Hansı dəyərsizliyimizdən yazasan?

  • 2019-06-15 14:46:20
  • |
  • Ölkə /

Hansı dəyərsizliyimizdən yazasan?

Əlisa NİCAT

Ha fikirləşirsən ki, bəs son 50 illik hakimyyət bizi bu günə qoydu, onda bəs Mirzə Fətəli, Mirzə Cəlil, Sabir? Deməli, 150 il bundan qabaq da tamamilə belə olmuşuq. Bəlkə bir az da pis. Amma bir şərtlə. O vaxtlar içimizdən Hacı Zeynalabdin Tağıyev kimi nadir insanlar da çıxırdı. Bu cəhətdən bu gün belələri varmi? Axı əgər o vaxt milyonçularımızın sayı 5-10 nəfər idisə, bu gün beş-on dəfə çox olar. Bəlkə onlar başçının qəzəbindən qorxurlar; amma axı bu işi xəlvəti də görmək olar.

Nə isə... Fakt odur ki, əgər erməni namərd, paxıl, mədəniyyət oğrusudursa, gürcü xəbis, torpaq hərisi, qarınqulu kintodursa, bizim eyiblərimizin, dəyərsizliklərimizin isə sayı-hesabı yoxdur. Mən yüzlərlə bu cür eyiblərimizin adını çəkə bilərəm ki, onlara başıboşluq, özündənrazılıq, paxıllıq, yaltaqlıq, axmaqlıq, nadanlıq, siyasi şüursuzluq, heysiyyətsizlik, özündən güclünün təhqirinə dözmək, şərəfsizlik və s. və i.a. Özü də hamısına aid konkret misallar, konkret adamlar göstərə bilərəm. Məsələn, mərhum şair Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə hey internetdə çıxış edib onu-bunu tənqid edir. Halbuki tənqid etidiyi adamlar, əlbəttə tənqidə layiqdirlər, amma səbəbkarın adını heç vaxt çəkmir. Və unudur ki, atası da şairlik istedadına baxmayaraq, bir çox nöqsanlardan xali deyildi və lazım olanda fürsəti əldən verməyib, lazım olan adamı tərifləməkdən çəkinmirdi də. 1990-93-ci illərdə Milli Məclisdə lazım olan adamı çıxıb necə inadla tərifləyir, müdafiə edirdi. Və doğrudan da raşşotu düz çıxdı. Az sonra xeyli mükafatlandı. İsfəndiyar bəyin özü də, əlbəttə, öz dili ilə vəzifə istədiyini söyləməkdən çəkinmir və sözsüz ki, vəzifə alarsa, tamam başqa hava çalacaq.

Məsələ burasındadır ki, təbii sərvətləri bu qədər zəngin olan ölkənin vətəndaşlarının minimum əmək haqqı nə qədərdir? 180 manat. Təqribən bir o qədər də təqaüd alırıq. Uzağa getməyib elə özümü misal gətirə bilərəm. Məni tanıyanlar, haqqımda çoxlu sayda yazılar çap etdirənlər mənim necə bir şəxsiyyət olduğum yaxşı bilirlər. Yaxşı bilirlər ki, mən özünütərif olmasın, Sorbonnada fransız və ümumiyyətlə Avropa fəlsəfəsindən, eləcə də tarixindən, musiqisindən günlərlə mühazirələr oxuya bilərəm. Və yalnız tələbələrə yox, həm də elə oranın akademiklərinə. Kim buna şübhə edirsə çağırsın, harda istəyir çıxış edim, qulaq assın. Görsün mən deyənləri başqa kimsə deyə bilərmi?

Bütün bunları ona görə yazıram ki, bir çoxlarının dediyi kimi, Avropada yaşasaydım, qızıldan heykəlimi qoyardılar. Bütün bunları ona görə yazıram ki, 23 ildir əvvəl 60, sonra, 100, sonra 150, indi də 200 manat təqaüd alıram. Məgər 1500 səhifəlik, dünyada analoqu olmayan fəlsəfə antologiyasının müəllifini, ailəsini ayda 200 manatın ümidinə qoyan ölkə harda var? Belə şey ancaq bizdə ola bilər, necə ki olur da.

İş gör hara çatıb ki, mənim kimi insanın heç vaxt dilinə gətirmədiyi sözləri qəzet səhifələrində açıqlayıram. Mən axı Ramiz Rövşən deyiləm ki, Anarı “böyük yazıçı” adlandırım və o da mənə xalq şairi adını bəxş edib firavan həyat bağışlasın. Və ümumiyyətlə yuxarı dairələrdə hələ bir nəfərin də dilindən eşitməmişəm ki, ay Əlisa müəllim, sən ən azı pritça janrını ədəbiyyatımıza gətirib mindən çox nümunəsini yaratmısan və oxucular sənə “şərqin Kafkası” adını veriblər. Amma heç Kafkanı oxuyan varmı, hətta oxuyanlar olsa belə, ondan bir şey anlayan tapılırmı? Təəssüf ki, yox. Ona görə bu gündə yaşamağım, əlbəttə, çox təbiidir. Mən axı heç kimdən heç bir mərhəmət və güzəşt istəmirəm. Mən mənə çatmalı olan Prezident Təqaüdünü tələb edirəm ki, əgər layiq olan varsa, ilk almalı olanların biri də mənəm elə deyilmi, cənablar?

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA