“HAKİMİYYƏT AÇIQ TƏŞVİŞ İÇİNDƏDİR” - ƏHMƏD ORUC

“HAKİMİYYƏT AÇIQ TƏŞVİŞ İÇİNDƏDİR” - ƏHMƏD ORUC

“Cəmiyyətin aktivləşmə prosesi göz önündədir”

“Ölkədə milli sərvətlərdən bərabər istifadə etmək prinspi pozulur”

“Hakimyyət heç bir real struktur islahatları aparmaq, ölkəni normal idarə etməklə bağlı fikirləşmir”

“Bu gün ölkə əhalisinin 100 faizi bilir ki, hakimiyyəti idarə edənlərin bir çoxu oğru, rüşvətxor və quldurlardan ibarətdir”

“Prezidentin cəmiyyətlə təmasa girməsi haqda görüntülər yayılır. Bu, millətin hakimiyyətə qarşı nifrətini azaltmağa yönəlmiş addımlardır”

Ötən ay yaranmış Azərbaycan Xalq Hərəkatı ölkədə sosial-iqtisadi, siyasi islahatlar aparmaq, Seçki Məcələsinin dəyişdirilməsinə, Qarabağ probleminin həllinə nail olmaq, Azərbaycanda normal, demokratik seçki mühitinin yaradılması və ədalətli seçkilər yolu ilə legtim hakimiyyətin formalaşdırılması kimi hədəfləri qarşıya qoyub. Buna rəğmən, hakimiyyət də son vaxtlar ölkədə struktur islahatları aparır, minimum əməkhaqqı 50 manat artırılaraq 180 manat oldu, şəhid ailələrinin əksəriyyətinə birdəfəlik yardımlar verildi və s. Maraqlıdır ki, Azərbaycan Xalq Hərəkatı bu islahatları necə qiymətləndirir? “Hürriyyət”in bu və digər suallarına cavab almaq məqsədilə Hərəkatın təsisçilərindən olan Azadlıq Partiyasın sədri Əhməd Orucla söhbətləşdik:

- Birincisi, ölkədə struktur islahatları ilə bağlı söylənilən fikirlər hələlik reallığı əks etdirmir. İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən sonra strukturların, nazirliklərin, komitələrin, dövlət agentliklərinin sayıb xeyli, azı 15-20 idarəetmə orqanı artıb və Azərbaycanda paralellik həddindən artıq çoxdur. Ona görə, bunu islahat adlandırmazdım. Bu, İlham Əliyevin özünün yaratdığı strukturların bir qisminin maliyyələşdirilməsində yaranmış problemlərlə əlaqədar azaldılması ilə bağlıdır. Bilirsiniz, İlham Əliyevin siyasəti ondan ibarətdir ki, heç kimi ixtisar etmək, narazı salmaq olmaz, qiymətlər qalxsa belə, işçilərin sayını azaltmaq olmaz, amma onların əməkhaqqını azaltmaq olar. Tutaq ki, bir yerdə 100 nəfər işləyirsə, onun hamısı 200 manat alırsa, indi maliyyələşmə azalıbsa, hər biri 50 manat da alsa, yerində işləməlidir. 16 il ərzində bütün orqanlarda belə siyasət aparırlar. İndi də aparılan islahatlar faktiki olaraq ad və yer dəyişmədən ibarətdir. Həmin insanları başqa adlarla başqa strukturlara yamayırlar. Faktiki olaraq bunların nə büdcə təminatında, nə də idarəolunma sistemində heç bir dəyişiklik yoxdur. Bilirsiniz ki, idarəetmə sistemində prezidentlik də var, vitse-prezidentlik insitutu da yaradılıb. Ondan sonra, prezidentin yanında İcra Aparatı var, Nazirlər Kabineti də, icra hakimiyyəti strukturları da yerində qalır. Bunların hamısı eyni işi görür və heç biri iş görmür. Qaldı ki, indi bu görüntü xatirinə də olsa, bu işlər nədən qaynaqlanır? Bilirsiniz, son dövrlər Azərbyacan ictimai rəyində bir canlanma var. Bu, xüsusilə Avropada yaşayan soydaşlarımızın hakimiyyət zorakılıqlarına, hakimiyyətin güc susdurma siyasətinə etiraz əlaməti olaraq açdıqları internet resuslarının, eləcə də digər məsələlərin hesabına cəmiyyətdə hakimiyyətin əvvəlki qorxu, polis sindromu bir qədər sınıb. İndi insanlar açıq şəkildə etiraz edir, bu hakimiyyətin dəyişməli olduğu haqqında açıq fikirlər söyləyirlər. Bu gün ölkə əhalisinin 100 faizi bilir ki, hakimiyyəti idarə edənlərin bir çoxu oğru, rüşvətxor və quldurlardan ibarətdir. Yəni belə bir qəti rəy formalaşıb. Cəmiyyətin aktivləşmə prosesi göz önündədir. Artıq hakimiyyət bundan açıq təşviş içindədir.

3 ay ərzində şəhid ailələrinin pulunu verməyən, şəhid ailələrinə qarşı polis zorakılığı ilə danışan, 3 ay ərzində bu siyahıları dəqiqləşdirməyən, şəhid ailələrinin adlarına olan müavinətləri belə korrupsiya yolu ilə mənimsəmiş hakimiyyət birdən-birə ayıldı ki, şəhid ailələrinin hamısına bu müavinətlər verilməlidir. 25 ildir bunlar müavinətləri vermək istəmirdilər və hamıya yuxarıdan aşağı baxırdılar. 25 ildir onların haqqını yemişdilər. Eləcə də prezidentin əvvəlki “boz” görüşlərindən fərqli olaraq indi cəmiyyətlə guya, təmasa girməsi haqda görüntülər yayılır. Bu, millətin hakimiyyətə qarşı nifrətini azaltmağa yönəlmiş addımlardır, başqa bir şey deyildir. Ancaq görünən odur ki, hakimyyət heç bir real struktur islahatları aparmaq, ölkəni normal idarə etməklə bağlı fikirləşmir. Hətta fikirləşsə belə, bunu edə bilməz. Çünki indiki sınıq-salxaq komanda, korrupsioner, ədalətsiz, vətəndaşların hüquqlarını nəzərə almayan bir rejimlə ölkədə normal bir hakimiyyət qurmaq mümkün deyil. Bunlar indi çətinlikləri, qarşıdan gələn basqını gördüklərinə görə milləti sevmək, islahat imitasiyası ilə məşğuldurlar. Mən belə qiymətləndirərdim.

- Azadlıq Partiyasının sədri olaraq ölkədə insan hüquq və azadlıqlarına verilən dəyər sizi qane edirmi?

- Qətiyyən qane etmir. Həm Azərbaycanın öz qanunları, həm də beynəlxlaq konvensiyalarla qəbul olunmuş qanunlar sonrakı bir sıra məhdudlaşdırmalar nəzərə alınmasa, demək olar beynəlxalq prinsiplərə uyğundur. Bu qanunlara görə, insanların toplaşmaq, mətbuat, fikir azadlığı və s. hüquqları var. Amma faktiki olaraq ölkədə bir polis rejimi, rüşvətxor, korrupsioner idarəetmə sistemi var. Ölkədə milli sərvətlərdən bərabər istifadə etmək, yəni insanların haqq və hüquqlarının bərabərliyi prinspinin, fəaliyyət imkanlarının pozulması var. Hakimiyyət mümkün vasitələrlə ölkədə insanların hər cür - həm iqtisadi, həm siyasi, həm də digər azadlıqlarını, məhdudlaşdırmaqla, pozmaqla məşğuldur. Ona görə, bu vəziyyət məni qətiyyən qane etmir.

- Azərbaycan Xalq Hərəkatının təsisçilərindən biri də Sizin rəhbərlik etdiyiniz Azadlıq Partiyasıdır. Xalq Hərəkatının yaranması hansı zərurətdən irəli gəldi?

- Faktiki olaraq əhalinin böyük bir qismi ölkədə baş verən proseslərdən, hakimiyyətin idarəetməsindən ciddi şəkildə narazıdır və partiyalar bu narazılığı yetərincə təşkilatlandırıb, hakimiyyətin üzərinə yönəldib, hakimiyyəti geri oturtmağa səfərbər edə bilmir. Partiyalar arasında da müəyyən fəaliyyət birliklərini ortaya qoymaqda çətinliklər var. Belə bir məqamda Azərbaycanda indiki dövrdə normal, demokratik, insan haqq və hüquqlarına əməl olunan, vətəndaşlarımızın bərabərliyini təmin edəcək cəmiyyətin qurulması üçün birləşməyə, birgə fəaliyyətə ehtiyac var idi. Bu baxımdan, hesab edirəm ki, bu çağırış doğru addımdır. Bu, faktiki olaraq İsgəndər bəyin təşəbbüsüdür. Qurban bəyin və digərlərinin bu məsələdə aktiv iştirakı olsa da, yüzlərlə insanın fikrində belə bir məsələ var idi ki, zəruri proseslərin getməsi, normal bir cəmiyyətin yaradılması üçün qüvvələrin birliyinə, insanların birgə fəaliyyətinə ciddi ehtiyac var. Məncə, Xalq Hərəkatı zərurətdən irəli gəlib. Çünki Azərbaycanın köklü problemləri, dövlət olaraq öz sabahına olan inam və digər problemlərini ortadan götürmək üçün bir hərəkata ehtiyac var. Bu da hərəkat təşəbbüsünü ortaya çıxardı. İnşallah, bu istiqamətdə ilkin addımlar atılır.

- Xalq Hərəkatı demokratik, vətəndaşlarımızın bərabərliyini təmin edəcək cəmiyyətin qurulması nail ola biləcəkmi? Hərakat bunun üçün nə işlər görür?

-Bu məsələdə mənm fikrim ondan ibarətdir ki, ölkədə Xalq Hərəkatına bir sosial sifariş var. Yəni bu Hərəkat elan olunduqdan sonra yerlərdən təşəbbüslər, insanların ayrı-ayrı cəhdləri, yerlərdə strukturlaşmaya cəhd göstərmələri, müəyyən qisminin həyata keçirilməsi göstərir ki, Xalq Hərəkatının yaranmasına cəmiyyətdə bir sosial sifariş var. Eyni vaxtda Azərbaycanın maraqları da belə bir birliyin, hərəkatın yaranmasını tələb edir. Xalq Hərakatının formalaşması üçün münbit şərait var. Bu şəraitdən istifadə etmək siyasətçilərin, təşkilatçıların və bu prosesi aparacaq insanların, ideoloqların üzərinə böyük vəzifə qoyur. İnşallah, biz buna çalışacağıq. Biz bu şansı görürük və qiymətləndiririk. Bu şansdan millətmiz, xalqımız naminə nə dərəcədə yararlana biləcəyik, bunu da yaxın illər göstərəcək.

- Hərəkatın yaranmasına sosial sifariş olsa da, Xalq Hərəkatına bir çox partiyalar təsisçi kimi qatılmadı. Bu, nə ilə əlaqədardır?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA