“Əhalinin 30 faizində bel yırtığı var, çoxu bundan xəbərsizdir” – Tanınmış həkim ağrılardan xilas yollarını göstərir-VİDEO

“Əhalinin 30 faizində bel yırtığı var, çoxu bundan xəbərsizdir” – Tanınmış həkim ağrılardan xilas yollarını göstərir-VİDEO

Dərman və ağrıkəsicilərin təsir etmədiyi xroniki ağrılardan xilas olmağın yeni üsulu – Amerika, Avropa müalicə metodikası Bakıda

Zülfüqar Yusifov dünyada yeni elm olan alqologiya – ağrı müalicəsi ilə məşğul olan azsaylı Azərbaycan mütəxəssislərindəndir. Alqologiya çox multidisiplinar sahə olub, həkimdən bir sıra tibbi disiplinlərin birgə tətbiqini tələb edir.

Dünyanın məşhur universitet və klinikalarında davamlı təhsil və təcrübə keçmiş həkim son 3 ildə Türkiyədə xroniki ağrı müalicəsi üzrə təcrübə qazanıb.

Və nəhayət, topladığı bilik və təcrübəni Azərbaycanda tətbiq etmək, ölkəmizdə alqologiyanın inkişafı üçün Ankara klinikasının nəzdində xüsusi Ağrı Mərkəzi yaradıb.

Bu gün ABŞ, Avropa, Türkiyədə aparıcı klinikaların nəzdində olan ağrı mərkəzlərində hansı metodlar, müayinə və müalicələr tətbiq olunursa, xəstələrə hansı xidmət göstərilirsə, bu mərkəzdə eyni səviyyədə, eyni metodlar tətbiq olunur.

Beləliklə, xroniki ağrılardan əziyyət çəkən xəstələrin artıq hansısa ümumi klinikaya yox, məhz Ağrı Mərkəzinə müraciət etməsi labüdləşib. Xəstələr Ağrı Mərkəzini tanımalı və illərdir əziyyət çəkdikləri ən müxtəlif ağrılardan yeni metodlarla xilas olmağın mümkünlüyünü bilməlidir.

Ağrı Mərkəzinin yaradıcısı, alqoloq, Dünya Ağrı İnstitutu və Amerika Regional Anesteziya və Ağrı Assosiasiyasının, Dünya Ultrasəs Altında Ağrı Müalicəsi Akademiyası və Amerika Fleboloji Kollecinin üzvü, EULAR TT sertifikatına malik, İnvaziv Ağrı Mütəxəssisi, Fleboloq doktor Zülfüqar Yusifovla müsahibəni təqdim edirik:

-Həkim, ilk növbədə insanlara izah edək: niyə ağrı mərkəzləri dünyada ayrıca fəaliyyət göstərir, burda hansı müalicələr tətbiq olunur və hansı xəstələr sizə müraciət etməlidir?

-Ağrı Mərkəzi Bakıda 1 ildir yaranıb. Dünyanın qabaqcıl ölkələrində, eləcə də qardaş Türkiyədə belə mərkəzlər çoxdan var.

Ağrı haqqında elmi – alqalogiya adlanır. Bu elmin isə 30 illik yaşı var.

Dünyada tibb universitetlərində ayrıca ağrı bölmələri var və alqoloqlar yetişdirilir. Bizdə ağrı problemlərinə nevroloqlar, neyrocərrahlar, fizioterapevtlər baxır. Artıq Azərbaycanda da yavaş-yavaş alqoloqlar yetişməyə başlayır.

Biz də bu sahənin ilklərindənik. Mən 10 ilə yaxındır ki, ağrı müalicəsi ilə məşğulam. İndi də tam olaraq Ağrı Mərkəzində dünyanın qabaqcıl elmi-təcrübi biliklərini təqdim edirik.

Biz hansı ağrılarda müalicə edirik? Əzələ-sümük ağrıları, onurğa, boyun, beldə, döş qəfəsində olan ağrılar, müxtəlif oynaq ağrıları – diz, bud, çiyin, bundan əlavə baş ağrıları, üçlü sinir ağrıları, miqrenlər, ənsə nevralgiyaları və nəhayət, damar- arterial və venoz sistem çatışmazlığından qaynaqlanan ağrılarla işləyirik. Damar ağrılarında radiofrekans vasitəsilə simpatik bloklar aparırıq. Venoz çatışmazlığı da məhz radiofrekans vasitəsilə aradan qaldırırıq ki, pasiyentlər bu prosedurdan sonra ağrısız, məmnun həyatlarına davam edirlər

-Adətən belə xəstələr nevroloqlara gedəndə ilk növbədə MRT, rentgenə göndərilir ki, ağrı səbəbi aşkarlansın. Sizin diaqnostika metodlarınız hansılardır? Və bura müalicə üçün gələn insanı hansı prosedurlar gözləyir?

-Ümumiyyətlə, ağrı və müalicəsi multidisiplinar bir sahədir. Diaqnostikada bəzən bir neçə mütəxəssisin rəyi lazımdır. Ağrı çox mürəkkəb prosesdir. Bununla mübarizə aparan həkim ordusu çoxdur. Bir sıra hallarda ağrılar o qədər çətin olur ki, dərmana, idmana, masaja tabe olmur. Belə anlarda artıq alqologiya işə düşür.

Ağrıların böyük qismi sinir vasitəsilə daşınır. Bunlar da 2 qrupa bölünür: neyropatik, somatik.

Adi somatik ağrıda bir toxunma nəticəsində dəri səthindəki ağrı reseptorları qıcıqlanır, sinirlərlə onurğa beyninə göndərilir, burdan da mərkəzə, beyinə, beyin qabığına gedir. Ağrının daşınma mexanizmi: sinirlər boyu ağrının qəbul olunmasını asanlaşdıran maddələrin –neyrotransmittetlərin ifrazının artması ilə şərtlənir. Onlar ağrını beyinə daha tez və qabarıq çatdırır.

İkinci bir maddə – neyrotransmitterlər vardır ki, onlar tormozlayıcıdır, yəni ağrıya qarşıdır. Bunlar olmasaydı, biz hər hansı səthə toxunduqda ağrıya qarşı dözümsüz olardıq. Normal şərtlər daxilində sinir boyu ağrını daşıyan maddələrin axını başladıqda, eyni zamanda mərkəzdən periferiyaya doğru ağrını tormozlayan maddələrin də axını başlayır. Ona görə, biz çox ağrıları hiss etmirik və ya dözə bilirik.

Ağrı nə vaxt niyə baş verir? O zaman ki, ağrıdaşıyıcı maddələrin gücü tormozlayıcılardan daha çox olur. Beyin bütün qıcıqları ağrı və şiddətli ağrı şəklində qəbul edir.

Ağrıların 2 növü var: kəskin və xroniki. Kəskin - travma nəticəsində meydana çıxan ağrılardır. Daxili orqanların problemindən də kəskin ağrılar olur.

Xalq arasında "ağrını kəsmək olmaz” deyimi var. Bəzi kəskin, daxili orqanlardan qaynaqlanan ağrıları tez kəsmək olmaz. Çünki xəstəliyin diaqnostikasında rol oynayır. Biz xroniki ağrılarla məşğuluq, hansı ki, insanla uzun müddət yoldaşlıq edir və daha degenerativ xəstəliklər nəticəsində meydana çıxır. Məsələn, onurğa ağrıları degenerativdir. Onurğa beyindən çıxan sinirlər patoloji səbəblərdən sıxılır, ağrı yaranır.

Xəstənin ağrılarını azaltmaq, hərəkətini təmin etmək, həyatı keyfiyyətini yaxşılaşdırmaq üçün hərəkətə keçirik.

Bəzən dərmanlar, fizioterapiya, balnio terapiya, müxtəlif aparatlar və s. kömək etmir. Bu zaman Ağrı Mərkəzində daha müasir, spesifik metodlardan - məsələn, radiofrekansdan istifadə olunur.

Başqa metodlar artıq kömək etmədikdə, biz birbaşa flüroskop altında, xüsusi elektrodlarla həmin nahiyəyə daxil oluruq. Bəzi dərman maddələri yeridirik, bu da, ödemi, iltihabı götürür, ağrını azaldır.

İkincisi- radiodalğalar göndəririk. Onlar sinir ətrafında xüsusi elektromaqnit sahəsi yaradıb, tormozlayıcı maddələrin axınını artırır, ağrı daşıyan maddələrin sürəti yavaşıyır, beləliklə mərkəzə, beyinə impulsar zəif çatır və xəstə dəhşətli ağrı hiss etmir.

Radiofrekansla birbaşa ablasiya etmək olur. Sinir uclarını tamamən ləğv edirik.

Beldə fasset oynaq ağrıları da çox olur. Təəssüf ki, bizim ölkədə faset oynaqlarının nə diaqnostikası, nə müalicəsinə önəm verilir.

Halbuki bu oynaqlar hər fəqərədə var. Və onurğanın hərəkətliyini təmin edir. O oynaqlarda da sinir ucları var ki, ağrı verir. Diaqnostik blokdan sonra USM və flüroskop atında yoxlayıb, sonra xüsusi elektrodlarla temperatur verilərək sinir ucu ləğv edilir. Bununla da ağrı mənbəyi kəsilmiş olur. Xəstə 1-2 saatdan sonra evə yazılır.

Bizim mərkəzə ən çox müraciət edən xəstələr: bel ağrıları, bel ağrılarının istər falset oynaqları, istər yırtıqlar, istər işemik, istər iltihab mənşəli ağrıları, degenerativ ağrıları olanlardır.

Boyun və boyundan qaynaqlanan baş ağları, oynaq ağrıları – diz, bud, çanaq və s.

Şəkərli xəstələrdə ateroskleroz, işemik ağrılar, burgel xəstəliyi, venoz ağrılar- ayaqlarda ağırlıq, yaralar və qaşınmanın müalicəsi ilə məşğul oluruq.

Daha çox invaziv metodlardan istifadə edirik.

Diaqnostika və müalicə flüroskop və USM altında həyata keçirilir

-Bütün bunlardan keçdikdən sonra xəstə neçə müddət ağrılardan azad olur: ömürlük, yoxsa bir neçə illik?

- Hər insanın orqanizminin individual olması nəzərə alınmalıdır. İstənilən müalicə və maddənin təsir müddəti də fərqlidir. Əgər falset oynaqlarda müalicə aparmışıqsa, orta 6 ay – 1 il müddətinə təsir edir.

Əgər arxa kök stimulyasiya olunursa, müddətsiz yaxşılaşma ola bilər. Elə müalicələr var ömürlük təsir edir. Hər fərdin immun sistemi, orqanizmi, həyat tərzinə, işinə, peşəsindən asılıdır.

Bütün inkişaf etmiş ölkələrdə xroniki ağrılarla yoldaşlıq etmək məsələsi gündəmdədir. Çox yerlərdə diabet, artroz məktəbləri var. İnsanlara bu xəstəliklərlə düzgün davranmaq öyrədilir. Biz dizi ağrıyan insanda radifrekansla blok ediriksə, xəstə burdan çıxıb dağa çıxacaqsa, müalicəmiz heçə enəcək. Beli ağrıyan xəstənin normal hərəkətini təmin etmişik, gedib 50 kq-lıq bir yük qaldırarsa, bu durumda yeni ağrılar meydana çıxacaq. Bu bel, bu diz artıq sağlam deyil. Biz onlara kömək etdik, dəstək verdik, qalan hər şey xəstənin davranışından asılıdır. Xəstəliklə dostluq etməklazımdır. Orqanizmin gücü əbədi deyil.

-Qeyd etdiniz ki, əsas işlər USM və flüroskop altında icra olunur. Bunların üstünlüyü nədir?

-Beldə sinir kökünə yaxın inyeksiya aparmaq üçün 4 qat kontroldan istifadə olunur:

-Rentgendə elektrodun ucunu görürük, radiofrekans cihazında toxuma sıxlığını müəyyənləşdirən imkan sayəsində hansı toxumada olduğumuzu görürük.

- stimulyator vasitəsilə müvafiq motor və sensor yoxlamalar aparırıq.

Kontrast maddə yeridərək, damar daxilində və sinir kökünə nə qədər yaxın olduğumuzu dəqiqləşdiririk.

Yəni bu 4 qat kontrol bizə imkan verir ki, düz hədəfə inyeksiya edək, heç bir əlavə sinir və damar zədələnməsin.

Oynaqdaxili proseduru USM kontrolda aparırıq. Çiyində olan ağrılar zamanı çiyinə vurulan iynə çox ehtiyatla olunmalıdır. Ağrının haradan qaynaqlandığını tapmalıyıq. Ola bilər çiyin oynağının özündə problem vardır

Hər ağrıya görə ayrı-ayrı nahiyələrdə olmağımız lazımdır. Bizim müayinə və diaqnostikamız fərqlidir, müalicə, inyeksiyalar fərqlidir. Bunun üçün USM altında inyeksiya olunmalıdır ki, başqa toxumalara xətər yetirməyək və qısa müddətdə effekt görək.

Çox həkimlər inyeksiyanı USM-siz edir, bir də görürsən hədəfə düşmür,

bahalı preparatı boşluğa ya əzələyə vurur. Bunun da xəstəyə faydası yoxdur.

-Bəs axı çox yerlərdə rentgen olunur, həkim USM altında olmadan elə birbaşa iynəni oynağa vurur...

-Bəli, USM-dən öncə rentgen əsas instrumental metod idi. Amma rentgen tam informativ deyil.

Məsələn, diz oynağı təkcə sümüklərdən ibarət deyil.

Diz oynağında başqa strukturlar var. Məsələn, oynaq qığırdağının yeyilməsini rentgen göstərmir. Oynaqda maye göstərilmir, bağları görmürük.

Çoxsaylı vətərlər vardır, əzələlər bu vətərlə hərəkəti təmin edir. Oynaqda vətərlərin birləşdiyi yerdə bursalar var – rentgen bunları da görmür. Neyrovoskulyar dəstə, sinirlər, venalar keçir, arteriya keçir, bunları da rentgendə görmürük. Ağrı təkcə sümükdən qaynaqlanmır. Adını çəkdiyim bu strukturları USM-də görürük.

Əgər oynaq daxilində bir iş görməklazımdrısa USM kontrol ən yaxşısıdır. Maye çəkmək, inyeksiya etmək, blok etmək hamısı USM altında daha dəqiq icra olunur.

Beyker kistlərində ən yaxşı diaqnostika da USM ilə olunur: 5 dəqiqə içində də USM altında o kisti boşaldırıq.

Oynaq daxilində degenerativ dəyişikliklər zamanı çox vaxt hialiron turşusu yeridilir. Bu, oynaqda sürtünməni yaxşılaşdırır. İkinci üsul PRP-dir. Oynaq qığırdağının bərpasına yönəlib.

Bəzi mütəxəssislər oynaq əməliyyatları o qədər çox ediblər ki, vərdişləri var. Gözəyarı bilirlər.

Amma dünyada protokollar bunu tələb edir ki, oynaq daxili bütün prosedurlar USM altında aparılsın.

Çox həkimlər USM-siz edir, bir də görürsən hədəfə düşmür, bahalı preparatı boşluğa ya əzələyə vurur. Bunun da xəstəyə faydası yoxdur.

Bütün bunları xəstə də, həkim də bilməlidir. Onurğaya avadanlıqsız birbaşa maddə yeritmək təhlükəlidir. Təəssüf ki, bir çox yerlərdə bu protokollara əməl olunmur.

Dünənə qədər rentgen metodikası olub. Bu gün amma USM var.

Rentgeni bilənlər bir addım öndədir. Azərbaycana hələ rentgen altında prosedurlar təzə gəlib, dünya artıq USM -ə keçdi. İndi Azərbaycanda USM altında ağrıya qarşı prosedurlar başlamalıdır.

-Ölkəmizdə bel yırtığından əziyyət çəkən xeyli insanlar var. Ağrı Mərkəzində əməliyyata getmədən, onurğasında yırtıq olanları ağrıdan azad edə bilirsizmi?

-Bəli edirik. Beldə fəqərə diski yırtıqları ölçüyə görə dəyərləndirilmir. Yırtıqların ölçüsü 3-9-15 mm -də ola bilər. Əsas məsələ siniri nə qədər sıxmasıdır.

Yırtıqlar 2-3 ay ərzində dərman müalicəsinə tabe olmursa, bağırsaq, sidik problemi varsa, aşağı ətraflarda hərəkət çətinliyi yaradırsa, əməliyyata göstərişdir.

Digər hallarda konservartiv və invaziv metodlardan istifadə edilir. Bu da inyeksiyalar və radiofrekansdır. Burda ölçü fərqi yoxdur. Ödem, sinirə təzyiq varsa, beldən aşağı ətrafa təzyiq varsa, bizim metodlar effektiv sayılır. Bütün xəstələrə yaxşı təsir edirmi? Tibb elmində 100% zəmanət olmur. Hətta əməliyyatdan sonra yenə də ağrıları olan xəstələr olub. Dünyada belə sindrom var: Uğursuz bel əməliyyatı sindromu.

Əslində, bu, cərrahın uğursuz işi demək deyil.

Bir sıra xəstələrdə əməliyyatdan sonra birləşdirici toxuma tərəfindən sinirlər sıxılır, çapıqlar siniri sıxır, ağrı olur, məcburi olaraq yenə də invaziv metodlar tətbiq olunur.

Ona görə deyirik Ağrı multisiplinmar sahədir. Bəzən bir ağrı sadə dərmanla həll olur, bəzən heç əməliyyatla da aradan qalxmır.

Neyrocərrah, ağrı mütəxəssisi, nevroloqun birgə ağrının üzərinə getməsində fayda vardır.

Təcrübəmizdə fəqərə yırtığının ən böyüyü 42 mm olub. Bu disk yırtığı onurğa kanalı boyu aşağı enən yırtıq olub. Daha çox xəstələrdə protruziyalar 4-15 mm arası dəyişir.

Diaqnostikada MRTmüayinə əsasdır.

Biz yırtıq olan nahiyəyə elektrodlarla daxil olub, xüsusi maddələri inyeksiya edirik, ödemi aradan qaldırırıq, sinir sıxılmasını izolə edirik.

Yırtıqla bağlı maraqlı bir faktı da deyim. Tədqiqatlar göstərir ki, sağlam əhalinin 30% ni MRT etsək, onlarda yırtıq olduğunu görərsiz.

Yəni insan var illərdir yırtığı var, hiss etmir, ağrı yoxdur. Sonradan müəyyən təsir və səbəbdən ağır yükdən, hərəkətdən, soyuqlamadan orda sıxılma olur. İltihab mediatorları sintez olunur, nəticədə ağrı olur.

İnyeksiya edib, iltihabı aradan qaldırırıq. Ağrını tormozlayıcı mediatorların sintezini stimullaşdıran radiodalğaları verdikdə axın dəyişir. Beyinə daha az ağrı siqnalı ötürülür. Beləliklə, onurğa yırtığı xəstələrində də ağrını aradan qaldırmış oluruq.

-Bəs bu müalicələr hansı yaş həddi üçün uyğundur?

-Ağrı müalicəsində yaş məhdudiyyəti yoxdur. 14 yaşından və yuxarı insanlarla məşğul oluruq. Hamilə qadınlarda da müəyyən ağrı terapiyası aparılır. Bu da inyeksiyalarla olunur. Hamilə qadınlara USM altında inyeksiya tövsiyədir. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA