“Hakimiyyət onları şahmat taxtasının üstündəki fiqurlar kimi oynadır” - QURBAN MƏMMƏDOV

“Hakimiyyət onları şahmat taxtasının üstündəki fiqurlar kimi oynadır” - QURBAN MƏMMƏDOV

“Nə səs yazım, nə telefon yazışmam var, olsa siyasətdən gedərəm”

İngiltərədə mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü Qurban Məmmədovla söhbətləşmişik. Q.Məmmədov AXH-də baş verənlər, müxalifətin vəziyyəti, Real TV rəhbəri Mirşahin Ağayevin efirdə yaydığı telefon yazışması ilə bağlı sualları cavablandırıb. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Qurban bəy, İngiltərədə TV fəaliyyətiniz nə yerdədir, işləmək çətin deyil ki?

- Hər şey göz qabağındadır, əlimizdən gələni, nə bacarırıqsa etməyə çalışırıq. Bizim məqsədimiz xalqı təşkilatlandırmaqdır. Hazırda televiziyanın sputnik variantını hazırlayırıq, daha geniş imkanların olmasını arzulayardıq. Sadəcə, maddi imkanımız o qədər yoxdur, daha böyük işlər həyata keçirə bilərdik. Ancaq qısa zaman kəsiyində ciddi izləyici əldə etmişik.

- Siz tək fəaliyyət göstərirsiniz, yoxsa əməkdaşlarınız da var?

- Demək olar ki, tək işləyirəm. Amma texniki məsələləri, proqram təminatını həll edən bir nəfər var, bir də Bakıda jurnalist Gülnaz Qənbərli ilə işləyirik.

- Avropanın ən bahalı ölkələrindən olan İngiltərədə yaşamaq, dolanışıq çətin deyil?

- Təbii ki, Avropada, üstəlik Londonda yaşamaq çətindir. Allah bizə vətən kimi İngiltərəni yox, Azərbaycanı nəzərdə tutub. Bizim ingilislərlə əxlaq, təfəkkür, həyat tərzlərimiz fərqlidir. Sözsüz ki, mənə Azərbaycan xoşdur. Azərbaycanda həbsdə olmağı burada yaşamaqdan üstün tuturam.

- Amma ölkədə bir siyasi yumşalma var, 50-dən çox siyasi məhbus azad olunub...

- Mən baş verənləri yumşalma saymıram. Azərbaycan xalqında bir oyanış olub, idarəçilik insanlarda kin-küdurət yaradıb, əhali bu vəziyyətlə razılaşmır. O vaxt yumşalma olar ki, hakimiyyətdəkilər efirə çıxsınlar, siyasi bəyanat versinlər, müxalifətlə görüşsünlər, gerçək addımlar atsınlar. Hə, bax onda inanaram ki, Azərbaycanda ciddi dəyişikliklər gedir. Amma burdan 50 nəfəri azad elə, o tərəfdən yenə həbs et, bunun adı yumşalma deyil. Məsələn, Bayramın həbsi nə deməkdir? Ona görə real islahatlar olmalıdır.

- Efir demişkən, Mirşahin bir telefon yazışması yayıb. Orada sizinlə adı çəkilməyən AXH üzvünün yazışmasından bəhs olunur. Siz AXH-ni dağıtmaq, oradakı bandanı sıradan çıxarmaq barədə yazmısınız. Bu, həqiqətdirmi?

- Mənim nə səs yazım, nə telefon yazışmam var. Əgər kimsə belə bir faktı ortaya çıxarsa, Qurban Məmmədov siyasətdən gedər. Bu, Mirşahinin uydurduğu bir təxəyyül məhsuludur, cəfəngiyyatdır. Fakt varsa, ortaya qoysunlar, mən belə mənasız məsələlərə vaxtımı xərcləmirəm.

- Amma faktiki AXH-də bir çaxnaşma, parçalanma var. Siz bunu müşahidə etmirsiniz?

- Azərbaycan Xalq Hərəkatının parçalanması yanlış ifadədir. Çünki xalq hərəkatı bir ideyadır, parçalana bilməz. Bu gün baş verənlər isə hərəkatın təşkilatçıları ilə bir qrup arasında yaranan fikir ayrılığıdır.

Bu gün qurbanlar, isgəndərlər gəldi-gedərdi. Amma xalq hərəkatı ideyası yaşayacaq. Mənimlə Rəhim Qazıyevin, İsgəndər Həmidovun arasını vurmaq cəhdləri köhnə MTN metodlarıdır, heç bir nəticə verməyəcək.

Əgər, iki tərəfin arasını üçüncü adam vurursa, bu, həmin şəxsin savadından, qabiliyyətindən xəbər vermir. İsgəndər Həmidovun 71 yaşı, mənim 62 yaşım var, bizim o yaşımız deyil ki, aramızı vursunlar.

AXH-də təmizlənmə baş verəcək, bura müvəqqəti gələnlər gedəcəklər, ifşa ediləcəklər, iqtidarın yerləşdirdiyi adamlar qurumdan uzaqlaşacaqlar. Biz hələ təşkilatı formalaşdıra bilməmişik, təşkilatlanma mərhələsindəyik.

Ona görə də vəziyyətdən istifadə edən hakimiyyət burada qruplar arasında qarşıdurma yaradır, iclasa gələnlər arasında informatorlar, hal şahidləri var. Məsələn, biri Məmməd İbrahimin üzünə duran adam idi.

Yəni, bu günkü proseslər 1988-90-cı illəri xatırladır. O baxımdan deyirəm ki, Xalq Hərəkatının İdarə Heyəti rəhbərliyi arasında heç bir problem yoxdur.

Əgər kimə mane olacaqsa, İsgəndər Həmidov, yaxud Qurban Məmmədov olsun, həmin şəxs çıxdaş ediləcək. Biz insanıq, səhvlərimiz ola bilər, ümumi hədəflər naminə bu yanlışlıqlara göz yumacağıq.

- Qurban bəy, siz çox nikbin danışırsınız, amma reallıq odur ki, 25 ildə müxalifətin belə çoxlu blokları, birlikləri yaranıb və dağılıb. Bu qüvvələr nəyi bölüşə bilmirlər?

- Mən 25 illik müşahidələrimdən o qənaətə gəldim ki, hakimiyyət qeyri-məhdud maddi resurslara malikdir, siyasi rəqiblərini iqtisadi vəziyyətdən asılı salıb, rəqiblərini acından ölməyə məhkum edib, sonra maddi təminatla ələ alıb. Bu gün müxalifət adına fəaliyyət göstərən həmin qüvvələr hakimiyyət tərəfindən idarə olunurlar, imitasiya edirlər.

Baxırsan ki, müxalifət düşərgəsində kampaniya yaranıb, birləşmə prosesi gedir, onlar da qoşulurlar, amma həlledici məqam gələndə parçalanma, didişmə başlayır. Müxalifətin birləşmə problemi bundan ibarətdir.

İlk dəfə “Azerifreedom” sayəsində ümumi cəbhə yaranıb, bunu deməliyəm. Təbii olaraq, ayrılmalar, parçalanmalar müşahidə edəcəyik. Mən bundan narahat deyiləm, xalq doğru yoldadır.

- Parçalanmalar demişkən, AXH-də əsas qovğa Tural Abbaslı ilə İsgəndər Həmidov qarşıdurmasıdır. Tərəfləri barışığa çağırırşınız, söhbətiniz olubmu?

- Məlum insidentdən sonra hər ikisi ilə telefon söhbətimiz olub. İqtidarın bəzi “trol”ları elə rəy yaradılar ki, onların arasında guya barışmaz ziddiyyət var. İsgəndər Həmidovun ittihamları şəxsi mövqeyidir, Tural Abbaslının da özünü müdafiəsi etməsində qeyri-adi heç nə yoxdur. Sadəcə, “trol”lar vəziyyətdən sui-istifadə etməyə çalışdılar. Tural bəy ondan inciməyib, İsgəndər bəy də yaşına görə müdriklik etməlidir.

- Siz qeyd elədiniz ki, müxalifət birləşir, həlledici anda isə dağılırlar. Konkret kimi nəzərdə tutursunuz, Milli Şura, Müsavat, REAL, KXCP yoxsa kim?

- Adınız çəkdiyiniz və çəkmədiyiniz bütün müxalifət partiyaları bu gün eyni vəziyyətdədirlər. Onları bir-birindən ayırmaq olmaz. Müxalifət adına aparıcı qüvvə AXCP və Müsavat təqdim olunur.

Lakin onlar zaman-zaman müxtəlif rollarda olurlar, çəkilmə-qabarma hərəkətləri edirlər, hakimiyyət onları şahmat taxtasının üstündə olan fiqurlar kimi oynadır.

Ona görə də müxalifətdə birliklərin dağılmasının səbəbləri göz qabağındadır. İqtidar tərəfindən ələ alınıblar, liderlər və aparıcı fiqurlar zaman-zaman idarə olunurlar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA