ənənələri və incəsənətini geniş ictimaiyyət arasında effektli təbliğ olunmasına imkan vermir. Məsələn, 2017-ci il üçün muzeyə 37 min lari (14 min dollar) məbləğində vəsait ayrılıb. Vəsaitin böyük hissəsi əməkdaşların əmək haqları və kommunal xərclərin ödənilməsinə sərf olunub. Qeyd olunan ildə muzeydə 4 sərgi, sənədli filmlərin nümayişi, 2 mədəni-maarifləndirici tədbir və 1 təqdimat keçirilib.

2011-ci ildən Tbilisidə Erməni Apostol Kilsəsinin nəzdində “Ayartun” adlı Mədəni-maarif və Gənclər Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi erməni dili və mədəniyyətinin saxlanılması və populyarlaşdırılmasıdır. Burada erməni dili, tarixi, mədəniyyəti tədris olunur, musiqi alətlərində ifa və xor dərsləri keçirilir. Mərkəzə cəlb olunan gənclər üçün Tbilisidə ekskursiyalar təşkil olunur və şəhərin inkişafına ermənilərin verdiyi töhfə barədə məlumatlar verilir. Təşkilat nəzdində uşaq bağçası da var. Bağçaya uşaqlarını göndərmək istəyən valideynlər qarşısında belə bir şərt qoyulur - bağçadan sonra uşaq mütləq ermənidilli məktəbdə oxumalıdır.

“Ayartun” Azərbaycana qarşı təxribat xarakterli bir neçə tədbirə ev sahibliyi də edib. 2017-ci ilin noyabr ayında mərkəzdə qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi keçirilib. Dekabrın 20-nə qədər davam etmiş sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə baş tutub.

Ardı var...

Report.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA