“Hakimiyyət komandasında ciddi kadr islahatları aparılmalıdır” – Millət vəkili

“Hakimiyyət komandasında ciddi kadr islahatları aparılmalıdır” – Millət vəkili

Əslində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimizi Qarabağ ətrafına yaşananlar üzərində qurmağı planlaşdırmışdıq. Amma söz fırlanıb islahatlar məsələsinə gəldi. Bu da səbəbsiz deyil; Qüdrət bəy islahatları Azərbaycanın bu gün qarşıda dayanan ən mühüm məsələsi kimi qəbul edir və Qarabağ konfliktinin həllini isə bu islahatların son nəticələrindən biri olaraq görür. Açığı, bu düşüncəsində onun kifayət qədər haqlı arqumenti də var.

Gəlin, BAXCP sədrinin niyə belə düşündüyünü onun öz dilindən eşidək.

Qüdrət Həsənquliyevin “Hürriyyət”ə verdiyi müsahibəsini təqdim edirik:

-Prezident İlham Əliyev Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları şərh edərkən deyib ki, əsas odur, danışıqların formatı dəyişilməz qalıb. Yəni faktiki olaraq biz 25 ildir davam edən status-kvonun dəyişilmədiyinə sevinirik. Ermənilər isə Qarabağda məskunlaşırlar. Mövcud vəziyyətin sevinməyə dəyən tərəfi nədir və işğal olunmuş ərazilərdə sivil məskunlaşma problemin müharibə yoluyla həllini də çətinləşdirmirmi?

-Sirr deyil ki, Ermənistan güclü beynəlxalq dəstəyə malikdir. Faktiki olaraq, Minsk qrupunun bütün həmsədrləri Ermənistanın arxasında durublar. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının konfliktlə bağlı qətnamələrində işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunması tələb edilir, amma Ermənistan bu tələbələri nəinki yerinə yetirmir, əksinə, yeni əraziləri işğal edəcəyi ilə bizi hədələyir.

Digər tərəfdən, beynəlxalq hüquq işğal olunmuş ərazilərdə məskunlaşmanı da qadağan edir, amma ermənilər buna da əhəmiyyət vermir. Onlar işğal olunmuş yaşayış məntəqələrindəki bütün mədəniyyət abidələrini dağıdıblar. Beynəlxalq birliyin faktaraşdırıcı missiyasının bölgədə apardığı müşahidələr də heç bir nəticə vermir. Bir sözlə, bir neçə ölkə istisna olmaqla, Azərbaycan bu münaqişədə təklənib. Həmin ölkələrin də dünya siyasətində rolu o qədər də böyük deyil. Sözdə bizim ərazi bütövlüyümüzü dəstəklədiklərini söyləyənlər Ermənistana heç bir təzyiq göstərmək istəmirlər. Ona görə də Azərbaycan danışıqların köhnə formatda davam etdirilməsini indiki halda uğur saya bilər.

Düşünürəm ki, Azərbaycanın bu şərtlər altında ata biləcəyi tək addım var: Ermənistanla danışıqlara çox diqqət ayırmadan islahatları dərinləşdirmək və sürətləndirmək. Azərbaycanda Qərb standartlarına uyğun hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatına tam keçid, ölkəmizin xarici investisiyalar üçün daha cəlbedici hala gətirilməsi və s. bu kimi vəzifələr islahatların təməlini təşkil etməlidir.

-Azərbaycanda 30 ilə yaxın oturuşmuş və dəyişilməyən hakimiyyət var. Sözsüz ki, onların indiyə qədər formalaşmış vərdişləri, idarəetmə tərzləri var. Nəzərdə tutduğunuz həmin islahatların aparılmasında köhnə tərzlə idarəçiliyə öyrəşmiş komanda nə dərəcədə maraqlı ola bilər? “Köhnə qvardiya”nın razılığı olmadan islahat aparmaq mümkündürmü?

-Məncə, Azərbaycanda indiyə qədər görülən işlər islahatların genişləndirilməsinə və ölkənin yeni bir mərhələyə keçidinə imkan verir. Hazırda ciddi kadr islahatları aparılmalı, hökumət yeni düşüncəli, mütərəqqi və bilikli insanlar hesabına gücləndirilməlidir. Yeni kadrlar həm də xaricdən gətirilə bilər. Milli azadlıq hərəkatının iştirakçısı olmuş, siyasətdə uzun illər formalaşmış, müsbət imicli və hazırlıqlı şəxslərin də islahatların həyata keçirilməsinə cəlb olunması ona ictimai dəstəyi xeyli artıra bilər. İslahatların sürətləndirilməsi üçün I Vitse-prezidentin rəhbərliyi altında islahatların mexanizmini hazırlayan komissiyanın yaradılması islahatların sürətlənməsinə təkan verərdi. Xüsusilə məhkəmə-hüquq sistemində islahatlar elə səviyyədə aparılmalıdır ki, sabah ciddi siyasi islahatlara başlayanda müvafiq dövlət institutları ölkənin xaosa sürüklənməsinə imkan verməsin.

İslahatlar aparıldığı zaman Azərbaycan Xarici İşlər Nazirliyi islahatlara beynəlxalq dəstəyin təmin olunması istiqamətində fəaliyyətini gücləndirməlidir. Eyni zamanda Qarabağın azadlığı üçün danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılmalıdır. Məqsəd bu olmalıdır ki, islahatlardan sonra başlayacağımız hərbi əməliyyat zamanı beynəlxalq birlik Azərbaycana ciddi təzyiq göstərməsin.

Biz erməni xalqını döyüş meydanında məğlub etmədən Ermənistan rəhbərliyini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa əsaslanan həllinə razı sala bilməyəcəyik. Ona görə də Ermənistana torpaqlarımızı işğaldan azad etmələri üçün bir il vaxt verilməli, bu müdddət ərzində peşəkarlardan ibarət 50-60 min nəfərlik hücum ordusu təşkil olunmalı, həmin ordu dost ölkələrdə istefada olan, döyüş təcrübəli general və zabitlər hesabına gücləndirilməli, 4-5 milyard dollarlıq yeni müasir silahlar alınmalıdır. Bundan sonra ən azı bir neçə rayonu işğalçılardan təmizləməliyik ki, erməni xalqı hökumətinə problemin ədalətli həllinə razılıq versin.

-Dərd burasındadır ki, Azərbaycanda aparılacaq islahatlara Rusiyanın necə yanaşacağı bəlli deyil. Adətən, şimal qonşumuz keçmiş müstəmləkələrinin siyasi və hüquqi islahatlarını rus orbitindən uzaqlaşmaq kimi qiymətləndirir. Biz bəhs etdiyiniz islahatlar həyata keçirilərkən, şimaldan gələcəyi gözlənilən basqıları necə zərərsizləşdirə bilərik?

-Tək Rusiya yox, ümumiyyətlə, Ermənistanı müdafiə edən dövlətlərin hamısı Azərbaycanda islahatların dərinləşməsində maraqlı deyillər. Onlar bilirlər ki, islahatlar Azərbaycanı xeyli dərəcədə gücləndirəcək, onun neftdən asılılığına son qoyacaq. Onlar isə ilk növbədə bizim neft asılılığından xilas olmağımızı istəmirlər. Çünki zəif nöqtəmizin bu olduğunu düşünürlər. Hazırda Azərbaycanı müharibə başlayacağı təqdirdə, əsas gəlir mənbəyimiz olan neft və qaz kəmərlərinin partladılması ehtimalı ilə hədələmələri bu mənada təsadüfi deyil. Neft və qaz kəmərlərinə bu hücumlar baş verərsə, Azərbaycanın əsas gəlir mənbəyi aradan qalxmış olacaq. Ona görə də biz iqtisadiyyatımızı diversifikasiya etməli (şaxələndirməli) və neft asılılığından azad olmalıyıq. Buna isə xarici qüvvələr və onlarla işbirliyi içində olan Azərbaycan hakimiyyəti daxilindəki bəzi öz mövqelərini itirməkdən qorxan qruplar imkan vermək istəmirlər. Həm xarici, həm daxili qüvvələr bir araya gəlib islahatların qarşısını almağa, mövcud vəziyyəti qoruyub saxlamağa çalışacaqlar.

XX əsrin əvvəllərində Çar Rusiyası həm Uzaq Şərqdə Yaponiya ilə müharibədə, həm də 1-ci Dünya müharibəsində uduzmuşdu və böyük ərazilər itirmişdi. Ölkənin sosial-iqtisadi vəziyyəti də ağır idi. Çar II Nikolay ciddi islahatlara ehtiyac olduğunu görürdü. Amma rus məmurları öz imtiyazlarından vaz keçmək istəmirdilər. Fikirləşirdilər ki, yenə məhkəmələr onların sifarişilə qərar çıxarsın, rüşvətlərini rahatlıqla alsın, əvvəlki kimi himayə etdikləri şirkətlər üçün üstün şərait yaratsınlar və eyni zamanda da islahatlar aparılsın. Bunların isə eyni anda və vəhdətdə olması mümkün deyil. Çar Rusiyasındakı hökumət üzvlərinin bu mövqeyi ölkəni qanlı inqilaba sürüklədi. Nəticədə islahatlara mane olan bu qüvvələrin bütün əmlakları milliləşdirildi. Arxasınca represiyalar başladı. Ölkədə o zamana qədər əldə olunan azadlıqlar da itirildi. Məncə, Azərbaycan məmurları bu acı təcrübədən nəticə çıxarmalı və islahatlara yol açmalıdırlar. Ona görə də ölkənin bütün mütərəqqi adamları islahatları dəstəkləməlidir ki, bu mərhələni rahatlıqla, qansız- qadasız keçə bilək.

-Hüquqi islahatlardan söz düşmüşkən, son zamanlar Milli Məclisdə müzakirəyə çıxarılan məsələlərdən biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişikliklərdir. Bu dəyişikliyə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi ənənəsi tamamilə aradan qaldırılır. Məlumdur ki, Əmlak Komitəsinin indiyə qədərki fəaliyyəti nəticəsində bir çox mülkiyyətlər üzərində mübahisələr yaranıb. Bəzi iş adamlarının əlində sənədlər olmasına baxmayaraq, eyni mülkiyyətin başqasının adına özəlləşdirilməsi faktları var. Yeni dəyişikliklərlə faktiki olaraq həmin mülkiyyətlərin ilk sahiblərinin əmlakları üzərində haqqını sübut edən kağız sənədlər etibarını itirəcək. Sizcə, bu, mülkiyyət hüququnun pozulmasını qanuniləşdirmək cəhdi deyilmi?

-Azərbaycanda artıq elektron hökumət formalaşır. Hazırda rəsmi informasiyaların bir dövlət orqanından digərinə ötürülməsi, vətəndaşların bəzi əməliyyatları internet üzərindən həyata keçirməsi artıq reallıqdır. Elektron imza sistemi tətbiq olunur. Bunlar idarəetmənin müasirləşdirilməsi deməkdir. Bunu alqışlamaq lazımdır…

-Amma bir məsələ var: deyək ki, Dövlət Əmlak Komitəsi bir yeri 3-4 nəfərin adına rəsmiləşdirib. Bununla əlaqədar vətəndaşların əlində kağız sənədlər var. Belə çıxır ki, elektron hökumət sisteminə keçəndə həmin sənədlər də öz əhəmiyyətini itirəcək və vətəndaşların öz hüquqları uğrunda mübarizəsi də çətinləşəcək.

-Azərbaycanda ən ağır problemlərdən biri də eyni yerin iki və ya daha artıq şəxsə satılmasıdır. Mən bu barədə dəfələrlə məsələ qaldırmışam.

Bu problemlə əlaqədar almanların hazırladığı tövsiyələr var idi. Mülki Məcəlləyə əlavə və dəyişikliklərlə əlaqədar layihə hazırlanmışdı. Layihə Milli Məclisdə işçi qaydada müzakirə olunsa da, təəssüf ki, qəbul edilmədi. Mən parlamentdə dəfələrlə məsələ qaldırmışam ki, bu cür alqı-satqılar yalnız notarial qaydada həyata keçirilsin. Sahibkarın vətəndaşa birbaşa mənzil satmasına, onunla ikitərəfli müqavilə bağlamasına qadağa qoyulsun. Təəssüf ki, bunlar edilmir və belə problemlər ortaya çıxır.

Bu gün Bakı ətrafında müvafiq qaydada rəsmiləşdirilməmiş və dövlət qeydiyyatına alınmamış böyük qəsəbələr salınıb. Hardasa 470-500 min evdən söhbət gedir. Bu evlər necə qanunsuz tikilib? Dövlət orqanları niyə onlara imkan verib? Onsuz da həmin evlərin tikildiyi yerdə dövlət hansısa layihə həyata keçirsə, bu evlərin sökülməsi tələb olunsa, ya həmin evlərdə yaşayan vətəndaşlara kompensasiya ödəniləcək, ya da onlar evlə təmin olunacaqlar. Dövlət öz vətəndaşını çölə atmayacaq ki. O zaman niyə həmin evlər rəsmiləşdirilmir? Rəsmləşdirilsin ki, sakinlər də stressiz, rahat yaşasınlar.

-İslahatlara gediləcəyi təqdirdə ölkə başçısı müəyyən riskləri də gözə almalıdır. Necə hesab edirsiniz, ölkə başçısını hansı risklər gözləyir?

-Sözsüz ki, hakimiyyət komandası daxilində bu islahatları həzm edə bilməyən qüvvələr var və onlar radikal müxalifətlə birlikdə proseslərə mane olmağa çalışırlar. Bəziləri xaricdən hakimiyyətə söyüş yağdıran qüvvələri maliyyələşdirir, islahatları gözdən salmağa, sabitliyi pozmağa çalışırlar. Onlar aşkarlanmalı və ifşa edilməlidirlər. Hökumət cəsarətli və ağıllı addımlar atmalıdır. Mən bilirəm ki, müəyyən vəzifəli şəxsləri postlarından kənarlaşdırmaq çətindir. Amma siyasət risklər tələb edir. Böyük risklər edilməsə, biz Qarabağı da azad edə bilməyəcəyik. Sözsüz ki, burda söhbət ağıllı risklərdən gedir. Ona görə siyasətdə ağılla cəsarət birləşəndə böyük nəticələr ortaya qoymaq mümkündür.

-Sizin bu fikirləriniz yadıma bir aforzimi saldı. Deyirlər ki, insanın bir üzvünü kəsmək pisdir. Amma qanqrena olan ayağı kəsməsən, daha böyük pisliyə yol aça, xəstəni öldürə bilərsən…

-Hakimiyyətdəki bəzi qüvvələr həqiqətən cəmiyyətimizin inkişafı yolunda böyük problemə çevriliblər. Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib. Onlar artıq başqa cür fəaliyyət göstərə bilməzlər. Üstəlik, bəzilərinin səhətində yaşla bağlı təbii problemlər yaranıb və bu, onların faydalı iş əmsalını azaltmaqla yanaşı psixoloji durumuna da ciddi təsir edir. Bu da idarəetməyə öz mənfi təsirini göstərir, onlar insanlarla təmasdan belə qaçırlar. Bəzilərinin yaşı azdır, amma dövrün çağırışlarına cavab verə bilmədikləri üçün mənən qocalıblar. Belə məmurlarla islahatlara gedib ciddi nəticələr gözləmək mümkün deyil.

Söhbətləşdi: Heydər Oğuz,

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA