Hara sürükləyirik vətəni, axı hara?.. – ELDAR SABİROĞLU YAZIR

Hara sürükləyirik vətəni, axı hara?.. – ELDAR SABİROĞLU YAZIR

Hakimiyyət mənə gözəl bir şans verdi. Gördüklərimi və dərk etdiklərimi nəhayət, paylaşmaq, içtimai rəylə bölüşmək imkanını əldə edə bildim. Buna görə prezident İlham Əliyevə minnətdaram. O, mənə seçim etməkdə ən doğru yolu göstərdi. İndi qismən özümü azad hiss edirəm. Həqiqətən, azad olmaq, azad düşünmək əvəzsiz nemət imiş.

əs niyə qismən!? Rüfətin zindanda ağlagəlməz işgəncələrə məruz qoyulması, 8 saata yaxın çarmaxa çəkili vəziyyətdə saxlayaraq ona olmazın əzablarını yaşatmaları bir az gözlərimi qorxuzub. Dustaqlıqdan sonra başına gələnləri danışdıqca gözlərim önündə qeyri-ixtiyarı Osvensim əsir düşərgəsi haqda oxuduğum sənədli təsvirlər canlanırdı. Digər yandan da bəzi YAP -çı aparatçiklərin "onun meyidi türmədən çıxmalıydı" deyə qulağıma gəlib çatan sözləri məni dəhşətə gətirirdi. Həm də nağıl kimi görünürdü mənə. Yəni doğrudanmı bunu deyən insandı?!

Övlad belədir!!! Ona görə bəzən təslim də ola bilirsən. Şükür bu acı, şərəfsiz həyatı yaşamadıq. Sındıra bilmədilər. Ancaq yenə hərdən eşitdirirlər: " Biz nə etsək sən susmalısan". Harda belə şey yazılıb, qandıra bilmirəm. Heç harda!!! Bizim ölkədə isə yazılıb...

Keçmə hökumətin yalanlarından. Bunu da növbəyə qoyub. Təzəsi hökmən uydurulmalıdır ki, əvvəlkini yaddan çıxartdırmaq mümkün olsun. Millət yalanlardan usanıb. Bunlar isə yorulmadılar. Yalan üzərində qurulan hökmranlığın sonunu təsəvvür edin.

Bir yalan hələ də beynimdə ilişib qalıb. Çıxarıb ata bilmirəm. Rəsmi statistika yazdı ki, ölkədə işsizlik 5 faiz təşkil edir. Yoxsulluq həddinin isə 5 faizdən aşağı düşdüyü göstərilir. Burdan-bura adamın gözünün içinə necə də yalan üfürürlər. Axı bu yekəlikdə quraşdırma yalanlara kimisə inandırmaq istəyirsinizsə kökündən yanılırsınız. Xalq qarşısında məsuliyyət hissi dibindən doğrana-doğrana gedir. Əgər işsizlik 5 faiz civarındadırsa, bəs dolanışıq ucbatından dünyaya səpələnən soydaşlarımızı ocağından perik salan səbəbin adı nədir?! Rusiyanın bazarları, Türkiyə və İranın ticarət mərkəzləri günlük çörək pulundan ötrü ağzınacan azərbaycanlılarla doludur. Təkcə Rusiyada Azərbaycan köçmənlərinin sayı 4 milyona yaxındır. Ölüsünü dəfn edə bilməyən kəndlərimiz var. Çünki adam qalmayıb. Fərqindəyikmi? Rüşvətin, korrupsiyanın neçə faiz artıb-azaldığı barədə xəbərim olmadığından konkert nəsə deyə bilmərəm.

Dərinə getməyək. Onsuz da üzərimə çoxlu basqılar var. Nöqsanları vaxtında dilə gətirmədiyimi gedib-gəlib üzümə vururlar. Hətta doğma oğlum belə seçdiyim yola görə məni qınayır... Taleyin işidir. Yaşamağa və səbrli olmağa məcburam. Çox zaman suallara cavab tapa bilmirəm. Hardasa haqlıdırlar!!!

Ağır mübarizələrdən keçdik, müstəqil dövlətimiz quruldu. Lakin daxili çaxnaşmalar, baş verən hakimiyyət davalarının ozü ilə bərabər gətirdiyi ağrılı problemlər insanlarda nostalji hissləri geri qaytarır. Köhnə quruluşun xiffətini çəkənlərin sayı günbəgün artır. Gör-götür dünyasıdır. Raykomların vaxtında həqiqətən bir nizam -intizam vardı. Ədalətli, qanunpərəst, nəfsini qorumağı bacaran halal və dürüst kadrlar az deyildi. İndiki icrakomlarda isə belələrini tapmaq üçün əlində çıraq mərtəbələri gərək bir-birinə vurasan. O da hələ...

Doğrudan, azad fikrin ifadəçisi olmaq bir bəxtiyarlıqdır. Təkrar etsəm də eybi yox. Prezident İlham Əliyevin haqsız və ədalətsiz təqiblərinə hədəf olsaq da, ona təşəkkür borcum var. Rüfətin gəncliyini əlindən aldı, lakin məni qaranlıqlar aləmindən xilas etdi.

Lakin ürəyimin başına yığılan közü tam söndürməyə gücüm yetərli olmadığından dərinliklərə enməyi rəva görmürəm. İstəmirəm Rüfətin həyatına baiskar olum. Heç istəmirəm!!! Ona görə də qınamayın məni. Rica edirəm!!! O, çox qorxulu və təhlükəli rəhbərdir. Təkcə məni yox, bütünsiyasi dustaq ailələrini təşviş, həyacan içərisində saxlayan bu amansızlıqdır.

Rəhbər təkcə bu keyfiyyətləri ilə deyil, hakimiyyətini bərkitmək üçün müxalif qisimdən tərəfdarları ətrafına yığmaq ücün göstərdiyi səylərə görə də xüsusi diqqət cəlb edir. Razılaşmayıb mövqelərini davam etdirənlərin aqibəti bəllidir. Məni dağa-daşa salıb müxalifətçilikdə ittiham edənlərə cavabım belədir: nümunələrdən biri mənim öz evimdədir!!! Bir sözlə,Əliyev hakimiyyətinin müxalifətin zəif və dağınıq duruma çatdırılması məsələsində özünü hər gün göstərir.Yol ayrıcında qalan müxalifətdaxili ziddiyyətləri idarə edərək prosesləri dərinləşdirməyi bacardı. Bu qənaətlər hakimiyyətin tezliklə dəyişəcyinə inamı azaldır. Hətta komandaya özünün və atasının ünvanına ağır təhqirlərdən çəkinməyən, ölümlə təhdid edənlərəcən adamları iqtidarın sırasına çəkməyi bacardı və beləliklə, müxalif düşərgədə əməlli-başlı qalmaqal və dərin boşluq yaratmağa nail oldu. İdarəetmədə zora üstünlük verən hakimiyyət kənar təsirlərə baxmayaraq müvazinətini itirmədi.

Mən şüarçılığı sevmirəm. Xalqı şüarlar üzərində kökləyənlərə də pis baxıram. Nə cəmiyyətimiz hakimiyyəti yola salmağa hazırdır, nə də Rusiya ilə Qərb bunu arzulayır. Qərbin hərdən yuxusu tərs düşəndə səsləndirdiyi bəyanat və qətnamələrə aldanmayın. Açıq görüşlərdə nələrisə eşidirik, lakin qapalı söhbətlərdə maraq dairəsinə uyğun fikirlərdən xəbərsizik. Siyasət reallığı qəbul edir. Təsəlli üzərində siyasət qurulmur.

Prezident müxalifətdən qopardığı "sürüşkən" kadrlara xalqın dərin nifrəti üçün lazım olan hər şeyi etdi və bundan sonra cəmiyyətin fəal kəsiminin içində onların təkrar yer almaları böyük şübhə doğurur. Dövlət başçısı onları əzizləyə-əzizləyə xalqa həm də onu çatdırdı ki, bu da sənə müxalifət!!!Sinələrinə orden və medalları da nümayişkaranə şəkildə özünün taxması təsadüfi siyasi gediş deyildi. Təsəvvür edin, dövlət mükafatına layiq görülənlərdən eləsi oldu ki, təltifdən dərhal sonra ölkənin ən əhəmiyyətli qurumunun başçısı, yəni naziri və tanınmış deputat-akademik tərəfindən təntənəli məktubla təbrik edildi. Təbriklər dövlətin yazılı mətbuatında, televiziyalarında manşetlərə qaldırıldı. Halbuki qorxudan əvvəllər adi salamı verməyə cürətləri çatmazdı. Həmin anlar böyük şəxsiyyət hesab etdiyim Heydər Əliyev gözümün önündə dayandı. İstədim o kəsin vaxtı ilə öz qəzetində öz əlləri ilə yazdığı dəhşət saçan söyüşdolu cümlələrdən bir-ikisini xatırladım, lakin rəhmətliyin ruhu qarşısında günah işlədəcəyimi hiss edib fikrimdən daşındım. Mənim oğlum Rüfət isə nə İlham Əliyevin özünün, nə də atasının ünvanına əxlaqsız bir ifadə belə işlətməyi halda həbsxanada ona olmazın zülmünü verdilər. Yaxşı ki, öldürmədilər...

İdeoloji köməkçilər, zənnimizcə, milli həmrəyliyə aparacaq özgə imkanın olmadığına dövlət başçısını inandıra bilmişlər. Əməkdaşlığın şərtləri və öhdəlikləri hələlik pis icra olunmur. Ancaq formatın və siyasi seçimin tam arxayınçılığı təmin edə biləcək gücünə axıradək etibar etməyin gözlənilməz nəticələr meydana çıxarmayacağını düşünmək də sadəlövhlük olardı. Yəqin bu cür mürəkkəb risqə gedən hakimiyyət bütün məqamları hesabladıqdan sonra addım atmaq qərarına gəlmiş və siyasi əməliyyatın qalibi tərəfdə yerini tutmuşdu. Hakimiyyət çətinliklə əldə etdiyini asanlıqla təslim edəcəyi barədə birmənalı düşünmür.

Ocaq başına ev, maşın, vəzifə, bir sözlə, yaxşı dolanışıq üçün yürüyənlərin portreti isə cəmiyyətin gözündə karikatur bir şəklə çevrildi. Buna baxmayaraq divarın tam möhkəmliyi barədə zəmanət vermək tezdir. Çünki divar keyfiyyətsiz sementlə hörülüb. Bu mənada "sülh müqaviləsinin" uzun ömürlüyünü təmin edərkən yarana biləcək ciddi problemlər əməkdaşlığın biabırçı sonluğuna gətirə bilər ki, bu da haliyədə dostları çox narahat edir.

Ölkədə islahatların aparılması yuxarıda qeyd etdiyimiz ciddi kəm-kəsirləri, məyusedici problemləri qısa müddət ərzində qaldıra bilər. Cığırlarda və kələ-kötür döngələrdə "aparılan islahatlar" yalnız qrup maraqlarını gerçəkləşdirə bilər. İslahatların yubadılmasının görünür, əsaslı səbəbləri vardır ki, hakimiyyət hələlik buna tələsmir. Xüsusilə məhkəmə hüquq sistemində islahatlara başlamağın vaxtı çoxdan çatıb. Məhkəmələrimizdəki biabırçılıqlar artıq bütün sərhədləri keçib. Sifarişli hökmlər baş alıb gedir. Repressiyar, qanunsuz həbslər, istintaqsız-məhkəməsiz insanların öldürülməsi adi hala çevrilib. Bu cür acınacaqlı hadisələrin sabah-birigün kəskin etirazlara səbəb olacağının fəsadları barədə çox ciddi düşünülməlidir.

Hara sürükləyirik vətəni? Axı hara?..

Didişmələr, düşmənçilik meylləri yetər. Cəmiyyətin zəif tələbkarlığını, susqunluğunu yumurta kimi dişinə vuran hökumət istədiyini edir. Ancaq sosial- siyasi şiddətin səngidilməsi üçün resuslar tam tükənməyib. Dubinkalar da artıq yorulub. Demokratik qaydaları, insan hüquq və azadlıqlarını bərqərar etməklə həm daxildə, həm də beynəlxalq aləmdə itirilmiş nüfuzu geri qaytarmaq mümkündür. Öz evimizdə masa arxasında oturub problemlərimizin çarəsini özümüz tapmalıyıq. Qərb bizim əvəzimizdən dərdlərimizə əncam çəkməyəcəkdir. Xalqla dövlətin möhkəm birliyini bərpa edəriksə, Rusiya Azərbaycanda öz maraqlarını yeritməkdən geri durar və ya təzyiqləri dərinləşdirmək meylindən əl çəkər. Güclü Azərbaycan nə Qərb, nə də Rusiya üçün arzuolunmazdır. Ümumiyyətlə, hər iki fövqəl gücün müsəlman dövlətlərinə baxışlarında ciddi fərqlər görmürəm. Dəyərlərimizə özümüz sahib çıxmalıyıq!!!!

Eldar SABİROĞLU