Gürcüstanda “Nərimanov qalmaqalı” - Deputat: “Maraqlı qüvvələr aranı qızışdırmaq istəyirlər”

  • 2019-01-28 12:07:25
  • |
  • Aktual /

Gürcüstanda “Nərimanov qalmaqalı” - Deputat: “Maraqlı qüvvələr aranı qızışdırmaq istəyirlər”

Gürcüstanın Marneuli şəhərindəki Mədəniyyət evinin qarşısında Azərbaycanın dövlət xadimi Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə bağlı məlumatlar yayılıb.

Hurriyyet.org bildirir ki, modern.az saytı məsələnin mahiyyətini daha ətraflı öyrənməyə çalışıb.

Gürcüstanın “Gürcü arzusu” Partiyasının üzvü, qonşu ölkənin azərbaycanlı deputatı Mahir Dərziyev saytımıza açıqlamasında bu gün məsələ ilə bağlı aksiya keçiriləcəyini bildirib:

“Bu gün günorta saatlarında abidənin önündə keçiriləcək aksiyaya qoşulacam. İqtidarın vəkili kimi partiyanın mövqeyini rayonun merini əvəz edən şəxslə, rayonun bələdiyyə başqanı ilə müzakirə edəcəm. Mövqeyim birmənalıdır. Dəfələrlə demişəm ki, Nərimanov mədəniyyət tariximizdə çox önəmli yeri olan şəxsiyyətdir. Nə abidənin, nə də Mədəniyyət evinin Nərimanovun adını daşımasında problem yoxdur”.
“Düzdür, Mədəniyyət evinə Nərimanovun adının verilməməsi onun sosializm dövrünün siması olması ilə izah edilir. Gürcüstanda Azadlıq-xartiyası adlı qanun var. Bu çox mütərəqqi bir qanundur. Bu qanun keçmiş Pribaltika ölkələrində də qəbul edilib. Qanun mahiyyət etibarilə sosializm ideologiyasının qalıqlarının aradan qaldırılmasını nəzərdə tutur. Amma bunu heç bir halda Nərimanova şamil etmək olmaz”-deyə deputat əlavə edib.


Azərbaycanlı deputatın sözlərinə görə, Nərimanovun Marneuli rayon mərkəzindəki Mədəniyyət evinin qarşısında ucalan abidəsi Sovet dövründə qoyulub:

“Həmin Mədəniyyət evi də o dövrdə Nərimanovun adını daşıyırdı. Sonralar adların verilməsi ilə bağlı prosedur qaydaları dəyişdiriləndə Nərimanovun adının verilməsi ilə bağlı Marneuli şəhər bələdiyyəsi qərar qəbul etmişdi. Təəssüf ki, o dövrdə proseduru axıra çatdırmamışdılar. Prosedur gərəyi bələdiyyənin qərarı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli idi. Onlar isə onu qeydiyyatdan keçirməmişdilər. Bununla da məsələ eləcə qalmışdı. Bu gün orada o lövhə durur. Mədəniyyət evi Nərimanovun adınadır. Amma faktiki olaraq Nərimanovun adını daşımır”.
Mahir Dərziyev vurğulayıb ki, məsələnin bu formada ortaya atılmasında maraqlı qüvvələr var:

“Kimsə belə bir ajiotaj yaratmağa çalışır ki, guya oradan Nərimanovun abidəsini götürürlər. Guya, ora Merat Kostavanın adının verilməsi məsələsi gündəmdədir. Merat Kostava Gürcüstan tarixində Gürcüstanın milli azadlıq hərəkatında müstəsna xidmətləri olan insandır. Gürcüstanın dövlət müstəqilliyinin bərpası yolunda həyatını vermiş şəxsiyyətdir. Mən də onun Marneulidə xatirəsinin anılmasını istəyirəm. Şərt deyil ki, Nərimanovun adını daşıyan parka, yaxud da Mədəniyyət evinə Kostavanımn verilsin. Merat Kostavanın adının verilməsi üçün yetərincə vasitələr var. Hesab edirəm ki, bu məsələni siyasi müstəviyə keçirmək niyyətindədirlər. Seçkilərdən sonra cəmiyyət siyasiləşib. Bununla da qarşıdurma yaratmaq istəyirlər. Ən əsası, Gürcüstanın azərbaycanlı icması kimi nüfuzlu bir elektoratı iqtidardan uzaqlaşdırmaq məqsədi güdürlər. Halbuki, gürcülər hər zaman Nərimanovun nüfuzunu dərk ediblər. Hazırda Nərimanovun adına Gürcüstanda Ev muzeyi fəaliyyət göstərir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA