Gürcüstandan Rusiyanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasına etiraz - “BİZİM RAZILIĞIMIZ OLMADAN...”

Gürcüstandan Rusiyanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasına etiraz - “BİZİM RAZILIĞIMIZ OLMADAN...”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin strateji layihəsidir və hər hansı digər iştirakçı sözügedən layihəyə yalnız bu üç ölkənin razılığı ilə qoşula bilər.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadze deyib.

"Bu, bizim üçün strateji layihədir və üç ölkə arasında onun reallaşdırıldığı prinsipləri müəyyən edən saziş imzalanıb", - deyə o, bu gün jurnalistlərə Ankara görüşünü şərh edərkən bildirib. Qeyd edək ki, bu günlərdə Ankarada baş tutan görüşdə Rusiya, Türkiyə və Azərbaycan Dəmir Yollarının rəhbərləri "Rusiya Dəmir Yolları" ASC-nin BTQ layihəsinə qoşulması mümkünlüyü haqqında Memorandum imzalayıblar.

Gürcüstan baş nazirinin sözlərinə görə, layihə üzrə işlərin böyük hissəsi başa çatıb. Ankarada keçirilən görüşə və orada imzalanmış memoranduma gəlincə isə, bu görüş "fərqli rakurs"dan keçirilib.

"Görünür, bu görüş tamamilə fərqli rakursdan keçirilib, çünki üç ölkə (Azərbaycan, Gürcüstan və Türkiyə - “İnterfaks”) arasında imzalanmış sazişə uyğun olaraq, hər hansı digər oyunçu bu layihəyə yalnız üç ölkənin razılığı ilə qoşula bilər", - deyə o vurğulayıb.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava da məsələyə münasibətini bildirib. “Bu görüş, güman ki, başqa mövzuya aid olub. Müxtəlif formatlarda müxtəlif görüşlər keçirilə bilər və bu da, yəqin ki. başqa mövzuya aid olub. Söhbət, sadəcə olaraq, regionumuza yüklərin cəlb edilməsindən gedə bilər, lakin heç bir ayrıca götürülmüş tərəf layihədə nəyisə birtərəfli qaydada dəyişə bilməz. Biz bu layihəni təsdiq edilmiş və razılaşdırılmış. bizim suveren maraqlarımıza müvafiq formada həyata keçiririk”, - nazir qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib. BTQ-nin ümumi uzunluğu 826 km-dir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA