HAKİMİYYƏT BOŞLUĞUNUN YARATDIĞI FÜRSƏT

  • 2019-04-20 11:21:03
  • |
  • Ölkə /

HAKİMİYYƏT BOŞLUĞUNUN YARATDIĞI FÜRSƏT

Kadrları dəyişməklə arzuolunan nəticənin əldə edilməsinə inam çağdaş dövrün tələblərinə bir çox hallarda tam cavab vermir

Dövlətin qüdrətini və ədalətliliyini şərtləndirən amillər sırasında məhkəmə institutunun müqayisəsiz rolunu inkar etmək mümkünsüzdür. Əks təqdirdə o cəmiyyətdə insan hüquq və azadlıqlarının qorunmasından, demokratik dəyərlərin inkişafından, sosial-iqtisadi azadlıqların təminatından söhbət gedə bilməz. Əgər bir dövlət məmuru dərk etsə ki, vətəndaşın hüquqlarını tapdalayarsa və qarşılığında onun məsuliyyət məsələsi məhkəmə istintaqının predmetinə çevrilər, dünyasında bu yolu seçməz. Boşluğun yaratdığı fürsət nəticəsində səlahiyyət sahibləri tərəfindən ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulması halları ilə tez-tez rastlaşırıq.

Pis qanunlar pis məhkəmə sistemi üçün xərçəng xəstəliyidir. Ən güclü kimyaterapiya belə, onu sağaltmaqda acizdir. Qanunun metastazı bütövlükdə insan cəmiyyəti üçün təhlükədir. Qanunu oyancağa çevirmək meylindən kənar durmaq qanunverici orqanın birinci dərəcəli vəzifəsidir. Qanun bütün anlayışların fövqündə dayanmalıdır. Məşhur irland siyasətçisi və publisisti Edmon Berkin qanun haqda fəlsəfi düşüncəsi mahiyyətinə görə daha dəqiq və daha sərrastdır. O deyir:" Pis qanunlar zülmün ən pis növüdür."

Yeni və beynəlxalq təcrübəni özündə ehtiva edən qanunların qəbul edilməsi cəmiyyət üzvlərinin bütün aspektlər üzrə hüquqlarının müdafiəsi işinə əsaslı töhfələr verəcəyinə ümidliyik. Məhkəmə sisteminin möhkəmləndirilməsinə xidmət edəcək qanunlar elə hazırlanmalıdır ki, onun üzərinə təkrar-təkrar qayıtmağa ehtiyac qalmasın. İndiyəcən qəbul edilən bir çox qanunların üzərindən iki-üç ay keçməmiş təzə düzəlişlərə məruz qoyulub. Konstitusiyamızı götürək, düzəlişlərin sayı ana qanunumuzda o qədər çox olub ki, artıq sayını da itirmişik. Əksəri də şəxsi maraqların təmin olunması üçün edilib.

Kadrları dəyişməklə arzuolunan nəticənin əldə edilməsinə inam çağdaş dövrün tələblərinə bir çox hallarda tam cavab vermir. Hətta hakimlərin ömürlük təyinatı belə bu islahatın arxasında əgər ciddi qanunverici baza yoxdursa, gözlənilən səmərəni verə bilməz.

Eldar SABİROĞLU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA