“Hansısa qüvvələr məni Qarabağ Komitəsindən uzaqlaşdırmaq istəyir” - AKİF NAĞI

“Hansısa qüvvələr məni Qarabağ Komitəsindən uzaqlaşdırmaq istəyir” - AKİF NAĞI

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qarabağ Komitəsinin (QK) KXCP qərargahında keçirilən son iki iclasında iştirak etməməsi diqqətdən yayınmayıb. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, QAT sədrinin iclaslarda iştirak etməməsi səbəbsiz deyil. Məlumatda qeyd olunur ki, A.Nağı iclasların partiya qərargahlarında keçiriləcəyi təqdirdə orada iştirak etməyəcəyini bəyan edib. QAT sədrinin qərarının QK-nın İdarə Heyəti üzvlərinin ürəyincə olmadığı bildirilir.

QK-nın təsisçilərinin komitənin A.Nağı üzərindən hakimiyyətə daha yaxın göründüyünü düşündükləri iddiası da var. Bu səbəbdən hətta idarə heyəti üzvlərinin A.Nağını bir neçə iclasdan sonra səsvermə yolu ilə komitədən uzaqlaşdıracaqları bildirilir.

Məsələ ilə bağlı A.Nağının mövqeyini öyrəndik. QAT sədri QK-nı tərk etmədiyini söylədi: “Məsələ tam deyildiyi səviyyədə deyil. Komitənin iclasları QAT-ın ofisində keçirilirdi. Əvvəldən komitə yaradılanda demişdim ki, komitənin üzərinə hər hansı bir partiyanın möhürü düşməməlidir. Çünki iclaslar hansısa bir partiyanın qərargahında keçirilən kimi onun adına bağlanacaqdı. İclaslar nisbətən neytral yaxud Qarabağ adına olan bir yerdə keçirilməlidir. Buna uyğun da QAT ofisində iclaslar keçirilirdi. Amma son iki iclas KXCP qərargahında oldu və buna mane də olmadım. Komitə üzvləri ilə görüşlərim olub və mövqeyimi bir daha bildirmişəm. Söhbət burada KXCP-dən getmir. Bu ümumi işimizə ziyan vurur. Bir partiyanın qərargahında iclas olursa, başqa bir partiya iştirak etməyə bilər. Bu da komitənin genişlənməsinə də mane ola bilər. Partiya qərargahlarında keçirilən toplantılara qatılmayacam. Amma bu komitədən çıxmaq deyil. İstefa verməmişəm, komitənin üzvü olaraq qalıram. Mövqeyimi isə dəyişmirəm”.

A.Nağı QK-nın onun üzərindən hakimiyyətə yaxın olduğu barədə iddialara da toxundu: “Bu xətti davam etdirsələr, istər-istəməz Akif Nağı komitədən uzaqlaşacaq. Mən onlar üçün problem yaradıramsa, başqa yol da qalmır. Hakimiyyətə yaxın olmağımla bağlı deyilənlər tamamilə yersizdir. QAT müxalifət partiyası deyil. Komitə də müxalifət mərkəzi kimi yaranmayıb. Boş və mənasız tezislər səsləndirməsinlər. Bunu deyənlər özləri hakimiyyətə daha yaxındırlar. Bununla bağlı faktlar da az deyil. Əsassız iddialarla Qarabağla bağlı birliyi pozmağa çalışırlar. Növbəti iclasın harada olacağı barədə məlumatsızam. Birmənalı şəkildə iclas partiya qərargahında olsa, orada yoxam. Komitədən uzaqlaşdırıla biləcəyimə gəlincə, deyə bilərəm ki, əsasnaməyə görə komitə məni bir neçə iclasda iştirak etmədiyim səbəbilə çıxara bilər. Komitənin bu səlahiyyətləri var. İstənilən halda istefa barədə düşünmürəm. Bunu QK üzvlərinə də demişəm. Komitənin yaradılmasının ideya müəllifi olmuşam. Prinsiplərim qəbul olunmadığı üçün iclaslarda yoxam. Amma bu o demək deyil ki, komitədən çıxıram. Əgər məni çıxarsalar, özləri bilərlər. Partiya qərargahında iclasları keçirmək təklifini irəli sürənlər bir sıra səbəblər dedilər. Üzdə deyilən səbəb odur ki, guya insanlar QAT-ın ofisinə sıxışmır. Amma onu deyim ki, KXCP qərargahı QAT-ın ofisindən kiçikdir. Ona görə də bu səbəbi əsas kimi qəbul etmirəm. Görünür başqa səbəblər var. Amma bunu dəqiq bilmirəm. Düşünürəm ki, hansısa qüvvələr həm komitənin dağılmasını, həm də Akif Nağının oradan uzaqlaşdırılmasını istəyirlər”./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA