HAKİMİYYƏTƏ YARINMAĞIN ƏN AXIRINCI YOLU...

HAKİMİYYƏTƏ YARINMAĞIN ƏN AXIRINCI YOLU...

Araz Əlizadəyə millət vəkili desək, millətin həqiqi vəkillərinə hörmətsizlik etmiş olarıq

ASDP sədri Mehman Hüseynovla bağlı açıqlama verərkən növbəti parlament seçkilərində kreslosunu sığortalamağa, mandatını təmin etməyə çalışıb

Bildiyiniz kimi, gənc bloqqer Mehman Hüseynov 2017-ci ilin martın 3-də Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunaraq Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaydığı məlumatda qeyd olunub ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb. Onu da nəzərinizə çatdıraq ki, Mehman Hüseynov ona yeni cinayət işi açıldıqdan bir gün sonra evlərinə zəng edərkən 14 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına salındığını, təzyiqə məruz qaldığını, eyni zamanda yeni cinayət işinə etiraz olaraq istintaqa ifadə verməkdən imtina etdiyini və aclıq aksiyasına başladığını da bildirib.

Təbii ki, sözügedən məsələ ölkə gündəmini zəbt etdiyindən siyasi partiyalar, hüquq-müdafiəçiləri, o cümlədən deputatlar bununla bağlı mətbuat nümayəndələri tərəfindən ünvanlanmış sualları cavablandırıblar. Onlardan bəziləri Mehman Hüseynovu müdafiə edib, digərləri isə tənqid atəşinə tutublar. Məsələnin bu tərəfi ilə işimiş yoxdur. Odur ki, bu yazıda Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadənin demokrat.az-a açıqlamasında qeyd etdiyi fikirlərə münasibət bildirmək istərdik. Çünki Araz Əlizadə Mehman Hüseynovla bağlı danışarkən deputat, partiya sədri olduğunu unudaraq, nəinki bloqqer, hətta sosial şəbəkələrdən istifadə edən ölkə vətəndaşları haqqında xoşagəlməz ifadələrə baş vurub. Belə ki, "Təkcə Mehman Hüseynov aclıq etmir, Afrikada da insanların çoxu acdır. Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı şou düzəldən adamlar bəs nə üçün Afrikadakı ac insanlarla bağlı beynəlxalq təşkilatlara müraciət etmirlər? Bəs bizim müxalifət Afrikadakı ac adamlarla bağlı nə üçün BMT-yə müraciət etmirlər? Görünür ki, bunlar şou kampaniyası aparırlar" deyən ASDP sədri qeyd edib ki, harada avara var, sosial şəbəkələrdədir: "Mən heç Mehman Hüseynovu tanımıram, heç tanımaq da istəmirəm. Yaxşı ki, mən sosial şəbəkələrdə yoxam. Çünki harada avara var, sosial şəbəkələrdədir. Elə Mehman Hüseynov özü də soyunub foto çəkdirirdi. Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib. Bilmirəm ki, bu cür oğul böyüdən anaya Allahdan rəhmət düşür, yoxsa yox! Rusiyada da biri var idi, özünü mıxla "qırmızı meydan"da divara vururdu. Sonra o adam Fransaya gedib bank yandırmaq istəyəndə həbs etdilər. Sonra həmin adam Rusiyaya qayıtdı. İndi Mehmanı da Fransaya göndərmək lazımdır. Vaxtilə Avropa normal sığınacaq istəyən adamlara sığınacaq vermirdi. Amma indi harada avara var, onlara sığınacaq verir".

Baxın, bu da bizim deputatımız. Məhz Araz Əlizadə kimilərinə görə, Milli Məclisin üzvlərinin bir qisminə millət vəkili demək doğru deyil. Çünki millət vəkili sözü millətinə dəyər verən, özünü etik davranış qaydaları çərçivəsində aparan və bu ada layiq olanlara şamil olunmalıdır. "Harada avara var, sosial şəbəkələrdədir" deyən Araz Əlizadə isə əsla bu kriteriyalara cavab vermir. Şübhəsiz ki, ASDP sədri Mehman Hüseynovla bağlı ünvanlanmış sualı cavablandırarkən iqtidara yarınmağa və bu yolla növbəti parlament seçkilərində kreslosunu sığortalamağa, mandatını təmin etməyə çalışıb. Lakin bunun da bir üsulu, qaydası olmalıdır. Əslində, hansısa səbəbdən kiməsə yarınmaq özü xüsusi istedad tələb edir. Görünən odur ki, Araz Əlizadə qaydasında yarınmağı belə, bacarmır. Elə buna görə də yarınmağın bütün əndazəsini aşaraq, özünün belə, maraqlarına zidd ifadə işlədib. Əgər o, desəydi ki, sosial şəbəkələrdəki insanların bir qismi avaradır, o zaman bunu hardasa başa düşmək olardı. Lakin deputat ağına-bozuna baxmadan, sosial şəbəkələrdəki insanların hamısını avara adlandırıb. Bu isə onun ən böyük səhvlərindən biridir. Çünki bu gün ölkə başçısının və ailə üzvlərinin belə, müxtəlif sosial şəbəkələrdə səhifələri mövcuddur. Bundan başqa, Araz Əlizadə ilə eyni salonda əyləşən deputat həmkarlarından Fazil Mustafa, Qənirə Paşayeva, Əli Məsimli, Əflatun Amaşov və digərlərinin də "facebook" hesabı var. O cümlədən, ölkənin sayılıb-seçilən elm adamları, ziyalılar, incəsənət xadimləri, media mənsubları da sosial şəbəkələrin aktiv istifadəçiləridir. Buradan belə çıxır ki, Araz Əlizadə "Harada avara var, sosial şəbəkələrdədir" deməklə, bağışlanılmaz səhvə yol verib.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, təxminən, iki il öncə məhz Araz Əlizadə "Mənim oğlum, həyat yoldaşım da "Facebook"a girir", deyə açıqlama vermişdi. Ümumiyyətlə, məsələlərə məhz kommunist təfəkkürü ilə yanaşan ASDP sədrinin diqqətinə çatdırmaq istərdik ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin belə, ən mühüm qərar və məlumatlarını köməkçiləri vasitəsiylə "Twitter"dən yayır.

İndi isə keçək, məsələnin digər tərəfinə. Yuxarıda qeyd etdiyimiz kimi, Araz Əlizadə Mehman Hüseynovla bağlı danışarkən, "Yaxşı ki, anasını da soyundurub fotosunu çəkməyib. Bilmirəm ki, bu cür oğul böyüdən anaya Allahdan rəhmət düşür, yoxsa yox!" deyib. Bax, bu, lap ağını çıxarmaqdır. Adamı tənqid etmək istəyirsənsə, özü ilə bağlı tutarlı arqumentlərlə mövqeyini bildirə bilərsən. Buna görə heç kim sənə inan tutat deyil. Lakin yarınmaq naminə heç kimin ailəsinə, yaxınlarına toxunmaq olmaz. Bu Azərbaycan kişisinə yaraşan hərəkət deyil. Kişi kişi ilə savaşda qurşaqdan aşağı zərbə vurmaz! Araz Əlizadə isə Mehmanın özü haqda tənqidi fikirlər demək əvəzinə, onun dünyasını dəyişmiş anasını belə, mövzuya daxil edib. Məhz bu səbəbdən də son günlər sosial şəbəkələrdə onu ağ yuyub qara sərirlər. Bizim isə belə bir niyyətimiz yoxdur. Çünki təhrik edən adam bilməlidir ki, qarşı tərəf əvəzində ona gül verməyəcək. Bax, elə buna görə də ASDP sədrinin mərhum anası Zinyət Əlizadə ilə bağlı sosial şəbəkələrdə bir sıra xoşagəlməz ifadələr dolaşmaqdadır. Halbuki belə olmaya da bilərdi. Yəni Araz Əlizadə Mehmanla bağlı bir-iki kəlmə açıqlama verib onu tənqid etsəydi, məsələ bu yerə gəlməzdi. Axı, ölülərin, valideynlərin, ailənin, sosial şəbəkə istifadəçilərinin nə günahı var?! Yarınmaq, gələcək seçkilərdə mandatını təmin etmək istəyirsənsə, bunu daha qanacaqlı formada reallaşdırmam mümkündür. Müxtəlif vaxtlarda "Babək də, Şah İsmayıl da, Rəsulzadə də türk deyil", "Rəsulzadə Azərbaycan üçün heç nə etməyib" kimi çıxışları ilə yadda qalan Araz Əlizadə isə bunun əksinə, yarınmağın ən rüsvayçı axırıncı yolunu seçdi. Odur ki, beləsinə millət vəkili desək, millətin həqiqi vəkillərinə hörmətsizlik etmiş olarıq.

Valeh TÜRKSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA