“HƏCCƏ GETMƏKLƏ GÜNAHA BATMAYIN!” - Səudiyyə Ərəbistanı əleyhinə boykot hərəkatı genişlənir

  • 2019-07-08 18:02:38
  • |
  • Aktual /

“HƏCCƏ GETMƏKLƏ GÜNAHA BATMAYIN!” - Səudiyyə Ərəbistanı əleyhinə boykot hərəkatı genişlənir

Əhməd Tvaic

“Foreign Policy”, 07.07.2019

Tacdar şahzadə Məhəmməd bin Salman Səudiyyə Ərəbistanına daha müsbət görünüş verməyə cəhd edir və liberal islahatların həyata keçirilməsi yolu ilə, ölkənin aqressiv daxili və xarici siyasətini maskalamağa çalışır. Ancaq insan haqları pozuntularına diqqət çəkmək istəyənləri susdurmaq üçün bu, kifayət deyil.

Səudiyyə Ərəbistanı konsulluğunda baş verən dəhşətli qətl və Riyadın İran böhranına təcavüzkar yanaşması, Yəməndə bombardmanlarda öldürülən mülki şəxslərin sayı ucbatından hətta Səudiyyə Ərəbistanının sünni müttəfiqlərinin bir qismi mövqeyini dəyişdirib.

Aprel ayının sonlarında Liviyanın ən görkəmli müsəlman-sünni din xadimi, müfti Sadiq əl-Qariani bütün müsəlmanları Həcc ziyarətini boykot etməyə çağırıb. Onun sözlərinə görə, Həccə gedən hər kəs “günaha batır”.

Boykotun əsas səbəbi Səudiyyə Ərəbistanının Həcc ziyarəti ilə silah alış-verişi və Yəmənə birbaşa hücumlar, dolayısı ilə Suriya, Liviya, Tunis, Sudan və Əlcəzairə təcavüzdür. Qarianinin iddiasına görə, Həccə investisiya “Səudiyyə hökmdarlarına biz, müsəlmanlara qarşı cinayətləri həyata keçirməyə kömək edəcək”.

Qariani Həcc qadağasını dəstəkləyən ilk görkəmli müsəlman alim deyil. Səudiyyə Ərəbistanının digər tənqidçisi, sünni din xadimi Yusif əl-Qərdavi keçən ilin avqustunda Həcci qadağan edən bir fətva verib, onun əvəzinə “acları doydurmağa, xəstələri müalicə etməyə və evsizlərə sığınacaq verməyə”, Həccə pul sərf etməkdənsə, “Allahın nəzərində daha yaxşı sayılan işlər görməyə” çağırıb.

Səudiyyə Ərəbistanının nüfuzu, sadəcə, siyasi və hərbi potensialla deyil, İslamın tarixi mənşəyi ilə də əlaqədardır. Həm Məkkə, həm də Mədinənin, İslamın iki ən müqəddəs şəhərinin, Kəbə Evi və Peyğəmbər Məscidinin yerləşdiyi ərazinin – Səudiyyə Ərəbistanının nüfuzu ərəb qonşularından kənara, ümumən bütün müsəlman dünyasına uzanır. 2,3 milyondan çox müsəlman illik Həcc ziyarəti zamanı Məkkəyə axın edir.

İslamla bu əlaqələr instinktiv şəkildə sünni-ərəb dünyasında çoxlarını dini məsələlərlə bağlı gündəlik olaraq krallığa müraciət etməyə yönəldir.

1979-cu ilin İslam İnqilabına və onun regionda yayılması qorxusuna cavab olaraq, Səudiyyə Ərəbistanı dünyanın bir çox yerində məscidlərin maliyyələşdirilməsi vasitəsilə, İslam markası altında ekstremizmin ixracına milyonlarla dollar sərf edib.

Bunun əsasında onun Qərbdə həm İslam ekstremizmi, həm də müsəlman dünyasının lideri olduğu iddia edilir.

İllərdir Səudiyyə Ərəbistanı Yaxın Şərqdə regional hegemon olmağa çalışır, son illərdə isə Riyadın dominantlıq iddiası yalnız İran tərəfindən təhdid edilir.

Səudiyyə Ərəbistanı ABŞ-la sıx əlaqələri olan dünyanın ən böyük neft ixracatçılarından biri olaraq onilliklər ərzində qonşu ölkələrin bir çoxunun dayanıqlı dəstəyini qazanıb.

Xaşuqciyə qarşı qəsddə kral ailəsinin rolu ilə bağlı sübutlara baxmayaraq, Tramp administrasiyası Səudiyyə Ərəbistanının qətllə əlaqəsinə dair istənilən dəlili görməməzliyə vurub və dövlət katibi Mayk Pompeo bu yaxınlarda Səudiyyə kralı Salmanla görüşdə bu mövzuya toxunmaqdan boyun qaçırıb.

Ağ Ev və ABŞ Dövlət Departamenti gözlərini yuma bilər, amma müsəlmanlar yox. Yaxın Şərqdə və digər bölgələrdə Xaşuqcinin öldürülməsi, Yəməndə ölən mülki əhalinin sayının 2020-ci ilə qədər 230 min nəfərə çatması proqnozu, xəstəxanaların, məktəblərin bombalanması BMT səlahiyyətliləri tərəfindən “zəmanəmizin ən böyük humanitar böhranı” adı alıb. Səudiyyə Ərəbistanının Yəmənə rəhmsiz yanaşması onu öz koalisiyası çərçivəsində təcrid edib; hətta BƏƏ hökuməti Səudiyyə yanaşmasına qarşı bəzi narahatlıqları sərgiləyib.

Səudiyyə Ərəbistanının zülmləri silah ticarətinə qadağa qoyulması çağırışları ilə davamlı qlobal qınamaya səbəb olub. Həm ABŞ Konqresinin Nümayəndələr Palatası, həm də Senat, Donald Trampın Səudiyyə Ərəbistanı ilə silah razılaşmasını pisləyib. Almaniya ötən ilin oktyabr ayından bəri bu cür ticarəti qadağan edib. Siyahıya əlavə olaraq, İsveçrə və İtaliya da Səudiyyə Ərəbistanı ilə silah ticarətinə qadağa qoyub və bu yaxınlarda Britaniya məhkəməsi Səudiyyə Ərəbistanı ilə silah razılaşmasının qanunsuz olduğuna dair qərar çıxarıb.

Riyadı boykot etməyə dair keçmiş cəhdlərdən fərqli olaraq, hazırkı səylər konfesiyalararası bölgünü adlayıb.

2011-ci ildə Riyad, hökumətin istəyi ilə, Bəhreyndə xalq üsyanını boğub. Əksəriyyəti şiə olan etirazçılar və iraqlı fəalları bütün Səudiyyə məhsullarını boykot etməyə çağırıblar. İraqdakı etirazlarda şiə din adamları, alimlər və siyasətçilər iştirak ediblər. O vaxt İraq baş naziri Nuri əl-Maliki bildirib ki, Səudiyyə liderliyi ilə şiddətin davam etdiyi təqdirdə, “bölgə məzhəb döyüşü meydanına çevrilə bilər”.

Bu gün krallığı boykot etmə çağırışları yalnız şiələrdən eşidilmir. #boycotthajj haştaqı təxminən 16 mi tvit toplayıb.

Dünyadakı sünni din adamları da boykot çağırışı ediblər. Tunis İmamlar İttifaqı iyun ayında “Səudiyyə rəhbərliyinə Həcdən gələn pul dünyadakı yoxsul müsəlmanlara kömək etmək üçün istifadə edilmir. Bunun əvəzinə, o, insanları Yəməndə olduğu kimi, öldürmək üçün istifadə olunur” cümlələri olan bəyanat yayıb.

Həccin bütün müsəlmanlar üçün vacib olaraq təyin olunan İslamın beş sütunundan biri olduğunu nəzərə alaraq, boykot çağırış Səudiyyənin davranışına təpkini ifadə edir. Bu tendensiya davam edərsə, Səudiyyə Ərəbistanı İslamın mənəvi ev olma iddiasını riskə atacaq və bu da iqtisadi bir təsirə səbəb ola bilər.

Həcc – Səudiyyə iqtisadiyyatı üçün vacib və illik 12 milyard dollar dəyərindədir, o, qeyri-neft ÜDM-nin 20 faizini təşkil edir və Səudiyyə hökuməti tərəfindən lüks otellərə investisiya qoyulması nəzərə alınmaqla, 2022-ci ilə qədər bu gəlirin 150 milyard dollara çatması gözlənilir.

Belə investisiyalar ziyarət xərcini ceyran belinə çıxarır, nəticədə müsəlmanların çoxu padşahlığa səfərdən vaz keçir.

Həcci boykot etmək çağırışları dini ziyarətin ilk siyasiləşməsi halı deyil. Səudiyyə Ərəbistanı son illərdə Qətər və İran vətəndaşlarını siyasi fərqlərə görə Həcc ziyarətinə buraxmır. Riyad rəsmiləri, həmçinin siyasi ideologiyalarını təbliğ etmək üçün Məkkə şəhərinin müqəddəsliyindən sui-istifadə edirlər.

Keçən ilin oktyabrında bir ibadət vaxtı Məkkədə Böyük Məscidin imamı Şeyx Əbdülrəhman əl-Sudəys bildirib: “Bu mübarək torpaqda islahat və modernləşmə yolu ilə gənc, ehtiraslı, ilahi ilham almış islahatçı şahzadə, bütün uğursuz təzyiqlərə və təhdidlərə baxmayaraq, yenilik və düşüncəli modernizm istiqamətində irəliləməyə davam edir”.

Bununla da o, Səudiyyə siyasi elitasını cavabdehlikdən yayındırıb.

Riyad mayın sonlarında Məkkədə fövqəladə zirvə toplayıb və diqqəti İrana yönəldib. O, ərəb liderləri, Körfəz Əməkdaşlıq Şurası və İƏT üzvlərini İrana müdaxiləyə dəstək verməyə çağırıb.

İraq İran əleyhinə yekun bəyanatı imzalamayıb. Məkkədə keçirilən sammitdə İraq prezidenti Bərham Saleh deyib: “Doğrusu, qonşu bir İslam ölkəsinin təhlükəsizliyi və sabitliyi müsəlman və ərəb dövlətlərinin maraqlarına uyğundur”. Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatında da İranın təcrid edilməsi və qınamasına nail olmayıb.

Yəməndə ölənlərin sayı artdıqca, dünya ölkələri yalnız silah ticarətinin qadağan edilməsi deyil, həm də Səudiyyə Ərəbistanını iqtisadi, dini və siyasi boykot etməyə çağırır. Riyadın Qərbdə dostu yoxdur, indi regional ittifaqları da çat verir. Tramp administrasiyası ikinci dövrü təmin etmədiyi halda, Səudiyyə Ərəbistanı bir neçə beynəlxalq dostla kifayətlənməli olacaq, onun müsəlman və ərəb dünyasının liderliyinə olan iddiası da ciddi şəkildə zədələnəcək.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA