HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU - VİDEO/ FOTO

HACIBALA ABUTALIBOV 10 AİLƏNİ EVSİZ QOYDU - VİDEO/ FOTO

Zərərçəkən: “Bu işin başında Hacıbala Abutalıbovun qohumu Cəfərov Vüsal İdris oğlu durur”

“10 evi uçurdub, yerini də şumlayıblar”

Bakı şəhəri, Nizami rayonu Şərq küşəsi 40/85-də yerlən 26 sot torpaqda yerləşən birmərtəbəli evdə 17 ildir yaşayan Natiqə Tağıyeva və oğlu Elşən Hüseynovun başına gələnlər haqqında “Hürriyyət” qəzetində dərc olunan “Hacıbala Abutalıbovun bu torpaqda gözü var” sərlövhəli yazıda bəhs etmişdik. Qeyd etmişdik ki, 2000-ci ildən Nizami rayon ərazisində yaşayan bu ailənin evi qanunsuz olaraq sökülüb.

Ən təccüblüsü isə odur ki, Natiqə Tağıyeva və digər 9 ailənin Suraxanı rayon polis işçiləri və icra nümayəndələri tərəfindən dağıdılıb. Hətta onlara evin əşyalarını çıxarmağa belə, imkan verilməyib. Nəticədə, illərlə əlinin zəhməti ilə tikdiyi evi sökülən Natiqə Tağıyevanın oğlu Elşən Hüseynov icra nümayəndələri və polisin qarşısında intihara cəhd etmişdi.

“Eminin özünü də, yaşlı qaynanasını da, yoldaşını da döyə-döyə evdən çıxartdılar”

Qeyd edək ki, 10 ailənin evinin dağıdılması göstərişinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən verildiyi iddia olunur. Bu haqda “Hürriyyət”ə danışan zərərçəkənlərdən biri Tural Əsgərov deyir ki, həmin ərazidə 2000-ci ildən ikiotaqlı evləri olub: “Sonra həmin evi bir az böyütdük. Evə təzə köçmüşdük ki, Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin işçiləri gəlib sökdülər, dağıtdılar. Bu işin də başında Hacıbala Abutalıbovun tapşırığı ilə gələn qohumu Cəfərov Vüsal İdris oğlu durur. Vüsal Cəfərovla gələn Kərimov Natiq, Kərimova Rəna, Abbasov Şirin onun qohumlarıdır. Həmin adamların adına saxta sənəd düzəltdiriblər ki, guya bu ərazi onlara məxsusdur. Halbuki, həmin torpaq sahəsi 2000-ci ildən bizim istifafadəmizdədir, o vaxtdan əkib-becəririk”.

T.Əsgərovun sözlərinə görə, H.Abutalıbovun tapşırığı ilə 10 ailəni evsiz qoyublar: “Burada bir neçə ailə yaşayırdıq. İndi 10 evi uçurdub, yerini də şumlayıblar. Məsələ ilə bağlı hazırda Nizami rayon Prokurorluğunda istintaq gedir. Ərazidə bizim qohumun həyat yoldaşı Emin adlı Türkiyə vətəndaşı da ev tikmişdi. Onun da evini uçurdular. Evdə yaşayış olduğu halda, Eminin özünü də, yaşlı qaynanasını da, yoldaşını da döyə-döyə evdən çıxartdılar. Suraxanı rayon polis işçiləri və icra nümayədələri, qolu güclülər hamısı ora tökülmüşdü. Emin də, ailəsi də xəsarət almaları barədə həkimdən arayış alıb. Bununla bağlı Nizami rayon Prokurorluğunda da şikayət ərizəsi var. Evi sökülən 10 ailənin hər birinin şikayət ərizəsi var. Artıq Nizami rayon Prokurorluğunda araşdırma gedir”.

“30 şam ağacını və 300-ə yaxın çoxillik meyvə ağacını kəsdilər, doğradılar”

T. Əsəgərov onu da vurğuladı ki, Suraxanı rayon polis işiləri və icra nümayəndələri Vüsal Cəfərovun göstərişi ilə ərazidəki 30 şam ağacını və 300-ə yaxın çoxillik meyvə ağacını kəsiblər: “Demək olar ki, yaşıllığı məhv etdilər, yerini də şumladılar. Hamısı şəkillərdə var, faktdır. Ağacların kəsilməsi ilə bağlı Nizami rayon Ekologiya İdarəsinə müraciət etmişik. Həmin faktı araşdırdılar. Ancaq ərazi Nizami rayonuna aid olduğu halda, Hacıbala müəllimin tapşırığı ilə həmin məsələni Suraxanı rayon Ekologiya İdarəsinə ötürüblər”.

“Ərazinin Nizami rayonuna aid olduğunu Nizami rayon İcra Hakimiyyəti, bələdiyyəsi, məhkəməsi də təsdiqləyir”

“Bilidyimiz kimi, hər bir rayonun öz xəritəsi var. Xəritədə göstərilir ki, həmin ərazi həqiqətən Nizami rayonuna aiddir. Çünki aydın görünür ki, aşağı Sabunçudur, o biri tərəf Xətaidir, dərənin aşağısı isə Suraxanı rayonudur. Amma dik tərəf Nizami rayonunun ərazisidir. Ərazinin Nizami rayonuna aid olduğunu Nizami rayon İcra Hakimiyyəti, bələdiyyəsi və məhkəməsi də təsdiqləyir. Sadəcə olaraq həmin ərazidəki evlərə Hacıbala müəllimin qohumu Vüsalın tapşırığı ilə Suraxanı rayon Polis İdarəsi və Suraxanı rayon icra nümayəndələri qeyri-qanuni müdaxilə etdi, hər yeri sökdülər, dağıtdılar”, - dedi şikayətçi.

“Məhkəmə hüquqlarımızın tam təmin edilməsi ilə bağlı qərardad verib”

T.Əsgərov onu da əlavə etdi ki, dekabrın 8-də sözügedən məsələ ilə bağlı məhkəmə qərardad çıxarıb: “Məhkəmənin qərardadı belədir ki, bizə bu ərazidə Nizami rayon bələdiyyəsi tərəfindən heç bir müdaxilə olunmasın və əraziyə bizdən başqa heç kim buraxılmasın. Yəni adı çəkilən şəxslərdən başqa əraziyə heç kim müdaxilə edə bilməz. 17 ildir ki, o torpaqdan istifadə edirik. Həmin vaxtdan indiyə kimi bütün kommunal haqlarının ödəniş qəbzləri var. 2000-ci ildən indiyə kimi hər dəfə evə sənəd düzəltmək istəmişik, onda da Hacıbala müəllimin özü və ətrafı bizə təzyiq edib, sənəd ala bilməmişik. Məhkəmə əvvəllər hüquqlarımızın qismən təmin edilməsi ilə bağlı qərar verirdisə, indi artıq tam təmin edilməsi bağlı qərardad verib”.

Meriyadan qanunsuz söküntü haqda açıqlama

Maraqlıdır ki, qışın soyuğunda 10 ailəni isti evindən küçəyə atan H.Abutalıbov, üstəlik, onlar barəsində Suraxanı rayon Prokurorluğuna da müraciət ünvanlayıb. BŞİH-nin iki gün əvvəl bununla bağlı verdiyi açıqlamada qeyd olunur ki, guya, həmin ərazidə cəmi 2 ev sökülüb:

“Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 fərdi yaşayış evi və 5 yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib. Həmin söküntü işləri zamanı Bakı Şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən onları təhqir edib bədən xəsarəti yetirməyə cəhd göstərən və həmin qanunsuz tikinti işlərini həyata keçirən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət və onun havadarlıq etdiyi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayon Prokurorluğuna müraciət edilib və hazırda iş üzrə araşdırma aparılır.

Bakı Şəhər İcra Hakimiyyətin bildirir ki, kütləvi informasiya vasitələrində, eləcə də müxtəlif xəbər saytlarında dərc olunan məqalələrlə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir daha əraziyə baxış keçirilərək həmin ərazidə mövcud olan ağac və kolların siyahıya alınması təmin edilib, həmçinin ərazinin qorunması və qulluq göstərilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Yaşıllaşdırma Birliyinə müvafiq tapşırıqlar verilib. Hazırda həmin ərazidə heç bir ağackəsmə və tikinti işlərinin aparılması faktı aşkar edilməyib, yaşıllıq zolağında boş qalan ərazilərdə isə müxtəlif növ ağacların əkilməsi işlərinə başlanılıb”.

Evi söküb yerində ev tikdilər...

BŞİH-in açıqlaması öz yerində. Amma dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, 10 ailənin evi dağıdıldıqdan sonra həmin ərazidə yaşıllıqlar da məhv olunub. Ən qəribəsi isə odur ki, sökülən evlərin yerində Suraxanı rayon İcra Hakimiyyəti əməkdaşlarının nəzarəti altında dərhal yeni evlərin tikintisinə başlanılıb. Bir neçə gün sonra isə tikinti dayandırılıb və bütün inşaat materialları ərazidən daşınıb. Bunun ardınca isə tikilməsi nəzərdə tutulan evlərin özülü torpaqlanaraq, yerində ağac əkilməsinə başlanılıb(FOTO).

Bütün bunlar isə onu deməyə əsas verir ki, BŞİH rəhbərliyi həmin əraziyə əl qoyaraq özününküləşdirməyə çalışıb. Lakin, görünür, bu məsələ cəmiyyətdə ciddi rezonans doğurduğundan, öz niyyətlərini ört-basdır etmək üçün ərazidə yaşıllaşdırma işi aparıblar. Əslində isə, bu işin müvəqqəti olduğu və ara sakitləşəndən sonra yenidən tikintiyə başlanacağı istisna olunmur...

CAVİD

P.S. Mövzu ilə bağlı bir çox faktlarln əks olunduğu silsilə yazını növbəti sayımızdan etibarən oxuya bilərsiniz. Bu zaman biləcəksiniz ki, sözügedən torpaq qalmaqalının arxasında hansı məmurlar dayanır və onların əsl niyyəti nədir. Bizi izləyin.

Loading...

QALEREYA