“Hacıbala Abutalıbovun bu torpaqda gözü var” - ŞİKAYƏTÇİ

“Hacıbala Abutalıbovun bu torpaqda gözü var” - ŞİKAYƏTÇİ

“Məhkəmə qərarı olmamasına baxmayaraq, müstəntiq Anar Məmmədov və onunla gələn polis işçiləri mənim evimi söküb dağıtdılar”

Nizami rayon sakininin 17 ildir istifadəsində olan torpaq sahəsinin ələ keçirilməsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adı hallanır. Hansı ki, bu faktla bağlı oktyabrın 26-da Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 84, mənzil 4-də yaşayan Tağıyeva Natiqə Rüstəm qızı qəzetimizin redaksiyasına müraciət etmişdi. Qəzetimiz vasitəsilə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məmur özbaşınalığından şikayət edən N.Tağıyeva Suraxanı rayon Polis İdarəsi və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz əməllərindən bəhs edirdi.

Söhbət ondan gedir ki, Kərimova Rəna Müştəba qızı adlı vətəndaş Suraxanı rayonunun müvafiq idarələri tərəfindən verilən saxta sənədlər əsasında 17 ildir istifadəsində olan ərazinin guya ona aid olduğunu iddia edir.

Məsələ ilə bağlı məhkəmə qərarı olmamasına baxmayaraq, Natiqə Tağıyevaya məxsus 2002-ci ildən əsası qoyulan evi Suraxanı rayon polis idarəsinin müstəntiqi Anar Məmmədovun rəhbərliyi altında ağır texnika ilə yerlə-yeksan ediblər.  Bu vəziyyətə dözməyən Natiqə Tağıyevanın oğlu Elşən Hüseynov isə intihara cəhd edib.

“Müstəntiq Anar Məmmədov mənə sən tələsmə, səni bir şey tapıb içəri qoyduracam, deyir”

Məsələ ilə bağlı redaksiyamıza müraciət edən Elşən Hüseynov Hurriyyet.org-a bildirdi ki, onların torpağı Nizami rayonu Şərq küşəsi 40/85-də yerləşir: “Amma Suraxanı rayonu ilə kəsişdiyinə görə iddia edirlər ki, bura Suraxanı rayonunun ərazisidir. Və bu iddia ilə də Suraxanı rayonunun polis işçiləri, polis idarəsinin müstəntiqi Anar  Məmmədov, 32-ci polis bölməsinin rəis müavini Müşviq Qubadov və onların köməkçiləri dəfələrlə bizə gəlir. Hər dəfə fərqli iddiaçının adı ilə deyirlər ki, bu torpaq filan adamındır, sənədləri də budur. Biz də deyirik ki, bu adam təzə çıxdı? Bəs, əvvəl dediyiniz vətəndaş hara getdi? Siz hər dəfə biri ilə gəlib deyirsiniz ki, bu torpaq bunundur. Mənim özümün dəfələrlə müstəntiq Anar Məmmədovla danışığım olub, səs yazısı da məndə var. Deyirəm ki, Anar müəllim, siz qeyri-qanunsuz, özbaşına işlər görürsünüz. Siz Əmlak Komitəsi deyilsiniz, siz müstəntiqsiniz, cinayəti, cinayətkarı araşıdırmalısınız. Burada cinayət yox, cinayətkar yox, sadəcə, torpaq mübahisəsidir. Bu işə də məhkəmə baxa bilər. Bu torpağın Suraxanı rayonu ərazsində yerləşib-yerləşmədiyini də məhkəmə təyin edə bilər. Mən soruşuram ki, sizin burada maddi marağınız nədir ki, bu qədər gedib, gəlirsiniz? Mənə ağzını əyərək deyir ki, sən tələsmə, səni bir şey tapıb içəri qoyduracam. Biz məsələ ilə bağlı cənab prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri Ramil Usubova, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova,  baş prokuror Zakir Qaralova dəfələrlə müraciət etmişik. Hər yerə müraciət etməyimizə baxmyaraq, bu adamlar yuxarılara saxta məlumatlar verirlər, onları aldadırlar. Dünən anam Natiqə Tağıyeva Daxili İşlər Nazirliyində Səbuhi müəllimin yanında olub. O da deyib ki, siz  Kərimov Natiqin torpağını zəbt etmisiniz, məhkəmə qərar çıxardıb ki, o torpaq boşaldılsın, onlara verilsin. Ancaq  məhkəmənin konkret qərarı yoxdur. Hazırda bizim işimiz məhkəmədədir. Ayın 10-da məhkəmə iclası oldu, 21-də proses davam edəcək. Məhkəmənin qərarı olmamasına baxmayaraq, Anar Məmmədov və onunla gələn polis işçiləri mənim evimi söküb dağıtdılar. Bununla bağlı  Suraxanı Rayon Məhkəməsinə də müraciət etmişik. Ancaq baxmırlar. Anarı çağırırlar, söhbəti orada boğurlar”.

“Cəfərov Vüsalın arxasında duran Hacıbala Abutalıbovdur”

““Hüseynovun sözlərinə görə, Anar Məmmədovun bu məsələdə marağı odur ki, qarşı tərəf yəqin ki, ona külli miqdarda rüşvət verib: “Onu da edən Hacıbala Abutalıbovun qohumu və köməkçisi Cəfərov Vüsal İdris oğludur. Bu adamın Suraxanıda çoxlu obyekti var. Suraxanı rayonunda məhkəmə, polis onu yaxşı tanıyır. Və bu adamın da sözündən çıxmırlar. Torpaqda konkret marağı olan şəxs Cəfərov Vüsaldır, Anar Məmmədov da Cəfərov Vüsalın adamıdır. Cəfərov Vüsalın da arxasında duran Hacıbala Abutalıbovdur. Heç kimdən də qorxmurlar. Cəfərov Vüsal Hacıbala Abutalıbovun qardaşı qızının qaynıdır”.

“Şəxsən Hacıbala müəllimin bu torpaqda gözü var”

“ Onların yerlə-yeksan etdiyi evimiz 100 kvadrat, bir mərtəbəli ev idi. Doğrudur, əlimdə torpağın və ya evin çıxarışı yoxdur. Ancaq Nizami Rayon Bələdiyyəsinin sərəncamı var. 17 ildir ki, Nizami Rayon Bələdiyyəsinin “Kapital” bankdakı hesabına vergi ödəyirəm. Çıxarış ona görə yoxdur ki, hara müraciət edirik, sənəd vermirlər, qorxurlar. Şəxsən Hacıbala müəllimin bu torpaqda gözü var. İmkan vermirlər ki, sənəd alaq. Ümumi torpaq sahəsi 26 sotdur. Torpağın müəyyən hissəsi anamın, qardaşlarımın və mənim yoldaşımın adınadır. Bir hissəsi  isə xalam uşaqları Elşən Sevdiməliyev və Mehrəli Babayevin adınadır. Məhkəmə də, polis də deyir ki, niyə indiyə kimi sənəd almamısınız? Gözəl sualdır. Mən savadsız olmuşam ki, rüşvət verib  ev tikmişəm, sənəd almamışam. Sonradan başa düşmüşəm ki, sənəd lazımdır. 4-5 ildir bunlar bizi boğaza yığıblar. Hara müraciət etsəm də ki, mənim orada evim var, yaşayıram, sənəd verin, vermirlər. Hər il bələdiyyəyə vergi ödəmişəm. Mən oğurluq etməmişəm ki?! Mən də bir Azərbaycan vətəndaşıyam” – deyə şikayətçi bildirdi.

“Mənə dedilər ki, Hacıbala  müəllim deyəndən sonra məhkəmə kimdir?!”

Hüseynov intihara cəhd etməsinin səbəbini belə izah etdi: “ Ona görə ki, bu iş məhkəmədə ola-ola onlar mənim evimi sökdülər . Mən onlardan soruşdum ki, bəs, məhkəmə nə üçündür? Mənə dedilər ki, Hacıbala müəllim deyəndən sonra məhkəmə kimdir?! Mən də baxıram ki, bu adam məhkəmədən üstündür, məcbur oldum intihar etmək istədim. Mən belə başa düşürəm ki, hər bir vətəndaşın məhkəmə qarşında boynu qıldan incədir. Carəsiz qalmışıq, ana-bacı bilmirlər, evin içində anam, ailəm olduğu halda traktorla evi uçurdular. Deyirəm, siz onları görmürsünüz? Dedilər, çölə çıxsınlar, onları biz içəri qoymamışıq ki… Ona görə də dözə bilmədim, özümü öldümək istədim”.

“Keçmiş həyat yolaşımı da üstümə qaldırırlar”

“Bu adamlar mənim torpağımı əlimdən almaq üçün hətta Naxçıvanı da araşdırırlar. Naxçıvanda mənim keçmiş həyat yoldaşımla ailə problemim var. Gücüm çatan alimenti ödəyirəm. Hətta keçmiş həyat yolaşımı da üstümə qaldırırlar ki, mənim topağımı əlimdən alsınlar. Bunun məsələyə nə aidyyatı var?!”, - deyə şikayətçi bildirdi.

Cavid, Hurriyyet.org


  • Hamısı
  • Loading...